12 Yanvar 2020 05:05
3287
SİYASƏT
A- A+

40-dan artıq dövlət və hökumət başçısı, 15 parlament sədri...


2019-cu ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi


Prezident İlham Əliyevin və ölkə rəhbərliyində təmsil olunan digər şəxslərin xarici ölkələrə səfərləri ilə yanaşı, ayrı-ayrı ölkələrin də rəhbərləri 2019-cu ildə Azərbaycana səfərlər ediblər. Bu səfərlərin hər biri ikitərəfli əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yüksək mövqeyinin əsas göstəricilərindən biridir.

Ötən il Azərbaycana gələn ilk dövlət başçısı Zimbabve Prezidenti Emmerson Mnanqaqva olub. Yanvarın 19-da onunla görüşən Prezident İlham Əliyev ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətə aid məsələlərin nəzərdən keçiriləcəyini bildirib. Dövlət başçısı bu səfəri münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkan kimi dəyərləndirib.

Azərbaycanın yaxın qonşuluq və strateji əməkdaşlıq münasibətlərində olduğu ölkələrdən biri Gürcüstandır. Azərbaycan dövləti bu siyasətdən irəli gələrək Gürcüstanın ən çətin zamanlarında ona dayaq olub, yardımlarını əsirgəməyib. 2019-cu il fevralın 27-də Azərbaycana səfər edən Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin Bakıda Prezident İlham Əliyevlə görüşü, apardığı danışıqlar, Azərbaycanla əlaqələrə böyük önəm vermələrini bəyan etməsi iki ölkə arasında münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini göstərdi.

Martın 14-16-da Bakıda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu keçirilib. "Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən forumda hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər, jurnalistlər, gənc liderlər, ümumilikdə 55 ölkədən 500-dən çox nümayəndə iştirak edib.

Həmin gün Prezident İlham Əliyev tədbirdə iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Cukanoviç və Bolqarıstanın Baş naziri Boyko Borisov ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi vurğulanıb, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın yaxın siyasi və iqtisadi münasibətlərdə olduğu ölkələrdən biri də Polşadır. Ötən il mayın 31-də Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfəri əlaqələrin yüksək səviyyədə olduğunu göstərdi. Səfər zamanı Prezident İlham Əliyevlə görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı. Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.

Səfər zamanı iki ölkə arasında "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının bitki mühafizəsi və toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Polşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” imzalanıb. Həmçinin səfər zamanı biznes forum və Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın geniş bazası var. Bu əməkdaşlığın genişləndirilməsi istiqamətində ötən il də irəliləyiş müşahidə olunub. İyulun 9-da Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycana səfər edib. Bu səfər ilk növbədə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərdi. Bir daha təsdiq olundu ki, ölkəmiz Aİ üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Ona görə Aİ Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqının münasibətlərinin intensivləşdiyini bildirdi: "Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Əvvəllər də qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir”.

Oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü keçirildi. TDƏŞ-in yaradılması ilə bağlı, Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf edən Zirvə görüşü türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi istiqamətində yeni mərhələnin əsasını qoydu.

Zirvə görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: "Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.

Qeyd edək ki, TDƏŞ VII Zirvə Görüşündə iştirak etmək üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Macarıstanın Baş Naziri Viktor Orban və Qazaxıstan Respublikasının birinci Prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev Bakıya səfər etmişdilər. Prezident İlham Əliyevlə görüşlərdə ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, münasibətlərin daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünün ölkələrarası əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.

Oktyabr ayında Bakıda keçirilən növbəti beynəlxalq tədbir Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü oldu. "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən bu Zirvə görüşü Azərbaycanın olduqca mühüm beynəlxalq siyasi uğuru kimi tarixə düşdü. Çünki Zirvə görüşü ölkəmizdə müstəqillik illərində keçirilən ən böyük siyasi tədbir olmaqla yanaşı, həm də Azərbaycanın milli maraqlarının qlobal miqyasda dəstəklənməsi ilə yadda qaldı.

Oktyabrın 25-26-da keçirilən Zirvə görüşündə iştirak etmək üçün 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri Bakıya gəlmişdilər. Ümumilikdə Zirvə görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı. Prezident İlham Əliyevin İran Prezidenti Həsən Ruhani, Kuba Prezidenti Migel Diaz-Kanel, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro, Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah, Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi, Esvatininin Kralı III Msvati, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodik, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı, Liviyanın Baş Naziri Faiz Sarac, Banqladeş Xalq Respublikasının Baş Naziri Şeyx Hasina, Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Danq Thi Nqok Thinh, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haen və Oman Sultanlığı Dövlət Şurasının sədri Yahya bin Məhfuz Əl-Munziri ilə görüşlərində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Zirvə görüşündə iştirak etmək üçün həmçinin Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olin, Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidun, Ekvatorial Qvineya Prezidenti Obiang Nguema Mbasogon, Sudanın Prezidenti Abdul-Fattah Al-Burhan, Qana Prezidenti Nana Akufo-Addon, Namibiya Prezidenti Haqe Qotfrid Qeynqob da Bakıya gəlmişdilər.

Ötən ilin ən mühüm siyasi hadisələrindən biri də TDƏŞ və Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi oldu. Bununla da Azərbaycanın xarici siyasətində yeni missiya başladı və əminliklə söyləmək olar ki, rəsmi Bakı hər iki təşkilata sədrliyi layiqincə başa vuracaq.

Dekabrın 10-da İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseyn rəsmi səfərlə Azərbaycana gəlib. Təkbətək görüşdə Prezident İlham Əliyev bildirib ki, bu səfər ikitərəfli gündəliyimizdəki vacib məsələlərlə bağlı bir daha müzakirələr aparmaq üçün çox yaxşı imkandır. "Əminəm ki, bu səfər ərzində biz qardaşlıq münasibətlərimizin daha da inkişafına birgə töhfə verəcəyik. Bu münasibətlər müxtəlif sahələri əhatə edir. Biz beynəlxalq arenada səylərimizi əlaqələndirməyə çox şadıq. Beynəlxalq təşkilatlarda bir-birimizi çox vacib məsələlərlə bağlı dəstəkləyirik. Siyasi təmaslar əladır”.

2019-cu ildə Azərbaycana gələn sonuncu dövlət başçısı Ukrayna Prezidenti Vladimir Zelenski olub. Təkbətək görüşdə cənab İlham Əliyev bu səfərin uğurlu olacağına və Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

"Ölkələrimiz arasında hazırda da olduqca möhkəm münasibətlər var. Əminəm ki, bu səfərin nəticəsi olaraq biz onu yeni mərhələyə qaldıra biləcəyik”. Bunu isə Vladimir Zelenski bildirib. O, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib və eyni zamanda Ukraynanın da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

İl ərzində Azərbaycana Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçek, Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo, Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann, Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu, İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye, Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq, Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva, Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulin, Qırğız Respublikası parlamentinin - Joqorku Keneşin sədri Dastanbek Cumabekov, Gürcüstanın Baş Naziri Giorgi Qaxariya, Belarus Respublikası Baş Nazirinin müavini İqor Lyaşenko, Rumıniyanın Baş Nazirinin müavini Ana Birçal, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent səfər ediblər.

Ötən il müxtəlif beynəlxalq təşkilatların rəhbərləri də Azərbaycana səfər edərək Prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşüblər. ATƏT PA prezidenti Georgi Tsereteli, AŞ PA prezidenti Lilian Mori Paskien, BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Banden, BMT Baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini xanım Rozmari DiKarlo, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi, ATƏT sədri Miroslav Layçak, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, UNESKO-nun Baş direktoru Odre Azule, ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, OPEC Baş katibi Məhəmməd Barkindon, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos, Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya, UEFA prezidenti Aleksandr Çeferi, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın səfəri zamanı aparılan danışıqlarda əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bütün bu səfərlərin hər biri Azərbaycanın yüksələn beynəlxalq əlaqələrinin göstəricisidir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrikində bu barədə deyilir: "Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Bizim ikitərəfli əlaqələrimiz böyük dərəcədə genişlənmişdir, çoxtərəfli formatda uğurla əməkdaşlıq edirik, ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir”.

Bütövlükdə müxtəlif dövlətlərin liderlərinin, hökumət başçılarının, parlament sədrlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin ölkəmizə etdikləri səfərlər Azərbaycanın beynəlxalq əlaqələrinin kifayət qədər dolğun, çoxşaxəli və müstəqil olduğunu göstərir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video