12 Yanvar 2020 04:45
2133
Mədəniyyət
A- A+

Zadəgan nəslinin davamçıları


XIX əsrin əvvəllərində, Azərbaycanın şimal hissəsi çar Rusiyasının işğalına məruz qaldıqdan sonra yeni idarəçilik üsulu formalaşmağa başladı. Həmin vaxtlardan etibarən rus inzibati idarələrinin rəsmi sənədlərində azərbaycanlılar üçün soyadlar müəyyənləşdirildi. Azərbaycan əsilzadələrinin soyadlarında hansı zümrədən olduqları əksini tapdı. Bakı xan nəslinin bir qolu olanlar da bundan sonra Xanlarov soyadı ilə tanındılar.

Onlar Bakının sonuncu xanlıq nəslinin davamçıları idilər. Güman edilir ki, Dərgah Qulu bəy özünün və I Mirzə Məhəmməd xanın (1747-1768-ci illərdə Bakı xanı) hakimiyyətini qorumaq və möhkəmləndirmək üçün müəyyən addımlar atmalı olub. Dərgah Qulu bəyi qayğılandıran həm də öz nəslinin nümayəndələrini və varidatını hakimiyyətdaxili çəkişmələrdən mühafizə etmək idi. O varidat ki, gələcəkdə rəsmi şəkildə Xanlarov soyadını daşıyacaq varislərinə qalacaqdı...


İçəri şəhərin qədim sakinləri...


Onlar ata-babadan içərişəhərli olublar. Xanlarov nəslinin davamçılarından olan Natəvan Xanlarova deyir ki, Bakıya, onun qədim və gözəl İçəri şəhərinə sevgi bizim üçün müqəddəsdir: "Mən 1971-ci ildə İçəri şəhərdə dünyaya göz açmışam. Xanlarovların Kiçik qala küçəsi, 124 ünvanında yerləşən tarixi mülkündə boya-başa çatmışam. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. Ərəbşünasam. 2002-ci ildən bugünədək Xarici İşlər Nazirliyində çalışıram. Şöbə müdiriyəm, II dərəcəli müşavirəm. Mənim ulu babam Ağaməmmədəli bəy Xanlarov, onun oğlu babam Ağamusa bəy Xanlarov, nəvəsi isə atam Elxan Xanlarovdur. Ağaməmmədəli bəy də, Balaxanım nənə də Böyük Vətən müharibəsi dövründə dünyadan köçüblər. Səkkiz övladları - dörd oğulları, dörd qızları olub. Mənim babam Ağamusa bəy Xanlarov onlardan biri idi”.

Natəvan xanım babalarının xeyirxahlıqları, alicənablıqları barədə çox eşidib. Deyir ki, onlar səxavət göstərib, var-dövlətlərini kasıbdan, ehtiyacı olanlardan əsirgəməyiblər.

Bakıya şöhrəti ən çox onun nefti gətirsə də, bu yerlərin təbii sərvətləri tükənməzdir. Xanlarovlar arasında da neft hasilatı ilə məşğul olanları vardı. Ancaq bu sahə onların əsas gəlir mənbəyi deyildi. Bu nəslin nümayəndələri müxtəlif sahələrdə çalışıblar. Əsasən tikinti-quruculuq işlərinə diqqət yetiriblər. Bir də çoxlu vətəgələri olub. Bakının bir sıra kəndlərində geniş torpaq sahələrinə malik olan bu nəslin nümayəndələri heyvandarlıqdan yaxşı gəlir əldə ediblər.

Onların əsas yaşayış yeri İçəri şəhər idi. Qala divarları ilə əhatələnmiş bu əsrarəngiz şəhərdə Xanlarov nəslinə məxsus, indi memarlıq abidəsi hesab edilən mülkləri olub. Xanlarovların Quba qəzasında böyük torpaq sahələri və bir sıra yaşayış məskənləri, eləcə də Abşeron kəndləri - Xırdalan, Masazır, Pirəkəşkül, Hökməli, Maştağa, Mərdəkan, Şüvəlan kəndlərində torpaq sahələri olub. Yayın isti günlərində isə adətən Bakının Şüvəlandakı bağlarına üz tutardı.

Xanlarovların torpaq sahələrinin çoxunun Aşurbəyovların və Səlimxanovların torpaqları ilə həmsərhəd olması sənədlərdə də əksini tapıb. Bu nəslin nümayəndələrinin Aşurbəyovlar və Səlimxanovlar, eləcə də digər bəy nəsilləri ilə - Sultanovlarla, Hacınskilərlə həm də qohumluqları vardı.

Natəvan Xanlarova nəslinin böyüklərindən eşitdiyi bir hadisəni yada salır: "Bakı milyonçusu Ağamusa Nağıyev öz əziz, nakam oğlunun xatirəsinə İsmayiliyyə binasını (hazırda AMEA-nın əsas binası - Z.F.) inşa etdirib. Möhtəşəm tikili başa çatdıqdan sonra Bakı milyonçularının hərəsi bir qiymətli hədiyyə gətiriblər. O zaman Xanlarovlar da iri və çox qiymətli bir çilçıraq hədiyyə ediblər”.


Təlatümlü günlər...


1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradan bolşeviklər hakimiyyəti ələ keçirdilər. XI Ordu Bakıya daxil olanda şəhər əhalisi həyəcan, təlaş içindəydi. Ölkənin müstəqilliyinə yenidən qəsd olunmuş, bu dəfə də bolşevik Rusiyasının istilasına məruz qalmışdı. Bərabərlik vəd edən yeni hökumət öz siyasətini həyata keçirməyə varlıları kasıblaşdırmaqdan başladı. Beləcə, bəy, ağa, xan soyadından olanların məşəqqətli günləri gəldi. Yeni hökumət sovetləşmə, şəxsi mülkiyyət hüququnun ləğv edilməsi siyasətini Azərbaycanda ən sərt şəkildə həyata keçirirdi. Xanlarovların da mal-mülkləri əllərindən alındı. Şüvəlandakı bağlarına pənah apardılar. Natəvan Xanlarova danışır: "Böyüklərimiz mənə danışıblar ki, bölşeviklər gələndə Xanlarovlar nəslinin övladları da şəhərdəki evlərini tərk etmək məcburiyyətində qalıblar. İşğalçı ordunun əsgərləri boş qalmış mülklərə daxil olublar. İndi bizim yaşadığımız Kiçik qala küçəsi, 124 ünvanında yerləşən çox gözəl görünüşə malik, birbaşa dənizə baxan qədim bina da o dəhşətli hadisələrin şahididir. XI Ordunun əsgərləri parket döşəmənin üzərində ocaq qalayıblar. Otaqlarımızdan birində, parket döşəmənin bir neçə yerində həmin yanıq izləri indiyədək qalmaqdadır”.

...Gözlənilənlərin əksinə olaraq bolşevik hökuməti öz yerini gündən-günə möhkəmlədirdi. Bu yolda maneə kimi gördüklərinə düşmən kəsilirdi. O zaman şəhərdəki mülkləri müsadirə edilən Xanlarov nəslinin nümayəndələri Şüvəlandakı bağlarında qalmalı oldular. İçəri şəhərdəki evlərindən yalnız biri qaldı. Daha doğrusu, sahiblərinə həmin mülkün bir hissəsində yaşamaq üçün yer verildi.


Tanınmış nəslin məşhur övladları


Sovet hökuməti ölkənin digər əsilzadələri kimi, Xanlarovların da var-dövlətlərini, mülklərini müsadirə etdi. Amma onları fitri istedadlarından, dərin zəkalarından və elmə, təhsilə böyük maraqlarından məhrum edə bilmədi. Əvvəllər də Xanlarovlar nəslinin nümayəndələri arasında ziyalılar çox idi. Onlardan biri - Mövsüm bəy Xanlarov 1857-ci il sentyabrın 24-də Bakıda dünyaya göz açıb. İlk təhsilini mədrəsədə alıb, ərəb və fars dillərini, Quranı, şəriət elmini orada öyrənib. 1871-ci ildə mədrəsəni bitirib. Rus dilini müstəqil öyrənib. O, 1872-1877-ci illərdə Bakıdakı rus Realnı Gimnaziyasında oxuyub. Bu məktəbin əlavə siniflərində təhsilini davam etdirmək qərarına gəlib. Həmin məktəbin yüksəksəviyyəli kimya laboratoriyasının və fizika kabinetinin imkanlarından bəhrələnən Mövsüm bəy öz sənət yolunu müəyyənləşdirib. O dövrdə Azərbaycanın neft sənayesinin inkişafı, xüsusilə neft emalı sahəsinin perspektivlərini nəzərə alan Mövsüm bəy Almaniyaya gedib. Vyüsburq Universitetinin tələbəsi olub. Növbəti il təhsilini davam etdirmək üçün Leypsiqə üz tutub. Leypsiq Universitetində dövrünün nüfuzlu elm xadimlərindən dərs alıb. 1881-ci ilin mayında Fransanın Strasburq şəhərində fəaliyyət göstərən Vilhelm Kayzer Universitetinə yollanıb. Tanınmış alimlərin - Anton de Barinin, kimyaçı Rudolf Fittiqin tələbəsi olan Mövsüm bəy elmi araşdırmalara başlayıb. 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşlı azərbaycanlı Mövsüm bəy Xanlarov doktorluq dissertasiyasını uğurla müdafiə edib. Tezliklə vətənə qayıdıb, elmi araşdırmalarını burada davam etdirib. Kimyaçı alim xarici ölkələrdə də yaxşı tanınıb, D.İ.Mendeleyev, D.P.Konovalov, N.A.Mentuşkin kimi dünya şöhrətli elm adamları ilə fikir mübadiləsi aparıb.

Təhsilini Avropada başa vurub Bakıya qayıtdıqdan sonra Mövsüm bəy Xanlarov Hacı Zeynalabdin Tağıyevin böyük qızı Xanımla evlənib. Mövsüm bəy 1921-ci il fevralın 23-də vəfat edib. Sovet hakimiyyəti illərində Azərbaycan xalqının görkəmli övladlarının bir çoxu kimi onu da unutdurmağa çalışıblar.

Xanlarov nəslinin başqa bir nümayəndəsi - Anaxanım Hüseyn bəy qızı Xanlarova isə dünya miqyasında tanınmış alim, texnika elmləri doktoru, professor idi. Onun atası Hüseyn bəy Xanlarov gənclik illərində Avropada oxumuşdu.

Sovet hökuməti bir tərəfdən ölkədə savadsızlığın ləğvi üçün böyük işlər həyata keçirir, digər tərəfdən də bəy, ağa, xan övladlarının təhsilinə maneələr yaradırdı. Peterburq şəhərinə təhsil almaq üçün gedən Kərim bəy Xanlarov soyadına görə oxuduğu universitetlə vidalaşmaq təhlükəsi ilə üzləşib. Ona deyiblər ki, sən bəy oğlusan, bu məktəbdə oxuya bilməzsən. Kərim bəy bacısı Törə xanımın həyat yoldaşı, məşhur həkim Əsəd bəy Əmirovun soyadını götürüb. O, əlli ilə yaxın Moskva şəhərində yaşayıb. Maksim Qorki adına kinostudiyada səs rejissoru işləyib. Ömrünün sonunadək də Əmirov soyadını daşıyıb. Natəvan Xanlarova xatırlayır: "Rejissor Əlisəttar Atakişiyevlə Kərim əmi möhkəm dost idilər. Əlisəttar Atakişiyev bir dəfə Bakıya gələndə bizim qonağımız oldu. O, Xanlarovların Şüvəlandakı bağına getmək istədiyini söylədi. Orada bizə dedi: "Bilirsiniz bu necə tarixi bağdır?! 1945-ci ildə "Arşın mal alan” filminin müəyyən hissələri, həmçinin toy səhnəsi burada çəkilib. Onu da deyim ki, Xanlarovların Şüvəlanda bağ evləri indi lal-kar uşaqlar üçün internatdır. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə orada çox yüksək səviyyədə təmir işləri aparılıb”.

Hər bir insan bu həyatda gördüyü xeyirxah işləri ilə hörmət qazanır. Onu yaddaşlarda yaşadan da xoş əməlləridir. İnşa etdirdikləri tarixi binalar, rəhimdillikləri, səxavətləri barədə dillərdə dolaşan söz-söhbətlər Xanlarov nəslinin dünyasını dəyişmiş övladlarını unudulmağa qoymur.

Natəvan Xanlarova deyir: "Sovet hakimiyyəti onlardan var-dövlətlərini, ağalıq titullarını ala bilmişdi. Ancaq soykökdən gələn əsilzadəlik, alicənablıq, ziyalılıq, vətənə, xalqa sonsuz sevgi hisslərinə toxuna bilməmişdi. Xanlarov nəslinin övladları bu gün də eyni duyğularla yaşayırlar. Çünki böyüklərimizdən belə görmüşük. Mənim atam öz zadəgan nəsli ilə fəxr edirdi və biz övladlarına da bunu daim təlqin edirdi. Onun bizə bir öyüdü vardı: "Unutmayın ki, siz hansı nəsildənsiz və həmişə öz nəslinizə layiq olmağa çalışın. Ləyaqətli insan olmaq atam Elxan Xanlarovun, anam Sara Xanlarovanın bizə - mənə, qardaşım Cəbrayıl və bacım Fidan Xanlarovaya verdiyi tərbiyənin əsas ana xəttini təşkil edib. Dövlətimizə, vətənimizə xidmət etməkdən qürur duyuram. Mən həmişə soy-kökümüzə layiq olmağa çalışıram. Daşıdığım soyadla qürur duymaqla yanaşı, onun məsuliyyətini dərk edirəm. Nəsillər arasında ənənələr, mənəvi bağlılıq yalnız bu cür davam edə bilər. Mən, eyni zamanda, ölkənin Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya çiçəklənən Azərbaycanımız, Bakımız və İçəri şəhərimiz üçün öz minnətdarlığımı bildirirəm”.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video