11 Yanvar 2020 00:57
654
İQTİSADİYYAT
A- A+

Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizi ötür


Hədəf ən çətin relyefli ərazilərə də qaz xətlərinin çəkilməsidir


Son illər uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində böyük və davamlı işlər aparılıb. Hətta sovet dönəmində qazdan istifadə etmək imkanı olmayan bir sıra yaşayış məntəqələrindəki evlərdə indi mavi alov şölələnir.

Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri sırasında qazlaşdırmaya aid olanların da mühüm əhəmiyyəti var. Məhz onların gerçəkləşməsi nəticəsində şəhərlərin, rayon mərkəzlərinin, iri kənd və qəsəbələrin mavi yanacaq problemi tam həll olunmaqla yanaşı, ən ucqar dağ kəndləri də qazla təmin edilib.

Ardıcıl həyata keçirilən layihələr nəticəsində respublikanın Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərlərində qazlaşdırma tam başa çatıb. Qazlaşdırmanın 100 faiz səviyyəsinə çatdığı rayonlar isə Abşeron, Ağdam, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Füzuli, Hacıqabul, Qazax və Ağsudur. Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndindəki evlərin hamısına qaz xətləri çəkilib. Yevlax, Bərdə, Kürdəmir, Tərtər, Ucar, Goranboy və Zərdab rayonlarında yaşayış məntəqələrinin sayına görə qazlaşdırmanın səviyyəsi 90 faizi ötüb.

Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıc qəsəbəsinin sakinləri də qazdan istifadə edirlər. İsmayıllı rayonunun bu xətt boyunca yerləşən digər kəndlərində də qazlaşdırma həyata keçirilib. İndi rayonun Qaraqaya, Gəndob, Namazgah və digər kəndləri də qaz alır. Bu, son illərdə ölkədə qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərə əyani misaldır.

Azərbaycanda qazlaşdırma işləri regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində də davam etdirilir. Hazırda çətin relyefə malik ərazilərin qazlaşdırılması qarşıda duran əsas hədəflərdəndir.

Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Prezident İlham Əliyev hələ Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında demişdir: "Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi qonşu ölkələrdən iki-üç dəfə aşağıdır. Qazın olmaması insanları narahat edən məsələ idi. İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik”.

Odur ki, bu istiqamətdə işlər dayanmır. 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsinin və 31 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulurdu. Dekabrın 28-də proqramın icrası tam yerinə yetirilib və sonuncu yaşayış məntəqəsi - Goranboy rayonunun Goran qəsəbəsinə qaz verilməsi təmin edilib.

Bakı şəhəri üzrə isə keçən il birinci mərhələdə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulmuşdu. Qazlaşdırma proqramı 4607 fərdi evi əhatə edir. Həmin massivlərdən 6-da qazlaşdırma işləri tamamlanıb. Digər massivlərdə qazlaşdırma işləri bu ilin birinci rübündə yekunlaşacaq.

Qaradağ rayonu, Qobustan qəsəbəsi "1-ci massiv”, "1-a massivi”, "2-a massivi” və "1-ci təzə yurd” adlandırılan ərazilərdə 235, Sabunçu rayonunun Zabrat qəsəbəsinin "Dağüstü” adlandırılan ərazisindəki yeni massivdə 33 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumilikdə qazlaşdırma işlərində iki massivdə 19 min 307 metr uzunluğunda polad və polietilən borulardan istifadə edilib.

Çoxmərtəbəli binaların istismara qəbulu sahəsində də ciddi addımlar atılıb. Ötən ilin 11 ayında 340 binaya qaz verilişi icra olunub.

Qaz infrastrukturunun təzələnməsi və təkmilləşdirilməsi də diqqət mərkəzindədir. Bu il yüzlərlə qaz sayğacı yeniləri ilə əvəz ediləcək. 785 kilometr yeni qaz xətti əsaslı təmir olunacaq. 800 yeni qaz tənzimləyici, 800 siyirtmə quraşdırılacaq.

Ölkə üzrə əhali sektorunun qazlaşdırma səviyyəsinin 96 faizə çatması ardıcıl tədbirlərin nəticəsində mümkün olub. Xatırladaq ki, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 2010-cu il yanvarın 1-də 62,2 faiz təşkil edirdi. Həmin vaxtdan indiyədək bu göstərici 33,8 faiz artıb.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video