11 Yanvar 2020 00:43
962
İQTİSADİYYAT
A- A+

Halal zəhmətin bəhrəsi


Ardı-arası kəsilmədən telefon zəngləri gəlirdi. Hər kəs onu təbrik edir, hal-əhval tutur, daha böyük uğurlar arzulayırdı. O da göstərilən diqqətə görə minnətdarlığını, təşəkkürünü bildirirdi.

Bəli, cari ilin yekun nəticələrinə görə, Prezident İlham Əliyev 25 dekabr 2019-cu il tarixli sərəncamı ilə bir qrup kənd təsərrüfatı işçisini yüksək mükafatlarla təltif etmişdir. Onların sırasında fermer, Biləsuvar rayonundakı "P-Aqro” MMC-nin direktoru Şakir Soltanov da var. O, fermer kimi pambıqçılıq sahəsindəki fəaliyyətinə görə Birinci dərəcəli "Əmək” ordeninə layiq görülmüşdür.

Ş.Soltanovu çoxdan tanıyıram. Canı-qanı ilə torpağa bağlı adamdır. Əvvəllər sahələrində olanda, habelə təsərrüfat məsələləri ilə bağlı söhbətlərimiz zamanı bunu yəqin etmişdim. Bacarıqlı, işgüzar aqronom olduğunu görüb onu yüksək maaşla Bakıda yaşayıb işləməyə çağırsalar da, razılıq verməmişdir. Ürəyində özü-özünə demişdir: "Doğulduğum, boya-başa çatdığım Əsgərabad kəndini, elimi-obamı qoyub hara gedirəm?! Axı mən aqronomam, torpaqla ünsiyyət bağlamaq ancaq kənd yerində mümkündür”. Gənc yaşlarından ürəyində bəslədiyi dürlü-dürlü arzularını bir-bir xəyalından, düşüncəsinin süzgəcindən keçirərək belə qərar vermişdir.

Atalar "Niyyətin hara, mənzilin ora”, - deyiblər. Ali təhsilli aqronom kimi kəndlərindəki kolxozda əvvəlcə aqronom, sonra baş aqronom olur. Sovetlər birliyi dağılandan, kolxozlar ləğv olunandan sonra yenə torpaqdan əl çəkmir, əksinə, ona daha çox bağlanır. İxtisasına uyğun olan müxtəlif vəzifələrdə çalışsa da, pay torpağını həvəslə əkib-becərir, yüksək məhsul almağa səy göstərir, torpağa nümunəvi qulluq, aqrotexniki tədbirləri vaxtlı-vaxtında yerinə yetirmək sayəsində yüksək nəticələrə nail olur.

Aylar, illər keçdikcə bacarıqlı fermer kimi ad-san qazanır. Çox adam təcrübəli fermer, bilikli aqronom kimi məsləhət almağa onun yanına gəlir. Bu keyfiyyətlərini nəzərə alaraq 2017-ci ilin mart ayında yaranan "Biləsuvar kənd təsərrüfatı” MMC-nin direktoru vəzifəsinə irəli çəkilir. Bu işdə aqronomluğu ilə yanaşı, təşkilatçılıq qabiliyyətinə malik olduğunu da göstərir. Boş bir sahədə qısa müddət ərzində müasir tələblərə cavab verən pambıq qəbulu məntəqəsinin tikilməsinə böyük əmək sərf edir. 2018-ci ilin iyul ayında bu müəssisənin mülkiyyəti yeni yaradılan "P-Aqro” MMC-yə verilir. Ş.Soltanov MMC-nin direktoru kimi işə daha məsuliyyətlə yanaşır. Ancaq fermer olduğunu bir an belə unutmur. Deyir ki, vəzifə gəldi-gedərdi: "Aqronomam, fermerəm. Halal zəhmətlə qazanılan daha şirindir”.

O, keçən il 33,9 hektar sahədə pambıq əkib-becərib. Nəticə əladır. 198,6 ton "ağ qızıl” götürüb. Bu da hər hektardan 58,5 sentner məhsul deməkdir. Məhsulun 158,8 tonunu, 80 faizini maşınla yığıb.

Bu günlər onu görüb təbrik etdik. Öyrəndik ki, əkdiyi pambığın vegetasiya dövründə 6 dəfə kompleks becərmə həyata keçirib. İnişil payızda pambıq əkəcəyi sahələrdə şum altına kifayət qədər peyin tökdürüb, əkini ammofos gübrəsi ilə edib, becərmə dövründə hər hektara 300 kiloqram azot verməklə yanaşı, 3 dəfə kökdənkənar yemləmə aparıb.

Rəhbərlik etdiyi "P-Aqro” MMC də ili uğurla başa vurmuşdur. İlin əvvəlində MMC ilə müqavilə bağlayan 319 fermer və torpaq mülkiyyətçisi də bol məhsul yetişdirmişdir. 2 min 7 hektardan 7 min 16 ton pambıq əldə olunmuşdur ki, bu da hər hektardan 35 sentner deməkdir. Ümumi məhsulun 83 faizi maşınlarla yığılmışdır. Becərmə dövründə mülkiyyətçilərə 540 ton azot, 163 ton ammofos gübrəsi, 701 min manat verilmişdir.

Fermer Ş.Soltanov dedi ki, bütün bunlar ölkə rəhbəri İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir. Keçən il dekabrın 19-da Prezidentin yanında pambıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirənin materiallarını qəzetdən oxudum. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə pambıqçılığın inkişaf etdirilməsindən, 1981-ci ildə rekord miqdarda "ağ qızıl” yetişdirildiyindən, yəni hər hektardan 35,9 sentner məhsul əldə edildiyindən, sonralar bu sahənin tənəzzülə uğradığından, onu dirçəltmək üçün 2017-2020-ci illəri əhatə edən Dövlət Proqramının qəbul edilməsindən və son dörd ildə pambıqçılıqda əldə olunan uğurlu nəticəlrədən ətraflı danışmışdır. Demişdir ki, dövlətin dəstəyi ilə son 3 il ərzində 15 min 700 texnika alınmış, Amerikanın qabaqcıl şirkəti olan "İohn Dcere”in istehsal etdiyi məhsuldar kombaynlar alınıb respublikaya gətirilmişdir. Bunun nəticəsində ölkəmizdə istehsal olunan 294 min ton pambığın 87 faizi maşınlarla yığılmışdır.

Pambıqçılıqda sürətli inkişafın ən mühüm amillərindən biri qiymətin artırılması olmuşdur. Bu barədə ölkə rəhbəri müşavirədə ətraflı danışmışdır. 2016-cı ildən pambığın hər kiloqramına görə dövlət tərəfindən 10 qəpik subsidiya verilməyə başlanmışdır. 2015-ci ildə pambığın satın alınma qiyməti 41, 2016-2017-ci illərdə 50 qəpik idisə, 2018-ci ildə 65 qəpiyə çatdırılmışdır. Pestisidlər də güzəştlə verilməyə başlanmışdır. Hər hektara güzəştlər 10 manatdan 50, gübrələr üçün güzəştlər 100 manatdan 150 manata qaldırılmışdır.

Pambıqçılıq kənd yerində yaşayan əhalinin işlə təmin olunmasına şərait yaradır. Prezident demişdir ki, hazırda pambıq əkən 20 rayonda 200 minə yaxın kəndli bu işlə məşğuldur. Digər tərəfdən isə pambıq istehsalçısı yetişdirdiyi məhsulu satmaqda heç bir çətinliklə qarşılaşmır, yığdığı "ağ qızıl”ı müqavilə bağladığı tədarük təşkilatlarına təhvil verib, uzağı iki gün ərzində kart vasitəsilə bankomatdan pulunu çıxara bilir.

Fermer Ş.Soltanov xam pambığın emal olunmasından danışarkən bu işin də dövlət başçısının nəzarətində olduğunu dedi: "Çox sağ olsun, Prezident bu məsələni də prioritet məsələ hesab edir. Əzab-əziyyətlə yetişdirdiyimiz pambığı nəyə görə mahlıc və ya iplik şəklində satmalıyıq? İlk növbədə sahibkarlar bu barədə yaxşı-yaxşı fikirləşməlidirlər. Onlar istədikləri ölkədən mütərəqqi, ən yeni toxuculuq avadanlıqlarını alıb gətirə bilərlər. Yaradılan fabriklərdə yüzlərlə, minlərlə iş yeri açılar. Belə olduqda biz özümüz xarici ölkələrə hazır məhsullar sata bilərik”. Sonra sözünə davam edərək dedi ki, təxminən bir ay bundan əvvəl paltar almaq üçün rayonumuzdakı dükanlardan birinə girdim: "İstədiyim köynəyi əlimə götürüb orasına-burasına baxdım, satıcıdan harada istehsal olunduğunu soruşdum. "Özbəkistan malıdır” dedi. Öz-özümə sual verdim: "Bəs bu qədər pambığımız ola-ola biz niyə belə mallar istehsal etmirik?” Prezident bu məsələyə də toxundu, pambıq zavodlarının ən müasir texnologiyalar tətbiq edilməklə tikilməsini qarşıya məqsəd qoydu”.

Sonra sözlərinə bunları əlavə etdi: "İstehsal etdiyimiz məhsulu böyük zəhmətlə, xərclə Saatlı rayonundakı pambıqtəmizləmə zavoduna daşımalı oluruq. Keçən ilin ortalarında İqtisadiyyat Nazirliyinin nümayəndələri Biləsuvara gəlib burada pambıq emalı müəssisəsinin tikilməsi üçün yer müəyyənləşdirdilər. Baş tutsa, yaxşı təşəbbüsdür. Zavodun tikilməsi, eyni zamanda yeni iş yerlərinin açılmasına da imkan verir”.

Biləsuvarda torpağa bağlı insanlar çoxdur. Buna görə də əkinçilikdən yaxşı başı çıxan, torpağın "dilini bilən” fermerlər, torpaq mülkiyyətçiləri hər il yüksək nəticələr əldə edirlər. Sosialist Əməyi qəhrəmanları Qızqayıt Həsənovanın, Ərəstun Məmmədovun, Yunsur Hacıyevin və başqalarının yolunu davam etdirən biləsuvarlı zəhmət adamları indi də var. Belələrindən biri haqqında bəhs etdiyimiz Şakir Soltanovdur. Bu gün o, cari ilin bol məhsulunun təməlini qoyur. Şum qaldırır, suvarma kanalları çəkdirir, toxum, gübrə tədarük edir, digər işləri həyata keçirir.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video