10 Yanvar 2020 01:21
3870
SİYASƏT
A- A+

İLHAM ƏLİYEVİN DƏYİŞMƏZ PRİNSİPLƏRİ

Düşünülmüş, davamlı və uzaqgörən siyasət Dəqiq hədəflər Milli maraqlara sədaqət Xalqa xidmət

İnsan bir işə başlayanda, yeni yol açanda adətən xeyli düşünüb-daşınır, götür-qoy edir!
İlk növbədə, özünə çoxsaylı suallar verir:
- Hara gedirəm, nə istəyirəm, məqsədə necə çatacağam?..
Bütün bunlar təbiidir.
Xalqın rəhbəri və liderləri, milyonların taleyi üçün məsuliyyət daşıyanlar, bir komanda yaradaraq hamını arxasınca aparanlar isə özlərinə ünvanlanan və tarixin qarşıya qoyduğu sualları dəqiq, aydın və düzgün cavablandırmadan doğru istiqamət götürə, insanları inandıra, onların etimad və etibarını qazana, hədəf seçdikləri zirvəni vədəsində fəth edə bilməzlər!
Bu isə məqsəd aydınlığı və hədəf dəqiqliyi deməkdir...

***

Hər bir dövlət qanunlarla idarə edilir!
Lakin idarəetmədə ənənələrin, müəyyən edilən prinsiplərin, günün tələbi ilə qəbul olunan qərarların, hesablanmış addımların da əhəmiyyəti böyükdür.

Ənənələr seçilən yolun və siyasətin davamlılığına xidmət edir!
Prinsiplər fəaliyyətin məqsəd və məramından, nəyi necə etmək istəyindən yaranır!
Qəbul edilən qərarlar zamanın tələblərindən doğsa da, rəhbərin zəkasından, qətiyyət, təcrübə və əzmindən, hətta bəzən fəhmindən qaynaqlanır!
Görülən işlərin miqyası, qəbul olunan qərarların şamil edildiyi insanların sayı həm də məsuliyyət yükünü müəyyən edir.

Fabrik və zavod direktorunun, icra başçısının, nazirin və komitə sədrinin qərarları eyni "çəkidə” və "məsuliyyət yükündə” deyil!
Dövlət rəhbərlərinin qərarlarının miqyas və məsuliyyəti isə hərdən zaman çərçivəsinə sığmadan belə hüdudsuz olur!
Çünki belə qərar və addımlar hətta zamanı sürətləndirmək, yaxud geriyə çəkmək, insanlığa xoşbəxtlik gətirmək və ya problemləri daha da mürəkkəbləşdirmək gücündədirlər!

Xoşbəxt o xalqlardır ki, rəhbərləri səhvsiz, ölçülü-biçili, gərəkli və zamanında doğru qərarlar qəbul edərək onları həm də uğurla həyata keçirə bilirlər!


Müstəqilliyi qorumaq, saxlamaq və inkişaf etdirmək missiyası

Əgər Heydər Əliyev dühası, qətiyyət və müdrikliyi olmasaydı, müasir Azərbaycan da mövcud olmazdı!

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Azərbaycanı fəlakət və dağılmadan, bir dövlət kimi məhvolmadan, əvvəlki tək kiçik xanlıqlara parçalanmadan xilas etdi!

Əgər İlham Əliyev Heydər Əliyev siyasi kursunu belə uğur və prinsipiallıqla davam etdirməsəydi, müasir dünyanın çağırışlarına zamanında və ustalıqla cavab verməsəydi, Azərbaycan tarixən qısa müddətdə belə güclənə, nüfuz sahibinə çevrilə, sayılıb-seçilə bilməzdi!

Ulu Öndərin sözləridir: "Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir!”"Azərbaycan dünyaya Günəş kimi doğacaqdır”.

İlham Əliyevin dediklərindən: "Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir. Mən çalışacağam ki, neft Azərbaycan xalqının firavanlığına xidmət etsin”.

"Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir”.

Heydər Əliyev Azərbaycanı təlatümlərdən, xaos və anarxiya bataqlığından, ümummilli böhrandan çıxardı!

İlham Əliyev isə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə, dünyada nüfuz sahibinə, bəşəriyyəti narahat edən məsələlərin, qlobal problemlərin müzakirə olunduğu yerə, onların həllinə dəyərli təklif və töhfələr verən məkana çevirdi!

Bəli, müstəqilliyi qorumaq, saxlamaq və inkişaf etdirmək üçün güclü, nüfuzlu olmalısan, dünyanın liderləri arasında hörmətin, sanbalın, çəkin, görünən yerin olmalıdır!

Azərbaycan Prezidenti cənab İlham Əliyev kimi!..

***

Səkkiz il əvvəl 133 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına sədrlik etmiş İlham Əliyev ötən il 120 ölkənin yekdil qərarı ilə 3 il ərzində ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatına sədrliyə başlamışdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti 3 ildəki sədri də cənab İlham Əliyev seçilmişdir.

Beləliklə, qarşıdakı 3 il ərzində cənab İlham Əliyev Azərbaycan Prezidenti statusu ilə yanaşı, bu iki qlobal beynəlxalq təşkilata rəhbərlik missiyasını da daşıyacaq!

Yola saldığımız 2019-cu ildə 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana gələrək İlham Əliyevlə görüşmüş, aktual məsələləri müzakirə etmişdir. Dövlət başçısının fəaliyyəti təkcə ikitərəfli əməkdaşlıqlarla məhdudlaşmır. Artıq Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığına İlham Əliyevin təşəbbüsü və fəal iştirakı ilə Azərbaycan-Türkiyə-Rusiya və Azərbaycan-Rusiya-İran əməkdaşlığı formatı da əlavə olunaraq uğurla fəaliyyət göstərməkdədir.

İlham Əliyev regional əməkdaşlığın ən uğurlu modelini yaradaraq, Azərbaycanı bölgənin səmərəli tərəfdaşlıq platformasına çevirib və fövqəl qüvvələr, həmçinin güclü dövlətlər arasında qarşılıqlı inam və etimad mühiti formalaşdırıb.

Bu gün Azərbaycan xalqı əmin və arxayındır: dövlət müstəqilliyimiz İlham Əliyevin qüdrətli və qüvvətli əlləri, müdrik və uzaqgörən siyasəti ilə möhkəm qorunaraq durmadan inkişaf etdirilir.


Düşünülmüş, davamlı və uzaqgörən siyasət

Yenicə qarşılaşdığımız 2020-ci ildə Azərbaycan daha bir rekorda imza atdı!

Söhbət heç də son illərdə ölkəmizin beynəlxalq qurum və təşkilatlarının, reytinq agentliklərinin tərtib etdikləri siyahılarda ön yerlərə çıxmağımızdan, yüksək reytinqlər qazanmağımızdan getmir. Çünki bunlar artıq heç kəsi heyrətləndirməyəcək, təəccübləndirməyəcək beynəlxalq gerçəklikdir!

Hamının görüb bildiyi, daim dilə gətirərək təsdiq etdiyi real faktlar sırasına yeni və möhtəşəm hadisə də əlavə olundu: Yeni ili qarşılamaqdan ötrü paytaxt Bakıda keçirilən bayram atəşfəşanlığında bir milyondan çox insan iştirak etmişdir!

Bunlar yerli sakinlərlə bərabər Bakıda yaşayan əcnəbilər, şəhərin qonaqları, bir çox ölkələrdən gələn turistlər idi!

Bu insanlar Yeni ilin ən əlamətdar anını yaşamaq üçün Dənizkənarı bulvara, küçə və meydanlara, müxtəlif ünvanlarda qurulmuş Yeni il yolkalarının ətrafına toplaşmışdılar!

1 milyon insan öz təhlükəsizliyinin etibarlı qorunmasına əmin olaraq çəkinmədən, qorxmadan kütləvi bayram tədbirinə qatıldı!

Bəli, cənab İlham Əliyev gördüyü möhtəşəm quruculuq işləri ilə qısa bir müddətdə Bakını yenidən tikib-qurmuş, abadlaşdırmış, hətta keçmiş Qara şəhəri yeni Ağ şəhərə çevirmişdir!

Bu gün Bakı müasir dünya şəhərləri ilə bir sırada dayanır! O, geniş küçə və xiyabanları, park və bulvarları, qədim memarlıq ənənələri ilə müasir memarlıq nümunələrinin bir-birini tamamlayan binaları, hotel, restoran, muzey, istirahət mərkəzləri, UNESKO-nun siyahısına düşmüş tarixi qoruq yerləri ilə diqqət çəkir.

Heydər Əliyev prospektində şüşə örpəyə bürünmüş möhtəşəm göydələnlər, Üç alov qülləsi, Heydər Əliyev Mərkəzi, Büllur Saray, Xalça muzeyi, Bakı bulvarı, ən müasir idman kompleksləri paytaxtımızı dünyaca məşhur edən memarlıq inciləridir!

Bütün bunlar düşünülərək yaradılıb!

Bütün bunlar sevilərək inşa olunub!

Bütün bunlar yüksək zövq və sevgidən qaynaqlanıb!

Hamısının təşəbbüsçüsü və baş müəllifi isə cənab İlham Əliyevdir!

***

Düşünülmüş, davamlı və uzaqgörən siyasət təkcə beynəlxalq arenada yox, ölkə daxilində aparılan işlərdə də özünü aşkar göstərir!

Həm yeridilən iqtisadi siyasət, həm tikinti və quruculuq işləri, həm də başlanmış islahatlar Azərbaycan xalqının daha yaxşı yaşamasına, rifahının daim yüksəldilməsinə xidmət edir!

Dəyişməz prinsip olaraq bütün atılacaq addımlar irəlicədən hesablanır, növbəti mərhələyə keçid üçün əsaslar yaradılır, düşünülənlər ardıcıllıqla icra olunur.

Yığcam şəkildə iki misal:

Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair 4 proqram imzalayıb və onların hamısı tam, üstəlik, bəzi əlavələrlə yerinə yetirilib!

Müstəqilliyin ilk illərində Azərbaycanın regionları paytaxt Bakıdan geridə qalırdı: rayon mərkəzlərinə və digər yaşayış məntəqələrinə elektrik enerjisi fasilələrlə verilirdi, kənd və qəsəbələrdə təbii qaz yox idi, yollar dağılıb bərbad vəziyyətə düşmüşdü, əyalətlərdə içməli su və kanalizasiya xətti mövcud deyildi, işsizlikdən kəndlər boşalmışdı.

Bu gün Azərbaycan nəinki öz əhalisini fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edir, artıq qonşu ölkələrə enerji və qaz satır!

Rayon mərkəzləri içməli su və kanalizasiya xətti ilə təmin olunub.

Ölkədə müasir yol infrastrukturu yaradılmış, hər il min kilometr (16 ildə 16 min kilometr) yol çəkilmiş, artıq kəndarası yolların yenidən qurulması sürətlə davam etdirilir!

İkinci mühüm məqam:

Kənddə yaşayanları işlə təmin etmək, insanların şəhərə axınının qarşısını almaq ən vacib vəzifələrdən biri sayılırdı. Aqrar islahatlar keçirildikdən sonra torpaq payını alan kəndlilərin heç də hamısı onu əkib-becərə, bu sahədən daimi qazanc götürə bilmirdilər. Bunun bəzi obyektiv səbəbi vardı və dövlət başçısı İlham Əliyev kəndi yenidən dirçəltmək üçün qətiyyətli və hesablanmış addımlar atmağa başladı.

Ən vacib məsələlərdən biri kəndlərdə ənənəvi bitkiçiliyi, xüsusən böyük əməktutumlu pambıqçılığı, üzümçülüyü, tütünçülüyü, ipəkçiliyi bərpa etmək idi. Emal sənayesinin də dirçəldilməsi gərəkli sayılırdı.

İlham Əliyev bu sahədəki düşüncələrini reallaşdırmaqdan ötrü ardıcıl və sistemli addımlar atmağa başladı.

Həm də bu zaman dövlətin daim öz vətəndaşının yanında olması prinsipini əsas götürdü.

Kəndlinin işləyərək ruzi qazanması üçün təkcə torpaq sahibi olması azdır!

Əkinçilikdə ən mühüm şərtlərdən biri bol suvarma suyunun mövcudluğudur.

Yeni suvarma şəbəkələrinin qurulması isə böyük vəsait və vaxt tələb edirdi.

İlkin mərhələdə su anbarlarının yaradılması və oraya kifayət qədər su ehtiyatı yığılması məsələsi həllini tapdı. Artıq əsrlər boyu Azərbaycan xalqına xidmət edəcək Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilmişdir.

İkinci mərhələ suvarma suyunun əkin sahələrinə çatdırılması üçün kanallar, suötürücüləri və suvarma qurğularının çəkilməsi oldu.

Paralel olaraq bir sıra yerlərdə subartezian quyuları qazıldı.

İlham Əliyevin təşəbbüsü və göstərişi ilə digər vacib amillər də yaradıldı: yeni məhsuldar taxıl, pambıq, üzüm sortları, tut tingləri gətirilərək əkildi, dünyanın məşhur firmalarından ən müasir texnika - traktorlar, kombaynlar, pambıqyığan maşınlar, səpin aqreqatları və s. alınaraq "Aqrolizinq” xidməti təşkil edildi.

Sahibkarlara güzəştli kreditlər, fermerlərə subsidiyalar, ucuz qiymətə gübrələr verildi. Dövlət xəstəlik və ziyanvericilərə qarşı mübarizədə kəndlinin yanında oldu.

Artıq qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafında böyük nailiyyətlər qazanılmışdır. Respublika üzrə hər hektardan 30-40 sentner pambıq, taxıl məhsulu götürülmüşdür.

Yeni aqroparklar, sənaye məhəllələri yaradılmış, bu hesaba yerlərdə xeyli iş yerləri açılmış, kəndlinin öz məhsulunu xarici bazara çıxarması yolunda bütün maneələr aradan qaldırılmışdır.

İlham Əliyevin qeyri-neft sektorunun inkişafı təşəbbüsü böyük uğur qazanmış, kəndlinin sosial rifahını xeyli yaxşılaşdırmış, insanları doğma torpağa daha möhkəm bağlamışdır!


Öndə milli maraqlardır

Dünya dayanmadan çalxalanır, bulanır, bəzən od tutub yanır!

Dünyanı bu hala salan yalnız zəlzələ və vulkanlar, meşə yanğınları və qasırğalar, selbasmalar deyil!

Həm də uzun illər boyu yaranmış nizamın pozulması, rəngli inqilablar və müxtəlif adlı, demokratiya libaslı böhranlar, güclünün öz iradəsini əvvəlkitək pərdəli, üstüörtülü deyil, açıq-aşkar, hədəvari formada qəbul etdirməsi, bir sözlə, qloballaşmanın fəsadlarıdır.

Belə bir zamanda gənc, kiçik, eyni zamanda, təbii sərvətlərlə zəngin dövləti qovğalardan sovuşduraraq, təhdid və hədə adlı tufanlardan salamat ötüşdürmək hər kəsin hünəri deyil!

Üstəlik, 20 faizi işğal altında olub, bir milyondan çox qaçqın və məcburi köçkünlərin dərd-səri və problemlərinin həlli də daim gündəmdə saxlanmalıdır!

Yaşanan çətinliyə və mürəkkəbliyə baxmayaraq, Azərbaycan daim müstəqil siyasət yürüdür!

Bu siyasətin özəyini dövləti və milli maraqların təmini təşkil edir!

Belə siyasətə görə dünyanın bir çox dövlətləri Azərbaycana hörmət və ehtiramla yanaşırlar!

Ölkəmizin müstəqil siyasətini gözü götürməyənlər, həzm edə bilməyənlər də mövcuddur!

Onların bir qismi üzümüzə gülsə də, arxada diş qıcadır, bəzən nəyi isə bəhanə gətirərək təzyiq və təhdid göstərməyə çalışırlar!

Ancaq əbəs yerə!

Azərbaycanın İlham Əliyev kimi müdrik, qətiyyətli, uzaqgörən, hər cür təhdidləri, təzyiq cəhdini heçə çıxarmağı bacaran Prezidenti vardır!

***

Azərbaycan bütün ölkələrlə əməkdaşlığı yalnız qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurur.

İlham Əliyevin daim bəyan etdiyi dəyişməz və qətiyyətli mövqeyi belədir: "Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz... Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilsi-Qars kimi transmilli layihələri reallaşdıran, ərazisini yeni qlobal tranzit logistika xəritəsinin mərkəzi kimi təsbit edən, ÜDM-in istehsalında rekordlara imza atan, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir.

Səbəb məlumdur: ATƏT-in Minsk qrupunun dişsiz fəaliyyəti və ikili standartların mövcudluğu!

Lakin münaqişənin həllində Azərbaycanın mövqeyi daimi, dəyişməz və prinsipialdır!

Nə ermənilər, nə də onların havadarları Azərbaycandan, onun Prezidenti İlham Əliyevdən heç bir güzəşt gözləməsinlər!

Dövlət başçısı yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibədə bu mövqeni bir daha qətiyyətlə səsləndirdi:

"Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Tarixi həqiqət bizim tərəfimizdədir. Biz bunu dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır”.

"...Biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər”.


Xalqa xidmət başlıca meyardır

İlham Əliyev prezidentliyinin ilk günlərindən açıq və şəffaf fəaliyyət göstərib.

Daim xalqla təmasda olub, insanlarla ünsiyyətə girib, onların arzu və istəklərini dinləyib, həyata keçirib.

Daim xalqa hesabat verib: xalqın nümayəndələri ilə görüşü zamanı vacib məsələlərə toxunub, problemlər və onların həlli ilə bağlı görülən tədbirlərdən danışıb.

Müntəzəm keçirdiyi ənənəvi müşavirələrdə iqtisadi və siyasi sahədəki yeniliklərdən, uğurlardan, qarşıda duran vəzifələrdən və gələcək planlardan ətraflı bəhs edib.

Xarici KİV-ə, yerli jurnalistlərə müsahibələrində konkret rəqəmlər, misallar və nümunələr əsasında dövlətin siyasətindən, iqtisadi islahatlardan, xalqın sosial rifahının yüksəldilməsi sahəsində atılan uğurlu addımlardan maraqlı açıqlamalar verib.

Bu, cənab İlham Əliyevin bir Prezident kimi iş üslubudur!

Bu, cənab İlham Əliyevin xalqa göstərdiyi xidmətlər barədə sistemli qaydada verdiyi hesabatlardır.

Bu, cənab İlham Əliyevin dövlət başçısı olaraq fəaliyyətinin aşkarlığını və şəffaflığını təmin edən məqamlardır.

Prezidentliyinin bu cəhətini özü belə xarakterizə edir: "Hər bir dövlət məmuru xalqın xidmətçisidir!

Xalqın ən böyük xidmətçisi isə mən özüməm!”

***

İlham Əliyev xalqa söz verməklə, vəd etməklə xidmət göstərmir!

Əvvəlcə onun ehtiyac və çətinliklərini öyrənir, onların həlli üçün maliyyə qaynaqları yaradır, sonra imzaladığı qanun, qərar və sərəncamlar əsasında problemi ədalətli, obyektiv şəkildə yoluna qoyur.

İlham Əliyevin dəfələrlə təkrarladığı bir fikri diqqətə çəkirik: dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ildən-ilə Azərbaycan vətəndaşı daha yaxşı yaşamalıdır!

İlham Əliyevin yeritdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində elə yaşayır da!

Təkcə yenicə yola saldığımız 2019-cu ildə bu sahədə həyata keçirilən yeniliklərin, sosial islahatlar paketinin bir qismi ilə qısaca tanış olaq:

Dünyanın bir sıra ölkələrində təsadüf edilən və son illərdə Azərbaycan vətəndaşlarının bir qismini çətin duruma salan problemli kreditlər İlham Əliyevin təşəbbüsü ilə ən uğurlu formada, həm də dövlətin dəstəyi ilə yoluna qoyuldu!

İnsanlar onları narahat edən borcun məngənəsindən qurtularaq rahat nəfəs aldılar!

Bundan sonra digər sosial məsələlər kompleks şəkildə həllini tapdı: müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı.

Azərbaycanda dünyanın heç bir yerində təsadüf edilməyən işlər də görülür: təkcə qaçqın və məcburi köçkünlərə deyil, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən tikilərək təmir edilmiş mənzillər verilir. Belə ki, ötən il məcburi köçkünlərə 5 mindən çox, şəhid ailələri, müharibə əlillərinə isə 800-dən artıq ev və mənzil paylanmışdır. 6 mindən çox müharibə əlilinə isə minik maşını verilmişdir.

Bütün bunlar İlham Əliyev tərəfindən müəyyənləşdirilən dövlət siyasətidir və imkanlar genişləndikcə ondan bəhrələnənlərin sayı da artacaqdır.

***

Daha bir qürur doğuran məqam: xalqın ürəyindən xəbər verən belə addımların atılmasında Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban xanım Əliyeva çiyin-çiyinə çalışır. Eyni zamanda, dövlət siyasətinin gerçəkləşməsində Ulu Öndərin adını daşıyan fond da yaxından iştirak edir.

Mehriban xanım Əliyevanın birbaşa fəaliyyəti sayəsində misilsiz işlər görülmüşdür. Azərbaycanın beynəlxalq aləmdə imicini yüksəldən aksiyalar keçirilmiş, Novruz bayramı, tar ifaçılığı, İçəri şəhər və Qobustan tarixi memarlıq nümunələri UNESKO-nun qeyri-maddi, mədəni irs siyahısına salınmışdır.

Mehriban xanım Əliyevanın uşaqlarla bağlı həyata keçirdiyi mərhəmət, xeyirxahlıq, himayədarlıq tədbirləri isə hər bir Azərbaycan vətəndaşının qəlbini minnətdarlıq hissi ilə doldurur. Heydər Əliyev Fondu tərəfindən yaradılan talassemiyalı, daun sindromlu uşaqların müalicə mərkəzlərində övladlarının bu xəstəlikdən müalicəsi üçün valideynlərə yaxından kömək göstərilir. Uşaq evləri və internat məktəbləri daim nəzarətdə saxlanılır, onların yaşam və qidalanma məsələləri yüksək səviyyədə təmin edilir, belə ünvanlarda vaxtaşırı keçirilən tədbirlərdə Birinci vitse-prezident Mehriban Əliyeva, Leyla və Arzu Əliyevalar şəxsən iştirak edirlər.

Onlar tərəfindən müntəzəm keçirilən bu xeyirxahlıq və mərhəmət aksiyaları artıq dövlət siyasəti səviyyəsinə yüksəlmişdir.


Yaradılan və yaşadılan digər prinsiplər

Dövlət idarəetməsi çoxcəhətli, əhatəli, geniş və mürəkkəbdir. Bu nəhəng maşının daim saz, işlək və çalışqan vəziyyətdə saxlanılması üçün gecə-gündüz dayanmadan işləmək, hər şeyi nəzarətdə saxlamaq, qabaqlayıcı addımlar atmaq, çoxcəhətli və mürəkkəb proseslərə diqqət yönəltmək son dərəcə zəruridir!

Bu mənada dövlət başçısı İlham Əliyev iş vaxtı, istirahət və bayram günləri bilmədən daim fəaliyyətdə, dövlət sükanının arxasındadır!

Ondakı bu enerji, işgüzarlıq hörmət və məhəbbət, razılıq və qürurla yanaşı bir heyrət də doğurur!

Xalq öz rəhbəri ilə haqlı olaraq fəxr edir!

Qısa müddətdə müstəqil Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev özünəməxsus fəaliyyət prinsiplərini də müəyyənləşdirərək onlara dönmədən əməl edir.

Həmin prinsiplər barədə qısaca bəhs edək.

* İqtisadi islahatlar sosial müdafiə tədbirləri ilə bərabər aparılır

Dünya təcrübəsi də göstərir ki, bəzən çox ciddi iqtisadi islahatlar sosial problemlər yarada bilirlər. Odur ki, islahatların gedişi dəqiq hesablamalara əsaslanmalı, daim və ciddi nəzarətdə saxlanılmalıdır. Bunun üçün həm sosial infrastrukturla bağlı layihələr icra edilməli, eyni zamanda, vətəndaşların sosial təminatı yaxşılaşdırılmalıdır.

* Kadr və struktur islahatları bir-birini tamamlayır

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında islahatların yeni mərhələsinin anonsunu vermişdi. Bundan sonra islahatlar prosesi ardıcıllıqla reallaşdırılmağa başlandı, o cümlədən kadr islahatları ilə bağlı məsələlər öz həllini tapdı. Burada da möhkəm qayda var: müasir dünyagörüşünə malik enerjili gənclərlə təcrübəli, sınaqdan keçmiş insanların birgə işi formalaşdırıldı. Artıq uğurlu nəticə özünü göstərməkdədir. Yeni kadrlar idarəçilik sisteminə yeni yanaşma, yeni düşüncə tərzi gətirirlər.

* Siyasət konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir

Son 16 ilin tarixinə nəzər salsaq görərik ki, İlham Əliyev tərəfindən atılan addımların heç biri təsadüfi xarakter daşımır. Hər bir addımın arxasında çox böyük təhlil və strateji məqsədlər dayanır. Əslində, kadr islahatları zamanında aparılır. Burada tələsmə və yaxud gecikmə uğursuzluqla nəticələnə bilərdi.

Azərbaycan yeniləşir və müasir dövrə, cəmiyyətimizin gözləntilərinə, ən əsası isə inkişaf strategiyamıza uyğun yeni siması meydana çıxır. İlk növbədə milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər.

* Qonşularla yaxşı münasibətlərin qurulması önəmli məsələdir

Azərbaycan təkcə ixracatçı yox, həm də tranzit ölkədir. Bu isə qonşularla əməkdaşlıq münasibəti yaradılmasını tələb edir. Transmilli layihələri reallaşdıran Azərbaycan həm də "Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizini yaradaraq beynəlxalq logistika mərkəzinə çevrilmişdir. Açıq dənizə birbaşa çıxışı olmayan ölkənin Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilməsi həm də qonşularla qarşılıqlı maraqlara əsaslanan mehriban əlaqələrin, etibarlı tərəfdaşlığın yaradılmasının nəticəsidir.

* Beynəlxalq və daxili nəqliyyat layihələri bir-biri ilə əlaqələndirilir

Hazırda ölkəmizdə müasir nəqliyyat infrastrukturu qurulmuşdur. İşlək vəziyyətdə olan yeddi beynəlxalq hava limanımız var. Xəzər dənizində ən böyük donanmaya sahibik. Azərbaycan indi tranzit hab kimi hava məkanından istifadə edir. Eyni zamanda, respublika daxilində dəmiryolu infrastrukturu yenilənib. Son 16 ildə 16 min kilometr avtomobil yolu inşa edilib. Nəqliyyatın bütün seqmentləri tam müasir standartlara cavab verir. Ələt Dəniz Ticarət Limanı nəhəng bir obyektdir. Əgər əvvəllər Azərbaycan üzərindən daşınan yüklərin son nöqtəsi Qara dəniz idisə, artıq beynəlxalq və daxili nəqliyyat layihələrinin əlaqələndirilməsi vəziyyəti büsbütün dəyişib. Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə yoluna Türkmənistan da qoşulub. Artıq Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmiryolu xətləri birləşib. İndi İrandan da Avropa istiqamətinə Azərbaycan üzərindən yüklərin daşınması gözlənilir.

Düşünülmüş və ağıllı siyasət öz bəhrəsini verir.

* Kredit götürmə ancaq texnologiya ixracı ilə bağlı olmalıdır

Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu, dünya üzrə ən aşağı, yəni ən yaxşı göstəricilərdən biridir. İstənilən vaxt bu borcu bağlamaq mümkündür. Çünki artıq valyuta ehtiyatlarımız 50 milyard dollardır. Hamı bizə həvəslə borc verir. Çünki iqtisadi gücümüzü və maliyyə vəziyyətimizi yaxşı bilirlər. Bu gün bizim üçün yalnız texnologiya ixracı ilə bağlı olan kreditlər maraq doğurur. Başqa sözlə, biz yalnız texnoloji tərəfdən önəmli layihələrə kredit götürürük.

* Multikultural ənənələrin yaşadılması və inkişafı vacib məsələlərdən biridir

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Burada bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu unikal təcrübə artıq bir çox ölkələr tərəfindən öyrənilir, bəzi universitetlərdə Azərbaycanın multikulturalizm modeli tədris edilir. Azərbaycanda bu, həm dövlət siyasətidir, həm də cəmiyyətdən gələn sifarişdir. Bizdə heç zaman milli və dini zəmində qarşıdurma, ziddiyyət baş verməyib. Əgər geniş beynəlxalq əməkdaşlıq da bu istiqamətdə qurularsa, dünya dövlətləri bundan yalnız qazanarlar. Təəssüf ki, Avropada ayrı-seçkilik meyilləri güclənir. Bu isə insanlara bədbəxtlik və faciələr gətirir. Azərbaycan daim öz nümunəsi ilə multikulturalizm prinsiplərinin yaşadılmasını təşviq edir.

* İdman sağlamlığa xidmət etməklə yanaşı, ölkəmizin təbliği vasitələrindəndir

Azərbaycan gənci sağlam və güclü olmalıdır. Dövlət başçısı İlham Əliyev ölkədə idmanın genişlənməsi üçün bütün zəruri tədbirləri görür. Bakıda çoxsaylı müasir idman qurğuları və arenaları tikilib istifadəyə verilmiş, regionlarda 40-dan çox olimpiya idman kompleksləri inşa olunmuşdur. I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirən Azərbaycan beynəlxalq yarışların ən yaxşı təşkilatçısı imicini qazanmışdır. "Formula-1” yarışları ölkəmizə turist axınını xeyli gücləndirmişdir. Ölkə idmançıları bütün növlər üzrə Olimpiya, Avropa və dünya birinciliklərində fəal iştirak edərək daim bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Dövlət bu istiqamətdə öz dəstəyini və vəsaitini əsirgəmir.

* O təklif ki xalqın maraqlarına ziddir, qəbul olunmur

Azərbaycan əməkdaşlığa açıq ölkədir. Son illərdə gördüyü genişmiqyaslı işlərlə bunu sübuta yetirib. Ancaq bircə şərtlə: bu əməkdaşlıq dövlətin və xalqın maraqlarına cavab versin!

Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində ciddi əməkdaşlıq edir. İmzalanması nəzərdə tutulan yeni sazişdə təbii qazın daxili qiyməti ilə ixracın qiymətinin bərabərləşdirilməsi təklif edilir. Dövlət başçısı bununla razılaşmır. Niyə? Hazırda təbii qazın hər min kubmetri Azərbaycan vətəndaşının 85 faizinə 100 manata satılır. Bu gün Avropa bazarlarında daxili qiymət hər min kubmetrə təqribən 800-1000 manatdır. Satış vaxtı bu qiymət bizə sərf edir. Ölkə vətəndaşı üçün isə belə qiymət artımı yolverilməzdir. Dövlət başçısının mövqeyi qətidir: bu saziş Azərbaycanın, onun vətəndaşlarının maraqlarına uyğun olmalıdır.

Azərbaycan Dünya Ticarət Təşkilatına (DTT) üzv olmağa tələsmir. Bunun da səbəbi maraqlıdır. Hələ ki ixracımızın əsas hissəsini neft-qaz məhsulları təşkil edir. Belə məhsulların ixracı üçün DTT-yə üzvlük vacib deyil, kifayət qədər alıcımız var. Əsas vəzifə qeyri-neft sektorunun inkişafı və yerli məhsulların ixracı sayılır. Belə olan halda daxili bazarı qorumaq zəruridir. Əgər biz Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar (sənaye və kənd təsərrüfatında) böyük problemlərlə üzləşə bilərlər. Çünki daxili bazarı zəbt etmək məqsədilə böyük həcmdə keyfiyyətsiz mallar gətirilərək yerli istehsalçılara böyük zərbə vurula bilər.

Şərtlər məqbul olmadığına görə qəbul edilmir.

***

Son 16 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. İlk baxışdan elə görünə bilər ki, bütün bu nailiyyətlər asanlıqla qazanılır. Lakin bütün qələbələrin arxasında düşünülmüş və uzaqgörən siyasət, gərgin zəhmət və gecə-gündüz dayanmadan göstərilən fəaliyyət dayanır.

İlham Əliyevin müstəqil Azərbaycanın və Azərbaycan xalqının rifahı, xoşbəxtliyi naminə göstərdiyi əzmkar və səmərəli zəhmət vətəndaşlarımız tərəfindən daim hörmət və məhəbbətlə, yüksək qiymətləndirilir.

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video