10 Yanvar 2020 00:51
1077
Mədəniyyət
A- A+

Ədəbiyyatla zamanın çulğalaşdığı zəngin mənbə


Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin Moskvadakı "Xudojestvennaya literatura” nəşriyyatında "Ədəbiyyat, zaman və müasirlik” adlı kitabı nəşr olunub.

"Ədəbiyyat və zaman” adlı giriş məqaləsi ilə açılan kitabın "Ədəbiyyat nəzəriyyəsi” bölməsində Azərbaycan ədəbiyyatındakı ədəbi cərəyanların tarixi təkamül proseslərindən, estetikası və poetikasından, habelə əsas yaradıcılarının xidmətlərindən geniş bəhs olunub. Bu bölmədə, eyni zamanda ədəbi növlərin və janrların təsnifatı məsələsinə yenidən baxılaraq satiradan ədəbi növlərdən biri kimi söz açılır.

Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş portret-oçerklər akademik İsa Həbibbəylinin müəllifi olduğu dövrləşdirmə konsepsiyası əsasında və xronoloji qaydada təqdim edilib. Kitabda intibah dövrü Azərbaycan ədəbiyyatı Nizami Gəncəvi, orta əsrlər İmadəddin Nəsimi, erkən yeni dövr Molla Pənah Vaqif, tənqidi realizm epoxası Cəlil Məmmədquluzadə və Eynəli bəy Sultanov, romantizm Hüseyn Cavid, sovet dövrü ədəbiyyatı isə Səməd Vurğun kimi sənətkarlarla təmsil olunub.

Monoqrafik tədqiqatın "Folklorşünaslıq və mədəniyyət” bölməsində "Kitabi-Dədə Qorqud” dastanlarındakı Təpəgöz boyunun tipologiyası izah edilib, Gəmiqaya-Qobustan mədəniyyəti, Orxon-Yenisey abidələri təhlildən keçirilib.

"Rusiya ictimai-ədəbi mühiti” bölməsində "Mixail Şoloxov və Azərbaycan ədəbiyyatı” oçerki yerləşdirilib, Nobel mükafatı laureatı, məşhur fizik, akademik Jores Alfyorovla müsahibə oxuculara çatdırılıb.

"Dünya ədəbiyyatı” bölməsində Azərbaycan-Çin ədəbi-mədəni və elmi əlaqələrindən, "Oxşar ədəbi talelər” rubrikasında isə türk xalqları ədəbiyyatlarının dövrləşdirilməsindən, Azərbaycan-qazax və türkmən ədəbi əlaqələrindən bəhs edilir, dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov "ədəbi mogikan” adlandırılır.

Kitabda Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi və fəaliyyətinin ilk mərhələsinə, fizika və lirikanın qarşılıqlı əlaqələrinə, ədəbiyyatda multikultural dəyərlərin bədii ifadəsinə dair məqalələr "Elmin üfüqləri” bölməsində yer alıb.

"Ədəbiyyat, zaman və müasirlik” kitabının elmi redaktoru AMEA-nın müxbir üzvü Tehran Mustafayev, məsul redaktoru isə Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin məsul katibi, filologiya elmləri doktoru Abuzər Bağırovdur.

Kitab Azərbaycan ədəbiyyatının tarixi və nəzəriyyəsinin, görkəmli yaradıcılarının, böyük ənənələrinin rusdilli məkanda elmi səviyyədə təbliği üçün zəngin mənbədir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video