08 Yanvar 2020 02:34
877
MSK
A- A+

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 4 yanvar 2020-ci il tarixli 6 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 5/29


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rüstəmzadə İlkin Bakir oğlu 4 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq edilməsindən imtinaya dair 25 saylı Nizami ikinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 25 dekabr 2019-cu il tarixli 26/116 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilərək namizədliyinin irəli sürülməsinin təsdiq olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Vətəndaş İ.B.Rüstəmzadə şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qərar qəbul edilmiş, həmin qərarda onun bütün hüquqlarının, o cümlədən seçki hüququnun bərpa olunması tələb edilmişdir. Ona görə də şikayətçi göstərilən qərara əsasən hesab edir ki, dairə seçki komissiyasının 25 dekabr 2019-cu il tarixli 26/116 saylı qərarı ləğv olunmalı və onun deputatlığa namizədliyinin irəli sürülməsi təsdiq edilməlidir.

Dairə seçki komissiyası İ.B.Rüstəmzadənin 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi barədə 25 dekabr 2019-cu il tarixli 26/116 saylı qərarını onunla əsaslandırmışdır ki, İ.B.Rüstəmzadə namizədliyinin təsdiq edilməsi üçün dairə seçki komissiyasına 13 dekabr 2019-cu ildə bildiriş və öhdəlik ərizəsini təqdim etmişdir. Öhdəlik ərizəsinə əsasən müəyyən edilmişdir ki, İ.B.Rüstəmzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Cinayət Məcəlləsi) müvafiq maddələri ilə ağır cinayətlərə görə məhkum olunmuşdur. Seçki Məcəlləsinin 13.3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının (Konstitusiya) 85-ci maddəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə (ağır və xüsusilə ağır) görə məhkum olunmuş şəxslərin Milli Məclisin deputatı seçilmək hüququ (passiv seçki hüququ) yoxdur.

Göstərilənlərə əsasən dairə seçki komissiyası Seçki Məcəlləsinin 13.3-cü, 53.7-ci və digər maddələrinə əsasən namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina etmişdir.

İ.B.Rüstəmzadənin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Rüstəmzadə Türkan Bakir qızının araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, namizədliyi özü tərəfindən irəli sürülmüş İ.B.Rüstəmzadə Cinayət Məcəlləsinin 220.1-ci, 228.3-cü (ağır cinayətlər hesab edilən) və digər maddələri ilə məhkum olunmuş, "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli Sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.

Qeyd edilməsi zəruridir ki, İ.B.Rüstəmzadə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, qanunvericiliklə müəyyən edilmiş müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdən sonra məhkumluğu ödənilmiş hesab olunur.

Cinayət Məcəlləsinin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.

Konstitusiyanın 56-cı maddəsinin III hissəsinə görə hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.

Eyni zamanda Konstitusiyanın 85-ci maddəsinin II hissəsində qeyd edilir ki, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.

Seçki Məcəlləsinin 13.3.2-ci maddəsinə görə Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə (ağır və xüsusi ilə ağır) görə məhkum olunmuş şəxslərin Milli Məclisin deputatı seçilmək hüququ - passiv seçki hüququ yoxdur.

Seçki Məcəlləsinin 53.7-ci maddəsinə görə namizədin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün nəzərdə tutulan əsaslardan biri də namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər.

Beləliklə, müəyyən edilir ki, İ.B.Rüstəmzadənin ödənilməmiş məhkumluğu olduğuna görə dairə seçki komissiyası qanunvericiliyin tələblərinə uyğun olaraq onun namizədliyinin irəli sürülməsinin təsdiq olunmasından imtina etmişdir.

İ.B.Rüstəmzadənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinad etməsi ilə əlaqədar olaraq qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında göstərildiyi kimi, parlament seçkilərində müəyyən kateqoriya şəxslərin passiv seçki hüququnun məhdudlaşdırılması parlamentin müstəqilliyinin və seçicilərin azad seçim hüququnun təmin edilməsi məqsədini daşıyır və dövlətlər bu sahədə müvafiq tələbləri müəyyən edə bilər.

Beləliklə, ağır cinayətə görə ödənilməmiş məhkumluğun mövcud olması namizədliyin irəli sürülməsinin təsdiq olunmasından imtina edilməsi üçün qanuni əsasdır. Seçki komissiyaları Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutaraq onlara təqdim edilmiş sənədlərə əsasən qərar qəbul edirlər.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının 25 dekabr 2019-cu il tarixli 26/116 saylı qərarının ləğv olunması üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab olunaraq təmin edilməməli, 25 saylı Nizami ikinci seçki dairəsi dairə seçki komissiyasının həmin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Konstitusiyanın 56-cı, 85-ci maddələrinə, Seçki Məcəlləsinin 13.3.2-ci 19.4-cü, 28.2-ci, 53-cü, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 25 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rüstəmzadə İlkin Bakir oğlunun 4 yanvar 2020-ci il tarixli 6 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, onun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsindən imtinaya dair dairə seçki komissiyasının 25 dekabr 2019-cu il tarixli 26/116 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

07.01.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video