Alternative content

19:56 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:12 02.12.2012

 

Məhkəmədə işə baxılarkən  ərizə verib işin digər rayon məhkəməsinə göndərilməsini xahiş etdim. Məhkəmə ərizəmi təmin etdi, lakin bu barədə qərardaddan şikayət verilməmişdir. Belədə işin göndərildiyi məhkəmə həmin işi qəbul etməyə bilər?

 

Mehdi Əliquliyev,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə görə, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq, qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Sözügedən Məcəllənin 45.4-cü maddəsinə görə, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apelyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Odur ki, müvafiq qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iş digər məhkəməyə göndərilir. İşin göndərildiyi məhkəmə ilə işi göndərmiş məhkəmə arasında mübahisənin ərazi aidiyyəti ilə bağlı mübahisə deyil, fikir ayrılığı yaranması mümkündür. Bu halda, işin göndərildiyi məhkəmə həmin fikir ayrılığını həll etmək məqsədilə işi apelyasiya məhkəməsinə göndərə bilər. Əgər belə bir hal baş verərsə, onda apelyasiya instansiyası məhkəməsi həmin fikir ayrılığını müvafiq qərardadla həll edərək işin hansı məhkəmədə baxılmalı olması məsələsini müəyyənləşdirəcəkdir.

 

Atam özünə məxsus mənzili qardaşıma vəsiyyət edib. Lakin vəsiyyətnamədə digər əmlakla, o cümlədən özünə məxsus avtomobillə bağlı hər hansı qeyd yoxdur. Bu halda, mənzildən başqa digər əmlak yalnız mənə çatır, yoxsa, qardaşımın da bu əmlaklara hüququ var? Həm də bilmək istərdim ki, atamın mənzili qardaşıma vəsiyyət etməsinin digər əmlakın qanun üzrə bölgüsündə əhəmiyyəti varmı?

 

Nicat Nəcəfli,

Quba rayonu

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə, vəsiyyət üzrə,  ya da hər iki əsasla keçir.

MM-in 1159.1.1-ci maddəsi ilə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

MM-in 1166-cı maddəsinə əsasən, fiziki şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

MM-in 1172-ci maddəsinə uyğun olaraq, əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.

Belə ki, miras əmlakın sizə və qardaşınıza qanun üzrə və ya vəsiyyət üzrə keçməsi mümkündür. Bu halda, atanızın vəsiyyətnamə ilə özünə məxsus mənzili qardaşınıza vəsiyyət etməsi sonuncunu vəsiyyətnamədə göstərilməmiş, lakin miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququndan məhrum etmir. Başqa sözlə, vəsiyyətnamədə göstərilməyən  əmlak sizinlə qardaşınız arasında qanun üzrə vərəsəlik qaydasında bərabər paylarda bölüşdürülməlidir. 

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi