06 Yanvar 2020 09:48
997
MSK
A- A+

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 2 yanvar 2020-ci il tarixli 54 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI


2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hüseynov Mehman Rafiq oğlu 2020-ci il yanvarın 2-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2019-cu il tarixli 24/279 saylı qərarından şikayət edərək və şikayətə bir ədəd elektron məlumat daşıyıcısı əlavə edərək komissiyanın həmin qərarının ləğv edilməsini, 30 saylı Suraxanı birinci seçki dairəsinin 22, 23, 24, 25, 26 saylı seçki məntəqələri və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 5, 12, 13, 15, 16, 17, 18, 19, 21, 22, 23, 24, 25, 28, 29, 32 saylı seçki məntəqələri üzrə 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri üzrə səsvermənin nəticələrinin yenidən sayılmasını və qanun pozuntuları olan seçki məntəqələrinin nəticələrinin ləğv edilməsini, qeyd edilən seçki dairələrinin göstərilən məntəqələrində qanun pozuntuları törətmiş şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən prokurorluq orqanlarına məlumat verilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrində və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulan müddətdə və dairə seçki komissiyasının qərarından verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd M.R.Hüseynov müraciətində bələdiyyə seçkilərində aşağıda göstərilən pozuntuların baş verdiyini iddia etmişdir:

- təşviqat dövründə onun təşviqat materialları digər namizəd tərəfindən korlanmış, səsvermə günü isə açıq aşkar, ədalətsiz seçki keçirilmişdir;

- seçici aktivliyi aşağı olsa da, seçki qutularına hakimiyyət namizədinin xeyrinə əlavə bülletenlərin atılması və qrup halında şəxslərin seçki məntəqəsinə gətirilməsi və seçicilərin bir neçə seçki məntəqəsində, həmçinin bir çoxlarının ümumiyyətlə dairəyə və ya məntəqəyə aid olmadığı halda səs verməsinə nail olunması hesabına seçici aktivliyi süni şəkildə artırılmışdır;

- müşahidəçilərə səsvermə prosesindən kənarda yer ayrılmış və orada oturmaları təşkil edilmiş, həmin yerdən çıxmalarına imkan verilməmişdir. Ayrılmış yerlərdən isə müşahidəçilərin səsvermə prosesini tam və dəqiq müşahidə etməsi mümkün olmamışdır. Belə ki, müşahidəçilər səs verməyə gəlmiş seçicilərin barmaqlarının necə yoxlanmasını, həmin şəxslərin məntəqə ərazisində yaşayan seçicilər olub-olmamasını, daha sonra isə səslərin sayılması zamanı bülletenlərin düzgün sayılmasını müşahidə edə bilmirdilər;

- 30 saylı Suraxanı birinci seçki dairəsinin 22, 23, 24, 25, 26 saylı və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 6, 12, 13, 15, 16, 17, 18, 19, 21, 22, 23, 24, 25, 28, 29, 32 saylı seçki məntəqələrində müşahidəçilərinə protokolların surəti verilməmişdir. Bir çox məntəqə seçki komissiyaları saydıqları bülletenləri səsli şəkildə müşahidəçilərə elan etməmişlər. Bəzi məntəqələrdə barmaqların yoxlanılması ümumiyyətlə səsvermə zalından və müşahidəçilərin görmə imkanından kənarda idi;

- 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının qərarı əsassızdır, dairə seçki komissiyası baş verən pozuntuları araşdırmamış, video görüntülərə baxmamış, M.R.Hüseynov və müstəqil müşahidəçilər tərəfindən təqdim olunan sübutlar araşdırılmadan qərar qəbul edilmiş, 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyə seçkilərində baş verən pozuntuların heç birinin aradan qaldırılmasına cəhd göstərilməmişdir;

- yuxarıda qeyd edilən seçki məntəqələri üzrə Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinin pozuntusuna yol verilib. Beləliklə, səsvermənin keçirilməsi və ya səsvermənin keçirilməsinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Bu isə həmin seçki məntəqələrinin etibarsız sayılması üçün əsasdır.

M.R.Hüseynova araşdırma aparılması barədə məlumat verilmiş, ona araşdırmada iştirak etmək və hər hansı bir sənəd təqdim etmək hüququnun olması izah edilmişdir. O, bildirmişdir ki, səsvermənin nəticələrinə dair protokolların surətlərinin şikayətə əlavə edilməsinin zəruri olduğunu bilməmiş, bəzi məntəqə seçki komissiyalarından ona verilmiş protokolların surətini araşdırma zamanı təqdim edəcəkdir. Bununla belə araşdırmada iştirak etməyə gəlməmiş, vəd etdiyi protokolların surətini və hər hansı bir sənəd təqdim etməmişdir. Onun iclasda iştirakı təmin edilmişdir.

31 saylı Suraxanı ikinci seçki dairəsinin seçki komissiyasından M.R.Hüseynovun müraciətinin araşdırılması ilə bağlı təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, dairə seçki komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən seçki dairəsinin Qaraçuxur bələdiyyəsi üzrə seçki məntəqələrində səsvermə günü müşahidə aparmış qeydə alınmış və səsvermənin nəticələrinə görə bələdiyyə üzvü seçilməmiş namizədlər Ə.Mirzəyev, T.Muradzadə, A.Cəfərov, R.Rzayev, N.Şərifova, Ş.Qarayev, O.Həsənov, Ş.Şahmuradovdan izahat alınmış, izahatlarda 30 saylı Suraxanı birinci seçki dairəsinin 22, 23, 25, 26 saylı məntəqələrində və 31 saylı Suraxanı ikinci seçki dairəsinin bütün seçki məntəqələrində səsvermə və səslərin sayılması prosesi özləri və müşahidəçiləri vasitəsilə müşahidə edilmiş, müşahidə zamanı səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntularına rast gəlinmədiyi bildirilmişdir. Eyni məsələ ilə bağlı hər iki seçki dairəsinə daxil olan məntəqə seçki komissiyalarının üzvlərindən və həmin məntəqələrdə səsverməni və səslərin hesablanmasını müşahidə etmiş qeydə alınmış namizədlər, müxtəlif siyasi partiyaları və öz təşəbbüsü ilə müşahidə aparmış 105 müşahidəçidən alınmış izahatlarla müraciətdə göstərilən hallar öz təsdiqini tapmamışdır.

Eyni zamanda dairə seçki komissiyasının ekspert qrupunun rəyində qeyd edilir ki, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı məntəqə seçki komissiyasının sədri tərəfindən araşdırma ilə bağlı təqdim olunmuş izahatında səsvermə günü məntəqə səsverməyə açıq elan edilməmişdən səsvermə prosesi başa çatıb səsvermənin nəticələri haqqında protokol tərtib edilənədək M.R.Hüseynovun müşahidəçisi Əliyev Rövşən Zeynal oğlu seçki məntəqəsində müşahidə aparmış, telefon vasitəsilə ilə istədiyi vaxt çəkilişlərin edilməsi bildirilmişdir. Səsvermənin nəticələri haqqında protokolun təsdiq edilmiş surəti ona təqdim olunmuşdur. Səsvermə prosesində və səslərin sayılıb səsvermənin nəticələri haqqında protokol tərtib edilərkən müşahidəçi tərəfindən hər hansı bir pozuntunun olması barədə irad bildirilməmiş və yazılı rəy təqdim edilməmişdir. Polisin məntəqəyə daxil olması isə yekun protokolun və digər seçki sənədlərinin dairə seçki komissiyasına aparılmasının mühafizəsini təmin etmək məqsədi daşımışdır. Ekspert qrupu üzvünün rəyində daha sonra qeyd edilir ki, həmin dairənin 15 saylı seçki məntəqəsində səsvermə günü M.R.Hüseynovun müşahidəçisi İ.V.Qorilova seçki məntəqəsinin açılması elan edilməmişdən əvvəl məntəqəyə gəlmiş, gün ərzində səsvermə prosesini müşahidə edərək video çəkilişlər aparmış və saat 19:00-da məntəqəni tərk etmişdir. Seçki məntəqəsinin sədrinin izahatına əsasən M.R.Hüseynov və onu müşahidə edən şəxslər günorta saatlarında səsvermə prosesinin izləmiş, heç bir qanun pozuntusu olmadığını bildirmişlər. Seçki məntəqəsində veb-kamera olmadığı halda sonradan iddia edilən pozuntunun veb-kamera qarşısında baş verdiyi bildirilmişdir. Ekspert qrupu üzvünün rəyində seçki dairəsinin 5, 13 və 15 saylı seçki məntəqələrində baş verməsi iddia edilən pozuntuların öz təsdiqini tapmadığı göstərilmiş və qeyd edilmişdir ki, 13 saylı məntəqə seçki komissiyasına səsvermə üçün müraciət etmiş şəxs həmin məntəqədə seçici siyahısında olmadığından komissiyanın üzvü tərəfindən seçki məntəqəsindən uzaqlaşdırılmışdır. Sonradan həmin seçici seçki məntəqəsindən kənarda çəkiliş aparan M.R.Hüseynov tərəfindən təkidlə sorğu-suala tutulmuş və onun bu məntəqədə səs verməsi iddia edilmişdir.

Çoxsaylı seçki subyektlərindən alınmış izahatlara əsasən ekspert qrupunun üzvü tərəfindən M.R.Hüseynovun müraciətinin təmin edilməməsi barədə rəy verilmiş və həmin rəy əsasında dairə seçki komissiyasının hazırda mübahisələndirilən qərarı qəbul edilmişdir. Qərarda göstərilir ki, iclasın keçirilmə yeri və vaxtı barədə şikayətçiyə məlumat verilməsinə baxmayaraq o, iclasa gəlməmişdir.

M.R.Hüseynovun müraciətinin araşdırlması ilə əlaqədar səsvermə günü pozuntuların baş verməsi iddia edilən seçki məntəqələrində onun maraqlarını təmsil edən müşahidəçilərinin iştirak edib-etməməsi və səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokollarının surətinin namizədə və ya onun səlahiyyətli nümayəndələrinə verilib-verilməməsinə dair sorğuya cavab olaraq 31 saylı Suraxanı ikinci seçki dairəsinin dairə seçki komissiyasından daxil olmuş 2 yanvar 2020-ci il tarixli arayışda göstərilir ki, seçki dairəsinin 6, 12, 16, 17, 18, 19, 21, 22, 23, 29 saylı seçki məntəqələrində M.R.Hüseynovun maraqlarını təmsil edən müşahidəçilər iştirak etməmiş və həmin məntəqələrdən protokolların surəti istənilməmişdir. Səsvermə günü M.R.Hüseynov saat 18:55-də 6 saylı seçki məntəqəsinə gəlmiş, səslərin hesablanması və səsvermənin nəticələri haqqında protokolun tərtib olunmasını müşahidə etdikdən sonra onun surətini istəmədən seçki məntəqəsini tərk etmişdir. Həmin gün saat 10:00-da o, 6 nəfərlə birlikdə 13 saylı seçki məntəqəsinə gəlmiş, bir neçə dəqiqə müşahidə apardıqdan sonra məntəqədən getmiş, onun məntəqədə qalan müşahidəçisi isə bir saadan sonra məntəqəni tərk etmişdir. Həmin məntəqədən nə M.R.Hüseynov, nə də onun hər hansı səlahiyyətli nümayəndəsi protokolun surətini istəməmişdir. M.R.Hüseynovun müşahidəçisi İ.V.Qorilova saat 08:00-dan 19:00-dək 15 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə etmişdir. Qeydə alınmış namizəd və onun səlahiyyətli nümayəndəsi saat 11:00-dan 11:15-dək seçki məntəqəsində müşahidə aparmışdır. 18 saylı seçki məntəqəsində M.R.Hüseynov video çəkilişi həyata keçirən şəxslə birlikdə saat 09:30-dan 09:40-a qədər müşahidə aparmışdır. M.R.Hüseynov 22 saylı seçki məntəqəsində səlahiyyətli nümayəndələri ilə bərabər saat 10:15-də 5 dəqiqə ərzində müşahidə apardıqdan sonra həmin məntəqəni tərk etmişlər.

Qeydə alınmış namizədin səlahiyyətli nümayəndəsi Hüseynov İbrahim Rafiq oğlu saat 12:45, 13:45 və 18:50-də KİV nümayəndələri üçün nəzərdə tutulan və üzərində "PRESS” (Azərbaycanın səsi) yazılan fərqləndirici gödəkcə ilə 24 saylı seçki məntəqəsində olmuşlar. Namizəd özü həmin məntəqəyə saat 16:00-da gələrək 10 dəqiqədən sonra buradan getmişdir. Kərimov Teymur Mərdan oğlu isə səsvermənin sonuna qədər müşahidə apararaq çəkilişlər etmişdir. M.Hüseynov və onun səlahiyyətli nümayəndəsi həmçinin 25, 28 və 32 saylı seçki məntəqələrində də olmuşlar, müşahidəçi Kəmalə Babayeva saat 08:25-dən 20:40-a qədər 28 saylı seçki məntəqəsində, Ramazanlı Elmar saat 19:30-a qədər 32 saylı seçki məntəqəsində müşahidə aparmışlar. Qeyd edilən məntəqələrdə aparılmış müşahidə ilə əlaqədar onlar tərəfindən hər hansı bir pozuntunun müşahidə olunmasına dair şifahi və ya yazılı formada müraciət edilməmişdir. Həmin seçki məntəqələrindən səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun surətini istəyən olmamışdır.

Eyni zamanda qeyd edilməlidir ki, 30 saylı Suraxanı birinci seçki dairəsinin 22, 23, 25 və 26 saylı seçki məntəqələrindən təqdim olunmuş aktlara əsasən bələdiyyə üzvülüyünə qeydə alınmış namizəd M.R.Hüseynov və onu təmsil edən müşahidəçilər səsvermə günü həmin seçki məntəqələrində müşahidə aparmamış və səsvermənin nəticələri haqqında protokolun surətini istəməmişlər.

Qeyd edilməsi zəruridir ki, nə bələdiyyə üzvülüyünə qeydə alınmış namizəd M.R.Hüseynov, nə də onun maraqlarını təmsil edən müşahidəçilər səsvermə günü və ya növbəti gün Qaraçuxur bələdiyyəsi üzrə seçki məntəqələrində iddia edilən pozuntularla bağlı seçki komissiyalarına yazılı müraciət etməmişlər.

Araşdırma zamanı M.R.Hüseynovun 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının 28 dekabr 2019-cu il tarixli 24/279 saylı qərarından verdiyi şikayətə əlavə etdiyi elektron məlumat daşıyıcısında olan video görüntülərə baxış keçirilmiş, bunların səsvermə günü sosial şəbəkələrə yerləşdirilən video görüntülərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Seçki məntəqəsindən kənarda çəkilmiş həmin video görüntülərinin bəziləri seçicilərin qeydiyyatda olmadıqları seçki məntəqələrində səs vermələri təəssüratı yaratmaq məqsədi daşımışdır. Seçicinin adının həmin məntəqənin seçici siyahısında olub-olmamasını soruşmaq əvəzinə, ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə onun harada qeydiyyatda olması ön plana çəkilir. Bu məsələ ilə bağlı qeyd edilməsi zəruridir ki, Seçki Məcəlləsinin 47.2-ci maddəsində göstərilir ki, vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

Araşdırmaya təqdim edilmiş video görüntüdə seçki komissiyası tərəfindən seçki sənədləri ilə işin aparılması və həmin sənədlərin qanunvericiliklə müəyyən edilmiş mühafizə qaydalarının pozulması qeydə alınmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin hal 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı seçki məntəqəsində qeydə alınmış seçki pozuntusudur. Belə ki, seçki komissiyası Seçki Məcəlləsi ilə üzərinə düşən vəzifələrini düzgün icra etməmişdir. Qeydə alınaraq öz təsdiqini tapmış bu məsələ seçki sənədləri ilə iş qaydasının ciddi pozuntusu olaraq səslərinin sayılmasında səsvermədə iştirak etmiş seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirilməlidir.

Digər video görüntüdə içəridən "qapını açın çıxsın” ifadəsi eşidilsə də, şəxs səs-küy salıb pəncərədən çıxır və onu qapıdan buraxmadıqları iddiasını səsləndirir. Ancaq tərk etdiyi seçki məntəqəsində hansısa pozuntuya yol verilməsi barədə fikir bildirilmir. Digər iki video görüntüdə seçki məntəqəsindən xeyli məsafədə olan polis işçiləri ilə M.R.Hüseynovun danışıqları qeydə alınmışdır. 31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı seçki məntəqəsinin girişində çəkilmiş video görüntüdə isə M.R.Hüseynovun bu məntəqədə hər şeyin qaydasında olması, pozuntunun olmaması barədə müşahidəçi ilə danışığı öz əksini tapmışdır.

Təqdim edilən digər video görüntüdə isə masanın üstündə, məntəqə seçki komissiyası sədrinin qarşısında küncü kəsilmiş səsvermə bülletenləri görüntülənmişdir. Araşdırma ilə həmin seçki məntəqəsinin 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsi olması müəyyən edilmişdir. Video görüntüdə qeydə alınmış fakt Seçki Məcəlləsinin 104.8-ci maddəsinin tələbinin pozulmasını ehtiva edir. Həmin maddədə göstərilir ki, seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır. Məntəqə seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin göstərilən tələbinin pozulması müəyyən edilmişdir. Bu məntəqə seçki komissiyasının öz işini Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil etməməsi və sonda seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirilməlidir.

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində səsvermə günü 31 saylı Suraxanı ikinci seçki dairəsinə daxil olan seçki məntəqələrində quraşdırılmış veb-kameralardakı görüntülər araşdırılaraq səsvermə və səsvermənin nəticələrinin müəyyən edilərək protokolun tərtib olunması prosesində seçki qanunvericiliyinin pozuntusuna yol verilməsi halları müəyyən edilməmişdir.

Araşdırma ilə bələdiyyə seçkilərində Qaraçuxur bələdiyyəsini əhatə edən 30 saylı Suraxanı birinci seçki dairəsinin 22, 23, 25, 26 saylı və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 6, 12, 13, 15, 16, 17, 18, 19, 21, 22, 23, 24, 25, 28, 29, 32 saylı seçki məntəqələri üzrə səslərin yenidən hesablanması və nəticələrin ləğv edilməsi üçün əsaslar müəyyən olunmamışdır.

Qeyd edilməsi zəruridir ki, bələdiyyə üzvülüyünə qeydə alınmış namizəd M.R.Hüseynov 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində baş verməsi iddia edilən seçki pozuntularının araşdırılması və müvafiq tədbir görülməsi barədə dairə seçki komissiyasına müraciət edərkən Seçki Məcəlləsinin 112-ci maddəsində və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulan tələblərə uyğun olaraq müraciətində göstərilən və səsvermə günü seçki məntəqələrində baş verdiyi iddia edilən pozuntuları təsdiq edən sübutları, yəni ehtimal olunan pozuntular barədə səsverməni və səslərin sayılaraq səsvermənin nəticələri haqqında protokolun tərtib edilməsini müşahidə etmiş müşahidəçilərin, qeyd edilən prosesi müşahidə etmiş, Seçki Məcəlləsinin 40.2-ci maddəsində nəzərdə tutulmuş digər seçki subyektlərinin həmin Məcəllənin 41-ci və 42-ci maddələrində nəzərdə tutulmuş qaydada tərtib edilmiş rəyləri, aktları və seçki komissiyalarının səsvermənin nəticələri haqqında protokollarının surəti şikayətə əlavə edilməmişdir. Şikayətçi seçki dairələrinin bələdiyyə ərazisini əhatə edən seçki məntəqələrini sadalayaraq həmin seçki məntəqələrində pozuntuların baş verdiyini iddia etmişdir. Qeyd edilənlərə baxmayaraq, dairə seçki komissiyası tərəfindən iddia edilən hallar barədə ətraflı araşdırma aparılmışdır. Müraciətdə göstərilən hallar səsvermə prosesini müşahidə etmiş müxtəlif siyasi partiyaları və qeydə alınmış namizədləri təmsil edən müşahidəçilərin, digər seçki subyektlərinin, seçki komissiyası üzvlərinin, hətta səsvermənin nəticələrinə görə seçilməmiş qeydə alınmış namizədlərin səsvermə prosesində və səslərin sayılaraq səsvermənin nəticələri haqqında protokollar tərtib edilərkən pozuntu hallarının qeydə alınmaması barədə izahatları ilə təkzib olunaraq təsdiqini tapmamışdır. Qeyd edilənlər dairə seçki komissiyasının ətraflı, obyektiv və qərəzsiz araşdırma apardığını göstərir.

Bununla belə dairə seçki komissiyasının qərarından verilmiş şikayətin araşdırılması nəticəsində 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı seçki məntəqəsinin 2019-cu il dekabrın 23-də Qaraçuxur bələdiyyəsinə keçirilmiş seçkilərdə fəaliyyətində yol verilmiş seçki qanunvericiliyinin pozulması ilə bağlı səsvermənin nəticələrinə dair protokollarının etibarsız hesab edilməsi və seçki komissiyaları barədə müvafiq tədbir görülməsi üçün hüququ əsaslar müəyyən edilir.

Göstərilənlərə əsasən 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə qeydə alınmış namizəd M.R.Hüseynovun seçki dairəsinin 28 dekabr 2019-cu il tarixli qərarından verdiyi şikayət qismən təmin edilməli, dairə seçki komissiyasının qərarı qismən, 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 saylı məntəqə seçki komissiyasına və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı məntəqə seçki komissiyasına aid hissədə ləğv edilməli, həmin məntəqə seçki komissiyalarının 2019-cu il dekabrın 23-də Qaraçuxur bələdiyyəsinə keçirilmiş seçkilərdə səsvermənin nəticələrinə dair protokolları etibarsız hesab edilərək seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 23.2-ci, 104.8-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7-ci və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2019-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hüseynov Mehman Rafiq oğlunun 2 yanvar 2020-ci il tarixli 54 saylı müraciəti qismən təmin edilsin, 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının 24/279 saylı 28 dekabr 2019-cu il tarixli qərarı qismən, 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 saylı məntəqə seçki komissiyasına və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı məntəqə seçki komissiyasına aid hissədə ləğv edilsin, dairə seçki komissiyasının qərarı digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

2. 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı seçki məntəqəsinin 2019-cu il dekabrın 23-də Qaraçuxur bələdiyyəsinə keçirilmiş seçkilərdə səsvermənin nəticələrinə dair protokolları etibarsız hesab edilsin.

3. 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 saylı seçki məntəqəsinin və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılsın.

4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video