31 Dekabr 2019 02:16
1196
Mədəniyyət
A- A+

Xoş ovqatlı, qış sovqatlı günlərimiz...


Bu da yola salınan ilin son günü: tarixin daha bir səhifəsi. Hər Yeni ildə dilək də diləyənlər az olmur. İllərdir ki, Qarabağımızın, onun tacı olan könül şüşəmizin (Şuşamızın), eləcə də işğal altında qalan digər yurdlarımızın erməni vandallarının əsarətindən azad edilməsi diləyi ilə anaların əlləri göylərə ucalır...

Yola salınan hər köhnə illə yenisinin hesabat anları olur. Yeni illə könhənin görüş günü xalqımız üçün daha əlamətdardır. 31 dekabr xalqımızın tarixinə Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi yazılıb. Bu günü xalqımıza bəxş edən Ulu Öndər Heydər Əliyevin arzu və istəklərindən biri məhz Azərbaycan adlı Vətənindən uzaq düşmüş, qərib ellərdə azərbaycanlılıqları ilə fəxr edən soydaşlarımızın birliyinə nail olmaq idi. Axı, bu müqəddəs birliyə nail olan Ümummilli Liderin gerçəkləşən hər ideya və arzusu Azərbaycanımızın sabahının bu günündən də işıqlı, nurlu, güclü olmasına, azadlığının və müstəqilliyinin möhkəmləndirilməsinə hesablanıb. Həmin müqəddəs amala söykənən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə uğur və qətiyyətlə davam etdirilir. Yeni təqvim ilinin xalqımız üçün gətirdiyi yeniliklər ildən-ilə öz rəngarəngliyi ilə yadda qalır. Bu il isə xalqımız xüsusi bir canlanmanı hiss etdi. İlin son günlərində ölkədə aparılan kadr islahatları, gəncliyin idarəetmədə və qanunvericilik orqanlarında daha məsul vəzifələrə layiq görülməsi, onlara dövlət başçısı tərəfindən etimad göstərilməsi birmənalı şəkildə iqtidar-xalq monolit birliyini təsdiqlədi.

Əlbəttə, onu demək yetər ki, yola salınan 2019-cu il xalqımızın və ölkəmizin tarixinə yaddaqalan zəngin hadisələrlə yazıldı. İlk növbədə vandal daşnaklar Azərbaycan Ordusunun gücünə və qüdrətinə bələd oldu. Yurdundan didərgin salınmış məcburi köçkün soydaşlarımızın ata-baba torpaqları işğaldan azad edilənədək mənzil-məişət problemlərinin həlli istiqamətində görülən işlər davam etdirildi: yeni salınan qəsəbə və məhəllələrə köçürülən insanların qəti qələbəyə olan inam və ümidləri bir daha cücərdi. Bunlarla yanaşı, respublikamızın yerləşdiyi Cənubi Qafqazın, hətta dünyanın inkişaf etmiş mərkəzi şəhərlərindən biri sayılan Bakı daha çox beynəlxalq tədbirlərə - forum və festivallara evsahibliyi etdi.

Deyirlər ki, ili hansı ovqatla qarşılayırsansa, o cür də yola salarsan. Bu mənada xalqımız hər gələn yeni ili həmişə yüksək əhvali-ruhiyyə və xoş ovqatla qarşılayıb. Sanki təbiət də illərin, əslində isə fəsillərin görüşünə əliboş gəlməməyə çalışır. Hər yeni ili doğma Bakımız və ümumiyyətlə, Azərbaycan təbiəti özünəməxsus qarşılayır. "Qışın oğlan çağı” günəşin zərrin şəfəqləri mavi Xəzərdə "yuyunursa”, qəfildən əsən gilavar bu ovqata qar sovqatı ilə qoşulur. Şaxta baba və Qar qız üçün darıxan nəvələr nənələrinin, babalarının əllərindən yapışıb ölkəmizin füsunkar guşələrində əylənmək, xüsusən ən sevimli əyləncələri olan xizəklə sürüşmək, qartopu oynamaq... istəyində olurlar. Qış da ki qarı, şaxtası, dağlarda çovğunu, boran-tufanıyla gözəldir...

Bu il də Şaxta baba ilə Qar qız qarlı dağlar aşaraq, çox ellər dolaşaraq yurdumuza, Vətənimizə ayaqları sayalı gəlir: qış sovqatlı, xoş ovqatlı olsun! Özü ilə Azərbaycanımıza bolluq, bərəkət gətirsin! 2020-ci təqvim ili xalqımıza bundan da artıq firavanlıq və Qarabağımıza Qələbə gətirsin!

Ayrı-ayrı xalqlar Yeni ili eyni ümidlərlə - xoş möcüzələr, uğurlar, xoşbəxtlik arzusu ilə gözləyir və bayramı öz adət-ənənələrinə uyğun qarşılayırlar. Azərbaycanda isə dekabrın son günü illər kimi, bayramları da bir-birinə qovuşdurur: axı, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bayramlarımız mübarək! Xoş gəlmisən, təzə il, gəl, ömrümüzü bəzə, il!

M.NƏRİMANOĞLU,

F.BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video