31 Dekabr 2019 02:11
1158
Mədəniyyət
A- A+

2019-cu ilin yubilyarları


Prezident İlham Əliyevin verdiyi sərəncamlar görkəmli şəxsiyyətlərimizə, onların fəaliyyətinə və zəngin irsinə diqqət və ehtiramın ifadəsidir


Hər zaman xalqın inkişafı, dövlətin tərəqqisi naminə həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini verir. Amma bu günün uğurlarında keçmişin də xidmətləri var. Bu mənada Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, elminin inkişafında misilsiz rol oynamış sənətkarlarımızın unudulmaması, onlara layiq olduqları ehtiramın göstərilməsi təqdirəlayiqdir. Prezident İlham Əliyevin bu il də verdiyi bir sıra sərəncamlar bir daha təsdiq etdi ki, xalqımızın, onun dövlətinin və dövlət rəhbərinin tariximizdə, müxtəlif sənət sahələrində böyük xidmətlər göstərmiş görkəmli şəxsiyyətlərimizə, onların fəaliyyətinə və zəngin irsinə diqqəti, sevgisi sonsuzdur.


İllərdən "Nəsimi ili”


Yola salmaqda olduğumuz 2019-cu ilin "Nəsimi ili” elan olunması bu sevginin və ehtiramın bir nümunəsidir. Tariximizə, qüdrətli sənətkarlarımızın zəngin irsinə diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin "Nəsimi ili” haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamında Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin əsərlərinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu bildirilib. Sənəddə qeyd olunub: "Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır”.

Sənəddə diqqətə çatdırıldığı kimi, İmadəddin Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görüb. Şairin əsərləri dövlət rəhbəri İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib.

Azərbaycanın dünya şöhrətli övladı İmadəddin Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bu il silsilə tədbirlər həyata keçirilib. Şairin 650 illik yubileyi isə Prezident İlham Əliyevin qərarı ilə bütün ölkəni əhatə edib. Məşhur Azərbaycan şairi bir il ərzində müxtəlif tədbirlərlə anılıb, həyat və yaradıcılığı diqqətlə öyrənilib. Dövlət başçısının verdiyi sərəncamla 2019-ci ilin "Nəsimi ili” elan olunması yaşından, təhsilindən, peşəsindən, tutduğu mövqedən asılı olmayaraq hər bir azərbaycanlının bu böyük sənətkarın əsərlərinə yaxından bələd olmasına şərait yaradıb.


Ədəbiyyatımızı yaradanlara və yaşadanlara qayğı


Ölkə rəhbərinin 17 yanvar 2019-cu il tarixli sərəncamına uyğun olaraq bu il Cəlil Məmmədquluzadənin 150 illik yubileyi də silsilə tədbirlərlə yaddaqalan olub. Bu böyük yazıçı, dramaturq, publisist və ictimai xadimin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynadığı, bütöv bir ədəbi məktəb formalaşdırdığı sənəddə vurğulanıb. Bildirilib ki, vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadə olunub: "Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur”.

Bənzərsiz istedadı, Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında cəfakeş xidmətlərinə baxmayaraq mütəfəkkir şair və publisist Məhəmməd Hadinin həyat üzünə gülməmişdi. XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmiş nakam şairin də bu il "bəxti gətirib”. Azərbaycan Prezidentinin sərəncamında Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan, bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr edən, dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun göstərən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tutan bu qüdrətli qələm sahibinin xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səslədiyi bildirilib. Vurğulanıb ki, Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm edib. Dövlət başçısının sərəncamına uyğun olaraq böyük söz ustası Məhəmməd Hadinin anadan olmasının 140-cı ildönümü layiqincə qeyd olunub.

2019-cu ilin martında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi tamam olub. Prezident İlham Əliyev bu görkəmli şəxsiyyətə, onun zəngin irsinə də layiqli qiymətini verib. Dövlət başçısının imzaladığı sərəncamda Cəfər Cabbarlının şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olduğu, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışdığı nəzərə çatdırılıb: "Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır”.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq, ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının isə martda 100 illiyi tamam olub. İsmayıl Şıxlının yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti 28 yanvar 2019-cu il tarixində sərəncam imzalayıb. Sərəncamda İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustadlarından biri kimi dəyərləndirilib. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsinin öz dolğun ifadəsini tapdığı diqqətə çatdırılıb: "Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir”.

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvlərini birliyin 85 illik yubileyi münasibətilə təbriki də Prezident İlham Əliyevin söz sənətkarlarına qayğısının təzahürüdür. Təbrikdə qeyd edilir ki, Yazıçılar Birliyi ədəbi nəsillər arasında varisliyi təmin etmiş, ictimai fikrin milli özünüdərk zəminində formalaşdırılması, ana dilimizin saflığının qorunması, bədii sərvətlər xəzinəmizin zənginləşdirilməsində əhəmiyyətli rol oynayıb: "Mütərəqqi və humanist ideyalardan qidalanmış klassik irsimizi nəcib ideya-fəlsəfi axtarışlar ədəbiyyatı və xalq həyatının bədii salnaməsi hesab edən Ulu Öndər Heydər Əliyev yazıçını "mədəniyyətin milli sərvətlərinin əsas mühafizəçisi” adlandırırdı.

Azərbaycan ictimai-mədəni fikrinin inkişafına töhfələr vermiş və ədəbiyyatımızı dünya ədəbi irsinin ayrılmaz tərkib hissələrindən biri olaraq tanıdıb sevdirmiş görkəmli söz ustalarımızın adları bizə son dərəcə əzizdir. Xalqımız şeiri, sənəti hər zaman yüksək qiymətləndirmişdir və bu gün də əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək müstəqillik ideallarımıza sadiq istedadlı qələm sahiblərinə ehtiram göstərir”.

Prezident ümidvar olduğunu bildirib ki, yaradıcılıq aləminə qədəm qoyan gənc ədəbi qüvvələr də ədəbi-mədəni ənənələrimizin layiqli davamçıları olacaq, azərbaycançılıq məfkurəsi işığında milli təəssübkeşlik hissi ilə yazıb yaradacaqlar.


Tariximizin öyrənilməsinə, mədəni, ədəbi dəyərlərimzin təbliğinə töhfə


2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist, tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyev 2019-cu ilin 10 aprelində sərəncam imzalayıb. Əhməd bəy Ağaoğlunun ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etdiyi, milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanındığı sənəddə əksini tapıb. Ölkə rəhbərinin sərəncamında vurğulanıb: "Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərinməzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir”.

Başa çatmaqda olan 2019-cu ilin mart ayı daha bir yubileylə əlamətdar olub. Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyi də dövlət başçısının diqqətindən kənarda qalmayıb. Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri olan ustad sənətkarın muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdırdığı, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratdığı dövlət başçısının 22 fevral 2019-cu il tarixli sərəncamında diqqətə çatdırılıb: "Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir”.

İstedadı və böyük zəhməti ilə Azərbaycan mədəniyyətinin inkişafına çalışan sənətkarlarımız unudulmazdırlar. Ölkə rəhbərininin 24 yanvar 2019-cu il tarixli sərəncamı bunun növbəti göstəricisi olub. Həmin sənədə əsasən, Əməkdar incəsənət xadimi, Xalq artisti, dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək nadir istedada malik rejissor kimi özünəməxsus dəstxətti ilə kino sənətimizə mühüm yeniliklər gətirən, mədəniyyət tariximizdə dərin iz qoyan, yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri Azərbaycan kinosunun qızıl fonduna daxil olan, həmçinin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətlər göstərən Tofiq Tağızadənin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

2019-cu ilin dekabrında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş sənətkarın yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda Əminə Dilbazinin Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərdiyi qeyd olunub: "Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir”.

Prezidentin tapşırığı ilə Azərbaycan Respublikası Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi və digər qurumların təkliflərini nəzərə almaqla tədbirlər planını hazırlayıb həyata keçirirlər. Ölkə rəhbərinin qeyd etdiyimiz bütün sərəncamları həm də tariximizin öyrənilməsinə, mədəni, ədəbi dəyərlərimizin təbliğinə və mənimsənilməsinə böyük dəstək, töhfədir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video