30 Dekabr 2019 01:24
885
Mədəniyyət
A- A+

Sənət ömrünün əbədiliyinə inanan rəqqasə


Bu il Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş sənətkarın yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda Əminə Dilbazinin Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərdiyi qeyd olunub: "Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir”.


Atasının təsəllisi...


...1919-cu il dekabrın 26-da Qazaxda dünyaya göz açmışdı. Beş yaşı olanda böyük qardaşı Cavanşirin qəflətən xəstələnməsi onu ailəsi ilə birgə Bakıya gətirmişdi. Cavanşirin ölümü atasını çox sarsıtmışdı. Onu həmişə dərd-qəm içərisində görmək balaca Əminəni sıxırdı. Özünəməxsus nəvazişləri, hətta nadincliyi ilə atasına bu dərdi unutdurmaq istəyirdi. Bir gün atası onu bağrına basıb: "Qızım, görürəm sən mənə Cavanşiri əvəz edə bilərsən”, deyib. Bərbərə aparıb saçlarını oğlansayağı kəsdirib. Ona oğlan paltarı alıb evə gətirib. "Bu gündən Əminə mənim oğlum Cavanşirdi”, deyib. Sonra ona çərkəzi paltar, qaragül dərisindən papaq, gözəl bir xəncər də sifariş verib.

Qazaxdan ayaqlarını kəsməyiblər. Hər il havalar isinməyə başlayanda ora gediblər. O illərdə yaylağa köçdükləri günlər də Əminə Dilbazinin ən işıqlı xatirələrindən idi. Yaşıdları ilə səhər erkəndən çəmənlikdə oynayıb, quşlarla, kəpənəklərlə yarışıb. Sonralar - məşhur rəqqasə ikən rəqs edəndə bəzən özünü o günlərdə sandığını, həmin duyğuları yenidən yaşadığını söyləyirdi...

1926-cı ildə onu əvvəlcə Azərbaycan, sonra rus məktəbinə qoyublar. Gözlənilmədən ağır xəstəliyə tutulub. Bir müddət məktəbdən ayrılmalı olub. Bir az sağalsa da, həkimlər onun məktəbə getməsini, dərslərinə davam etməsini məsləhət görməyiblər. Amma nə həkimlər, nə də valideynləri Əminə xanımın inadını qıra biliblər. Təhsilini davam etdirib.

Taleyin daha bir ağır zərbəsi ilə 1932-ci ildə üzləşib. Onu çox sevən, fədakar, mehriban atası dünyadan köçüb. Bu ayrılıqla uzun illər barışmayıb.

Atası onu oğlan uşağı kimi böyüdürmüş. Yəqin buna görə idmana həvəs göstərib. İdmanın yüngül atletika növü üzrə rayonda keçirilən yarışlarda birincilik qazanıb. Arzusu idmançı olmaq idi. Ancaq orta məktəbdə oxuduğu illərdə Azərbaycanda ilk dəfə rəqs ansamblı yaranıb və Əminə xanımı da həmin ansambla qəbul ediblər. Beləcə, 1936-cı ilin yanvarından özünə tamamilə uzaq, yad saydığı rəqqasəlik sənətinin izinə düşüb.

Altı ay sonra onlara Azərbaycanın ozamankı rəhbəri Mir Cəfər Bağırovun qarşısında çıxış edəcəklərini deyiblər. Həyəcanla gözlənilən gün yetişib. İfalarını Bağırovun bəyənməsi onların üzünə yeni qapılar açıb. Bu gənc rəqs qrupu 1936-cı ilin oktyabrında Mir Cəfər Bağırovun göstərişi ilə Azərbaycan Dövlət Filarmoniyasının tərkibinə daxil edilib.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ongünlüyündə Əminə Dilbazi də iştirak edib. Bundan sonra taleyin uğurlu qədəmləri hər yerdə onu izləməyə başlayıb. Böyük salonlardan rəqqasəyə ünvanlanan alqışlar, gül-çiçək dəstələri, tamaşaçı məhəbbəti... Azərbaycanın elə bölgəsi qalmayıb ki, Əminə Dilbazi orada konsert proqramı ilə çıxış etməsin. Uzaq-uzaq ölkələrdə də qastrol səfərlərində olub.


"Sənətdə üç rəqqasə ömrü yaşamışam”


Ali təhsil almasa da, xalq rəqslərinin mahir ifaçısı kimi tanınıb. Üzeyir Hacıbəylinin musiqisi əsasında "Kolxoz çölləri” adlı ilk rəqsini qurub. Rəqsdə o vaxt çox məşhur olan pambıqçı Bəsti Bağırova rolunu Əminə Dilbazi özü oynayıb. Bir gün Üzeyir bəy rəqsə tamaşa edib. Konsertdən sonra Əminə xanıma Üzeyir Hacıbəylinin onu görmək istədiyini söyləyiblər. Böyük həyəcanla bəstəkarın yanına gedib. Üzeyir bəy qurduğu rəqsi bəyəndiyini deyəndə sanki ona dünyanı bağışlayıblar. Əminə xanım xatırlayırdı: "Üzeyir bəy zəng vurub tapşırdı ki, mənim rəqsimi dövlət konsertinə salsınlar. Çox həvəsləndim. Qısa müddətdə Niyazinin musiqisinə "Dağlar gözəli”, Qılman Salmanovun musiqisinə "Alagöz” rəqslərini qurdum. Düzü, indi quruluş verdiyim rəqslərin sayını da bilmirəm”.

Əminə Dilbazi deyirdi ki, 20 il rəqqasənin sənət ömrüdür, yəni bu sənətə gənc gəlib, gənc getməli olursan: "Mən isə 60 ildir rəqqasəyəm. Sənətdə üç rəqqasə ömrü yaşamışam. Amma mənim kimilər azdır. Dörd övlad anası oldum. Heç zaman uzun müddət sənətdən ayrılmadım. Bəxtim bir də onda gətirdi ki, Cövdət Hacıyev kimi gözəl bəstəkarla ailə qurdum. Biz həm də sənət dostu olduq”.

Pedaqoji fəaliyyətə 1939-cu ildə Teatr Texnikumunda başlayıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. Uzun illər Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının müəllimi olub.

Əminə Dilbazi 1954-cü ildə Əməkdar artist, 1959-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 1999-cu ildə "İstiqlal” ordeni ilə təltif edilib.

O, uzun illər Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında qızlardan ibarət rəqs qrupunun rəhbəri oldu. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun nəzdində yaradılan "Çinar” tələbə rəqs kollektivinə, 1967-ci ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki "Sevinc” qızlar ansamblına rəhbərlik etdi. İncəsənət Gimnaziyasında "Günel” rəqs qrupunu yaratdı.

"Vağzalı”, "Turacı”, "Tərəkəmə”, "Naz eləmə”, "İnnabı” və başqa rəqsləri məharətlə ifa edən rəqqasənin repertuarında rus, Ukrayna, özbək, ərəb xalqlarının rəqsləri də var idi. O, "Leyli və Məcnun”, "Arşın mal alan”, "O olmasın, bu olsun” və başqa əsərlərdə də rəqslərə quruluş verdi.

Əminə Dilbazi 91 il ömür sürdü. O, 2010-cu ilin 30 aprelində vəfat etdi. Sənətkar özü də əmin idi ki, onun sənət ömrünü yetişdirdiyi rəqqasələr davam etdirəcək.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video