29 Dekabr 2019 00:57
563
DÜNYA
A- A+

Liviya paytaxtı uğrunda həlledici döyüş


Legitim hökumət qiyamçılarla ölüm-dirim mübarizəsi aparır


Bir neçə gündür Liviyanın paytaxtı Trablis uğrunda şiddətli döyüş gedir. Şəhərdə qərar tutmuş milli barışıq hökumətinin (MBH) qoşunları ilə qiyamçı "Liviya milli ordusu” (LMO) arasında qarşıdurmanın nəticələri təkcə paytaxtın yox, həm də ölkədə hakimiyyətin taleyini həll edəcək. Münaqişə tərəfləri hərbi əməliyyatların gedişi barədə ziddiyyətli məlumatlar verir.

LMO iddia edir ki, Trablisin cənub ətrafında geniş əraziyə nəzarəti bərqərar etmiş, o cümlədən çoxdandır işləməyən beynəlxalq hava limanını tutmuşdur və hazırda şəhərin mərkəzinə doğru hücumu inkişaf etdirir. "Əl-Ərəbiyyə” telekanalı LMO komandanlığının bəyanatına istinadən xəbər verir ki, qiyamçılar Trablisin mərkəzinə aparan mühüm yollara nəzarəti ələ keçirmiş, MBH-nin qoşunları isə mövqelərindən geri çəkilmiş, bu qoşunların bir çox döyüşçüləri əsir götürülmüşdür.

LMO-nun rəsmi nümayəndəsi Əhməd Mismari telekanala bildirmişdir ki, MBH-nin geri çəkilən dəstələri hazırda Trablisin yaşayış məhəllələrində toplaşmışdır. O əlavə etmişdir ki, LMO-nun elit bölmələri paytaxtın əsas rayonları uğrunda döyüşə girməyə hazırlaşır. Mismari qeyd etmişdir ki, "hazırkı mərhələdə daha taktiki fasilə olmayacaq, yaxın saatlarda baş verəcək hadisələr bütün liviyalıları təəccübləndirəcək”.

Öz növbəsində MBH iddia edir ki, onun tabeliyindəki silahlı birləşmələr Trablis ətrafında uğurlu əks-hücumu davam etdirir. "Anadolu” agentliyi MBH-nin "Qəzəb vulkanı” şərti adı altında keçirdiyi əməliyyatın qərargahına istinadən xəbər verir ki, hökumət qoşunları Trablis beynəlxalq hava limanına gedən magistral yola nəzarəti bərpa etməyə müvəffəq olmuşdur. Qərargahın mətbuat katibi Məhəmməd Məcəinin dediyinə görə, MBH-nin qoşunları LMO-nun 10 silahlısını əsir götürmüş, həmçinin düşmənin üç hərbi nəqliyyat vasitəsini sıradan çıxarmışdır.

Məlum olduğu kimi, 2011-ci ildə Liviyada Müəmmər Qəzzafi rejimi devrildikdən sonra müxtəlif qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə başlamışdır. Münaqişə indiyədək davam edən vətəndaş müharibəsinə gətirib çıxarmış və ölkədə faktiki olaraq ikihakimiyyətlilik bərqərar olmuşdur. Qan axıdılmasını dayandırmaq üçün BMT-nin dəstəyi ilə Faiz Sərracın rəhbərliyi altında milli barışıq hökuməti yaradılmışdır. Ölkənin şərqində - Tobruq şəhərində isə başqa bir hakimiyyət - Nümayəndələr Palatası (parlament) özünü əsl iqtidar hesab edir və MBH-nin siyasəti ilə razılaşmır.

Tobruqdakı parlament istefada olan general Xəlifə Həftəri "Liviya milli ordusu”nun komandanı təyin etmişdir. Həftər LMO-ya rəhbərlik edəndən bəri ölkənin şərqində və cənubunda xeyli ərazini, o cümlədən bir neçə iri neft yatağını nəzarət altına almışdır. Qiyamçı general bu il aprelin 4-də paytaxt Trablis istiqamətində hücuma keçmişdir. Öz növbəsində MBH nəzarət etdiyi bölgələrdə hərbi səfərbərlik elan edərək paytaxtın müdafiəsinə qalxmışdır.

Cəmi üç gün əvvəl MBH ölkəyə hərbi yardım göstərmək üçün Türkiyəyə rəsmən müraciət etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müraciətə dərhal reaksiya verərək bildirmişdi ki, Türkiyə Böyük Millət Məclisi gələn ay Liviyaya qoşun göndərmək məsələsini səsə qoyacaq. O əlavə etmişdi ki, müvafiq qərar yanvarın 8-də, yaxud 9-da qəbul olunacaq. Ərdoğan vurğulamışdı ki, Türkiyə hökuməti beynəlxalq birliyin tanıdığı MBH-yə hər cür dəstək vermək niyyətindədir.

Lakin srağagün MBH gözlənilmədən Türkiyənin Liviyaya hərbi müdaxiləsinə qarşı çıxmışdır. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Qəblavi Almaniyanın "Die Welt” qəzetinə müsahibəsində bildirmişdir ki, "mərkəzi hökumət Liviya torpağında əcnəbi əsgər qəbul etməyəcək”. O əlavə etmişdir ki, münaqişənin tənzimlənməsində beynəlxalq vasitəçi kimi Almaniyanı görmək istərdi.

Liviyada, xüsusilə Trablis ətrafında yaranmış vəziyyət həqiqətən gərgindir. Paytaxt tezliklə LMO-nun əlinə keçə bilər. Qiyamçı generalı Rusiya, Fransa, Misir və Birləşmiş Ərəb Əmirlikləri dəstəkləyir. Vaxtilə ABŞ da Həftərin tərəfində idi. Lakin bu ilin sentyabrında Rusiyanın Liviyada vəziyyətə hərbi müdaxiləsi barədə xəbərlər yayıldıqdan sonra Vaşinqton mövqeyini dəyişdirmişdir. Ötən ay ABŞ-ın Liviyadakı səfiri Riçard Norlandın başçılıq etdiyi nümayəndə heyəti Həftərin nəzərinə çatdırmışdır ki, Trablisə hücumu dayandırmaq lazımdır. Amerikalı diplomatlar bildirmişdilər ki, ABŞ Rusiyanın Liviya münaqişəsindən öz maraqları naminə istifadə etməsindən narahatdır. MBH-yə isə Türkiyə, İtaliya və Qətər rəğbət bəsləyir. LMO-ya müttəfiqləri real kömək göstərdiyi halda MBH heç bir xarici dövlətdən hərbi yardım almır.

Lakin Rusiya Liviya münaqişəsinə müdaxilə etmədiyini bildirir, halbuki həm Rusiya mediası, həm də beynəlxalq KİV dəfələrlə xəbər vermişdir ki, Rusiyanın "Vaqnerin özəl hərbi şirkəti”nin döyüşçüləri Liviyadadırlar və LMO-nun tərəfində hərbi əməliyyatlarda iştirak edirlər. Ötən ayın axırlarında ABŞ Dövlət Departamenti rusiyalı hərbiçiləri və muzdluları Liviyada sabitliyi pozmaqda ittiham etmişdir. Rusiya muzdlularının Liviyada vuruşduğunu Türkiyə Prezidenti də dilə gətirmişdir. Onun dediyinə görə, Rusiyanın "Vaqner” adlı mühafizə şirkəti var və onun əməkdaşları Liviyaya göndərilmişlər. Lakin Moskva bütün bu bəyanatları rədd edir, hətta "Vaqner qrupu”nun mövcudluğunu inkar edir.

Gələn ay Almaniyanın paytaxtı Berlində Liviya münaqişəsinin nizamlanmasına dair beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Amma Liviya paytaxtının taleyi konfransdan qabaq həll olunsa, Berlində beynəlxalq foruma ehtiyac qalmayacaq.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video