28 Dekabr 2019 00:59
1486
Mədəniyyət
A- A+

Vətəndə qəribçilik


"Şuşanı son dəfə 12 yaşımda görmüşəm, düz 27 il əvvəl... Amma orada yaşadığım həmin illər hafizəmə, beynimə, qəlbimə həkk olunub. Şuşa xatirələrimdə, fikirlərimdə, arzularımdadır. Xəyallarımda hər zaman doğulduğum evə gedirəm, məktəbimə baş çəkirəm, oynadığım məhəllələrdə dolaşıram, Cıdır düzündə at çapıram. Laləzar çəmənlərin ətri hələ də burnumdadır. Canımla, qanımla, ruhumla bağlı olduğum o müqəddəs yeri, Qarabağı, Şuşanı unutmaq mümkün deyil...”


Qarabağın büllur sarayı


Oğul gərək dolayları ötüb keçsin,

Düşmənlərə sözün desin,

Dizin-dizin sənə yetsin.

Mən də bunu istəyirəm.

Günahımı yumaq üçün,

Qucağında ölmək üçün,

Darıxıram sənin üçün,

Şuşam mənim...

Bu diyarı Tanrı qüdrətindən var edib. Bu füsunkar guşədə elə bir möhtəşəm qəsr ucaldıb ki, əzəmətli tağları dağlardan, sütunları zirvəsində qartalların qıy vurduğu sıldırım qayalardan yonulub. Bürclərində şəmslə qəmərin tacı bərq vurur. Zümzüməli bulaqlar, sevginin simvolu Xarı bülbüllər, zümrüd donlu meşələr, çağlayan şəlalələr yaradanın yer üzünə ərməğanıdır, cənnət bağıdır. Bura Qarabağın büllur sarayı Şuşadır...

O Şuşa ki, hər zaman tariximizin, mənəviyyatımızın, mədəniyyətimizin şah taxtında əyləşib. Musiqimizin beşiyi, əsrarəngiz səslər konservatoriyası, poeziyamızın inci qatarı, qəhrəmanlıq salnaməmizin hünər meydanıdır...

Cıdır düzü, İsa bulağı, Turşsu, Topxana, Gəncə qapısı, Qala divarı, Vaqifin, Natəvanın, Xan əminin, Üzeyir bəyin səsi, izi, ruhu hopmuş 17 məhəllə: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə və Ağadədəli...

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev "Qarabağ Azərbaycandır!” rubrikasında doğulduğu və təəssüf ki, ömrünün çox az, cəmi 12 ilini keçirdiyi Şuşalı günlərindən danışır. Şuşa qalasının dolanbac keçidlərində, aşırımlarında uşaqlıq illərinin iz saldığı cığırlara nəzər salır, xatirələrini vərəqləyir...


Hər daşı bir tarix, salnamə Şuşa


- Düşünürəm ki, Şuşada doğulub, onun özünəməxsus ab-havasında böyümək bəxtimə yazılmış ən gözəl yazı idi. Qarabağ xanı Pənahəli xan kimi tarixi şəxsiyyətin bünövrəsini qoyduğu bu diyarın qoynunda göz açmaq hər bir şuşalı üçün qürurverici və şərəfdir. Bu şəhər tarixi, mədəni arxitekturası, incəsənəti, maddi-mənəvi irsi, yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə dünya şəhərləri içərisində təkrarolunmaz yerə sahibdir. Sanki buranın təbiəti də, insanları da, mühiti də seçilmişdir...

1992-ci ilə, Şuşanın erməni qəsbkarları tərəfindən işğalına qədər mən belə bir zəngin mühitdə böyüyürdüm. 12 yaş yetkinlik yaşıdır və bu da mənə kifayət qədər imkan verir ki, nə qədər əzablı olsa da, uşaqlığımı yada sala, Şuşa ilə bağlı xatirələri gözlərim önündə canlandıra bilim...

Şuşada hara baxırdın, hansı küçəyə göz yetirirdin başdan-başa tarix, salnamə idi. Qəmbər daşı döşənmiş küçələrində igidlərin çapdığı qaşqa Qarabağ atlarının nalından çıxan çaqqıltı, faytonçuların atları həvəsləndirən fit səsi indi də qulağımda ecazkar musiqi kimi səslənir.

Axşamlar işdən sonra bütün çayxanalar aşıb-daşırdı, insanlar fəlsəfi, tarixi, bədii, mədəni mövzularda qızğın müzakirələr edir, yumor üzərində köklənmiş söhbətlər açırdılar. Biz kiçiklər də bütün bu söhbətlərə quaq asa-asa böyüyürdük.

Yadımdan çıxmayan anların bir çoxu da milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən Novruz bayramı ilə bağlı idi. Qaş qaralanda bütün küçələr insanların əllərindəki məşəllərin işığı ilə aydınlığa bürünürdü. Tonqalların ətrafında atılıb düşür, üzərindən tullanaraq böyüklərin öyrətdikləri xüsusi sözləri sevinclə təkrarlayırdıq...


Şuşanın dağları başı dumanlı


- Əbəs yerə deyilmir ki, Qarabağ Azərbaycanın konservatoriyasıdır. Elə bil bütün qarabağlıların genetik kodunda musiqi ilə məşğul olmaq şifrələnmişdi. Xüsusilə də Şuşada elə bir ailə tapılmazdı ki, orada musiqiçi olmasın.

Nənəmgilin evi dahi Üzeyir Hacıbəylinin evinə qonşu idi. Ona görə də həmişə burada keçirilən musiqi günlərinə, tədbirlərə, müsabiqələrə gedib baxırdım.

Yadımdadır, çox kiçik idim, çiynimdə ağır tar həvəslə məşhur tarzən Sadıqcan (Mirzə Sadıq) küçəsi ilə Şuşa Musiqi məktəbinə gedirdim. Görkəmli müəllimlərdən tarın sirrini öyrənməyə, muğamlarımızın dərinliklərini əxz etməyə çalışırdım.

Musiqi ilə professional şəkildə məşğul olurdum, hətta Hacı Xanməmmədov adına müsabiqədə birinci yerə də layiq görülmüşəm. Təəssüf ki, təhsil aldığım həmin musiqi məktəbi hazırda yerlə-yeksan olub... Məktəbin uçurdulmuş şəkillərinə baxanda çox təsirlənirəm, sanki musiqi dünyam dağılıb...

İndi də hərdən tar çalıram, elə bil bu alətin tellərinə toxunanda yenidən Şuşaya, o illərə qayıdıram. Xalq mahnılarımızı, muğamlarımızı ifa edirəm, amma "Qarabağ şikəstəsi”ni, "Şüşanın dağları”nı ifa etmək məndə qüssə yaradır, Şuşanın dağlarının başı dumanlı olması ürəyimi ağrıdır...


Əhməd bəy Ağaoğlu mənim üçün örnək idi


- Şuşadakı ab-hava, mühit, şərait elə idi ki, istər-istəməz sən də bu ahəngin bir parçasına çevrilirdin. Hər zaman Xurşidbanu Natəvanın, Sadıqcanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərinin qapısı ziyarətçilərin üzünə açıq olardı. Həmin evlərin əzəməti, xüsusi arxitekturası, tarixi yanından ötüb keçən, içərisinə daxil olan hər bir kəsdə ecazkar təsir buraxırdı. Təsəvvür edin ki, Üzeyir bəyin, Xan qızı Natəvanın şəxsi əşyalarına yaxından baxırdıq, toxunurduq, həyatları ilə real tanış olurduq. Həyətlərində gəzişir, qulluq etdikləri ağacların kölgəsinə sığınır, çiçəklərin ətrini duyurduq. Elə hiss edirdik ki, sanki bu dahi şəxsiyyətlərin də ruhu bizimlədir...

Oxuduğum məktəb böyük mütəfəkkir Əhməd bəy Ağaoğlu adına küçədə yerləşirdi. Böyüklərimin, müəllimlərimin Əhməd bəyin həyatı barədə danışdıqları məndə bu şəxsiyyətə dərin hörmət yaratmışdı və uşaqlıqdan onu özümə nümunə götürmüşdüm, elə fransız dilini öyrənməyim də buna görə idi. Əhməd bəy Ağaoğlunun şəxsiyyəti, keçdiyi həyat yolu, Qarabağla bağlı müstəsna fəaliyyəti mənim üçün də bir örnək idi. O zaman ziyalı kimi erməni daşnaklarına qarşı apardığı mübarizə Şuşa üçün çox mühüm rol oynayıb. Təəssüf ki, o, şuşalı olaraq təkcə intellektual səviyyədə deyil, həm də əlinə silah alaraq erməni daşnaklarına qarşı mübarizə aparmağa da məcbur olmuşdu. Bu da erməni təcavüzünün Azərbaycan xalqına qarşı nə qədər nifrətə söykəndiyinin göstəricisidir ki, ziyalı, mütəfəkkir, jurnalist bir şəxs qələmini kənara qoyub əlinə silah alaraq öz ailəsini, şəhərini qorumağa məcbur olub...

Şuşa kiçik yer idi və 20 min əhalisinin demək olar ki, hamısı bir-birini tanıyırdı. Həm də onların tam əksəriyyəti qohum, Pənahəli xanın törəmələri idi. Mənim də ana tərəfimin şəcərəsi Qarabağ xanlarına qədər gedib çıxır. Ana babam Cəlal bəy Qarabağın bəy nəslindən tanınmış şəxsiyyət olub. Anam danışır ki, babası hər zaman ermənilərin sonradan Şuşaya gəlib necə yerləşmələrindən danışırdı. Deyirmiş ki, ermənilər kənardan bura gəlib hər zaman azərbaycanlı xanların, bəylərin yanında işləyib, onların təsərrüfatlarına, ailə işlərinə yarınmaq istəyirmişlər. Bir yamaq kimi Şuşaya özlərini aid etmək üçün hər yola əl atırmışlar. Təbii ki, babalarımız xanlar, bəylər də onların bu xidmətindən istifadə edirdilər, amma iç üzlərindən xəbərsiz idilər. Bu, ermənilərin düşünülmüş siyasəti idi ki, o zaman mümkün qədər Qarabağın bütün bölgələrinə müdaxilə edib məskunlaşsınlar. Hətta buna baxmayaraq, Şuşada azərbaycanlıların sayı 98-99 faiz idi, sadəcə 1 faiz erməni var idi.


Şuşadan qartal gözü ilə seyr edirdin bütün Qarabağı


- XIX əsrin əvvəllərində tikilmiş Sadıqcan küçəsindəki ikimərtəbəli evimiz tarixi bina idi. İkinci mərtəbəsindən Topxana meşəsi, Cıdır düzü əlinin içi kimi görünürdü. Təsəvvür edin ki, həmin eyvanda oturub əsrarəngiz dağları, meşələri seyr edirsən, xəyala dalırsan...

Şuşa Qarabağın hündür nöqtələrindən birində inşa edilmiş ən uca şəhər idi. Buradan baxanda ətraf Qarabağın hər yeri aydın görünürdü. Sanki göy üzündə süzən qartalın gözüylə baxırdın bütün Qarabağa...

Şuşanın təbiəti sözlə təsvir edilə bilməyəcək dərəcədə füsunkar idi. Saf havası, buz bulaqları, laləzar çəmənləri, meşələri, avazı dağ-daş inlədən bülbülləri, sıldırımda məskən tutmuş qartalları ilə yer üzünün şah əsəri idi...

Xatirələrə baş vurduqca, o yerləri xatırladıqca qəhərlənməmək olmur...

Təəssüflər olsun ki, erməni işğalı nəinki biz azərbaycanlıların oradan qovulması, etnik təmizlənməyə məruz qalması, eyni zamanda floranın, faunanın, tariximizin, incəsənətimizin məhv edilməsi ilə də faciəvidir.

Ermənilər işğalçılıq siyasəti həyata keçirərək mədəniyyətimizi, tariximizi dəyişdirməyə çalışırlar. Elə bu yaxınlarda da qədim Şuşa məscidi fars məscidi adı altında bir İran şirkəti tərəfindən təmir olundu. Bu, Azərbaycan xalqına, mədəniyyətinə, tarixinə qarşı təhqirdir. Bu, tarixi, dini arxitektura, Azərbaycan xalqının mirası idi. Axı mən öz uşaqlığımın əksər hissəsini həmin o məscidin həyətində oynamaqla keçirmişəm...

Təsəvvür edin ki, Azərbaycan xalqına məxsus dəyər indi bir fars nümunəsi kimi təqdim olunur. Bu, dözülməzdir! O cümlədən Şuşada məşhur rus kilsəsi var idi. Həmin kilsənin də gümbəzini dəyişərək erməni kilsəsi kimi təqdim edirlər. Bu faktların özü belə erməni fitnəsinin əsl üzünü göstərir.

Qarabağa, Şuşaya yerləşən bütün ermənilər Azərbaycan dilini çox yaxşı bilirdilər. Onlar bu vasitə ilə bizim sıralarımıza asanlıqla daxil olurdular. Dili bildikləri üçün tariximizi də, ədəbiyyatımızı da, mədəniyyətimizi də oğurlayırdılar. Biz isə onların məkrli siyasətini başa düşmürdük. Tarixən bizim səhvimiz o olub ki, ermənilərin dilini öyrənməmişik. Əgər dillərini bilsəydik, qəsbkar, işğalçı, özününküləşdirmə fəaliyyətlərinə qarşı mübarizə aparmaq asan olardı.

Elə buna görə də hazırda icmamızın nəzdində erməni dili kursu fəaliyyət göstərir. Mən də bu dili öyrənməyə çalışıram. Düşmənimizin məkrli niyyətlərindən agah olmaq üçün bu çox mühümdür.


Tezliklə öz yurdumuza qayıtmaq istəyirik


- Biz münaqişənin tənzimlənməsində sülh yolunun tərəfdarıyıq. Ölkəmizin ali rəhbərliyi də dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi bərpa olunacaq. Məhz danışıqların sülh yolu ilə davam etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bəli, nə qədər ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində danışıqların aparılmasının potensialı tükənməyib, ümid edirik ki, məsələ bu yolla həll olunacaq. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar uzun illərdir ki, nəticəsini vermir, onlar işğalçı Ermənistana kifayət qədər təzyiqlər göstərmirlər. Beynəlxalq ictimaiyyətin və təşkilatların Ermənistanın işğalçı siyasəti ilə bağlı çoxsaylı qərarları, qətnamələri var. Buna əsasən də beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi təzyiq göstərilməlidir. Təəssüflər olsun ki, biz bunu görmürük. Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü istənilən yolla azad etmək hüququ masa üzərindədir. Heç kim bizi BMT-nin nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan məhrum edə bilməz. Ona görə də Ermənistan tərəfi bunu tezliklə başa düşməlidir ki, işğalçı siyasətləri onların özlərini uçuruma aparır.

Biz artıq bu il ərzində iki dəfə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşük. Onlar Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü tanıyırlar. Yəni Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsi heç kim tərəfindən mübahisə və sual doğurmur. Sadəcə olaraq burada əsas məsələ işğalçı Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülhə məcbur edilməsidir ki, biz də beynəlxalq ictimaiyyətdən bunu görmürük. Ona görə də daim onlarla görüşlərimizdə, verdiyimiz bəyənatlarda tezliklə öz torpağımıza qayıtmaq, günü sabah torpağımıza yetişmək istədiyimizi bəyan edirik. Əsas insan hüquq və azadlıqlarından məhrum olduğumuzu və bu məsələyə ciddi yanaşmalarını xahiş və tələb edirik. Amma göründüyü kimi, dünyada mövcud olan ikili standartlar, bəzi ölkələrin və siyasi xadimlərin, xarici ölkələrdə olan bəzi ekspertlərin, politoloqların erməni yalanlarının təsiri altına düşməsi əngəllər yaradır.


Uğurlu siyasət nəticəsində Ermənistan küncə sıxışdırılıb


- Bütün bunlarla yanaşı, bu yaxınlarda ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi. Orada da Ermənistan 120 dövlət tərəfindən işğalçı olaraq tanındı. Artıq beynəlxalq hüquq, haqq-ədalət ölkəmizin tərəfindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Valday”da və Aşqabadda etdiyi çıxışlar da onu göstərir ki, Ermənistan çıxılmaz vəziyyətdədir.

Həmçinin bu yaxınlarda Böyük Britaniyanın məşhur BBC telekanalında Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın işğalı uşaq səviyyəsində əsaslandırmağa çalışması onun göstəricisidir ki, Ermənistanın düşdüyü vəziyyət çox acınacaqlıdır. Onlar çətin durumdadırlar və Azərbaycan Respublikası tərəfindən aparılan uğurlu siyasət nəticəsində dünya ictimaiyyəti tərəfindən küncə sıxışdırılıblar.

Hazırda da danışıqlar davam etdirilir. Hərbi əməliyyatlar hələ ki dayandırılıb. Bununla belə biz informasiya müharibəsində fəal iştirak edirik. Ermənilərin ifşa olunması ilə bağlı bütün imkanları səfərbər edirik. Həmçinin ermənilərin ağ yalanlarının, saxta iddialarının qarşısını almaq üçün bütün Azərbaycan xalqı daim hazır və səfərbər olmalıdır. Hərbi yolla olsa belə işğal olunan ərazilərimizi azad etməyə hazır olmalıyıq. Yenə də deyirəm, buna baxmayaraq münaqişənin sülh yolu ilə həlli daha məqsədəuyğundur. Amma düşmən tərəfi bunu başa düşmürsə, məcburuq ki, beynəlxalq hüquq və normalarla tanınan hüququmuzu reallaşdıraq.

Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusunun sırasındadır. Ordumuz vətənimizi işğalçılardan azad edmək qüdrətindədir.


Bir daha Şuşaya qayıda bilmədik


- 1992-ci il Şuşanın işğalı ərəfəsində vəziyyət çox gərgin idi. Ermənilər mütəmadi olaraq şəhəri, yollarda hərəkət edən nəqliyyatı atəşə tuturdular. Artıq şəhərdə qalmaq təhlükəli idi. Buna görə də valideynlərimiz məni və kiçik qardaşlarımı Şuşanın Ermənistan tərəfindən işğal olunmasından bir-iki həftə əvvəl Bakıdakı qohumlarımızın evinə yola saldılar. Dedilər ki, vəziyyət düzələndən, ara sakitləşəndən sonra qayıdacaqsınız. Heç kəs inanmırdı ki, Şuşa işğal olunar və biz bir daha Şuşaya qayıda bilmərik...

Anamla atam isə son günə qədər, 1992-ci il mayın 8-nə qədər Şuşada qaldılar. Atam Babaşah Gəncəliyev Şuşa özünümüdafiə batalyonunun komandiri idi. Onlar son ana qədər döyüşə-döyüşə şəhəri tərk etməyə məcbur qalmışdılar.

O zaman mənim 12 yaşım var idi. Hər gün Şuşayla telefon əlaqəsi saxlayırdıq, valideynlərimizlə danışırdıq. O zaman Şuşada Vaqif Cəfərov küçəsindəki 5 mərtəbəli binada yaşayırdıq. Şəhərin işğalına bir neçə gün qalmış ermənilər həmin binanın yuxarı mərtəbələrini qrad atəşi ilə dağıtmışdılar. Biz mayın 4-5-i anamla danışanda o, həyəcanlı idi, ağlayırdı. Deyirdi ki, vəziyyət çox gərgindir, həyatımız təhlükədədir, ermənilər hər gün atəş açırlar...

Çox çətin günlər idi... İndinin özündə belə o anlara qayıdanda yenidən həmin hissləri keçirirəm...

Təəssüf ki, artıq 27 ildir öz torpaqlarımızdan uzaq düşmüşük, amma yenə də ümidlərimizi itirmirik. Qarabağ İcması olaraq hər gün apardığımız fəaliyyət, çıxışlarımız, bəyanatlarımız da məhz bu istiqamətdədir ki, tezliklə Şuşaya, Qarabağa qovuşaq. Bizim qarşıdakı planlarımızda həyatımızın qalan hissəsini Bakıda və ya Azərbaycanın digər bölgələrində axıra qədər yaşamaq yoxdur. Şuşadan çıxan hazırkı nəsil ki var, artıq kifayət qədər yaşa dolub, mən özüm 12 yaşında Şuşadan qovulmuşam və hazırda 39 yaşım var. Ona görə çalışmalıyıq ki, bu münaqişə məhz bizim nəslimizin olduğu zamanda həll olunsun. Cənab Prezident də məhz bütün səylərini buna səfərbər edib.

Şuşada yaşayan bəzi ermənilər var idi ki, azərbaycanlılarla birgə yaşayışa etiraz etmirdilər. Hazırda isə erməni cəmiyyəti daha çox radikallaşıb. Onların 1992-1993-cü ildən sonra doğulan uşaqları azərbaycanlıları qəbul etmək istəmirlər. Yalançı erməni uydurmaları ilə onların beyinlərini doldurublar. Bu da ermənilərin nə qədər faşizim ideologiyası əsasında böyüdülməsinin, maarifləndirilməsinin bariz göstəricisidir. Təəssüf ki, Ermənistan qeyri-konstruktivdir, işğalçıdır, üstəgəl, gənclərini də o səpkidə böyüdür.


Yaddan çıxmaz Qarabağ...


- Qarabağ uğrunda son nəfəsimizə kimi mübarizə aparırıq, aparacağıq. Qarabağ heç zaman yaddan çıxmaz... Ermənistanın düşdüyü iqtisadi vəziyyət, siyasi izolyasiya olunması ona doğru aparır ki, işğalçı özü yalvaracaq ki, Azərbaycan əhalisi Qarabağa qayıtsın və onları düşdükləri siyasi-iqtisadi izolyasiyadan qurtarsın.

Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, bütün Qarabağı mütləq qaytaracağıq. Sülh yolu ilə və əgər alınmazsa, qüdrətli ordumuzun şücaəti sayəsində... O gün uzaqda deyil, əzəli torpaqlarımıza, Vətənimiz Qarabağa qovuşmağımız an məsələsidir...

Şuşa qalasının iki giriş qapısı var: biri Gəncə, digəri isə İrəvan qapısı. Ən böyük arzum Azərbaycanın ay-ulduzlu üçrəngli bayrağını Gəncə qapısından asmaqdır. Əminəm ki, bu arzum tezliklə həyata keçəcək və azərbaycanlılar Şuşaya Gəncə qapısından daxil olub, üzü İrəvan qapısına sarı yürüş edəcəklər...

Dillərində zəfər nəğməsi, əllərində vətən güllərindən hörülmüş çələnglər...


Qarabağ səbrimizin tükəndiyi an


Yuxularımızın qonağı, həsrətimizin ünvanı, nisgilimizin qaynağı Şuşa...

Şuşa könlümüzün qubarı, Qarabağ səbrimizin tükəndiyi an...

Şikəstəmizin fəğanı, bülbüllərin ah-naləsi...

27 ildir qulaqlarımızda səslənən fəryad, haray, çağırış, Şuşam...

Dünya var olduqca bizimsən, könlümüzdəsən, ruhumuzdasan...

Kimlər boy atmayıb köksündən?! Torpağın, suyun, havanla qidalanan hər bir övladın igid, cəsur, qorxmaz, vətənpərvərdir. Sən Qacar zülmünü də dizə gətirmisən, 1905-ci il erməni daşnaklarının azğınlığını da susdurmusan. Bu da sənin növbəti sınağındır. Amma Pənahəli xanın, Mehdiqulu xanın, Xurşidbanu Natəvanın və daha minlərlə igid vətən övladının yoğrulduğu bu müqəddəs torpaqda hiyləgər, məkrli, işğalçı erməni at oynada bilməz! Bu hünər onda yoxdur və heç zaman da olmayıb...

Fitnəkar özü də yaxşı bilir ki, Qarabağ Azərbaycandır!

Səni hər görəndə tanımaq olmur, a Şuşam,

İldə bir qərinə cavanlaşırsan.

Sən cavan hüsnünə qoca dağların,

Mehriban şəhərim, çox yaraşırsan...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video