27 Dekabr 2019 03:12
1910
SİYASƏT
A- A+

Qarabağ münaqişəsinin həlli yalnız beynəlxalq hüquqa əsaslanmalıdır


Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır


Müasir dövrdə beynəlxalq münasibətlər sistemində bir neçə il əvvəl başlamış gərginlik davam edir.

Qlobal və regional güclər arasında ixtilaflar, müstəqil dövlətlərin suverenliyinə və daxili işlərinə müdaxilə, planetin ayrı-ayrı regionlarında silahlı münaqişələr, etnik qarşıdurmalar, eləcə də birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran müşahidə edilir.

Beynəlxalq aləmdə hökm sürən mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan rəhbərliyi yürütdüyü məqsədyönlü xarici siyasət sayəsində ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu addımlar atır, dövlətin beynəlxalq aləmdə siyasi çəkisinin artmasına və milli maraqların irəli aparılmasına nail olur. Bu il Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir çox ölkələrdə səfərdə olmuş, eyni zamanda bir sıra ölkələrin dövlət və hökumət başçıları Bakıda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün danışıqlar aparmışlar.

Azərbaycanın yürütdüyü xarici siyasətin başlıca istiqamətini Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi naminə davamlı diplomatik səylərin göstərilməsi təşkil edir.

Rəsmi Bakı hələ də hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həlli ən optimal tənzimləmə yolu olaraq qalmalıdır. Dövlət rəhbərliyi işğalçı ölkəni təcrid etməyə yönəlik siyasətini uğurla davam etdirməklə bərabər, ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edir, eyni zamanda işğalçı tərəflə müxtəlif səviyyələrdə danışıqlar aparır. Beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi də diplomatiyamızın diqqət mərkəzindədir.

Münaqişənin tənzimlənməsi naminə uzun illərdir davam edən danışıqların gedişində hələ ki, irəliləyiş yoxdur. ATƏT-in Minsk qrupu timsalında beynəlxalq vasitəçilər hadisələrin gedişini yalnız müşahidə etməklə kifayətlənir, beynəlxalq hüquq normalarına uyğun hansısa təşəbbüs irəli sürmək və işğalçı ölkəni sülhə məcbur etmək barədə düşünmürlər. Belə olan halda təcavüzkar daha da azğınlaşır, zəbt etdiyi əraziləri ilhaq etmək niyyətində oduğunu açıq-aşkar biruzə verir. Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” bəyanatı rəsmi Yerevanın münaqişəni nizama salmaqda maraqlı olmadığına dəlalət edir.

Düşmənin ifrat səviyyəyə çatmış sırtıqlığı, təbii ki, cavabsız qalmazdı. Prezident İlham Əliyev cari ilin oktyabrında Rusiyaya işgüzar səfəri çərçivəsində Soçi şəhərində "Valday” beynəlxalq diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən Azərbaycan tərəfinin münaqişənin tənzimlənməsinə dəyişməz baxışını bir daha nəzərə çarpdırmışdır: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır! Dövlət başçısı Ermənistandakı hakim rejimin problemi həll etmək əvəzinə qondarma məfhumlar icad etməsinə kəskin reaksiya vermişdir: "Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, "Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir”.

Dövlət başçısı Ermənistanın işğal olunmuş torpaqlarımızı ilhaq etmək planına da toxunmuşdur: "Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistandır və nöqtə”. Birincisi, bu, yumşaq desək, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistanın özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Güclü havadarlarının qoltuğunda özünü cəzasız hiss edən Ermənistan rejiminin həyasızlığı o həddə çatıb ki, bu ölkədə dünyanın rədd etdiyi nasizm təbliğatı rəvac tapır. Üstəlik, erməni diasporu bir sıra ölkələrdə, xüsusilə Rusiyada nasist əlaltılarını qəhrəmanlaşdırmaq üçün dəridən-qabıqdan çıxır. Söhbət Ermənistan rəhbərliyinin və diasporun insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş Njde ləqəbli cinayətkar general Qaregin Yegişeviç Ter-Arutyunyanı təmizə çıxarmaq cəhdindən gedir. Hərçənd Njdenin nifrətamiz fəaliyyəti hamıya, elə ermənilərin özlərinə də məlumdur. Erməni millətçilik ideologiyasının banisi olan bu "qəhrəman” müxtəlif millətlərdən olan günahsız insanları qanına qəltan etməkdə ad çıxarmışdır. Njdenin rəhbərlik etdiyi erməni faşistləri İkinci Dünya müharibəsi illərində Ukrayna və Polşada, hitlerçilərin əsir düşərgələrində on minlərlə adamı qətlə yetirmiş, nasist ideologiyasının hədəf götürdüyü millətlərin nümayəndələrinə qarşı dəhşətli cinayətlər törətmişlər.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş "1941-1945-ci illər Böyük Vətən müharibəsi” ensiklopediyasında qeyd olunur ki, Njde müharibə dövründə Bolqarıstan ərazisində 30-dan çox erməni agentini səfərbər etmişdi. O, agentləri təxribat əməlləri törətmək məqsədilə sovet ordusunun arxasına göndərmişdi. Njde 1944-cü ildə Bolqarıstan ərazisinə daxil olan sovet qoşunlarının əlinə keçmişdir. Qaniçən erməni faşisti törətdiyi cinayətlərə görə həbs olunub 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. Sonralar erməni millətçilərinin ona bəraət almaq cəhdləri rədd edilmiş və "qəhrəman” 1955-ci ildə Rusiyanın Vladimir şəhərindəki həbsxanasında ölmüşdür.

Ermənistan rejimi isə Njde kimi qaniçənə xüsusi diqqət yetirir. Yerevanda meydanların birinə və metro stansiyasına onun adı verilmişdir. "Njdeizm” adı altında irqçilik ideologiyası Ermənistanda orta və ali məktəb proqramlarına daxil edilmişdir və gənc nəsil bu ruhda tərbiyə olunur. 2016-cı ildə Yerevanda Ermənistanın ovaxtkı prezidenti Serj Sarkisyanın iştirakı ilə Njdenin heykəli açılmışdır. Rusiyadakı erməni icması hər il Njdenin Vladimirdəki qəbrini nümayişkaranə şəkildə ziyarət edir, erməni faşistini yad edir. Bu azmış kimi, 2012-ci ildə Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni kilsəsinin ərazisində Njdenin xatirə lövhəsi qoyulmuşdu. Şəhər ictimaiyyəti uzun sürən səylərdən sonra bu yaxınlarda Njdenin xatirə lövhəsinin sökülməsinə nail olmuşdur. Amma faşist əlaltısının Yerevandakı heykəli hələ də yerində qalır.

Rusiya rəsmiləri Yerevanda Njdeyə heykəl qoyulmasını Ermənistanın daxili işi hesab edirlər, halbuki nasistlərin qəhrəmanlaşdırılması beynəlxalq birliyi ciddi narahat edən məsələlərdəndir. 2015-ci ilin martında BMT Baş Assambleyası "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamə qəbul etmişdir. Özü də Rusiyanın təşəbbüsü ilə. Ona görə də rəsmi Moskvanın Yerevanda Njde kimi nasist quyruğuna heykəl ucaldılmasına münasibəti ən azı təəccüb doğurur.

Belə bir vəziyyətə Azərbaycan rəhbərliyinin müdaxilə etməsi lazım gəlmişdir. Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası zamanı çıxış edərkən Ermənistanda nasizmin qəhrəmanlaşdırıldığını nəzərə çarpdırmış, MDB məkanında faşistlərin məşhurlaşdırılmasına yer olmadığını vurğulamışdır. Dövlət başçısı faşist əlaltısı Njdenin insanlığa qarşı törətdiyi cinayətlər barədə bir sıra faktları sadalayaraq qeyd etmişdir ki, "Ermənistanda əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

MDB-nin Aşqabad sammitində iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan cəllad Njdeni təmizə çıxarmağa cəhd göstərmiş, erməni faşistini repressiya qurbanı kimi təqdim etmişdi. Cənab İlham Əliyev Ermənistan liderinin səsləndirdiyi cəfəng fikirlərə sərt reaksiya vermişdir: "Nasist əlaltıları və cinayətkarları ilə repressiyaya məruz qalmış dustaqları müqayisə etmək qətiyyən yolverilməzdir... Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət ilk növbədə bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir”.

Göründüyü kimi, təcavüzkar ölkə həyasızlıqda hədd-hüdud tanımır. Belə bir şəraitdə Ermənistanda hökmranlıq edən "demokratik” rejimdən münaqişənin tənzimlənməsinə sağlam yanaşma gözləmək çətin görünür. Ona görə də təcavüzkarın qızmış başını mütəmadi olaraq soyutmaq lazım gəlir. Azərbaycan əsgəri elə bu cür də hərəkət edir. Ordumuz 2016-cı ildə Aprel döyüşləri zamanı düşmənə həddini göstərmişdir. Düşmənə 2018-ci ilin mayında daha bir cəza verilmişdir. Silahlı Qüvvələrimiz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini və Şərur rayonunun Günnüt kəndini düşməndən azad edərək dövlət sərhədi boyunca əlverişli mövqeləri nəzarət altına almışdır.

Bu cür addımların atılması ilə təcavüzkar nəhayət başa düşməlidir ki, problemi həll etməyin başqa bir yolu da var: hər bir müstəqil dövlət kimi Azərbaycanın da suverenliyini və ərazi bütövlüyünü bütün mümkün vasitələrlə bərpa etmək hüququ var. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır”.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video