27 Dekabr 2019 02:52
1404
Təhsil
A- A+

Azərbaycan gəncliyi gələcəyin etibarlı təminatçısıdır


Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Gənclik güc-qüvvə, enerji deməkdir. Gənclik ümiddir, inamdır!

Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Ona görə də bir millətin, dövlətin mövcudluğu, inkişafı və yaşamı üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.

Bu gün müstəqil Azərbaycanda gənclərin cəmiyyətin aparıcı qüvvəyə çevrilməsi və sağlam gəncliyin yetişdirilməsi istiqamətində davamlı olaraq uğurlu dövlət siyasəti həyata keçirilir. Sağlam gəncliyin yetişdirilməsi dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə həm qanunvericilik bazası təkmilləşdirilir, həm də davamlı islahatlar həyata keçirilir.

Bütün bunların nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Son illərdə bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir.

Əgər diqqət etsək görərik ki, dünyada elmi yeniliklər, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı və qloballaşma prosesləri gənclərin həyat və düşüncə tərzinə də ciddi təsir göstərir. Elmin, texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təsdiq edilən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı məhz gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin edir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və bu fondun həyata keçirdiyi layihələr, gənclər evləri şəbəkəsinin fəaliyyəti, Azərbaycan Tələbə Kartının ərsəyə gəlməsi, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi, təqaüdlərin artırılması bir daha dövlət başçısının ölkə gəncliyinə göstərdiyi qayğının bariz təcəssümüdür.

Elə bu il dövlət başçısının imzaladığı sərəncamlar gəncliyimizin flaqmanı, gələcək cəmiyyətin aparıcı qüvvəsini təşkil edəcək tələbə və doktorantları da əhatə etdi, onların diqqətdən kənarda qalmamaları dövlət qayğısının nümunəsi oldu. Prezidentin fərman və sərəncamları ilə ali təhsil müəssisələrində təhsil alan tələbələrin təqaüdü, Prezident təqaüdü, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlər artırıldı.

Məhz bu proseslər fonunda ölkədə gənclərin sərbəst fəaliyyəti, liderlik və özünü ifadə etmə prinsipi əsasında gələcək karyeraları üçün ən yaxşı imkanlar yaradılıb. Yeni mərhələdə isə dövlət başçısı tərəfindən gerçəkləşdirilən gənclər siyasəti ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir.

Prezident İlham Əliyevin gənclərə xitabən: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deməsi Azərbaycan gəncliyinə olan böyük inamı bir daha nümayiş etdirir.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatçısına çevrilib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Bundan əlavə olaraq gənclərin aparıcı qüvvəyə çevrilməsi istiqamətində müxtəlif qrant layihələri həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycanda hazırda 130-dan artıq gənclər təşkilatları fəaliyyət göstərir. Bu siyasət artıq öz bəhrəsini verməkdədir.

Davamlı olaraq gənclərə dəstək olan Prezident İlham Əliyevin hər il fevralın 2-də Gənclər Günü münasibətilə ölkə gəncləri ilə görüşü, heç vaxt unutmayacağımız tövsiyələri biz gənclərə stimil verir.

Ölkə Prezidentinin həyata keçirdiyi siyasət Azərbaycan gəncliyinə milli-dini dözümlülük, sülhsevərlik, humanizm kimi ali dəyərlər aşılayır. Gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi qayğısına qalınır, sağlam həyat tərzi təbliğ edilir. Gənc alim və tədqiqatçıların fəaliyyəti dəstəklənir, gənclər elmə həvəsləndirilir. Onların bilik və bacarıqlarının inkişafına kömək göstərilir. Müxtəlif startap ideyalarına malik gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına meydan verilir.

Bütün bu amillər biz tələbələri gələcəyə böyük inamla baxmağı sövq edir. Dövlət başçısının gənclərə hərtərəfli dəstəyi tələbələri daha da ruhlandırır və bizlər yüksək səviyyədə təhsil alır, vətənpərvər ruhda yetişir və şəraitdən asılı olmayaraq hər zaman vətənin müdafiəsinə hazır oluruq. Dövlət başçısı da vurğulamışdır ki, bilikli, savadlı, vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, vətənə bağlı olmalıdırlar, vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.

Təhsil aldığım Azərbaycan Diplomatik Akademiyası da tələbələrdə biliyin, savadın, peşəkarlığın və intellektin artmasında, vətənpərvərlik ruhunun daha da yüksəlməsində, eləcə də onların gələcək həyatında əvəzsiz rol oynayır. ADA-nın Hüquq fakültəsinin tələbəsi olaraq deyə bilərəm ki, universitetimiz bizə gələcəyimizi sağlam təməllər əsasında qurmaqda daim yol göstərir. Məhz bu dəstək nəticəsində bizim elmə olan marağımız gündən-günə artır. Yeri gəlmişkən qeyd edim ki, bu ilin sentyabr ayında universitetimizdə "ADA Hüquq Cəmiyyəti” tələbə təşkilatı təsis etmişik. Cəmiyyət tələbələrin hüququn müxtəlif sahələri barədə biliklərini artırmaq və onların tələbə həyatına öz töhfəsini vermək üçün müxtəlif tədbirlər təşkil edir. Həmin tədbirlər sırasına müxtəlif yerli və xarici hüquqşünasların seminarları, hüquqi debatlar, akademik ekskursiyalar və məhkəmə simulyasiyaları daxildir.

Bu gün dünyanın nüfuzlu universitetləri qloballaşmanın tələblərinə uyğun olaraq islahatlar aparır, modernləşməyə doğru kurs götürür. Tələbələrə hərtərəfli diqqət və qayğı göstərilir, gənclərin elm və təhsil sahəsində fəal iştirakının təmin olunması, beynəlxalq aləmdə tanınan və qəbul edilən nailiyyətlər əldə etməsi üçün bütün şərait yaradılır.

Universitetin missiyası qlobal perspektivli gələcək liderlər və məsuliyyətli vətəndaşlar formalaşdırmaq, interaktiv üsul və tələbəyə xüsusi yanaşma tətbiq etməklə komanda işi, analitik və kritik düşüncə, təşəbbüskarlıq və sair bu kimi keyfiyyətləri tələbələrdə davamlı şəkildə inkişaf etdirmək, təhsildə elm və tədqiqatın yüksəlməsinə şərait yaratmaqdır. Əminliklə deyə bilərəm ki, yüksək ixtisaslı mütəxəssislər hazırlayan, ölkəmizin daim yüksələn xətlə inkişafına dəyərli töhfələr verən ADA bundan sonra da öz missiyasını uğurla həyata keçirəcək.

Artıq 2019-cu ili də uğurla başa vurmaqdayıq. Ötən bir il ərzində ölkəmizin həyatında baş verən mühüm hadisələrə nəzər yetirsək görərik ki, bu il Azərbaycan gəncliyinin özünəinam hissini, daha həvəslə oxumaq, əzmlə çalışmaq bacarığını artıran il oldu. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları və hər zaman inandığı, güvəndiyi gəncləri yüksək vəzifələrə təyin etməsi ölkənin avanqard qüvvəsi kimi biz gəncləri çox ruhlandırdı.

Bu gün ölkəmizdə gənc, yetənəkli, müasir düşüncəli gənclərə üsünlük verilir, onlar qanunvericilik və yerli özünüidarəemtə orqanlarında daha geniş formada təmsil olunurlar. Dövlət başçısı gənc peşəkar kadrlara özlərini göstərmələri üçün real imkanlar yaradır. Bu gün sosial həyatın bütün sferalarına nəzər salsaq, orada gənclərin əksəriyyət təşkil etdiyinin şahidi olarıq. Əlbəttə, bunlar Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.

Həyata keçirdiyi kadr islahatlarını dəyərləndirərkən dövlət başçısı demişdir ki, "təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar”.

Göründüyü kimi, ölkə rəhbəri kadr siyasəti barədə mühafizəkar təfəkkürü aradan qaldırır və gənc nəslə şans verir, onlar üçün fəaliyyət meydanı yaradır. Prezident hər zaman güvəndiyi gənclər ordusuna etibar edir. Yüksək savad və qabiliyyətə malik gənc kadrlara mühüm dövlət vəzifələri həvalə olunur. Gənclərin önə çəkilməsi, müxtəlif layihələrə cəlb olunması dövlət başçısının hökumət və özəl qurumlara da əsas tövsiyələrindəndir. Dövlət başçısı deyir ki, gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır.

Bu gün müstəqil Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə özünün ən yüksək inkişaf dövrünü yaşayır. Bu dövrdə gənclərin potensial kadr kimi yüksək vəzifələrə təyin edilməsi biz tələbələrə gələcəyə nikbinliklə baxmağa, ölkəmizin uğurlu inkişafına töhfə vermək istiqamətində daha mükəmməl biliyə yiyələnməyimiz üçün stimul verir. Formalaşan milli düşüncə biz gəncləri xoş əməllərə, Azərbaycanın qüdrətini daha da gücləndirmək yolunda dövlət başçısının gördüyü işlərə yaxından dəstək verməyə çağırır.

Ayxan DADAŞOV,

ADA Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Prezident təqaüdçüsü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video