27 Dekabr 2019 02:44
1386
Mədəniyyət
A- A+

Xeyirxahlıq


1914-cü ildə valideynlərini itirmiş uşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım məqsədilə Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti yaradıldı. Cəmiyyətin təsisçisi fəal maarifçi Rəhilə Hacıbababəyova idi. Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri M.S.Tağıyeva, sədrin müavini Rəhilə Hacıbababəyova, katibi Əminə Ağayeva, xəzinədarı Pəri Topçubaşova oldu.

Xeyriyyəçiliklə yanaşı, müsəlman qadınları arasında savadlılığı və maarifçiliyi yaymaq, şagirdlərə maddi yardım göstərmək cəmiyyətin başlıca məqsədinə çevrildi. Nizamnaməsi hakimiyyət orqanları tərəfindən təsdiq edildikdən sonra, 1914-cü il noyabrın 21-də Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti məşhur neft milyonçusu Murtuza Muxtarovun həyat yoldaşı Liza xanım Muxtarovanın (Tuqanova) sədrliyi ilə fəaliyyətini davam etdirdi.

Cəmiyyət tərəfindən tez-tez müxtəlif tədbirlər həyata keçirilir, xəstə və yaralı əsgərlər, yetim və yoxsul uşaqlar köməksiz buraxılmırdı. Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti Birinci Dünya müharibəsində əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərirdi.


Qızların təhsilinə ana qayğısı


Həmin illərdə maarifçilik sahəsində məqsədyönlü işlərin həyata keçirilməsinə böyük ehtiyac duyulurdu. Məktəblərin sayı az idi. Savadsızlıq cəmiyyətdə ətalətin yaranmasına rəvac verirdi. Bu səbəbdən də oxumağa, savad almağa meyil göstərənlərin sayı çox deyildi. Oğlan uşaqlarının da məktəbə, təhsilə cəlb edilmədiyi bir dövrdə qız övladlarının maariflənməsinə xüsusilə laqeyd yanaşılırdı.

Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti qızların oxuması, təhsil alması istiqamətində fəaliyyətə başladı. Cəmiyyətin maarifçilik sahəsində ən mühüm xidmətlərindən biri Bakıda yoxsul qızlar üçün peşə məktəbi açması oldu. 1917-ci ilin oktyabrından fəaliyyət göstərən məktəbdə 4 ümumtəhsil sinif və 6 peşə bölməsi yaradıldı. Burada türk dili, hesab, əl işi, biçmə və tikiş üzrə dərslər keçilirdi.

1918-ci ilin martında erməni daşnakları Bakıda soyqırım törətdilər. O dəhşətli günlərdə məktəbin fəaliyyətini davam etdirmək mümkün olmadı. Ancaq cəmiyyətin həyata keçirdiyi digər xeyirxah əməllər kimi, qızlar üçün peşə məktəbi də unudulmadı...

1919-cu ilin əvvəllərində Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti məktəbi bərpa etdi. Təhsil müəssisəsinin daha səmərəli fəaliyyət göstərməsi məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti cəmiyyətə 30 min manat vəsait ayırdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynadı.

1920-ci ildə, aprel ayında bolşeviklərin işğalından sonra Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti fəaliyyətini dayandırdı.


Cəmiyyətin fəal uzvləri


Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin təsisçisi olmuş Rəhilə xanım İbrahim bəy qızı Hacıbababəyova (Hacıbababəyzadə) 1882-ci ilin avqustunda Tiflisdə dünyaya göz açmışdı. Bu şəhərdə Müqəddəs Nina məktəbini bitirmişdi. Müəllimlik fəaliyyətinə 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində başlamışdı. 1910-cu ildə Rəhilə xanımın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün ikiillik məktəb açıldı. Bu təhsil ocağı 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə xanım həmin məktəbin direktoru oldu.

Rəhilə xanım Hacıbababəyova 1925-ci ildə Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü seçildi. 1927-ci ildə 5-ci Ümumittifaq Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi oldu. Rəhilə xanım Hacıbababəyova 1954-cü ildə Bakıda dünyasını dəyişdi.

Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin fəaliyyətində mühüm rol oynayan Liza xanım Muxtarova (Tuqanova) hələ 1908-ci ildə ictimai xadim Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın təşəbbüsü ilə yaradılmış Azərbaycanda birinci Qadın Xeyriyyə Cəmiyyətinin ilk fəxri sədri olmuşdu. Onun xeyriyyəçilik işləri barədə o dövrün qəzetlərində də yazılar dərc olunurdu. O, vərəmlə mübarizə cəmiyyətinin fəal üzvü olmaqla yanaşı, "Nicat” Maarif Cəmiyyətində fəal iş aparır, xüsusi uşaq xəstəxanasının yaradılmasında iştirak edirdi.

Birinci Dünya müharibəsinin əvvəllərində Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə rəhbərlik edən Liza xanım bu qurumun sıralarında Sara Vəzirova, Pəri Topçubaşova, Rəhilə Qaziyeva və başqalarını birləşdirdi. Xeyriyyəçi qadınlar kasıb ailələrdən olan qızlara qəyyumluq edirdilər. Fəaliyyətində maarifçilik işləri xüsusi yer tutan Liza xanım Muxtarova (Tuqanova) özünün Persidski küçəsindəki (indiki M.Muxtarov küçəsi) möhtəşəm sarayında yetim müsəlman qızlar üçün pansion təşkil etdirdi. Cəmiyyətin həyata keçirəcəyi bütün işlər, zəruri məsələlər onun evində müzakirə olunurdu. Liza xanımın təşəbbüsü ilə qız məktəbində tamaşalar təşkil edilirdi.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Liza xanım Muxtarova (Tuqanova) ölkəni tərk etməli oldu. Qürbətdə məşəqqətli günlər keçirən bu xeyriyyəçi xanımın 1950-ci illərdə Parisdə vəfat etdiyi barədə məlumat olsa da, məzar yeri bilinmir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video