Alternative content

23:35 26 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
18:04 26.02.2020 Sükut dəqiqəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfsanə qadın
Əfsanə qadın
ANA SƏHİFƏ / Mədəniyyət
02:32 27.12.2019


"Həm Fidan xanımın, həm də mənim 45 ilə yaxın sənət yolumuz var. Bu illər ərzində sənətdə irəliləmək, uğur qazanmaq, şöhrətə çatmaq heç də asan olmayıb. Bu zirvəyə qalxmağımız illərlə çəkilən zəhmətimizin, gecə-gündüz çalışmağımızın bəhrəsidir... Həyatımızda çox hadisələr baş verib, valideynlərimizi gənc yaşımızda itirmişik, xəstəliklər olub, gözlənilməyən hadisələrlə qarşılaşmışıq... Amma bütün bunlara rəğmən çalışmışıq ki, sevdiyimiz sənətin layiqli təmsilçiləri olaq. Hər zaman ölkəmizi sənətimizlə tanıdaq, vətənimizə qalibiyyət sevinci bəxş edək. Saysız mükafatlara, diplomlara, fəxri adlara layiq görülmüşük, amma getdiyimiz hər yerdə bizimlə qarşılaşan insanların rəğbəti, oxuduğumuz əsərlərdən zövq aldıqlarını bildirmələri, sevgi göstərmələri bu dünyada qazandığımız ən gözəl mükafatdır. Gurultulu alqışlar qazanmışıq, oxuduğumuz səhnə gül-çiçəklərə qərq olub, bütün bunlar ürəyimizi fərəhləndirib, amma gözlərimiz hər zaman tamaşaçılar arasında anamızı, atamızı axtarıb, tapmayanda isə təəssüf ki, bu sevincimiz qüssə ilə əvəzlənib...”


Qasımovlar ailəsində bir bülbül böyüyürdü...


O, sənəti, şanı, şöhrəti, zərafəti, örnək həyatı ilə sağlığında əfsanəviləşən qadındır. Hər kəsə nəsib olmayan xoşbəxt bir taleyə sahibdir, minlərin, milyonların sevgisinin, sayğısının ünvanıdır...

O, səhnə üçün doğulmuşdu...

Hələ məktəb yaşlarından insanların qəlbində Lalə, Səidə, Hicran kimi obrazlarla taxt qurmuşdu. "Mən ki gözəl deyildim”, "Liftçi qız”, "Həyat bizi sınayır” filmlərində ona həvalə olunan rolların öhdəsindən böyük məharətlə gəlmişdi...

Amma kino aktrisası olmaq arzusunda deyildi...

Və buna görə də kino sahəsindən uzaqlaşmışdı. Sonralar isə kino ustadları onun haqqında deyirdilər ki, bəlkə də biz bu qızcığazın simasında böyük bir kino aktrisamızı itirdik...

O isə yenə də həyatını səhnə ilə bağladı, amma musiqi sahəsində...

3 yaşındaykən məşhur bəstəkarların əsərlərini ifa etməyə cəhd göstərirdi. Artıq o zamandan hər kəs bilirdi ki, Qasımovlar ailəsində oxuyan kiçik bir bülbül var və səhərdən axşamacan susmadan cəh-cəh vurur...

Deyirlər musiqi ürəyin səsidir. Onun da ürəyinin döyüntüsü, qəlbinin ritmidir musiqi.

Möcüzəvi səsinin ahəngi, şaqraqlığı saflıqdan, təbiilikdən, mənəvi zənginlikdən, şirin ana laylasından, ecazkar azan sədalarından axıb gəlir...

Oxuduğu əsərlərin dünyanı heyran qoymasının, bu qədər sehrli olmasının səbəbi də bəlkə budur...

Özü isə xatırlayır ki, anası Tükəzban xanım hər zaman Allaha yalvarırmış ki, iki qız balasına gözəl səs nəsib etsin: "Nə bilmək olar, bəlkə də o zaman Allah anamın səsini eşitmişdi...”

Dünya şöhrətli opera müğənnisi, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, "Şöhrət” və "Şərəf” ordenli professor Xuraman Qasımova "Zəriflərin dünyası”nda ömür təranələrini dilləndirir. Uğurunun başlanğıcına, uşaqlığından, gəncliyindən yol alıb sənət zirvəsinə doğru uzanan möhtəşəm həyat səhifələrini vərəqləyir...


Bu səs bizə ulu babamız - Qafqazın Şeyxülislamı Əbdüssəlam Axundzadədən keçib...


- Bakıda ziyalı ailədə dünyaya gəlmişəm. 3 övlad olmuşuq, qardaşım Əlibəy, bacım Fidan və mən. Göz açdığımız bu ailə bizə gözəl tərbiyə, böyük-kiçik yeri bilməyi, bir-birimizə hörmət etməyi, insanları sevməyi, gözəlliyə qiymət verməyi öyrədib. Hər üçümüzün musiqiyə olan sevgisini də atamla anam bizə aşılayıb. Onu da deyim ki, ailəmizdə musiqiyə olan maraq, o cümlədən səs genimizlə gəlib. Atamın ulu babasının - Qafqazın Şeyxülislamı Əbdüssalam Axundzadənin çox məlahətli səsi varmış. O səs əvvəlcə atamıza, ondan da irsən biz bacılara keçib.

Əbdüssalam Axundzadə Azərbaycanın tanınmış şəxsiyyətlərindən biri olub. XIX əsrin ikinci yarısında Azərbaycan tarixi, elmi, maarifçiliyi, dini və ictimai-siyasi həyatında böyük rolu olub. 1894-cü ildən Tiflisdə yerləşən müsəlman dini mədrəsəsinin rəhbəri olaraq Qafqazın Şeyxülislamı vəzifəsinədək yüksəlib.

Ə.Axundzadənin bacısı oğlu - bizim babamız Əlibəy Qasımov Qori Müəllimlər Seminariyasının məzunu olub. Oranı uğurla bitirdikdən sonra vətənə dönür və burada pedaqoji fəaliyyətə başlayır. Bir neçə dili mükəmməl bilən babam məşhur dünya yazıçılarının əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Məsələn, R.Covanyolun "Spartak”, C.Londonun, L.Tolstoyun bir sıra əsərlərini dilimizə çevirib. "Hacı Murad” əsərinin tərcüməsi ilə bağlı böyük qrafla babam məktublaşıblar. Nəticədə Tolstoy babamı Moskvada "Yasnaya Polyana”da yerləşən evinə dəvət edir. Babam 1900 və 1907-ci illərdə Tolstoyun həftələrlə qonağı olur. Danışırlar ki, babamın Tolstoya bəxş etdiyi hədiyyələr indiyə qədər orada saxlanılır. Onların da içində ən dəyərlisi "Quran” kitabıdır. Evimizdə bu iki dostun yazışmaları, həmçinin Tolstoyun imzaladığı foto qorunur.

1920-ci ildə Bakı Dövlət Universitetinin açılmasında da babamın böyük rolu olub. O, həmin universitetdə rus dili kafedrasına rəhbərlik edib və bir müddət rektor müavini vəzifəsində də çalışıb.

Təəssüf ki, babam çox yaşamayıb və cəmi 54 yaşında dünyasını dəyişib. Amma düşünürəm ki, yaşasaydı belə, yəqin 37-ci il repressiyasının qurbanlarından birinə çevriləcəkdi. Çünki vətənini, millətini, dinini bu qədər sevən bir ziyalı rejimin dəmir repressiyasından yayına bilməzdi...


Müharibə xarabalıqlarından yüksələn melodiya və iki qardaşın qovuşması...


- Anam Tükəzban xanım Tibb Universitetini mikrobiologiya ixtisası üzrə bitirmişdi. Atam Əkrəm Qasımov isə İndustrial İnstitutunu (indiki ADNA) mühəndis-energetik ixtisası üzrə başa vurmuşdu. Atamgillə anamgilin ailəsi İçəri şəhərdə, eyni məhəllədə illərlə mehriban qonşu olub. Bu qonşuluq sonradan qohumluğa çevrilib. Valideynlərim bir-birilərini sevmiş, 1941-ci il mayın 15-də evlənmişdilər.

Təəssüf ki, az sonra müharibə başlamış və hamı kimi atam da böyük qardaşı ilə bərabər könüllü olaraq cəbhəyə yola düşmüşdülər. Ənvər əmimin də (tanınmış memar və dövlət xadimi Ənvər Qasımzadə), atamın da böyük döyüş uğurları olub və medallar qazanıb, yüksək rütbələrə layiq görülüblər. Böyüklərimiz danışırdı ki, iki oğlunu birdən cəbhəyə göndərən Töhfə nənəm oğulları müharibədən geri dönənə qədər isti yorğan-döşəkdə yox, palaz sərib quru yerdə yatırmış...

Artıq müharibənin üçüncü ili imiş və Dnepropetrovsk yaxınlığında qızğın döyüşlər gedirmiş. Sovet ordusu əraziləri almanlardan azad edə-edə irəliləyirmiş. Bu ərəfədə atam dağılmış bir binaya girəndə görür ki, bura klubdur və üzərində daş, torpaq yığını olan bir piano var. O, pianonun üzərində olan daşı, torpağı təmizləyir, qapağını açaraq yavaş-yavaş çalmağa başlayır...

Həmin anlarda isə şəhərdə nəzarət həyata keçirən içlərində əmimin də olduğu sovet hərbçiləri yaxınlıqdan keçirmişlər. Birdən o, dağıntılar arasından yüksələn ecazkar bir melodiya eşidir və deyir ki, yalnız mənim qardaşım pianoda bu cür gözəl ifa edə bilər. İstəyirəm o şəxsi görüm, beləliklə müxtəlif yerlərdə döyüşən iki qardaş 3 ildən sonra bu cür qəribə və xoş təsadüf nəticəsində görüşürlər...

Hətta yazıçı Simonov adlarını çəkməsə də, atamla əmimin, iki qardaşın müharibədə təsadüfən görüşünü təsvir edib...

1943-cü ildə atam müharibədən geri çağırılmış və ona Moskvada məsul iş tapşırılmışdı. Atam kimi savadlı mütəxəssislərə o vaxtlar arxa cəbhədə də böyük ehtiyac vardı. Ənvər əmim isə Terek sahillərindən Berlinə qədər döyüş yolu keçir, ordenlərlə, medallarla təltif edilir.

Müharibədən sonra atamgil yenidən Bakıda, İçəri şəhərdə yaşayırlar...


Atam cürət edib dahi Üzeyir bəyin qarşısında Koroğlunun ariyasını oxuyur...


- Biz müharibədən sonra dünyaya gələn yeni nəsil hesab olunuruq. O illərin çətinliklərində yaşamaq elə də asan deyildi, lakin buna baxmayaraq qələbə çaldığımız üçün insanlar çox xoşbəxt idilər. Artıq yeni quruluş başlamış, bütün respublikalarda bərpa işləri gedirdi. Elə məhz həmin vaxtlarda da Azərbaycan mədəniyyətinin və incəsənətinin ulduzu parlamağa başladı və qızıl dövr yarandı...

Xatırlayıram, o zaman elə bir ailə yox idi ki, orada hansısa bir musiqi aləti ilə məşğul olunmasın. Bizim evimizdə də iki royal var idi. Atam həmin royallarda ifa edərək xalq mahnılarımızı, rus romanslarını oxuyurdu. Hələ cavanlığından onun səsini eşidən hər kəs heyranlığını bildirərmiş. Bir dəfə ailəvi yaxınımız olan maestro Niyazi qəflətən atamı iş yerindən götürərək konservatoriyaya gətirir. O, Üzeyir bəyin otağının qapısını açaraq deyir ki, "əmi, bu cavan oğlanın səsini dinləməyinizi xahiş edirəm”. Onda atam cürət edib dahi Üzeyir bəyin qarşısında Koroğlunun ariyasını oxuyur. İfanı çox bəyənən Hacıbəyli atamı 3-cü kurs tələbəsi kimi qeyd edir və deyir ki, "belə səslərə ehtiyacımız var və siz buranın tələbəsi olmalısınız”. Atam bir müddət iş yerində bildirmədən dərslərdə gizlin iştirak edir, amma sonra məcbur olaraq təhsilini yarımçıq qoymalı olur. Çünki vəzifəli şəxsin bu addımı atmasına rəhbərlik icazə verməzdi... O, 28 yaşı olmasına baxmayaraq, Dövlət Plan Komitəsi sədrinin I köməkçisi vəzifəsində çalışırdı.


Uğurlarımızı valideynlərimiz görə bilmədi...


- Valideynlərim mədəniyyətə, incəsənətə bağlı insanlardı. O illər həyat nə qədər çətin, mürəkkəb olsa da, zamanlarını zəngin keçirərdilər, musiqi, ədəbiyyat gecələrində iştirak edərdilər. O illərdə Azərbaycanın qaymaqları sayılan ziyalılar, rəssamlar, şairlər ailəmizin dostları kimi evimizə tez-tez gələrdilər. Görkəmli bəstəkarlarımız Fikrət Əmirov, Cahangir Cahangirov, Telman Hacıyev, Tofiq Quliyev qonağımız olardılar. Hətta elə olub ki, Tofiq Quliyevin bir çox əsərləri bizim evdə yazılıb və onun ilk ifaçısı 3-4 yaşlı kiçik qızcığaz, Xuraman olub. Maestro Niyazi isə demək olar ki, ailəmizin üzvü idi...

Həmişə teatrlara gedirdik, elə bir premyera, konsert olmazdı ki, valideynlərimiz bizi aparmasın... Belə bir mühitdə böyüyür, formalaşırdıq... İndi o anları xatırlayanda həm sevinir, həm də kədərlənirik...

Hər zaman Fidan xanıma da, mənə də deyirlər ki, nə qədər gülsəniz, sevinsəniz də, gözləriniz hər zaman kədərlidir. Ola bilərmi ki, bizim gözlərimiz kədərli olmasın?!

Uşaqlıq dövründə həyatımızda nə qədər parlaq səhifələr olsa da, valideynlərimizi itirməyimiz o səhifələrə kölgə salır. Biz hələ çox gənc idik, doğru-dürüst ayaqlarımız üzərində dura bilməmişdik. Anam 58, atam isə 60 yaşında bizlərə vida etdi. Çox uzun sürən xəstəlikləri də olmadı, elə qəfildən aramızdan ayrıldılar. Görünür buna müharibə dövründə keçirdikləri ruhi sarsıntılar da səbəb olmuşdu...

Sadəcə Fidan xanımı "Koroğlu” tamaşasında Nigar obrazında görə bildilər. Bəli, onlar sənətə meylimizi, musiqiyə sevgimizi uşaqlıqdan hiss edirdilər, bilirdilər istedadımız var, amma heyf ki, səhnədə böyük uğurlarımızı, xalqın rəğbətini, sevgisini qazanan, vətənimizə qələbələrlə dönən dövrümüzü görə, sevinə bilmədilər, halbuki həmişə bunun arzusunda idilər...


Fidan xanımın timsalında Azərbaycan səhnəsində yeni ulduz parlayırdı...


- Bacım Fidanla qardaşım Əlibəy Bülbül adına orta ixtisas məktəbində təhsil alıblar. Fidan yeddi yaşından məktəbə gedib və skripka alətində çalmağı öyrənib. Əlibəy isə piano sinfini bitirib. Yeri gəlmişkən, qardaşım konservatoriyanın fortepiano bölməsinə daxil oldu. Amma birinci kursu başa vurduqdan sonra birdən-birə fikrini dəyişdi və fiziologiya mütəxəssisi olmaq istədi. Amma əminəm ki, Əlibəy musiqinin arxasınca getsəydi, çox məşhur musiqi xadimi ola bilərdi.

Fidan isə konservatoriyada həm skripka, həm də ikinci ixtisas olaraq vokal üzrə dərs aldı. O, P.İ.Çaykovski adına konservatoriyanın aspiranturasını da uğurla bitirdi. Əslində, Fidanın vokalçı kimi istedadını anam hiss etmişdi... O, hər hansı bir ariyanı, melodiyanı oxuyanda anam onun səs tembrinə fikir vermiş və elə buna görə də 16 yaşında onu maestro Niyazinin yanına aparmışdı. Maestro onu dinləyəndən sonra demişdi ki, Fidanın çox gözəl təbii və formalaşmış səsi var...

Fidan hələ ilk dəfə səhnədə 1972-ci ildə konservotoriyanın 50 illiyinə həsr olunan təntənəli gecədə Niyazinin rəhbərlik etdiyi simfonik orkestrin müşayiəti ilə Asəf Zeynallının "Ölkəm” əsərini səsləndirəndən sonra belə fikir yarandı ki, Azərbaycan səhnəsində yeni ulduz parlamağa başlayıb...

Bacımın xasiyyəti də tamam başqa idi. O, Puşkinin "Yevgeni Onegin” əsərindəki Tatyana kimi idi. Sakit, öz işi, dərsləri ilə ciddi məşğul olan bir qız... Elə bəlkə də buna görədir ki, Fidan xanım belə mükəmməl, əlçatmaz sənətçi oldu. Hətta bu gün də o, mənim üçün əlçatmaz sənətçi sayılır. Mən onun qarşısında hər zaman baş əyirəm. Çünki dünyaya elə bir sənətçi gələcəkmi, gəlməyəcəkmi bilmirəm...


Mən ki kino aktrisası olmaq istəmirdim...


- Mən qarşımda bu cür örnəklər görərək böyüyürdüm. Onu da deyim ki, məktəbli yaşlarımdan müxtəlif dərnəklərə gedir, idmanla, gimnastika ilə məşğul olurdum, balet, xarici dillər öyrənirdim... Eyni zamanda dərslərimi də yaxşı oxuyurdum. Hər sahəyə zaman ayıra bilirdim, çox fəal, enerjili, həvəsli idim...

Hətta məktəb illərində kino sahəsində də fəaliyyət göstərdim. Amma bu, bir təsadüf idi. O illərdə kinorejissorlarımız institutları, ali məktəbləri qrup-qrup, sinif-sinif gəzir, həmin rollara ifaçı axtarırdılar. Təbii ki, mən o yaşlarımda professional aktrisa ola bilməzdim. Amma bizim məktəbdən məni seçdilər. Sonra sınaq çəkilişləri oldu və kinorejissorlar məni bəyəndilər. İlk dəfə "Liftçi qız”da baş rola çəkiləndə lap uşaq idim, cəmi 13 yaşım vardı. Daha sonra "Mən ki gözəl deyildim”, "Həyat bizi sınayır” filmlərində rol aldım və hər üçü uğurlu oldu. Hətta iki filmə görə Ümumittifaq Kinofestivallarında birinci dərəcəli diplomlara layiq görüldüm.

Amma mən kino aktrisası olmağa hazırlaşmırdım...


"Arşın mal alan” ilk dəfə vala yazılanda Asyanın rolunu ifa etmək mənə tapşırıldı...


- Musiqi idi mənin dünyam. 3 yaşımdan oxuyurdum. "Cücələrim” ansamblında xorun solisti idim, onun tərkibində bütün sovet respublikalarında olmuşdum. Hələ uşaqlıqdan xeyli fərqlənmə diplomlarım var idi...

Musiqiyə olan tükənməz istəyim məni konservatoriyaya yönəltdi. Qadınlardan ilk opera müğənnimiz Şövkət Məmmədovanın iki il tələbəsi olmuşam. O, rəhmətə getdikdən sonra isə İda Aronovna Lvoviçdən dərs almışam. İlk qastrol səfərim isə 1977-ci ildə Avstriyaya olub.

Ümumiyyətlə, biz bacılar oxumağa başlayandan sonra qısa bir zamanda populyarlaşdıq. Fidan xanımla müsabiqələrdə iştirak etdik. Xeyli sayda diplomlara layiq görüldük. Bizi respublikamızdan kənarda da tanıyır, müxtəlif ölkələrə dəvət edirdilər. Moskvanın özündə, müttəfiq respublikalarda dəfələrlə konsertlər vermişdik. Fidan xanımla Moskvada konsertimiz olanda afişalarda həmişə yazırdılar: "Zvezdı Sovetskoqo iskusstvo”...

O illərlə bağlı o qədər gözəl xatirələrimiz var ki...

1972-ci ildə İrandan Rza Pəhləvi şahın xanımı Fərəh Pəhləvi Azərbaycana, Bakıya gəlmişdi. Fərəh xanım şəhərimizi gəzərkən deyir ki, "Arşın mal alan” əsərinin valını almaq istəyirəm”. Demə, bu əsər hələ vala yazılmayıbmış. Amma onu müşayiət edənlər arasında olan maestro Niyazi heç kəs pərt olmasın deyə özünü itirmədən dərhal cavab verir ki, "bilirsiniz, dinləyicilər bu musiqini o qədər sevirlər ki, bütün valları alıblar və buna görə də siz onu heç bir satış yerində tapa bilməzsiniz. Lakin darıxmayın, siz vətəninizə çatmadan bu val sizə çatacaq...”

Beləliklə, bu əsər üç variantda - fars, rus və Azərbaycan dilində vala yazılır. Dahi Niyazinin rəhbərliyi ilə mən 16 yaşımda Asyanın, Fidan Gülçöhrənin, Rəşid Behbudov, Lütfiyar İmanov Əsgərin rollarını səsləndirdik.

Təəssüflə qeyd edim ki, həmin dövrdə çoxsaylı yaddaqalan opera ifalarımız olsa da, onlardan heç biri yazılmayıb. Sadəcə Fidan xanımın ifasında "Koroğlu” operası yazılı lentdə var ki, onu da o zaman Leninqrad televiziyası çəkib bizə ərməğan edib.


Görəsən, bir daha oxuya biləcəyəmmi?!


- 90-cı illərin əvvəllərində bir çox sahələrdə olduğu kimi, musiqidə də durğunluq yaranmışdı. Musiqiçilərimizin çoxu Azərbaycanı tərk edirdilər, xaricdə sığınacaq və iş yeri axtarırdılar. Səhhətimdə yaranan problemlərlə əlaqədar biz də bir müddət burada olmadıq, Türkiyədə idik, o cümlədən Amerikada da müalicə alırdım. O illər düşünürdüm ki, görəsən, bir daha oxuya biləcəyəmmi?! Axı həyatım səhnəyə bağlı idi, özümü onsuz təsəvvür edə bilmirdim. Hətta həkimlər sonradan mənə dedilər ki, əməliyyat zamanı "narkoz” altında özümdən ixtiyarsız Puççininin hansısa əsərini oxumuşam...

Həmin dövrdə xalqımızın dəstəyi, pərəstişkarlarımın yüzlərlə məktubu məndə həyat eşqini sönməyə qoymadı... Şükürlər olsun ki, mən yenə də səhnəyə qayıtdım, hətta o zaman tamaşaçılarımın bu tükənməz rəğbətinə rəğmən "Xoş gəldin Xuraman” adlı solo konsert də verdim...

1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə yavaş-yavaş stabillik yarandı. Heydər Əliyevin mədəniyyətə, incəsənətə, sənətkarlara münasibəti, qayğısı bir başqa idi. Ulu Öndər hər kəsi bir-bir tanıyır, fəaliyyətləri ilə maraqlanırdı.


Vətən sizi gözləyir...


Biz, Ulu Öndərlə 1996-cı ildə keçirilən solo konsertimizdə görüşdük. Daha sonra Heydər Əliyev bizimlə şəxsi görüşdü, xeyli söhbət etdik. O, Bakıdan ayrılmağımızın səbəbini də soruşdu. Dedim ki, vətənimizdən ayrılmamışıq, ürəyimiz daim buradadır, səhhətim düzələn kimi yenə qayıdacağıq...

Heydər Əliyev söylədi ki, "bilin, vətəniniz hər zaman sizi gözləyir, siz Azərbaycana lazımsınız, istəyirəm sənətinizi burada inkişaf elətdirəsiniz, Türkiyədə olduğu kimi, gənc vokalçılarımızı yetişdirəsiniz”. Onda İstanbul Universitetinin nəzdində olan konservatoriyada professor idik. Ulu Öndər həm də şəxsi vokal məktəbimiz olmasını arzuladığını qeyd etdi və elə həmin görüşdə bizə bununla bağlı müraciət məktubu da yazdırıb imzaladı... Lakin bu günə qədər bu arzumuz həyata keçməyib...

Daha sonra biz Ulu Öndərin də istədiyi kimi vətənimizə döndük...

Amma bir müddət əvvələ qayıdaraq bir mühüm məqama da aydınlıq gətirim ki, xəstə olduğum müddətdə və vətənə döndükdən sonra illərlə çalışdığım, uğurlara imza atdığım Opera və Balet Teatrından doğma münasibət görmədim. Fidana da, mənə də elə bir şərait yaratdılar ki, istər-istəməz oradan uzaqlaşmalı olduq.

Yalnız 8 il sonra Ulu Öndər bu məsələdən xəbərdar oldu. Beləliklə, biz yenidən həmin teatra qayıdıb fəaliyyətimizi davam etdirdik. Amma 2005-ci ildə yenidən haqsızlıqla qarşılaşdıq, hələ təqaüd yaşına çatmadan teatrdan kənarlaşdırıldıq...

O zamandan bir daha opera səhnəsində olmadıq...

1994-cü ildən etibarən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında solo oxuma kafedrasının müdiriyəm. Fidanla bu sənətin sirlərini gənclərə öyrədirik. Təəssüf ki, ailəmizdə davamçılarımız yoxdur, amma tələbələrimizi də övladlarımız və davamçılarımız sayırıq...

Hər zaman çalışırıq, konsertlər veririk, dövlət tədbirlərində iştirak edirik, xarici səfərlərdə oluruq...


Ulu Öndərin qiyməti


- Hər zaman xalqımız, dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişik...

2002-ci ildə Fidanla birlikdə 25 illik fəliyyətimizlə bağlı indiki Heydər Əliyev Sarayında konsert verdik. Ulu Öndər Azərbaycan mədəniyyəti və bizim fəaliyyətimiz haqda çox möhtəşəm çıxış etdi. Düşünürəm ki, illərlə səhnəyə çıxmasaq belə, onun bizə verdiyi bu qiymət ömrümüzün sonuna qədər bəsdir...

Təəssüf ki, 2003-cü ildə Ümummilli Liderimiz vəfat etdi və bu bizim üçün də böyük itki idi, dərindən sarsılmışdıq. Heydər Əliyev bizi balacalığımızdan tanıyırdı, evimizdə qonaq olmuşdu və özü də hər zaman bu barədə deyirdi...

Bir il yas saxladıq və səhnəyə çıxmadıq, 2004-cü ildə isə sevdiyi əsərlərdən ibarət "İthaf” adlı konserti Ulu Öndərə həsr etdik...

Daim Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da diqqəti üzərimizdə olub. Hələ Mədəniyyətin Dostları Fondunu yaradanda çoxsaylı konsertlərimizi məhz Mehriban xanım təşkil etmişdi. 1998-ci ildə "Sevil” tamaşasında Sevil roluna dəvət almağım da məhz Birinci vitse-prezidentin şəxsi təşəbbüsü idi.

Fidan xanıma da, mənə də "Şərəf” ordenini cənab İlham Əliyev təqdim edib. Fidan xanım 70 illiyi ilə əlaqədar Prezidentimiz tərəfindən yüksək mükafata, "İstiqlal” ordeninə layiq görülüb...

Bu ilin martında cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın mədəniyyət xadimləri ilə görüşündə Prezident söylədi ki, kimin hansı problemi varsa desin, həmin problemi həll etməyə hazıram. İllərdir səhnədəyik, alqış payımız da, mükafatlarımız da, dövlət tərəfindən layiqincə göstərilən diqqət və qayğımız da yetərincədir... Sənətkarın bu həyatda daha artıq nəyə ehtiyacı ola bilər ki...

Ona görə də söz alıb Prezidenti və xanımını evimə qonaq çağırdım. İlham Əliyev və Mehriban xanım dəvətimizi qəbul etdilər. Çox arzulayıram ki, Ulu Öndərimizin 2002-ci ildə bizə bağışladığı evdə bu əziz qonaqlarımı qəbul edim, Heydər Əliyev və ailəsinə həsr olunmuş foto qalereyamızla tanış olsunlar...


Son səhnədən Şuşaya üz tutan tamaşaçı arzuları...


Təqvim 2003-cü il, məkan Opera və Balet Teatrının səhnəsidir...

Göy guruldayır, şimşək çaxır, uzaqdan Natəvanın ruhu görünür... "Şuşanı alın geri, Ahım odlar yeri-göyü. Şuşanı alın geri, Şuşanı xilas edin. Şuşanı xilas edin”, - deyə hayqıran Xuraman Qasımova bu səhnədə son obrazına - Vasif Adıgözəlovun "Natəvan” operasında Xurşidbanu Natəvana həyat verir. Üzərindən 16 il keçməyinə baxmayaraq tamaşaçılar həmin ifanın sehrindən bu gün də çıxmayıblar: "Natəvanı həmin səhnədə izləyənlər indi də deyirlər ki, əgər o gün "Şuşanı xilas edin” deyərək Qarabağa yol alsaydınız, bütün zal durub sizin arxanızca gedərdi...

Əminəm ki, biz Şuşanın, Qarabağın xilasını görəcəyik. Allahdan ən böyük istəyim odur ki, həmin qismi yenidən Şuşada ifa etməyi mənə nəsib etsin...”

Şanlı-şöhrətli, fəxarət dolu bir ömrə xatirələr cığırıyla bir daha qayıtmaq istədik...

Amma bütün bu yazdıqlarımız zəngin ömrün sadəcə dəryada damcı misalıdır...

Onun musiqi dünyası sonsuzdur... Musiqi onun həyatının ahəngi, ömrünün mənasıdır. O, səhnəmizin ulduzu, xalqımızın sevimli sənətkarıdır. O, Sevildir, Nigardır, Tatyanadır, milyonların sənətçisidir. Ömrünü Azərbaycan musiqisinin inkişafına, zirvələrə ucalmasına həsr edib. Dahi Üzeyir bəydən, Qara Qarayevdən, maestro Niyazidən və bir çox görkəmli şəxslərdən ötürülərək gələn bu müqəddəs ənənənin layiqli davamçısıdır...

Musiqi dünyanız hər zaman şaqraq, uğurlarınız bol olsun, fəxarət ünvanımız Xuraman xanım!

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM