25 Dekabr 2019 02:26
849
SİYASƏT
A- A+

Prezidentin siyasətində əhalinin sağlamlığı əsas prioritetlərdəndir


Səhiyyə ölkə üçün ən vacib sahələrdən biridir. Səbəbi çox sadədir: insanların sağlamlığı ilə birbaşa əlaqəli olan yeganə xidmət sahəsidir. Tibbi xidmətlər sayəsində insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkənin də hərtərəfli inkişafına zəmin yaradılır.

Ölkəmizdə səhiyyənin cəmiyyət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların sağlamlığına xoş gələcəyinə həsr edən Ulu Öndər vaxtilə bu sahəni qiymətləndirərək demişdir: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir...”

Azərbaycan Prezidenti İlham Əliyevin də hakimiyyətə gəlişinin ilk günlərindən yürütdüyü siyasətin insan amilinə hesablanması birmənalı şəkildə, hətta beynəlxalq təşkilatların təmsilçilərinin də diqqətini çəkməkdədir. Bu mənada yola salınan ötən hər il, digər sahələrdə olduğu kimi, səhiyyədə də özünün inkişaf göstəriciləri ilə tarixə yazılır.

Aparılan quruculuq işləri ilə yanaşı, səhiyyə islahatlarının da həyata keçirilməsi insanların layiq olduğu səviyyədə yaşamasının təmin edilməsində mühüm rol oynayır. Sosial-iqtisadi islahatların səmərəliliyi, vətəndaşların güzəranlarının daha da yaxşılaşdırılması, müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və coğrafiyasının genişləndirilməsi, ümumiyyətlə, rifahın davamlı yüksəlişi demoqrafik göstəricilərdə də öz əksini tapır.

Ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə Azərbaycan Prezidentinin müvafiq tapşırığı, səhiyyə sistemində qəbul edilmiş dövlət proqramları son illər respublikada uğurla icra olunur. Tibbi müayinə zamanı aşkar olunan xəstələr qeydiyyata alınır və müalicəsini davam etdirir. Ümumiyyətlə isə, ahıl, qoca, kimsəsiz, sosial qayğıya ehtiyacı olan, eləcə də torpaqlarımızın və dövlətçiliyimizin qorunması zamanı əlil və şikəstə çevrilən vətəndaşların, müxtəlif yaş qrupuna daxil olan əhalinin kütləvi müayinələri diqqət mərkəzində saxlanılır.

Ölkədə dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə belə yüksək ixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə həkim briqadaları tərəfindən yerlərdə müayinə-müalicə tədbirləri həyata keçirilir. Azərbaycan Prezidentinin 2013-cü il 10 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək üçün respublika səhiyyəsində ardıcıl layihələr icra olunur. İnsanlara göstərilən tibbi xidmətin səmərəliliyi ildən-ilə yüksəldilir.

Respublikada səhiyyəyə dövlət qayğısı artıq regionlarda da öz müsbət nəticələri ilə müşahidə olunmaqdadır. Xatırladaq ki, ötən il Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobili təqdim olunub. Bu, muxtar respublikada, hər şeydən əvvəl tibbi xidmətin keyfiyyətcə yeni mərhələyə keçməsi deməkdir. Bundan savayı Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin insan həyatı üçün mühüm olan cihazla təmin edilməsi oradakı mövcud səhiyyə xidmətinin günün tələbləri səviyyəsində göstərilməsində mühüm amil hesab edilir. Bununla yanaşı, təcili yardım, elektrokardioqrafiya, exokardioqrafiya, EKQ-tredmil, rentgen, çoxprofilli diaqnostika, hemodializ, cərrahiyyə, kardiocərrahiyyə kimi mühüm şöbələr, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş səyyar laboratoriyalar, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələrin fəaliyyətindən əhalinin razılığı gündən-günə artmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyev bu il mayın 16-da Pirallahı Sənaye Parkında "Diamed” şpris istehsalı zavodunun açılış mərasimində bildirmişdir ki, burada istehsal ediləcək şprislər bizim səhiyyə sistemində istifadə olunacaq və beləliklə, Azərbaycan bu sahədə də idxaldan asılılığı aradan götürəcək: "...Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsində daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik...”

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinə əsasən, səhiyyə sistemində uğurlu islahatlar aparılmış, tibb müəssisələrinin maddi-texniki bazası və kadr potensialı gücləndirilmiş, bütövlükdə bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Görülmüş işlərin davamı kimi icbari tibbi sığortanın tətbiqi uğurlu siyasətin davamıdır. Bu tibbi-sosial siyasət səhiyyə sisteminin daha da sürətlə inkişaf etməsinə öz töhfəsini verəcək.

"Tibbi sığorta haqqında” qanuna edilmiş dəyişikliklərin 2020-ci ildə qüvvəyə minməsini nəzərə alaraq, ölkənin səhiyyə sisteminin icbari tibbi sığorta tələblərinə uyğunlaşdırılması ehtiyacı yaranmışdır. 2017-ci ilin yanvarından etibarən ölkəmizdə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanmışdır. Genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlyetərliyini təmin etməklə, əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaq. Əhalisi 340 min nəfər olan pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılmışdır.

İcbari tibbi sığortanın tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat olunaraq əlillikdən xilas edilib. Ölkədə bu il 10-dək ailə sağlamlıq mərkəzləri yaradılıb. Bu layihə ölkə üzrə tətbiq ediləcək.

Altı milyon nəfər dövlət hesabına tibbi müayinədən keçəcək. Bu da ölkə rəhbərinin təşəbbüslərindən biridir və çox ciddi sosial addımdır. Hər bir vətəndaş öz sağlamlığına fikir verməli, müayinədən keçməlidir. Dövlət bu şəraiti yaradıb. İlk növbədə hər bir yerdə müasir tibbi avadanlıqlar var. Eyni zamanda dövlət hesabına bu məsələ öz həllini tapır.

Son 15 il ərzində ölkəmizdə 640 xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq inşa olunub və bu işlər davam etdirilir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz fəaliyyət göstərməsin.

5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, Azərbaycan Prezidentinin əhali tərəfindən alqışlarla qarşılanan təşəbbüslərindən biridir. Gizli deyil ki, belə təşəbbüslər dünyanın nadir ölkələrində həyata keçirilir. Bunun bir məqsədi var: vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə olunur.

Bütün bunlar Azərbaycan Prezidentinin dövlətin öz vətəndaşlarının hər bir sahədə yanında olması siyasətinin bariz təcəssümüdür. Əhalinin bütün təbəqələrini əhatə edən bu diqqət və qayğının davamlı olması isə dövlət başçısının hər bir vətəndaşın Prezidenti olacağına dair verdiyi vədə sadiqliyidir!

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video