24 Dekabr 2019 16:22
962
Təhsil
A- A+

“Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib


Dekabrın 24-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın ənənəvi olaraq ilin sonuna yaxın bu və ya digər əhəmiyyətli mövzularla əlaqədar konfrans keçirdiyini, fikir mübadiləsi apardığını diqqətə çatdırıb.

Dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkilərinin keçirildiyini və YAP-ın da seçkilərdə öz namizədləri ilə iştirak etdiyini deyən Əli Əhmədovun sözlərinə görə, Azərbaycanda 1606 bələdiyyə üzrə xeyli sayda namizədlər mübarizə aparıblar. O qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə və partiyanın müşahidəçilərinin verdiyi məlumatlara əsasən, YAP-ın namizədlərinin əksəriyyəti seçicilərin səsini qazanıb. YAP-ın təmsilçilərini əldə etdikləri qələbə münasibətilə təbrik edən Əli Əhmədov əminliyini bildirib ki, seçkilərdə qalib gəlmiş partiya üzvləri bələdiyyələr vasitəsilə xalqa xidmət edəcək və ölkəmizin ümumi inkişafına öz töhfələrini verəcəklər.

Konfransın mövzusunun təhsil sahəsi ilə bağlı olduğunu deyən Əli Əhmədov bunun təsadüfi olmadığını söyləyib. O deyib ki, bütövlükdə inkişafın fundamental əsaslarından ən birincisi təhsildir. Baş Nazirin müavini qeyd edib ki, tarixboyu xalqlar yalnız elm və təhsil sayəsində inkişafa nail ola biliblər: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir. Son illər təhsilin inkişafı ilə bağlı böyük layihələr həyata keçirilib, məktəblər tikilib, təhsilin məzmununun yüksəldilməsi istiqamətində addımlar atılıb. Biz inanırıq ki, təhsilin inkişafı iqtisadiyyatın inkişafının əsasını təşkil edəcək. İnanıram ki, təhsil işçiləri bu sahədə səylərini əsirgəməyəcəklər”.

Əli Əhmədov bildirib ki, konfransın keçirilməsinin təsadüf etdiyi 24 dekabr tarixi Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Onun sözlərinə görə, Azərbaycanın inkişafı, iqtisadi uğurlar, sosial layihələrin həyata keçirilməsi, ölkənin dünyada müasir imicinin, insanlarda gələcəyə ümidin formalaşması, ordunun gücləndirilməsi və digər nailiyyətlər Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini həyata keçirməsinin real təzahürüdür: "İnsanlar aydın dərk edirlər ki, Azərbaycanın gələcəyi Heydər Əliyev siyasəti və Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi ilə bağlıdır. Ona görə də insanlar Prezident İlham Əliyevə inanırlar”. Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edən Əli Əhmədov dövlətimizin başçısına cansağlığı və Azərbaycanın inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. "Xalqımız, o cümlədən Yeni Azərbaycan Partiyası xoşbəxtdir ki, onun Prezident İlham Əliyev kimi lideri var”, -deyə Əli Əhmədov vurğulayıb.

Konfransda çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən sosial-iqtisadi islahatlar ölkəmizin iqtisadi qüdrətini daha da artırıb. Həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sahəsini də əhatə edib. Son illərdə təhsilin inkişafı istiqamətində strategiya və proqramlar həyata keçirilib. Bu gün təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.

Nazir ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. O məlumat verib ki, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib, dövlət ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün dərsliklər yeni tədris ilinə məzmun və dizayn baxımından təkmilləşdirilib və əsaslı şəkildə yenilənib.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib. Bu təhsil müəssisələrindən 43-ü sentyabr 15-dək təhvil veriləcək. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. Təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən mütləq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri də qeyd edilməlidir. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir. Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.

Nazir qeyd edib ki, təhsil sahəsində aparılan əməkhaqqı islahatlarını da diqqətdən kənarda qalmamalıdır. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Nəticədə 150 mindən artıq müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb. Təhsil sahəsində əməkhaqlarının artırılması sistemli və davamlı xarakter daşıyır. Sentyabrın 1-də qüvvəyə minən Sərəncam nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 manatı keçib. Bu artımdan sonra ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin əməkhaqqı 1000 manatı keçib.

Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan nazir UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.

Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Nazir bildirib ki, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib. Bu isə müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar söyləməyə imkan verir.

İstedadlı uşaqlarla iş sahəsində görülən tədbirləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4-ü qızıl, 34-ü gümüş və 108-i bürünc olmaqla ümumilikdə 146 medal qazanıblar. Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi cari tədris ilində genişləndirilib və 2 min 140 sinifdə 47 min 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Ötən il ölkəmizin bir sıra şəhər və rayonlarında 60 lisey sinfi yaradılıb.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, "Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları diqqətə çatdıran Ceyhun Bayramov qeyd edib ki, cari tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ öyrədilməsi) tədrisinə start verilib. STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə həyata keçirilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, son illərdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılıb. Yeni inkişaf trendləri əsas götürülməklə universitetlərin kadr potensialı və maddi-texniki bazası gücləndirilib, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.

Ceyhun Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, habelə gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Təhsil naziri məlumat verib ki, Azərbaycan Respublikası Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artıb.

"Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması ilə 2019-2020-ci tədris ilində təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbəti 45 faizə çatdırılıb.

Təhsil naziri diqqətə çatdırıb ki, məktəb məzunlarının əmək bazarına daha asanlıqla inteqrasiyasını təmin etmək məqsədilə ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül sinifləri fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə edilməklə 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video