24 Dekabr 2019 03:46
862
SİYASƏT
A- A+

Qüdrətli Azərbaycanın Lideri


Hər dövlət onun real dövlətçilik taleyinə yol açmış bir şəxsiyyətin əsəridir. İstər uzaq keçmişdə, istərsə də ən yaxın siyasi tarixdə dünya xəritəsində özünə yer tutmuş dövlətlər olsun, fərq etməz. Real dövlətçilik taleyi yaşamış ölkələrin adı və tarixi ilə onları yaradan şəxsiyyətlərin adı və ömrü arasında əbədi vəhdət mövcuddur. Tarix üçün də, cəmiyyətşünaslıq elmi üçün də məhz belə şəxsiyyətlər maraqlıdır. Siyasət elmi məhz yaradıcı, qurucu insanların irsini öyrənir. Onların zəngin təcrübəsini, dövlətçilik ənənələrini tədqiqat predmetinə çevirməyə can atır.

Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik irsi, onun müəyyən etdiyi inkişaf kursu sayəsində bu dövləti ən böyük nailiyyətlərə yetirmiş cənab İlham Əliyevin formalaşdırdığı tarix də buna görə hər zaman böyük məna və maraq kəsb edir.

İlham Əliyev Azərbaycanın taleyində "qızıl dövr”ə çevrilmiş və daim də belə xatırlanacaq 16 illik möhtəşəm mərhələnin müəllifidir. Bu tarix hələ davam edir və Azərbaycan xalqının həyatına yeni-yeni uğurlar gətirir. Bu fenomenal şəxsiyyətlərin formalaşdırdıqları dövlətçilik dəyərləri hər zaman xalq üçün bir mənəvi istinadgah olacaq. Onların xalqa, dövlətə qazandırdıqları tarixi nailiyyətlərin sirləri, fövqəlmürəkkəb durumlardan çıxış yolu tapmaq məharəti əsrlər sonra da əhəmiyyətini itirməyəcək, nümunəyə çevriləcək. Milli dövlətçiliyimizin möhkəm təməl və ideyaları kimi yeni nəsillər tərəfindən öyrəniləcək. Azərbaycan dövlətçiliyini, istiqlalımızı nurlandıran mayak kimi gələcəyə aydın yol göstərəcək.


Arzulardan gəlmiş Lider


Cənab İlham Əliyev 2003-cü ilin oktyabrında xalqın yekdil dəstəyi ilə Azərbaycan dövlətinin Prezidenti seçilməklə üzərinə son dərəcə böyük məsuliyyət götürmüşdü. O həm dövlətin rəhbəri, kifayət qədər çətin və mürəkkəb şəraitdə ölkəni, xalqı inkişafa aparan lider, həm də onu hərtərfli şəxsiyyət kimi yetişdirmiş, bacarığına, idarəçilik qabiliyyətinə böyük ümidlər bəsləyən Ulu Öndər Heydər Əliyevin arzularının və ideyalarının davamçısı olmalı idi.

Bütün xalq fərqində idi ki, Heydər Əliyevin min bir əziyyət bahasına qurub-yaratdığı, rəvan inkişaf yoluna çıxardığı dövlət ötən əsrin 90-cı illərinin ilk dövrlərindəki kimi, yenə təsadüfi adamların əlinə düşməsin. Xüsusilə AXC-Müsavat cütlüyünün Azərbaycan həyatına gətirdiyi fəlakətlərin xofu insanların canından çıxmamışdı. Ona görə də vətəndaşlarımız çox istəyirdilər ki, Azərbaycanın gələcəyini təmin edə biləcək ən güvənli şəxsi də məhz Heydər Əliyev təqdim etsin. İnanırdılar ki, Ulu Öndər yanıla bilməz. Yenə yolların, seçimlərin, qərarların ən düzgününü o nişan verəcək. Belə də oldu.

2003-cü ilin 15 oktyabr Prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan vətəndaşlarına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli möhtəşəm müraciəti təkcə Ulu Öndərin deyil, bütövlükdə Azərbaycan xalqının cənab İlham Əliyevə olan böyük ümidlərinin təcəssümü kimi meydana çıxdı.

Heydər Əliyev bu tarixi müraciəti ilə xalqa onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Heydər Əliyev bu müraciəti Azərbaycan xalqına ünvanlayarkən öz davamçısının yaradılmış dövlətçilik nailiyyətlərini qoruyub saxlayacağına və bu nailiyyətlər sırasına yenilərini gətirəcəyinə tam əmin idi. Amma indi bu sətirləri yaza-yaza düşünürəm ki, hətta Heydər Əliyev kimi müdrik siyasət adamı da qısa müddətdə Azərbaycanın uğurlarının bu miqyasda olacağını əsla fəhm edə bilməzdi. Cənab İlham Əliyev Heydər Əliyevin təkcə yarımçıq qalmış arzularını tamamlamadı. Minilliklər boyu Azərbaycan xalqının inkişafında, milli dövlətçilik ənənələrimizin formalaşmasında xidmətləri olmuş bütün şəxsiyyətlərimizin əlçatmaz arzularını reallığa çevirdi. Mümkünsüz görünənləri mümkün etdi. Son dərəcə çətin tarixi-siyasi şəraitdə, geostrateji maraqların toqquşduğu meydanda Azərbaycanı zamanın sərt sınaqlarından çıxardı. Dövlətimizi tarixinin ən qüdrətli mərhələsinə yetirdi. Azərbaycanın gerçək müstəqilliyini təmin etdi. Bu dövlətin əsaslarını o qədər güvənli şəkildə möhkəmləndirdi ki, bundan sonra heç bir bədxah bu fundamental təməli sarsıda bilməz.


Bizim Prezident


Təxminən 16 il əvvəl Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyevin xalqa ilk xitabı bu idi: "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”. Dövlət başçısı verdiyi sözü tutdu. Nəinki hər bir Azərbaycan vətəndaşının, Azərbaycanı sevən, tarixi vətəninə qəlbən bağlı olan, dövlətimizin güclənməsini arzulayan bütün dünya azərbaycanlılarının Prezidenti oldu. Onun təşəbbüsü və dəstəyi ilə yerinə yetirilən inkişaf layihələrinin, apardığı davamlı islahatların faydası hər bir vətəndaşımıza çatdı.

Prezident İlham Əliyevin ötən 16 illik fəaliyyətində diqqətəlayiq ən üstün cəhət də onun siyasi hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirməsi, hökumətin fəaliyyəti ilə bağlı cəmiyyətə müntəzəm hesabatların verilməsini idarəçilikdə demokratik ənənələrdən biri kimi formalaşdırmasıdır. Artıq illərdir ki, bu cür hesabatlar həm konkret dövr ərzində qazanılmış nailiyyətlərin qiymətləndirilməsi, əldə edilmiş uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, həm də mövcud problemlər ətrafında müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilib.

Azərbaycan Prezidentinin bu 16 il ərzində tutduğu xətt, həyata keçirdiyi iqtisadi siyasət strategiyası sivil dünya ölkələrinin tarixi təcrübəsində sınaqdan çıxmış və müsbət nəticələri sübut olunmuş kursa əsaslanır. Bu kursun təməlində hüquqi, demokratik, dünyəvi dövlət qurmaq, öz səlahiyyətləri çərçivəsində müstəqil olan hakimiyyət bölgüsü prinsipinə əsaslanmaq, bazar iqtisadiyyatının formalaşmasından ötrü davamlı islahatlar aparmaq, sahibkarlıq fəaliyyətinə, iqtisadi fəallığa, təşəbbüskarlığa, sağlam rəqabətə meydan vermək, xalqın rifahını yüksəltmək, insan inkişafına nail olmaq məqsədi durur.

Prezident 16 il ərzində, ilk növbədə, ölkənin sosial-iqtisadi, mədəni həyatında sistemliliyi təmin etməyi bacardı. Bu, ümumdövlət əhəmiyyətli hər bir işə sistemlə yanaşmaq, prioritetləri hamıdan qabaq görmək, son nəticələrə nail olmaqdan ötrü ara mərhələləri dürüst müəyyən etmək, heç nədən çəkinmədən, təmkinlə, prinsipiallıqla, cəsarət və qətiyyətlə Azərbaycanın maraqlarına cavab verən qərarlarla və onların reallaşmasına nail olmaqla xalqın rifahını yüksəltməkdir.


Qürur yerimiz


Hakimiyyəti xalqa güvənən, onun dəstəyini daim hiss edən ləyaqətli və peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli olur və inanılmaz nəticələrə öz möhürünü vurur.

Cənab İlham Əliyev ölkə həyatında dinamizmi yüksəltdi. Dövlətin bugünü və gələcəyi ilə bağlı insanlarda aydın baxışlar formalaşdırdı. Azərbaycanı müasirləşdirdi. Ölkəmizi dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyi səviyyəsinə yüksəltdi.

Bu gün Azərbaycanın rəyi, razılığı olmadan regionda hər hansı qlobal layihənin həyata vəsiqə qazana bilməməsi barədə səslənən fikirlər qətiyyən mübaliğə deyil. Bu, bir reallıqdır. Azərbaycan regionun əsas söz sahibidir. Bu regionda icra edilən qlobal layihələrin əsas təşəbbüskarıdır. Başlanğıcı Heydər Əliyevdən, onun irəli sürdüyü yeni neft strategiyasından, "İpək yolu” kimi strateji qərarlardan gələn bu tarixi reallıqları yaradan Prezident İlham Əliyev müasir dünyadakı qloballaşmadan, yeni geosiyasi reallıqlardan irəli gələn mənzərənin tələblərinə cavab verən siyasi, həm də mötəbər xəttin daşıyıcısıdır.

Fəaliyyətdə ardıcıllıq, praqmatiklik, rasionallıq və səmimilik Azərbaycan Prezidentinin əsas xarakter göstəriciləridir. O, fəaliyyət dairəsi məhdud bir məmur deyil, geniş baxışlara malik siyasətçidir, dövlətçilik irsində müəyyən olunmuş böyük amalları faktlaşdıran, həyat gerçəklərinə çevirən qüdrətli siyasi fenomendir. İlham Əliyevin ən böyük üstünlüyü də bundadır.

Azərbaycan Prezidenti yüksək siyasi mədəniyyətə malikdir. O, bu 16 ildə Azərbaycan siyasətinə də yeni bir mədəniyyət tərzi gətirdi. 1990-cı illərin əvvəllərindəki küçə-meydan atmosferində ilişib qalmış qaragüruhçuların meydanı xeyli daraldı. Çığır-bağır, radikal davranışlar, destruktiv tərzlər öz yerini konstruktivizmə, iqtidarla müxalifət arasında sağlam münasibətlərə, faydalı dialoqlara, əsaslandırılmış tənqidə və bundan çıxarılan nəticələrə verdi. Cəmiyyətdəki gərginlik xeyli azaldı, milli vəhdət əldə olundu. Xalq və dövlət maraqları ilə bağlı qırmızı xətlər müəyyənləşdi və çox az istisnaları nəzərə almasaq böyük əksəriyyət anlamağa başladı ki, heç bir siyasi iddia, firqə mənafeləri bu maraqlardan üstün ola bilməz. Hər kəs başa düşdü ki, Azərbaycan dövləti, onun müstəqilliyi olmasa, bu ölkədə aparılan hər hansı siyasi mübarizənin, siyasi fəaliyyətin də bir anlamı qalmaz. Ona görə də ilk növbədə çalışıb Azərbaycanın dövlət maraqlarını qorumaq lazımdır. Cənab İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə cəmiyyətimizə gətirdiyi ən böyük faydalardan biri məhz bu düşüncədir.

Azərbaycan Prezidenti son dərəcə peşəkar diplomatdır. Bir tərəfdən dünyanın ən nüfuzlu diplomatiya məktəbində - Moskva Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsil və bir neçə il məşğul olduğu elmi-pedaqoji fəaliyyət, digər tərəfdən də qaynar siyasət mühitində keçmiş illərin təcrübəsi öz sözünü deyir.

Oktyabrda Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak zamanı Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa polemika baş verdi. Cənab İlham Əliyev Ermənistanın cəllad xislətli əvvəlki rəhbərliyinin Yerevanın mərkəzində satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoymasını diqqətə çatdırdı. Nikol Paşinyanın şəxsində ölkənin yeni hakimiyyətini bu rəzalətə son qoymağa çağırdı. Ermənistanın baş naziri isə öyrəşdiyi küçə ritorikası ilə vəziyyətdən çıxmağa uğursuz cəhdlər göstərdi və Azərbaycan Prezidentini iclasda gərginlik yaratmaqda günahlandırmaq istədi. Cənab İlham Əliyev Paşinyanın absurd tezislərinə cavab verərək onu o qədər sərrast, diplomatik təmkin və məharətlə susdurdu ki, bu qədər qətiyyətli, mötədil dəyərləri uzlaşdıran dövlət rəhbərimizin varlığı ilə bir daha qürur duydum. Azərbaycanın dövlət rəhbəri hər bir dünya azərbaycanlısının iftixarı, lideri, Prezidentidir.


Vətəndaş, cəmiyyət, güclü dövlət


Cənab İlham Əliyev məhz özünün dəyərlər sisteminə malik olan dövlət adamıdır. Bu dəyərlər sistemində dövlət birinci yerdə gəlir. Amma bu məntiq şəxsiyyət dəyərini də inkar etmir və onun roluna böyük önəm verir. Azərbaycan Prezidenti hər bir vətəndaşımıza bu dövlətin mövcudluğunda, inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında rolu böyük olan şəxsiyyət kimi yanaşır. İnsanlarımızın rəylərinə ciddi önəm verir. Çünki cəmiyyəti təşkil edənlər onun fərdləridir. Fərdlərin mövqeyinin nəzərə alınmadığı yerdə güclü cəmiyyət formalaşa bilməz. Zəif cəmiyyətin isə güclü demokratik dövlət formalaşdırması mümkünsüzdür. Dövləti ətalətdən, idarəçilik mexanizmlərini durğunluqdan, şəxsiyyəti isə qanunsuz hərəkətlərdən ancaq cəmiyyətin mükəmməl həyatı mühafizə edir.

Ona görə də Azərbaycan Prezidenti cəmiyyətimizdə ictimai nəzarət mexanizminin daim işlək olmasına böyük önəm verir. Vətəndaşlarımızı dövlət qurumlarının fəaliyyətini hər zaman nəzarətdə saxlamağa, üzləşdikləri problemləri ictimailəşdirməyə çağırır. Demokratik inkişafın ən düzgün yolu da məhz elə budur.

Zəmanəsinin parlaq lideri olaraq İlham Əliyevin ən böyük üstünlüklərindən biri də budur ki, o, iqtisadiyyatı, dövrün qlobal sosial-iqtisadi trendlərini çox gözəl bilir. Demokratik inkişafın iqtisadi inkişafdan kənarda əlahiddə götürülmüş bir proses olmadığını hər kəsdən yaxşı duyur. Azərbaycanda bu iki proses arasında paralelliyi uğurla təmin edə bilir. İnkişafın Azərbaycan modelinin özəlliyi də bundadır.

Elə bir dövrdə yaşayırıq ki, indi bir çox reallıqları məhz iqtisadiyyat diktə edir. İdeologiyalar dövrü, demək olar ki, keçmişdə qalıb. İnsanlar anlamağa başlayıb ki, hansısa ideologiya naminə əziyyət çəkməyə, hətta ölümə getməyə dəyməz. Çünki insan dünyaya əziyyət çəkmək, başqalarının yaratdıqları miflər uğrunda həyatını itirmək üçün deyil, yaşamaq, yaratmaq, dünyaya öz zəhməti ilə fayda vermək, nəslini davam etdirmək üçün gəlir. Müasir dünyanın anlatdığı əsas həqiqətlərdən biri də budur ki, insan belə bir zərurət yarandıqda yalnız öz Vətəni, ailəsi, doğmaları uğrunda canını fəda etməyə hazır olmalıdır.

İndi ən kamil dövlət rəhbəri də insanların əzab-əziyyətləri hesabına hansısa siyasi ideologiyanın yayılmasına nail olan, konkret bir ideologiyaya üstünlük qazandıran lider deyil. Müasir dünyanın kamil lideri xalqın həyatına rifah gətirən, iqtisadi inkişafa nail olan, insanlara iş, halal zəhməti ilə çörək qazanmaq, gün-güzəran qurmaq imkanı yaradan dövlət adamıdır, şəxsiyyətdir.

Bu mənada Azərbaycan Prezidenti də müasir dünyamızın kamil liderlərindəndir. Onun ölkəmizə rəhbərlik etdiyi 16 il ərzində Azərbaycanda həyat şərtləri büsbütün dəyişib. Vətənin elə bir ucqar guşəsi tapılmaz ki, inkişafın nəfəsi oralara qədər gedib çıxmasın. Bu, Azərbaycanın ən ucqar kəndlərinə də çəkilən abad yollardır, elektrik, qaz, su, rabitə xətləridir, insanlarımızı dünyaya qovuşduran kommunikasiya imkanlarıdır. Bütün ölkə boyu aparılan, vətənin qiyafəsini dəyişən abadlıq tədbirləridir. Hazırda dünyanın ən gözəl paytaxtlarından birinə çevrilmiş qürurumuz - Bakımızdır, digər şəhərlərimizdir.


Yeni yanaşmalar, müasir həllər


Prezident İlham Əliyev Azərbaycanda yeni bir gənc nəsil yetişdirir. Təhsili, fərdi inkişafı, daim savadlanmağı onlar üçün bir dəyərə çevirir. Təminatlı gələcək, eyni zamanda, ölkəmizin rifahı üçün təhsilin yeganə vasitə olduğunu hər çıxışında gənclərimizə anladır. Onların müasir imkanlardan bəhrələnə bilmələri, qlobal inkişaf mühitində özlərini sərbəst, komplekssiz hiss etmələri, qarşıya çıxan problemləri real imkanlara çevirməyi bacarmaları üçün bir dövlətin öz gəncliyi üçün edə biləcəyi bütün işləri görür. Azərbaycan Prezidenti çalışır ki, gəncliyimiz qlobal inkişafın bir hissəsi ola bilsin. Amma milli köklərdən də heç vaxt qopmasın. Vətənpərvər olsun, vətənin maraqlarını bir an unutmasın. Cənab İlham Əliyev Azərbaycan gəncliyinə inanır, yüksək etimad göstərir. Bu gün ölkəmizin kadr korpusu istedadlı gənclərlə yenilənir. Gənclərə yüksək vəzifələr həvalə edilir. Öz istedad və bacarıqlarını realizə etməkdən ötrü onlara meydan verilir. İdarəetmə sistemində səriştəli, enerjili, yeniliklərə həvəsli gənclərin fəal iştirakı ilə müasir yanaşmalar, həllər tətbiq olunur, həyata keçirilən vəzifələrə, mövcud problemlərə yeni münasibət formalaşır. Azərbaycan Prezidenti bu münasibətin daha nəticəyönümlü, həllyönümlü olmasına çalışır. Apardığı köklü islahatlar gedişində etimad göstərdiyi gənclərdən konkret nəticələr, cəmiyyət üçün faydalar tələb edir.

Bakı Dövlət Universitetinin 100 illik yubileyində dövlət rəhbərinin gəncliyə üz tutaraq xalqın milli-mənəvi, əxlaqi-ruhi sərvətinə, nadir dəyərlərinə inamla, məhəbbətlə yanaşıb, bu zəngin xəzinənin qorunmasını, gələcək nəsillərə ehtiramla ötürülməsini tövsiyə etməsi xalqımızın, dövlətimizin layiq olduğu səviyyənin qədir-qiymətini anlatmaq üçün bir ismarıc idi.


Üfüqdə görünən zəfər


Azərbaycan Prezidenti öz əzmi, qətiyyəti, ölkəmizin maraqlarından bir addım geri çəkilməməsi ilə öz əsgərinə sarsılmaz ruh verən, onun döyüş qüdrətini yüksəldən Ali Baş Komandan, Sərkərdədir. Cənab İlham Əliyev bu 16 ildə Azərbaycanda regionun ən güclü ordusunu qura bilib. Müasir silahlarla təchiz edilmiş bu ordu öz döyüş qüdrətini 2016-cı ilin aprelində düşmən üzərində qazandığı parlaq zəfərlə sübuta yetirdi. Azərbaycan Ordusu bu gün də Ali Baş Komandanın bircə əmri ilə saatlar içində düşməni darmadağın edib üçrəngli bayrağımızı indi şeytan yuvasına çevrilmiş Xankəndiyə sancmaq əzmindədir. Bununla belə, strateji qərarlar bəzən tələsməməyi təlqin edir. Bu gün Azərbaycan Prezidenti əsgərimizin döyüş meydanında qazanacağı zəfəri diplomatiya meydanında qazanır. Azərbaycanın hazırda qlobal layihələrdən, inkişaf axarından kənar düşüb ac-yalavac durumda qalmış Ermənistan üzərində əldə etdiyi sosial-iqtisadi nailiyyətlərlə düşməni məğlubiyyətə düçar edir, xalqımızı böyük zəfərə addım-addım yaxınlaşdırır.

O gün uzaqda deyil. O ümidlərin üfüqləri görünməkdədir.


Milli-mənəvi dəyərlərimizin hamisi


Azərbaycan Prezidenti xalqımızın milli-mənəvi dəyərlərinə münasibətdə də Heydər Əliyev yoluna, Ulu Öndərin ideyalarına sadiqdir. O, hər zaman təlqin edir ki, biz öz milli-mənəvi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq. Gənc nəsli də əsrlərin sınağından keçmiş bu dəyərlər ruhunda tərbiyə etməliyik. İlham Əliyev xalqımızın milli psixologiyasını, özünəməxsusluqlarını, mentalitetimizi dərindən bilən xarizmatik liderdir. Azərbaycan Prezidenti hər addımında çalışır ki, bütün dünya Azərbaycan xalqının öz keçmişi, formalaşdırdığı tarixi irslə nə qədər böyük bir xalq olduğunu görsün. Eyni zamanda, xalqımız da bu irsin işığı ilə qürurlansın, möhkəm təməllər üzərində yeni nailiyyətlər yaratmağa ruhlansın, heç kimin qarşısında aşağılıq kompleksi keçirməsin. Çünki qoca Şərqin Əfzələddin Xaqani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli kimi dahilərini yetirmiş, hər biri bəşər mədəniyyətinin incisi olan memarlıq abidələrini ərsəyə gətirmiş, dünyanın fikir xəzinəsinə inanılmaz töhfələr bəxş etmiş bu xalq həqiqətən böyükdür. Tarixən və hazırda dünyanın bizdən öyrənə biləcəyi çox şeylər var.

Ona görə də İlham Əliyevin həssas, qayğıkeş nəzərləri daim milli-mədəni irsimizin üzərindədir. Azərbaycan ərazisindəki qədim tarixi abidələrimiz bərpa olunur, dövlət rəhbərimiz iş qrafiki nə qədər gərgin olsa da, onların hər birinə şəxsən baş çəkir, aparılan işlərlə maraqlanır. İllərin tədricən unutdurmağa başladığı qədim mədəni irsimizi üzə çıxarır, müasir təqdimat formaları ilə onlara yeni həyat verir, Azərbaycan mədəniyyətinin gözəlliklərini dünyaya göstərir.

Bu məqamda onun etibarlı silahdaşı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Heydər Əliyev Fondunun humanitar layihələri ilə dövlət rəhbərimizin həyata keçirdiyi siyasətə misilsiz töhfələr verir. Elə Azərbaycan Respublikası Prezidentinin Lider kimi ən böyük uğurlarından biri də Mehriban xanım Əliyeva şəxsində ona hər zaman dəstək verən, milli hədəflərə doğru ruhlandıran, yürütdüyü siyasətin faydalı nəticələri üçün fədakar zəhmətdən usanmayan belə bir vəfalı yaxın silahdaşa malik olmasıdır.

Mehriban xanımın ictimai obrazı, Azərbaycan xalqının ona olan sonsuz rəğbəti vətəndaş-dövlət münasibətlərini daha da doğmalaşdırır, həyata keçirilən siyasətin humanizm məzmununu gücləndirir. Milli-mənəvi dəyərlərimizin hamisi kimi Mehriban xanım Əliyeva həyata keçirdiyi sosial-mədəni layihələrlə insanların yaşayışına böyük faydalar gətirir. Onların qarşısında inkişaf üçün yeni imkanlar açır.


Xalqla birgə


Azərbaycan Prezidentinin elan etdiyi sosial siyasətin, sosial tədbirlər paketinin icrasında əsas məsuliyyət Mehriban xanımın üzərindədir və bu, təsadüfi deyil. Dövlət rəhbərimizin insanlarımız üçün xüsusilə həssas bir istiqaməti ən çox inanıb etibar etdiyi silahdaşına həvalə etməsinin özü də cənab İlham Əliyevin vətəndaşlarımıza diqqət və qayğısından, onların həyatını daha da yaxşılaşdırmaq üçün nə mümkündürsə etmək arzusundan irəli gəlir.

Prezident İlham Əliyev də, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da hər zaman xalqın arasındadırlar, sadə insanlarla bir yerdədirlər. Uzun illərdir ki, Azərbaycan cəmiyyəti onları məhz belə görməyə öyrəşib. Onlarla vətəndaşlar arasında heç bir keçilməz sədd yoxdur. İnsanlarla görüşdükləri məkanlarda hər kəs onlara yaxınlaşıb ünsiyyət qura, ürək sözlərini dilə gətirə, hansısa problemini çatdırıb anında həllinə nail ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevlə, Mehriban xanım Əliyeva ilə belə tədbirlərdə mobil telefonlarının kameraları ilə özçəkim etmək, sosial şəbəkələrdə paylaşmaq Azərbaycan gəncliyi üçün xoş bir ənənəyə çevrilib. Bu cür şəkilləri həmişə böyük maraqla izləyirəm, baxanda ürəyim sevinir. Çünki bu, insanpərvərliyin, sadəliyin, səmimiyyətin, birliyin, qarşılıqlı hörmət və məhəbbətin, sevgi və inamın şəkilləridir. Həm də Azərbaycan gəncliyi üçün bir örnəkdir.

Bu örnəyi yaradan Azərbaycan Prezidenti İlham Əliyevin, Mehriban xanım Əliyevanın səmimiyyətidir, kimliyindən asılı olmayaraq insanlara diqqətidir.

Azərbaycan Prezidenti başqalarını da daim sadə və təvazökar olmağa, dəbdəbəli villaları, maddi imkanlar hesabına istədiyini etmək gücünü deyil, insanlara layiqincə xidmət göstərməyi, xeyirxahlığı, şəfqəti, digərlərinin halından anlamağı, nümunəvi davranışları dəyər bilməyə çağırır. Özü də, övladları da hər kəs üçün bunun ən parlaq nümunəsini yaradır.


Azərbaycan nümunəsi


Dövlət rəhbərimiz ötən 16 il ərzində Azərbaycanı dünya üçün bir örnəyə çevirə bilib. Respublikamız ilk növbədə özünəməxsus inkişaf yolu, misilsiz sosial-iqtisadi nailiyyətləri, bunun vətəndaşların həyatına gətirdiyi faydalar ilə dünyaya bir örnəkdir.

Şərq və Qərbin qovuşuğunda, sivilizasiyaların dialoqu məkanında yerləşən Azərbaycan özünün tolerantlıq ənənələri, mükəmməl dövlət-din münasibətləri, islam inancına sayğısı ilə yanaşı, həm də malik olduğu dünyəvi dəyərlər, fərqli mədəniyyətlərə hörmət ruhu ilə də bütün aləmdə bir nümunəyə çevrilib.

Azərbaycan illərdir ki, qlobal humanitar forumlara, beynəlxalq tədbirlərə evsahibliyi edir. Dünyanın nüfuzlu elm, mədəniyyət, dövlət xadimlərinin qatıldığı bu toplantılarda sülhün qorunması, insanın rifahının bütün siyasi niyyətlərdən uca tutulması, multikulturalizm ideyalarının yayılması, milli, dini, irqi ayrı-seçkiliklərin qarşısının alınması üçün bəşəriyyətə çağırışlar edilir. Bu çağırışlar ildən-ilə daha çox yayılır. Bu çağırışlardan ildən-ilə daha çox adam nəticə çıxarır. Cənab İlham Əliyev bununla təkcə Azərbaycan dövlətinin, xalqının deyil, bütün bəşəriyyətin gələcəyi üçün bir işıq yandırır.

İlham Əliyevin Azərbaycana rəhbərlik dövrü əsrlər sonra da həmişə bu işıqla, onun nurunda daha aydın görünən möhtəşəm ilklərlə, tarixi nailiyyətlərlə xatırlanacaq.

Bu günsə möhtəşəm nailiyyətləri yaradan qüdrətli Liderin doğum günüdür. Ömrü xalqının tarixinə çevrilmiş böyük dövlət adamının dünyaya gəldiyi gün.

Doğum gününüz mübarək, cənab Prezident!

Yeni tarixi səhifələrə, yeni möhtəşəm nailiyyətlərə doğru yolunuz açıq olsun!

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor,

YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video