24 Dekabr 2019 03:46
1690
SİYASƏT
A- A+

Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətidir


Ulu Öndər Heydər Əliyevin rəhbərlik illəri Azərbaycanın tənəzzüldən intibaha uğurlu keçidi, müstəqilliyin nəzəriyyədən real müstəviyə transformasiyası, düzgün iqtisadi inkişaf modelinin müəyyənləşməsi və tətbiqi dövrü kimi tariximizin ən şərəfli səhifələrini təşkil edir.

Hazırda Azərbaycan dövləti ölkəmizin müstəqillik dövrü tarixinin yeni inkişaf mərhələsini yaşayır. Bu mərhələ haqlı olaraq müstəqil Azərbaycan dövlətinin İlham Əliyev dövrü adlandırılır.

Prezident İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirir. O, müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə edir, həm də istənilən mötəbər məqamda böyük ləyaqətlə təmsil etmək vəzifəsini yüksək səviyyədə gerçəkləşdirir.

Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında köklü, davamlı dövlətçilik ənənələrinin qorunub saxlanması ilə yanaşı, dövlət strukturu böyük sürətlə inkişaf etdirilərək təkmilləşdirilir və yeniləşdirilir, dövlətin idarə olunmasının ən müasir forma və metodları uğurla tətbiq olunur. Ölkəmizdə demokratik cəmiyyətin inkişaf etdirilib möhkəmləndirilməsinə, bazar münasibətlərinə əsaslanan yeni iqtisadi siyasətin bərqərar olması proseslərinin genişləndirilməsinə ciddi fikir verilir.

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir. Son illərdə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorundan gələn gəlirlərin xüsusi çəkisinin yüksələn xətlə inkişafı aparılan siyasətin müsbət nəticələrinin təzahürüdür.

Qısa müddətdə, sözün əsl mənasında, möhtəşəm addımlarla irəliləyən müstəqil Azərbaycan dövlətinin böyük tərəqqisində İlham Əliyevin prezidentlik fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.

Dövlət rəhbəri İlham Əliyevin siyasi fəaliyyətinin ana xətlərini azərbaycançılıq, millətlərarası münaqişələrin praqmatik həlli, mükəmməl neft strategiyası, enerji təhlükəsizliyi, bəşəriyyətin taleyində çoxaspektli dialoqun rolu, tolerantlıq fəlsəfəsi, iqtisadiyyatın şaxələndirilmiş inkişafı, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi kimi aktual, xüsusi çəkiyə malik məsələlər təşkil edir. Milli mənafeyin, dövlətçilik maraqlarının həmişə üstün tutulması İlham Əliyev siyasətinin əsas mahiyyətidir.

Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.

Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payını və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir.

Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, habelə cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi təsis edilmişdir.

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiya nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Elmi-texniki inqilabın məhsulu olan müasir informasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, insanlar arasında olan mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ülu Öndərin ali ideyalarına əsaslanan dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olduğu qısa müddətdə öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış, ölkəmizin inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılmasının qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.

Yaxın günlərdə Mehriban xanımın Rusiya Federasiyasına rəsmi səfəri zamanı Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində yerləşən "Azərbaycan” pavilyonunun onun iştirakı ilə açılşı ölkəmiz üçün tarixi əhəmiyyətə malikdir.

23 noyabr 2019-cu il tarixdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Moskvada keçirilmiş 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyanın nümayəndələri də iştirak etmişlər.

Forum çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası ilə "Opora Rosii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Həmçinin Rusiyanın tanınmış mətbuat kommunikasiya qurumu olan "Biznes-Dialoq Media” ilə əməkdaşlıq sazişi də rəsmiləşdirilib.

Konfederasiya üzvləri inanırlar ki, "Azərbaycan” pavilyonunun açılışı çərçivəsində Moskvada keçirilmiş 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu Azərbaycan sahibkarlarına münbit şərait yaratmaqla hər iki ölkənin iqtisadiyyatının inkişafına əhəmiyyətli töfhə verəcəkdir.

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabətqabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə də həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir.

Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz”. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətlidir.

2019-cu ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə ölkə rəhbərinin diqqət yetirdiyi əsas məqamlardan biri məhz sahibkarlıqla bağlı olmuşdur. Ölkə Prezidenti iclasda bildirdi ki, "Bizim əsas vəzifəmiz iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun inkişafı ilə bağlamaqdır”.

Prezident İlham Əliyevin uğurlu il kimi qiymətləndirdiyi 2019-cu ildə özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər, islahatlar davam etdirilir. Bu ilin 11 ayı ərzində qeyri-neft sektorunda sənaye istehsalının 14,0 faiz artması dövlətin apardığı mütərəqqi iqtisadi-siyasətin bariz nümunəsidir. Bu dövrdə 42,2 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Qeyd olunan müddətdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11,4 milyard manat vəsait yönəldilmiş, sərf edilmiş vəsaitin 67 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil etmişdir. Ümumi sərmayənin 65,5 faizi məhsul istehsalı sahələrinə, 25,0 faizi xidmət sahələrinə, 9,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Bu dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12,8 milyard manat vəsait yönəldilmiş, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70 faizini təşkil etmişdir. Cari ildə Azərbaycan sahibkarları dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən idxal olunmuşdur.

Turizm sahəsində də inkişaf tempi müşahidə olunmuş, 2019-cu ildə Azərbaycana dünyanın 192 ölkəsindən 2,7 milyon və ya əvvəlki illə müqayisədə 11 faiz çox turist gəlmişdir.

Ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə məlumatda bildirilir ki, Azərbaycanda bu dövr orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artaraq 603,5 manata çatmışdır. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ ilin 10 ayında 45,7 milyard manat olmuşdur ki, bu da nominal ifadədə ötən ilin eyni dövründəkindən 7 faiz çoxdur.

Prezidentin müvafiq sərəncamları ilə reallaşan kompleks sosial islahatlar nəticəsində sentyabrın 1-dən ölkədə minimum aylıq əməkhaqqı məbləğinin 250 manata qaldırılması, bununla əlaqədar özəl sektorda çalışanların da əməkhaqlarının yüksəlməsi və bu sahədə şəffaflaşma proseslərinin sürətləndirilməsi nəticəsində cari ilin sentyabr ayında ölkə üzrə orta aylıq nominal əməkhaqqı 723,4 manata çatmışdır. Bu isə ötən ilin sentyabr ayı ilə müqayisədə 36 faiz çoxdur.

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm addımlardır.

Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu dəfələrlə qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

Görülən işlərə əsasən deyə bilərik ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından əvvəlki illərdən fərqli il oldu. Dövlət başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. Bu fərman sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu.

Təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiq etdi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.

Artıq sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora üstünlük verilir.

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının qəbul edilməsinin və həyata keçirilməsinin müstəsna əhəmiyyəti var. 2004-cü ildən uğurla icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını kökündən dəyişmiş, bölgələrdə sosial-iqtisadi inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaratmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının əsas uğurlu nəticələrindən biri də yeni iş yerlərinin yaradılmasıdır. Belə ki, 2004-cü ildən 2019-cu ilin ötən dövrü də daxil olmaqla ölkədə 2,3 milyon yeni iş yeri, o cümlədən IV Dövlət Proqramının icrası çərçivəsində 2019-cu ilin 6 ayı ərzində 92 min yeni iş yeri açılmışdır.

Reallıq da göstərir ki, son 16 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir.

Aparılmiş islahatların nəticələri beynəlxalq hesabatlarda da öz əksini tapıb, "Doing Business 2020” hesabatında Azərbaycan ümumilikdə 190 ölkə arasında 34-cü mövqedə qərarlaşıb. Bu hesabata görə, Azərbaycan ötən il olduğu kimi, bu il də 20 ən islahatçı ölkə sırasındadır.

Aparılan kompleks islahatlar nəticəsində "Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard dollardan çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider ölkəsidir. Bu ilin 10 ayında da qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlər 9,0 faiz artaraq 6,3 milyard manatı üstələyib. Sərmayə cəlbinin artması isə həm yeni iş yerlərinin açılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.

Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 16 il ərzində artması nəticəsində özəl sektorda iş yerlərinin əsaslı şəkildə artması bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Bu tədbirlərdən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsidir. Belə ki, fondun fəaliyyəti dövründə 36 min sahibkara 2,2 milyard manat güzəştli şərtlərlə kreditlər verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minədək yeni iş yerinin açılmasına imkan yaradılmışdır.

2019-cu ilin 9 ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat kredit verilib: Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.

Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir.

Son illərdə Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.

Regional inkişaf proqramları ilə yanaşı, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” və digər fərman və sərəncamların, qanunların, dövlət proqramlarının icrası sahibkarlıq fəaliyyətinin genişlənməsinə təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir.

Müəyyənləşdirilmiş iqtisadi strategiya nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafı baxımından nümunəyə çevrilməkdədir.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2014-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilmiş və "Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır”.

Başa vurmaqda olduğumuz il sosialyönümlü büdcə siyasəti, əhalinin maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur.

Son bir neçə ildə sənayenin inkişafında nəzərəçarpacaq uğurlar qazanılmışdır. Sənaye zonalarının və müvafiq infrastrukturların yaradılması yönündə də çoxsaylı layihələr uğurla icra edilmişdir. Bununla da ölkənin istər dövlət sektorunda, istərsə də özəl sektorunda müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması üçün mükəmməl zəmin yaranmışdır.

Ölkənin iqtisadi inkişafında Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının da özünəməxsus payı var. Azərbaycan Sahibkarlar Konfederasiyası hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini quraraq sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir və sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparılır. Konfederasiya tərəfindən bu işdə fəallıq göstərmək, sahibkarlara kömək etmək məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlanmış və hazırda onun həyata keçirilməsi sahəsində mühüm işlər aparılır. Konfederasiya ölkədə iş adamlarının maraqlarından cıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 60-a qədər assosiasiya və birlikləri birləşdirir. Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək olmaqla kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında yaradılmış 14 daimi komissiya sahələr üzrə idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

Beynəlxalq əlaqələrimiz zəngin və çoxşaxəlidir. Beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, beynəlxalq və ölkələrarası ikitərəfli biznes forum və sərgilərdə iştirak etmək, Azərbaycan sahibkarlarını beynəlxalq aləmdə keçirilən tədbirlərdə təmsil etmək, konfederasiya üzvlərinin beynəlxalq sərgi və forumlarda iştirakına yaxından kömək etmək və sair məsələlər beynəlxalq əlaqələrimizin əsas ana xəttini təşkil edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı ilə mütəmadi olaraq Azərbaycan iş adamlarının xarici iş adamları ilə görüşləri keçirilmiş, bu görüşlərdə nəqliyyat, metal, tikinti-inşaat, memarlıq, mebel istehsalı, podratçılıq, enerji sistemləri, turizm kimi mühüm məsələlər üzrə əməkdaşlığın qurulması və investisiya məsələləri müzakirə edilmişdir.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsidir. Bu işlərin görülməsi ücün digər tədbirlərlə yanaşı, işi günün tələbləri səviyyəsində qurmaq bacarığına malik olan kadrların hazırlanmasına ehtiyac vardır.

Keçən müddət ərzində konfederasiyanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlər Şurasının tədbirlərinə qatılmış, konfederasiyanın xarici ölkələrdəki yeni nümayəndəliklərinin yaradılması, mövcud olanlarla əməkdaşlığın inkişaf etdirilməsi, bir sıra beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, qeyri-hökumət təşkilatları, biznes qurumlarının nümayəndələri ilə işgüzar əlaqələri genişləndirilmişdir. Konfederasiya "Biznes Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir sıra xarici biznes qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasını və birgə biznes görüşlərin təşkilini həyata keçirmişdir. "Beynəlxalq Əlaqələr və xarici investisiyalı şirkətlər” komissiyasının əsasnaməsi işlənib hazırlanmış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili yanında Biznes və İnsan hüquqları üzrə İşçi Qrupunun iclaslarında konfederasiya təmsil olunmuşdur.

Bu müddətdə konfederasiya rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya, Fransa, Mərakeş, Türkiyə, Rusiya və digər xarici ölkələrin səfirləri ilə görüşmüş ölkələr arasında mövcud əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Konfederasiya ilə Avropa İnkişaf və Yenidənqurma Bankı arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair görüş keçirilmiş, Avropa İnkişaf və Yenidənqurma Bankının Bakıdakı daimi nümayəndəliyi ilə birlikdə "dəyirmi masa” təşkil olunmuş, Azərbaycan üzrə strategiya sənədi müzakirə olunmuşdur.

Ümumiyyətlə, konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin Komissiyaları və təşkilatları ilə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.

Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrin genişləndirilməsi məqsədilə cari ildə ölkə sahibkarlarının iştirakı ilə Azərbaycanda 200-dən cox, xarici ölkələrdə 40-dan cox biznes forum və konfrans kecirilmiş, eləcə də qeyri-neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada kecirilmiş sərgilərdə Azərbaycan sahibkarlarının iştirakı təmin edilmişdir.

Son illər konfederasiya dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 30-dan çox İşəgötürənlər Təşkilatları və assosasiyaları ilə əməkdaşlıq müqaviləsi imzalamışdır. Bu müqavilələr ölkələrimiz arasında biznes əlaqələrinin genişlənməsi və daha səmərəli nəticə verməsi istiqamətində mühüm rol oynayır.

Azərbaycan sahibkarlarının xarici ölkələrə investisiya yatırması istiqamətində araşdırmalar aparılmış, bu günədək 50-yə yaxın ölkə ilə əməkdaşlıq müqaviləsi imzalanmış və bu sənədlər sayəsində faydalı əməkdaşlıq imkanları yaranmışdır.

Beynəlxalq əlaqələrimizin bundan sonra daha da genişləndirilməsini planlaşdırırıq. Hesab edirik ki, bu yolla Azərbaycan sahibkarlarının istehsal etdiyi məhsulların dünya bazarına cıxarılmasını, ölkəyə yeni texnologiyaların gətirilməsini, investisiya yatırımının stimullaşdırılmasına nail olmaq mümkündür.

Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığı sürətlə aradan qaldırılır və bu proses hazırda mühüm əhəmiyyət kəsb edir. Ölkədə kiçik və orta sahibkarlıq mühüm iqtisadi amilə çevrilir, yeni iş yerləri açılır, gələcəkdə də bu tendensiya davam etdiriləcək.

Konfederasiya sahibkarların problemlərinin həll edilməsində, onların maariflənməsində daima maraqlıdır. Eyni zamanda regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün onların təşkilatlanmasına ehtiyac vardır.

Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Təbii ki, konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.

Azərbaycan Sahibkarlar Konfederasiyası zamanın tələblərini nəzərə alaraq gündəlik fəaliyyətini durmadan təkmilləşdirir, müasir biliklər təcrübəsindən, modern idarəçilik üsullarından real şəkildə bəhrələnməyə çalışır. Əmin olduğumu bildirirəm ki, bütün bunlar öz real bəhrəsini verəcək, müstəqillik yollarında inamla irəliləyən Azərbaycanda sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir.

Azərbaycanın inkişafı istiqamətində apardığı işləri bəyənən və dəstəkləyən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə sahibkarlarının yekdil iradəsini ifadə edərək, ölkə Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, Azərbaycanın tərəqqisi naminə fədakar əməyində müvəffəqiyyətlər arzulayır.

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video