22 Dekabr 2019 01:02
3448
Elm və texnika
A- A+

Planetimizin “ağciyərləri”


Bura 2011-ci ildə dünyanın 7 möcüzəsindən biri kimi qəbul edilib...

Yer kürəsinin oksigen təminatının 20 faizi buranın payına düşür...

Bura həm də planetimizin "ağciyərləri” adlandırılır. Söhbət ərazisinə görə dünyanın ən böyük tropik meşələri olan Amazon meşələrindən gedir.

Bu meşələr dünyanın ikinci ən böyük çayı olan Amazon çayının vadisində yerləşir. 6400 kilometr uzunluğa malik Amazon çayının 110 qolu var. Çay və onun qolları suyu 9 ölkənin - Peru, Braziliya, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinama və Fransa Qvianası - ərazisindən toplayaraq okeana daşıyırlar. Amazon meşələri də məhz bu ölkələrin ərazisinə düşür.

Yer kürəsinin bütün tropik meşələrinin yarıdan çoxunu təşkil edən Amazonun sahəsi 5 milyon kvadratmetrdən artıqdır. Meşələrin özlərinin yaşı isə 55 milyon ildən yuxarıdır.

Amazon cəngəlliklərində insanların məskunlaşma tarixi 11200 il əvvələ gedib çıxır. İlk böyük qəbilələrin məskənləri 13-cü əsrin əvvəllərində meşə ilə çayın sərhəd zolaqlarında əmələ gəlməyə başlayıb. Avropalıların ayağı yalnız 16-cı əsrin ortalarında Amazon torpaqlarına dəyib. Bura gələn ilk şəxs isə Amazonun adını tarixə yazdıran Fransisko Orellana olub.

Əfsanəyə görə, bu adın verilməsinə səbəb ekspedisiya əsnasında ispanıyalıların bir vəhşi tayfanın qadınlarını məhz qədim yunan mifologiyasındakı "Amazon” qadınları kimi döyüşkən, mübariz kimi görmələri olub.

Amazon meşələrində 400-500 hindu qəbiləsi yaşayır. Onlardan 75-ə yaxını, ümumiyyətlə, ətraf aləmlə heç bir kontakt qurmadan həyat sürür. Ümumilikdə bu meşələrdə yaşayan hinduların sayı 400 min nəfərdən çoxdur.

Bu torpaq çox sayda çağırılmamış qonağın həyatına son qoyub; bəziləri yerli qəbilələrin qurbanı olub, bəziləri tropik xəstəliklərə tutularaq canını verib, bəziləri isə insan ayağı dəyməyən sıx cəngəlliklərdə yolunu itirərək, yemək və ya içməli su əldə edə bilmədiyinə görə ölüb. Bununla yanaşı, ərazinin öyrənilməsi ilə bağlı elmi işlərin aparıldığı illərdə bir çox kəşflər edilib. Burada 40 mindən çox bitki aşkar edilib. Araşdırılıb ki, bu bitkilərin bir çoxu nadir xüsusiyyətlərə malikdir və ciddi xəstəliklərin sağaldılmasına kömək edə biləcək bahalı dərman preparatlarında istifadə olunur.

Amazon meşələri dünyanın ən zəngin canlı aləminə (150 min bitki, 75 min ağac, 1300 quş, 3000 balıq, 2,5 milyon həşərat növü) malik ərazidir. Amazonun tədqiqatı ilə əlaqədar elmi araşdırmalar davam edir. Hələ də orada yaşayan canlı aləmin dəqiq siyahısı müəyyən edilməyib. Çünki olduqca sıx olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə getməsinə imkan vermir. Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir. Bəzi mənbələrdə bu vəhşi balıqların timsaha kütləvi şəkildə hücum edib onu yedikləri də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş qəbilə ictimai quruluşunda yaşayan insanlara rast gəlinib. Müasir həyatla heç bir əlaqələri olmadığından tədqiqatçılar onlarla və yaşadıqları yaxın ərazilərlə bağlı araşdırma aparmamaq qərarına gəliblər.

Təəssüf ki, bu cür zəngin təbiət gündən-günə məhv olmaqdadır. Təkcə Peru ərazisində qanunsuz mədənçilik fəaliyyəti nəticəsində 2001-ci ildən sonrakı dövr ərzində təxminən 2 milyon hektar Amazon meşəsi məhv olub. Təkcə bu il Braziliyanın Amazon meşələrində 72 mindən çox yanğın baş verib. Bundan başqa meşəliklər qırılıb satılır. Bu ərazinin məhv olması dünyada oksigen ehtiyatlarının da xeyli miqdarda azalmasına, əvəzində karbon qazlarının çoxalmasına gətirib çıxarır.

Kaliforniya universitetinin alimləri Amazon tropik meşələrinin quruma təhlükəsi ilə üz-üzə olduğunu bildirirlər. Onlar bunun səbəbini istixana qazlarının artması ilə izah edirlər.

2018-ci ildə alimlərin apardığı hesablamalar göstərib ki, Amazon meşələrinin 17 faizi bərpaolunmaz formada məhv edilib. Daha 8 faizə yaxın ərazini də eyni aqibət gözləyir. Bu isə yalnız Amazoniya sakinlərini deyil, Yer kürəsinin oksigenlə təminatı baxımından bütün bəşəriyyəti narahat edən bir problemdir.

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video