15:19 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Təcrübəli pedaqoq, zəhmətkeş alim, nəcib insan
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:34 19.12.2019


Bu yaxınlarda Azərbaycanın ilk ali təhsil ocağı - Bakı Dövlət Universiteti təntənəli şəkildə özünün 100 illiyini qeyd etdi. Ötən bu bir əsr ərzində təhsilimizin flaqmanı sayılan BDU yüzlərlə alim, müəllim və yaradıcı insanlar yetişdirib. Bunların arasında jurnalistika təhsilində danılmaz xidmətləri olan tanınmış ziyalılarımız da az olmayıb.

Belə alimlərdən biri də bu gün özünün 80 yaşını qeyd edən, zəngin elmi-pedaqoji təcrübəyə malik olan və insani keyfiyyətləri ilə seçilən dəyərli həmkarımız professor Akif Rüstəmovdur.

A.Rüstəmov ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirdikdən sonra ömürlük həyatını respublikanın bu nüfuzlu ali təhsil məktəbi ilə bağlamışdır. Əmək fəaliyyətinə adi laborantdan başlamış, daha sonra müəllim, baş müəllim, dosent, dekan müavini, dekan vəzifəsinə qədər yüksələ bilmişdir. Fakültədə çalışdığı 50 ilə yaxın dovrdə Akif müəllim qayğıkeş, eyni zamanda sadə, saf əqidəsi və məsləki olan, təbiətcə sakit və iddiasız ziyalı və nurlu bir sima kimi hamının hörmətini qazanmışdır. A.Rüstəmovun etdiyi yaxşılıqlar, qayğıkeş əməllər onu daim ucaldır, zirvələrə yüksəldir.

İllər keçir, dövr dəyişir, çoxları zamana uyğun hərəkət etməyə çalışır. Akif müəllim isə dəyişməz olaraq qalır. Ona görə o, sözdə də, əməldə də, davranışında və düşüncəsində də bütöv bir zəka sahibidir. Akif Rüstəmov gözəl ziyalı-alim və təcrübəli müəllim olmaqla yanaşı, təmkinli, ləyaqətli bir insandır. Və bu keyfiyyətləri o, təkcə öz doğma Bakı Dövlət Universitetində deyil, hətta bir arada dekan olduğu özəl ali məktəblərdə də nümayiş etdirə bilmişdir. Onu da deyim ki, özəllərə Akif müəllimin özünün nə həvəsi, nə də meyli var idi. Onun dalınca rektoratın adından dəfələrlə adam göndərilərdi, zənglər, xahişlər olardı. Akif Rüstəmovun özəllərdə calışdığı illər həmin ali məktəblər üçün "intibah dövrü” olmuşdur. O, BDU-nun tədris sistemini, intizam qaydalarını özəllərə keçirmək üçün çox səy göstərirdi.

Akif Rüstəmovun mənəvi zənginliyinə və daxili təmizliyinə yaxından bələd olduqca belə bir qənaətə gəlirsən ki, ona məxsus ləyaqət, ucalıq fitri xilqətdir. Müəllimlik bütün varlığı ilə onun işində, əməlində, nəcib hərəkətlərində özünü göstərir.

A.Rüstəmov BDU-nun Jurnalistika fakültəsinin dekanı olan vaxtlarda (1989- 1999) çox adama çörək verib, işə dəvət edib, yardım göstərib. Dekan olanda iş yerini özününkü hesab etməyib, vəzifəni insanlara kömək etmək şansı kimi qiymətləndirib.

Tələbələri Akif müəllimi sevir, ona hörmətlə yanaşır. Hətta rəhbərliyin ona qıyımsılıq olan dövrlərdə də Akif Rüstəmov ləyaqətini qoruyub saxlamağı bacarıb, heç kəsin yanında minnətli olmayıb. Belə hallarda o deyirdi: "Mənim üçün ən böyük mükafat tələbələrin mənə olan hörmətidir. Tələbənin hörmətini və sevincini qazanmaqdan qiymətli nə ola bilər ki?..”

A.Rüstəmovun həmkarları heç zaman onun özu haqqında yüksək fikirdə olduğunu görməyiblər. Akif müəllim çox konkret insandır. Sözü birbaşa adamın üzünə deyər. Əgər nə isə xoşuna gəlməyibsə, qarşıdakı şəxsin kimliyindən asılı olmayaraq bunu gizlətməyəcəkdir.

İstər dekan olduğu illərdə, istər ondan sonrakı dövrlərdə tələbələr təhsil aldığı dörd il ərzində Akif müəllimin bir dəfə də olsun əsəbiləşdiyinin şahidi olmayıblar. Bəlkə də olubdur, lakin o, bunu heç kəsə hiss etdirməyibdir. A.Rüstəmov hər zaman işinə məsuliyyət və dəqiqliklə yanaşır, məhz buna görə də o, kollektivdə hörmət və nüfuz sahibi kimi tanınır.

Onun xarakterinin bir cəhətini də qeyd etmək istərdim. Bir müəllim kimi Akif Rüstəmov tələbkardır. Lakin bu tələbkarlığın özundə bir qayğı vardı, o, tələbələrini öz övladlarından ayırmır. A.Rüstəmov imtahanlar zamanı tələbələri incitməz, nəyə görəsə onlara aşağı qiymət verməz. Bunu tələbələr də, valideynlər də, digər müəllimlər də yaxşı bilirlər. O, ömrü boyu belə işləyib. Bu nöqteyi-nəzərdən A.Rüstəmov çoxlarına örnək ola bilər. Hesab edirəm ki, bu, bir ömrün mükəmməl ifadəsidir.

Akif Rüstəmov hər cəhətdən etibar edilən adamdır. Onun müsbət keyfiyyətlərinə indiki zamanda çox az-az adamlarda rast gəlmək olar. Bu mənada Akif müəllim onu tanıyanlar üçün qənimət adamdır. Akif müəllim sözün əsl mənasında cəfakeş müəllimdir, öz peşəsinin vurğunudur. Bunu fakültəmizdə onunla uzun illər çiyin-çiyinə çalışan digər pedaqoqlar da təsdiqləyə bilər. Gəlin onların da Akif müəllimə olan münasibətinə nəzər yetirək:

"Cahangir Məmmədli Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor: Akif Rüstəmov qırx beş ildən artıqdır ki, öz həlim xarakteri, ətrafına qayğıları, özündən çox ətrafdaşlarını düşünməyi ilə bizi heyran qoyur. Jurnalistika fakültəsinin bütün inkişafı onun gözü qarşısında kecib. Ən çətin dərs bölgülərində doğma-ögeyliyə bölmədən kafedralara kömək olub. Bəzən başqalarının işini gördüyü üçün əsəbiləşən vaxtları da olub, amma heç vaxt üzə vurmayıb. Adi müəllim çağında da, vəzifəli günlərində də Akif müəllimin dostları dəyişməz olub. Onun onillik dekanlıq dövrü tələbələrinin, dostlarının, iş yoldaşlarının demokratik dövrü kimi yadda qalıb. Akif müəllim təmənnasız dekan olub. O, tələbəyə hər şeydən əvvəl həmkar kimi baxır. Mən müxtəlif redaksiyalarda keçmiş məzunların onu necə qarşıladığının şahidi olmuşam. O görüş anlarında ürəyimdən bir həsəd də qopub. Lakin dərhal hiss etmişəm ki, elə mən özüm də bu bəstəboy, iddiasız, təmənnasız, səmimi insanı çox sevirəm - dost kimi və bir də ən çətin anda köməyə gələn iş yoldaşı kimi”.

Mahmud Mahmudov, dosent: "Akif müəllimin müsbət keyfiyyətlərindən biri onun haqsızlığa yol verməməsidir. Bunu təkcə bir faktın timsalında görmək olar. Keçən əsrin doxsanıncı illərinin əvvəllərində, ölkənin qarmaqarışıq dövründə universitetin keçmiş rəhbərliyinin iki ağsaqqal müəllimlərimizə - Nəsir İmanquliyevə və Seyfulla Əliyevə haradansa sərt münasibəti ortaya çıxmışdır. Rəsmi yığıncaqlarda Akif müəllimə dəfələrlə deyilmişdir.

- Onların hər ikisinin işdən azad olunması barədə təqdimat yaz!

Akif müəllim isə qəti etirazını bildirmişdi:

- Nəsir İmanquliyev də, Seyfulla Əliyev də mənim müəllimlərim olub. Buna görə də tapşırığınız mənim üçün imkan xaricindədir. Yalnız özümün işdən azad olunmağım barədə ərizə yaza bilərəm.

Qətiyyətini, inadını görüb keçmiş rəhbərlik daha təkid etməmiş, məsələdən hali olan həmin müəllimlər isə Akif müəllimə öz minnətdarlığını bildirmişdilər”.

Əli Hacıyev, baş müəllim: "Heç kəsə sirr deyil ki, Jurnalistika fakültəsi digər fakültələrdən seçilir. Burada təhsil alanların əksəriyyəti hələ tələbə ikən kütləvi informasiya vasitələri ilə əlaqə saxlayır. Odur ki, informasiya sarıdan da korluq çəkmirlər. Bəzən onların verdiyi "qəliz” suallara elə cavab verməlisən ki, səndən narazı qalmasınlar. Belələri ilə işləmək də asan deyil. Xüsusilə, Akif müəllimin dekan olduğu illər. Həmin dövr respublikanın ağır günləri idi. Qarabağ müharibəsi, ölkədəki ağır ictimai-siyasi vəziyyət, mitinqlər, sui-qəsdlər, jurnalistlərin döyülməsi, bir sözlə, sabitliyin pozulması tələbələri də hərəkətə gətirmişdi. Bu dövr mən deyərdim ki, Akif müəllim hər bir tələbəni düzgün istiqamətləndirməyi də bacarırdı... Bu illər Akif müəllimin kollektivin hər bir üzvünə eyni münasibət bəslədiyini, ayrı-seçkiliyə yol vermədiyini, həmin qanlı-qadalı günlərdə onları necə qoruduğunun şahidiyəm”.

A.Rüstəmov bir neçə sanballı dərs vəsaitinin, çoxsaylı elmi məqalələrin müəllifidir. Onun ikicildlik "Jurnalistika” və "Xarici ölkələrin jurnalistika tarixi” dərs vəsaitləri, "Mətbuat azadlığı və jurnalist fəaliyyəti”, "İnformasiya təhlükəsizliyi və mətbuat”, "KİV-in fəaliyyətində auditoriyanın rolu”, "İnformasiya cəmiyyətində KİV-in artan rolu”, "Jurnalistika və beynəlxalq terrorizm problemi”, "İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti”, "Cəmiyyət və jurnalistika” sərlövhəli yazıları elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Lakin onun əsas əsərləri tələbələrdir. O tələbələr ki, daxil olduğu auditoriyaya müəllimin əmanət verdiyi bilikləri və öyüd-nəsihətləti götürür. Akif müəllim çox həvəslə bildiklərini tələbələrinə ötürməyi bacarır. Və bu gün onun biliyindən qida alan neçə-neçə tələbənin səsi yüksək kabinetlərdən, nüfuzlu mətbu orqanlardan, efir kanallarından gəlir. Mən Akif müəllimin onlarla keçmiş tələbəsini tanıyıram ki, jurnalistika sahəsində özlərinə layiq və müəlliminə qürur gətirən zirvəyə qalxmışlar.

Akif müəllim nümunəvi ailə başçısı, iki oğul, bir qız atası və üç nəvə babasıdır. Oğlanlarından biri - Azər bu yaxınlarda ABŞ-ın şəhərlərindən birində müvəffəqiyyətlə magistraturanı bitirib.

Akif müəllim hər zaman olduğu kimi, indi də fakültəmizdə dərs dediyi tələbələrin jurnalistika peşəsinə dərindən yiyələnməsi üçün əlindən gələni əsirgəmir. O, bu gün də yetirmələrinin əhatəsində, ona çox doğma olan kollektivdədir.

80 az yaş deyil. Akif müəllimin bu rəqəmlə fəxr etməyə haqqı var. Həmin haqqı o, qələmindən çıxan dərslikləri və çoxsaylı məqalələri, saysız-hesabsız tələbələri, zəngin müəllimlik fəaliyyəti ilə qazanıb. Ləyaqətli insan, ağsaqqal müəllimə bundan sonra da elmi-pedaqoji işində uğurlar və insan üçün ən gərəkli olan cansağlığı arzulayırıq.

Ayaz MUSAYEV,

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının baş müəllimi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM