17 Dekabr 2019 02:50
897
Mədəniyyət
A- A+

Milli mətbuatımızın unudulmaz patriarxı


145 yaşını haqlamaqda olan Azərbaycan mediası bütün mərhələlərində xalqa, milli jurnalistikamıza, tariximizə baş ucalığı gətirən görkəmli simalar yetişdirib. Bizlər bu uzun, keşməkeşli yolun hər dönəmində misilsiz xidmətləri olan isimləri yaxşı tanıyırıq. Hesab edirəm ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdabidən tutmuş günümüzədək müxtəlif mərhələlərdə Cəlil Məmmədquluzadə, Məmmədağa Şaxtaxtinski, Üzeyir Hacıbəyli... kimi silinməz izləri qalan dühaları daim xatırlamaq hamımızın borcudur.

Sevimli müəllimimiz Şirməmməd ömrünün 60 ildən çoxunu mətbu zirvələrin daha mükəmməl tanıdılması naminə arxivlərdə keçirən, onların bənzərsiz irsinə ikinci həyat verən mətbuat tədqiqatçılarından olub. Deyirəm nə yaxşı ki, tale bu zaman kəsiyində onu xalqımıza bəxş etmişdi. Yoxsa hələ də həmin dövrün zirvəsinə kim haqq edir sualı uzun müddət cavabsız qalacaqdı.

Əlbəttə, zirvə o zaman daha möhtəşəm görünür ki, sağında-solunda əzəmətli müttəfiqləri dayansın. Ötən əsrin ikinci yarısından bəri mediamız kimləri itirmədi, onların yerləri boş görünəndə Nəsir İmanquliyev, Nurəddin Babayev, Nəriman Zeynalov, Qulu Xəlilov sinələrini irəli verdilər. Yazdılar, yaratdılar, mətbuat tarixini, nəzəriyyəsini tədris etdilər. Publisistik məqalələri ilə nədən, necə yazmağın praktik nümunələrini ərsəyə gətirdilər. Həmin illərdə mətbuatımız ona görə indikindən daha cazibədar görünürdü ki, sükanı arxasında adlarını sadaladığım insanlar dayanmışdılar. Onların mühazirələrini dinləmək üçün nəzərə çarpmadan auditoriyalarda görünməyi təhsil aldığım Filologiya fakültəsinin tələbələri zirəkliyin bir forması olaraq dəyərləndirirdilər. Şirməmməd müəllim tək-tək pedaqoqlardan idi ki, xəfif təbəssümü ilə bunu görməzliyə vururdu. İkinci kursda Ulu Öndərimiz Heydər Əliyevin sayəsində Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsilimi davam etdirmək üçün göndəriləndə arzu və inadıma dəstək verən Şirməmməd müəllimin xeyirxah məsləhətlərini minnətdarlıqla xatırlayıram.

Ola bilsin kimsə Şirməmməd müəllimin ünvanına işlətdiyim jurnalistikamızda son 50 ilin zirvəsi ifadəsini bir qədər mübahisəli saysın. İstərdim sözlərimi konkret məqamlarla əsaslandırım.

Jurnalist simasını, ilk növbədə, səciyyələndirən yaradıcılığı, yazılarıdır. O heç vaxt janrlardan, üslubiyyatdan dərs demədi. Fəqət irsi nədən, necə yazmağın gör-götür nümunələri oldu. Ustadın şirin ləhcəsi, zəngin lüğət fondu fikir və məqsədin çatdırılmasının necə geniş imkanlara malik olduğuna diqqət çəkirdi. İş qalırdı bundan yerli-yerində faydalanmaq bacarığına.

Şirməmməd müəllim yazılarında fərdlərin yox, bütövlükdə cəmiyyətin maraqlarını əsas götürürdü. Ustada xas xüsusiyyətlər ölkədə obyektiv, cəsarətli, duyumlu-düşüncəli jurnalistlərin bütöv bir nəslinin formalaşmasına təsirsiz ötüşmədi. Yetirmələri indiyədək halallıq haqqına sədaqətlərini qürur hissi ilə dilə gətirirlər. Tələbəsi olmasam da, özümü həmin sırada sayıram.

Şirməmməd müəllimin prinsipiallığı, sözü düz gözün içinə qədər deməsi təbiidir ki, heç də hamının xoşuna gəlmirdi. Yoldaşlıqla, dostluqla ədalət prinsipini qarışdırmamağı məsləhət görürdü. Biliyinə, mövcud potensialına bələd olanlar deyəcəkləri sözü, təklifi fikir süzgəcindən keçirəndən sonra ustada yetirirdilər. Tələbələrinin həyata, istehsalata hazırlıqlı, cəsarətli qədəm qoymalarında xüsusi maraqlı idi. Çünki bu adamlar dövrün salnaməsini yaradanların sıralarına belə keyfiyyətləri əxz etmədən qətiyyən qatıla bilməzdilər. Həmkarlarım müəllimlərinin dekan işlədiyi 1971-1976-cı illəri Jurnalistika fakültəsinin qızıl dövrü olaraq xarakterizə edirlər. Bu, tələbəli, müəllimli hamı üçün ləzzət edən məsuliyyətin cavabdehliklə, təşəbbüskarlığın həssas münasibətlə vəhdətdə olduğu daha yaradıcı, canlı mühit idi. Sonralar hətta narazılar belə xiffətini çəkdilər. Ən əsası o idi ki, universitetdə Jurnalistika fakültəsinin timsalında vətəndaş cəmiyyəti üçün layiqli, fəal həyat mövqeyinə malik kadrlar hazırlayan model formalaşdırılmışdı.

Tanınmış jurnalistlərdən biri o illəri xatırlayarkən diqqəti özünün diplom müdafiəsinə çəkir: "Günlərin birində "1905-1911-ci illərin Azərbaycan mətbuatı” mövzusunda işimi tanışlıq üçün diplom rəhbərim Şirməmməd müəllimə təqdim etdim. Görəndə ki, Mirzə Ələkbər Sabirin əsərlərində olmayan bir şeirini tapmışam, çox sevindi. "Bax, bu əsl tələbə təhqiqatıdır, dedi. İnşallah "Hophopnamə”nin yeni nəşrinə daxil edilməsinə çalışarıq”. İstifadə olunan ədəbiyyatın təhlilinə nəzər salanda qaşlarını çatıb təəccüblə mənə baxdı. Şirin ləhcəsi ilə soruşdu: "Balası, 3 müəllimini birdən tənqid edibsən, sözünün arxasında dayana biləcəksənmi”. Tələbəsinin "buradan azı 3 qiymətinin iyi gəlir” sözündən məmnun qalan dekan: "Onda getdik döyüşə” dedi.

Müdafiə 1 saatdan çox çəkdi. Sonda tələbəni içəri dəvət edərək belə mənalı müzakirələrə görə təşəkkürlərini bildirdilər, diplom işini əla qiymətləndirdilər. Bəli, bu həmin beş ilə xas auradan, mənzərələrdən yalnız biridir”.

1990-cı ildən sonra Jurnalistika fakültəsində də yarpaq tökdü dövrü başladı. Şirməmməd müəllim üçün uzun illər birgə çalışdığı insanların dünyalarını dəyişmələri olduqca ağır itki idi. Hər birinə xoş münasibət bəsləyirdi. Xüsusilə on illər boyu çiyin-çiyinə işlədiyi, "Bakı-Baku” qəzetlərinin baş redaktoru professor Nəsir İmanquliyevin itkisindən uzun müddət özünə gələ bilmədi. Bəlkə də buna görə idi ki, təsəllisini arxivlərdə tapırdı, dost itkisini evdə yazı masası arxasında keçirdiyi yuxusuz gecələrdə konpensasiya etməyə çalışırdı.

Bu rejim onun demək olar gündəlik həyat tərzi idi. O, rahat düşünür, yazıb-yaradırdı. Həyat yoldaşı, məqalələrinin, əsərlərinin ilkin oxucusu, korrektoru, redaktoru Ülkər xanım isə bezmədən, giley-güzarsız yanını kəsdirirdi. Bir dəfə nəciblik, dözüm, iradə sahibi kimi formalaşmış anamıza sual verdim: "Çətin deyilmi?” (Ağsaqqalımız tələbəsi olan xanıma auditoriyada vurulmuş, sözün əsl mənasında doşab almışdı, bal çıxmışdı. Ş.Hüseynovun həmkarlarından şux, səliqəli geyimi ilə seçilməsində, nikbinliyində bu amilin əvəzsiz rolu var idi). Gülümsündü: "Bir adamın ki, qayəsi xalqa, dövlətə xidmətdir, indiki və gələcək nəsillərə parlaq irs yadigar qoymaqdır, onun cinahında dayanmaq insana yorğunluq gətirməz” dedi.

Şirməmməd müəllim gülümsəyərək bildirirdi ki, "görüləsi mühüm işlərin həcmi o qədər böyükdür, bir ömür çərçivəsinə sığmaz. Onsuz da yatmağa kifayət qədər vaxtımız olacaq. Yazmaq-yaratmaq üçün öhdəmizdə az müddət qalır”. Həmin sözlər vasitəsilə müdrik insanın 70-dən sonra işə, arxivlərə, elmi-təhqiqat müəssisələrinə, görüşlərə, müsahibələr verməyə gedərkən yalnız taksidən istifadə etməsinin fəlsəfəsinə vardım.

Professor ilk baxışda zəhmli, çox ciddi adam təsiri bağışlayırdı. Amma tezliklə duyurdun ki, bu görüntünün arxasında nəcib, xeyirxah insan dayanır. Bizim qarşılıqlı əlaqələrimiz, diskussiyalarımız əsasən 2005-ci ilin iyun ayından daha da intensivləşdi. Milli mətbuatımızın 130 illik yubileyinə hazırlaşırdıq. Mediada sanballı xidmətləri olan jurnalistlərimizin geniş miqyasda mükafatlandırılması üçün Mətbuat Şurasına da öz namizədlərini irəli sürmə səlahiyyəti verilmişdi. Zənglərə Şirməmməd müəllimdən başladım. Vaxt azlığına görə gecə saat 11-də evinə zəng vurdum. Dəstəyi Ülkər xanım götürdü. Səs tonundan həyəcanlandığımı hiss edən xanım səmimiyyətlə: "Narahat olma, Əflatun müəllim, - dedi, - oyaqdır”. Xəbəri dinləyib sakitcə: "Məsləhət prezidentimizindir”, - dedi. Dilinə xahiş, minnət gətirmədi. Belə hallar xarakterindən çox-çox uzaq idi. Maraqlanıb mükafatlar kolleksiyasına nəzər saldım. Güman edirdim ki, orden-medalları pencəyinə sığmayacaq. Təsəvvürümdə yanılmışdım. Cəmi bir dövlət mükafatı var idi. 1988-ci ildə Əməkdar jurnalist adına layiq görülmüşdü. Vəssalam!

Digərləri ötən əsrin 60-70-ci illərinin bəzəyi "Qızıl qələm”, Zərdabi, Y.Məmmədəliyev, M.Rəsulzadə adına mükafatlar idi.

Müəllimimiz dövlət başçısının sərəncamı ilə Prezident təqaüdünə layiq görüldü. Bir dəfə təqaüdünü hara xərclədiyi ilə maraqlandım. Məhəmməd Əmin Rəsulzadənin 1992-ci ildən bəri tərtib etdiyi əsərlərinin 5 cildliyini göstərdi. Vəsaitsizliyə görə çeşidlənmiş halda illər boyu kitab rəfində yatıb qalmışdı. Sponsor axtarışını şəxsiyyətinə sığışdırmayan professor bundan sonra kitabın çapına təqaüdü hesabına başladı. 2018-ci ildə işi yekunlaşdıranda rahat nəfəs aldı. Fəxr etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, ulu Məhəmməd Əminin xatirəsinə ərməğanı var. Maraqlısı bu idi ki, Ş.Hüseynov hər dəfə söhbətlərində Tanrıdan işləri yekunlaşdırmaq üçün möhlət istədiyini rica edirdi. Bu arzusuna da qovuşanda: "İndi rahat nəfəs ala bilərəm” təşəkkürünü dilə gətirməkdən zövq alırdı.

"Şərəf” ordenli professor elm adamı idi. Lakin daha çox filosof təsiri bağışlayırdı. Tükdilli ölkələrin jurnalist təşkilatlarının Bakıda keçirilən qurultayında rus dilində məruzəsi ilə hamını heyrətə gətirmişdi. Biz onun 100 yaşına çatmasını istəyirdik. "Allahın işinə qarışmayın” deyirdi.

Müraciətlərimdə mətbuatımızın patriarxını "Ali Ruh” adlandırırdım. Belə yanaşma ulu H.Zərdabinin dəfn mərasimində Əhməd bəy Ağaoglu tərəfindən böyük mütəfəkkirin ünvanına səslənmişdi. O da eyni tərzdə mənə müraciət edirdi. İndi qulaqlarım yenə soraqdadır...

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video