15 Dekabr 2019 00:57
629
SİYASƏT
A- A+

Beynəlxalq tədbirlərdə ölkəmizin taleyüklü məsələsinə daim diqqət çəkilir


İlham ƏLİYEV: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır”


Bakıda keçirilən Dünya dini liderlərinin II Sammiti bir sıra qlobal problemlərin həllinə töhfə olacaq - "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” kimi vacib mövzular ətrafında ciddi müzakirələr aparıldı.

Əlbəttə, hər bir beynəlxalq tədbirdə olduğu kimi, Azərbaycanın dövlət başçısı fürsətdən istifadə edərək bu dəfə də dünyada baş verən hadisələr fonunda ölkəmizin bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlərdən söz açdı, həlli vacib məsələləri diqqət mərkəzinə gətirdi. Həmin məsələlərdən biri də Ermənistanın təcavüzkar siyasəti, ərazilərimizin işğalı və bunun nəticəsində bir milyon azərbaycanlının öz tarixi yurdlarından zorla qovularaq qaçqın və köçkün şəraitində yaşamağa məcbur olmasıdır.

Beynəlxalq tədbirdə bir məqam xüsusi vurğulandı: "Dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik”.

Azərbaycan Prezidenti Dünya dini liderlərinin II Sammitindəki çıxışında onu da bildirdi ki, bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir: "...Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır”.

Dövlət başçısı sammit iştirakçılarının nəzərinə çatdırdı ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə istinad ermənilər tərəfindən təhrif olunur. Belə ki, o zamanlar bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir: "...Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir: Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir. Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür”.

Həmin ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası

4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması haqqında açıq-aydın müddəalar var. Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Bu böyük humanitar fəlakət nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi. Yəni, təsəvvür edin, nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Bəyannaməsi də ədaləti əks etdirir. Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bundan sonra üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qüds-Yerusəlimin ortodoks baş ravini Şlomo Amar belə tədbirlərin onların sıralarını artırdığını və daha çox sabitlik gətirdiyini vurğulayaraq dedi: "Azərbaycan dünya miqyasında elə bir ölkədir ki, burada bütün proseslər sabit, rəvan şəkildə həyata keçirilir. Prezident İlham Əliyev bu gün bir çox cəmiyyətlər üçün bir siyasi xadim kimi çox yaxşı nümunədir, öz fəaliyyəti ilə yaxşı örnəkdir. Biz görürük ki, burada dinlər arasında anlaşmaya xüsusi töhfə verilir. Siz, həmçinin xalqlar arasında da dostluq münasibətlərinin, sülhsevərlik mədəniyyətinin daha da inkişafına töhfə verirsiniz. Siz, əslində, öz səsinizlə bizim bu birliyimizi gücləndirirsiniz”.

Sammit iştirakçılarının fikirlərini ümumiləşdirən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğuladı ki, söz azadlığını nifrət çağırışlarına çevirənlərin əleyhinəyik: "Söz - Yaradanın insana əmanətidir, insan hər sözü üçün Allah qarşısında məsuliyyət və cavabdehlik daşıyır. Söz - Ana, Vətən, Nur, Məhəbbət, Cənnət də ola bilər, Söz - savaş, müharibə, ölüm, cəhənnəm də ola bilər. Bizim məqsədimiz təfriqə və ayrı-seçkilikdən uzaq olan, xalqları və millətləri bir araya gətirən, mənəvi və insani dəyərləri üstün tutan vahid qardaşlıq dünyası naminə birgə çalışmaq, İlahi Nurun ardınca getməyi Sözlə təbliğ etməkdir. Çünki bütün dini kitablarda deyildiyi kimi, iman gətirənlər qardaşdırlar! Hamımız babamız Adəmdən, Adəm isə torpaqdan yaranmışdır. Torpaq qardaşlarını birləşdirən cəhətlər isə onları ayıran və yadlaşdıran cəhətlərdən qat-qat üstün və dəyərlidir!”

Sammitdə yekdil qərara alındı ki, xüsusilə də Azərbaycan dini liderlər arasında körpü yaratmaq, dialoq yollarını gücləndirmək, müştərək insani dəyərləri dərinləşdirmək, multikulturalizm və dini dəyərlər vasitəsilə gənclərin düşüncəsini inkişaf etdirmək, həmçinin ksenofobiya, ifratçılıq və ekstremizmin bütün formaları ilə mübarizə aparmaq üçün dünyanın müxtəlif dövlətlərindən dini rəhbərləri bir araya toplamaq işində nümunəvi təcrübəyə malik bir ölkədir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video