15 Dekabr 2019 00:31
2450
Mədəniyyət
A- A+

Təbiətin Səttar rəngi


"Mən rəssamam. Rəssamlıq mənə inamımı, ümidimi həyata keçirmək üçün nəfəs aldığım həyatımdır. Fikrimi, düşüncəmi yazmaqdan daha çox fırça işlətməyi sevirəm. Bütün yaradıcılığımı səni - doğma diyarı tərənnüm etməyə həsr etmişəm. Bunu böyük iftixar hissi ilə deyirəm. Bundan sonra yüz ömrüm olsa, yenə də səni vəsf etməyə həsr edərəm...”

Bu gün onun günüdür...

Tanrının ən nadir, qeyri-adi canlı əsərlərindən birinin...

Yaraşıqlı boy-buxunu, sirli-sehirli, mənalı, kədərli mavi gözləri, uzun barmaqları, qəribə saç düzümü, sadə görkəmi ilə elə Yaradan da onu Yer üzünə nadir, qeyri-adi rəsm əsərləri yaratmaq üçün göndərmişdi. O dəniz ənginlikli gözləri ilə ana yurdun min bir rəngini, al-əlvan təbiətini, zümrüd meşələrini, axar çaylarını ecazkar tablolara köçürmək üçün rəssam kimi doğulmuşdu... Doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb onun təbiətinə vurğunluğunu bənzərsiz gözəllikdə dünyaya göstərmək, tanıtmaq üçün yaradılmışdı...

Bu gün onun günüdür... Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi, Xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin...


Qrafikadan rəngkarlığa...


110 il əvvəl ayazlı-şaxtalı qışın bu günü Bakının Əmircan kəndində dolanışığını şəxsi təsərrüfatından çıxaran Bəhlul kişinin ailəsində iki qızdan sonra oğul dünyaya göz açır. Ata elə həmin ilin yanvarında vəfat edən Səttar adlı oğlunun adını yeni doğulmuş körpəyə qoyur.

Səttar hələ uşaqlıqdan qeyri-adiliyi ilə seçilir. Qumun üzərində qəribə şəkillər çəkir, taxtadan fiqurlar, oyuncaqlar düzəldir. Əmircanda məşhur Xilə xalçalarının toxunulmasına şahidlik edərək rənglər aləminin sirrinə vaqif olmağa başlayır. Böyüdükcə canlı təbiətin, güllü-çiçəkli bağların, ucsuz-bucaqsız zəmilərin vurğununa çevrilir. Amma ovaxtlar bəlkə özü də bilmirdi ki, illər sonra bu təbiət, allı-güllü təsvirlər ürəyindən fırçasına süzülüb, kətana köçəcəkdi. Qızılgüllər, bənövşələr, lalələr, qərənfillər onun əsərlərində canlanacaqdı, alma, nar, albalı, ərik ağacı bolluq rəmzi olacaqdı. Bütün gözəlliklər ən müxtəlif tablolarla bütöv Azərbaycanın rəsm qalereyasına çevriləcəkdi...

Xasiyyətcə sakit biri olan Səttar riyaziyyatı yaxşı bildiyindən hər kəs onun gələcəkdə riyaziyyatçı olacağına inanırdı. Qonşuluqda, yoldaşları arasında bu fəndən çətinə düşən uşaqlara kömək etməkdə ad çıxarmışdı. Onun rənglərə olan marağı hamıya ötəri hiss təsiri bağışlayırdı. Lakin rənglər dünyasının cazibəsindən çıxa bilməyən Səttar 1927-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olur. Hələ texnikumda tələbə ikən 1931-1933-cü illərdə "Kommunist” qəzetinin baş rəssamı, görkəmli fırça ustası Əzim Əzimzadənin dəvəti ilə orada çalışır. S.Bəhlulzadənin mətbuatda çalışmasını, burada müxtəlif mövzuda və janrda qrafik rəsmlər çəkməsini onun qrafikaya olan marağının başlanğıcı saymaq olar.

Qrafika sənətində əvəzedilməzliyini elə zamanında təsdiqləyən Ə.Əzimzadə gənc S.Bəhlulzadənin simasında özünün gələcək davamçısını görürdü. Ona görə də Səttarın bu sahədə ali təhsil almasını istəyirdi. Odur ki, 1933-cü ildə ali təhsil almaq arzusu ilə Moskvaya yollanan Səttarın V.İ.Surikov adına Rəssamlıq İnstitutunun Qrafika fakültəsinə qəbul olunması əslində, həm də sevimli müəlliminin istəyinin göyərməsi idi. Sağlığında S.Bəhlulzadə Moskvadakı təhsil illərini xatırlamaqdan usanmaz, dövrünün görkəmli qrafikləri olan V.A.Favorski, P.Y.Pavlinov, K.N.İstomin və L.A.Brunidən sənətin bu növünün incəliklərinə yiyələndiyini fəxrlə söyləyərdi. Doğrudan da, Səttar bu görkəmli sənətkarlardan, xüsusilə də bilavasitə emalatxanasında çalışdığı V.A.Favorskidən qrafikanın texniki və bədii ifadə vasitələrini öyrənə, bunu bütün yaradıcılığı boyu çəkdiyi qrafik əsərlərin əlçatmaz bədii məziyyətləri ilə təsdiqləyə bilmişdi.

Lakin elə təhsil illərində Səttarın həyatında önəmli bir hadisə baş verir. Özü də hiss etmədən onun qeyri-adi rəng duyumunu müəllimləri aşkarlayır və buna biganə qalmırlar. Krımda keçirilən yay təcrübəsi zamanı Səttarın uğurlu rəngkarlıq etüdlərini görən məşhur rəssam Q.M.Şeqal ona Rəngkarlıq fakültəsinə keçməyi təklif edir. Səttar da tərəddüd etmədən bu təklifə razılıq verir. Beləliklə, Səttar Bəhlulzadə üçüncü kursdan başlayaraq institutda Şeqalın rəhbərlik etdiyi emalatxanada təhsilini davam etdirir, realist sənət ənənələrini dərindən mənimsəyir. Bununla belə, o, qrafikaya sevgisini bütün yaradıcılığı boyu qoruyub saxlayır.

S.Bəhlulzadə Moskvada diplom işi üçün Babək mövzusunu seçir. Başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər - "Babək üsyanı” və "Bəzz qalasının müdafiəsi” tablolarını işləyir. Lakin II Dünya müharibəsinin başlanması ona diplom müdafiə etməyə imkan vermir. Diplomsuz qalan rəssama müharibədən sonra dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da, o, buna "Məgər diplomsuz rəssam olmur?” deyərək etiraz edir...


"Vətən torpağı əsl ilham mənbəyidir”


Moskvadan qayıtdıqdan sonra S.Bəhlulzadənin yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri ("Babək üsyanı”, "Fətəli xan”, "Xəttat Mir Əli” və s. ) əsas yer tutur. Müharibədənsonrakı illərdə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaradır. Lakin mənzərə janrı onu daim özünə cəlb edir. Yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənir, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır.

Ümumiyyətlə, 40-cı illər rəssamın yaradıcılıq həyatında axtarış illəri, dəzgah boyakarlığı və qrafikasının müxtəlif janrlarında səmərəli fəaliyyət dövrü olub. 50-ci illərdən S.Bəhlulzadənin bədii axtarışları əvvəlkinə nisbətən daha ardıcıl, məqsədəuyğun istiqamətdə aparılır. Respublikamızın bir çox rayonlarında - ən çox isə Quba, Lənkəran, Şamaxı, Şuşa, Şahdağın ətəklərində və Göy göl sahillərində bilavasitə naturadan çəkilmiş kiçik etüdlər, iri həcmli epik mənzərə - tablolar yaradır.

60-cı illərdə S.Bəhlulzadənin yaradıcılıq təcrübələrində yeni cəhətlər üzə çıxır. O, həyata, canlı təbiətə daha fəal nüfuz etməyə başlayır. Bu baxımdan "Xəzərdə axşam çağı”, "Torpağın arzusu”, "Oyanma”, "Kəpəzin göz yaşı”, "Tut ağacları”, "Əbədi məşəl”, "Qüdrətli ağac” tablolarının hər birində qırılmaz vəhdətdə birləşdirilən zəngin kolorit ayrıntıları daha ifadəlidir. Vətən torpağının gözəllik timsalı kimi tərənnümü S.Bəhlulzadənin tam bir silsilə tablolarının ana xəttini təşkil edir. Onun "Sərv ağacları”, "Şamaxı üzümlükləri”, "Laza kəndinin şəlalələri”, "Qədim Şamaxı”, "Şahnabat şəlalələri”, "Bilgəh”, "Çiçəklənən ağaclar”, "Gəncə çinarları”, "Çiçəklənən badam ağacı”, "Buzovna bülluru” və digər lövhələrində Səttar fırçasının əbədi silinməz izləri yaşayır.

O, Azərbaycanın hər rayonunu qarış-qarış gəzərək oranın mənzərəsini min bir boya ilə canlandırıb. Özünün dediyi kimi, "Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”.


Sənətin Məcnunu...


Onun mənzərə-peyzajlarında, natürmortlarında incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. "Mənim bir rəssam kimi yetişməmdə üç müdrik sənətin böyük təsiri olub. Qədim xalça va miniatür sənətimiz, bir də Füzulinin odlu, alovlu poeziyası”. Bəli, o, Füzulini dəlicəsinə sevirdi. "Leyli və Məcnun”u əzbər bilirdi. Elə bu məhəbbətdən də "Füzuli”, "Leyli”, "Məcnun”... əsərləri doğulmuşdu.

Bütün ömrü boyu dilindən dahi Füzulinin qəzəlləri əskik olmayan Səttarın şairin ölməz poeziyasına həsr etdiyi yüzlərlə əsəri göstərir ki, Məcnunun halına yana-yana özü də sənətin Məcnununa dönüb. Səttarı sənətin Məcnununa çevirənsə rənglərə və doğma torpağa vurğunluğu olub...

Amma onun özü də elə Məcnun eşqi yaşayıb. Hələ gəncliyində mavi gözlü bir Marala könül verib... Sevdiyi rəssam qadınla birlikdə Moskvada eyni vaxtda təhsil almışdılar. Lakin Səttar qızı nə qədər çox sevsə də, sevdiyi xanım həmişə ona dost kimi yanaşır. Bir müddətdən sonra rəssam xanım başqa biri ilə ailə həyatı qurur, ancaq çox keçmir ki, ayrılmalı olur. Sevgisi daşa dəyən rəssam isə heç vaxt evlənmir, tək-tənha ömür sürür. Eşqi çəkdiyi lirik rəsmlərində göstərir, yaradıcılığında dəfələrlə Məcnun obrazını canlandırır. Qəlbi kimi saf, bakirə təbiəti özünə yaxın, məhrəm bilir, eşqini təbiətlə bölüşür. Mikayıl Abdullayevin təbirincə desək, o, insanların ruhunu və zövqünü oxşamaq, "həyat gözəllikdir” həqiqətini sənəti ilə sübut etmək üçün öz taleyini, şəxsi həyatını əbədi sənət yolunda qurban verir.

Amma təəssüf ki, bu sənət yolunda zaman-zaman paxıllıqlara, haqsızlıqlara tuş gəlir. Bəzən yaratdıqları heç də hamı tərəfindən dərk edilmir, sevilmir, qəbul olunmur.

Axı impressionizm üslublu, yəni gördüklərini olduğu kimi yox, ondan aldığı təəssüratı, adi gözlə görünməyən boyaları və çalarları kətana köçürdüyü əsərlərində Səttar duyğularının ifadəsi olan rəngləri duymaq üçün məhz böyük ürəyə, yaradıcı duyuma malik olmaq lazım idi.

Bəzən haqqında mənfi fikirlər söylənilir. Bəzən sənətdə maneələr yaradılır. Bəzən də qonorarı azaldılır. Rəssamın özü sənətşünas Ziyadxan Əliyevə danışmışdı ki, 60-cı illərin əvvəllərində Moskvada təşkil olunan Ümumittifaq sərgisində onun "Xəzər gözəli” əsərini görən Qazaxıstan Mədəniyyət Nazirliyinin əməkdaşları müəllifin ardınca Bakıya gəliblər: "Onlar rəssamla görüşdükdən sonra həmin əsəri Qazaxıstan Dövlət Rəsm Qalereyası üçün almaq istədiklərini bildiriblər. Səttar isə artıq əsərin Azərbaycan Dövlət İncəsənət Muzeyi üçün alındığını söyləyib. Bu cavabı eşidən qonaqların əhvalı pozulur. Söhbət vaxtı onlar maraq xatirinə rəssamdan əsərin neçəyə alındığını öyrənməyə, Səttar isə bunu gizli saxlamağa çalışır. Qazaxıstanlılar əsərin geri alınmasının mümkünlüyünü dilə gətirməklə ona 25 min rubl verməyə hazır olduqlarını bildiriblər. Yenə də razılıq ala bilməyəndə rəssamdan heç olmasa ona əsər üçün verilən qonorarın miqdarını söyləməyi xahiş ediblər. Səttarın "600 rubl” sözündən sonra qazaxıstanlı qonaqlar uzun müddət çaşqınlıqdan özlərinə gələ bilməyiblər. Ən sonda onlar heç olmazsa bu əsəri rəssamdan təkrar etməyi xahiş ediblər. Rəssamsa "Təkrarçılıqla məşğul olmuram” cavabını verib. Əsərə bu məbləğin verilməsi rəsmi dairələrin o vaxtlar Səttar Bəhlulzadəyə qarşı apardıqları mənəvi təzyiqlərin sınanılmış forması idi. Qeyd edim ki, Səttarın digər işləri də özünəbab rəssamlarla müqayisədə ucuz qiymətə alınıb. Səhv etmirəmsə, onun ən yüksək qiymətə (4 min rubl) alınan əsəri iki ilə tamamladığı "Mənim anam” tablosudur...”

Yeri gəlmişkən, Səttar bənzərsiz tablolarından olan "Mənim anam” (1974) əsərini anasına ithaf etmişdi. Amma o, doğma anasının cizgilərini illər öncə Kəlbəcərdə eskizlərə köçürmüşdü. Orada ona ana məhəbbətilə qulluq edən, dərisi qırış-qırış olmuş, bət-bənizi solmuş, barmaqları işləməkdən incəlmiş, damarları çıxmış, mülayim çöhrəli, nurlu baxışlı, başı çarğatlı bir ananı rəssam gözü ilə seyr edir, gələcək obrazın cizgilərini xəyalında canlandırırdı. İllərlə ürəyində gəzdirdiyi bir arzunun gerçək başlanğıcını bu-rada tapmışdı. Kəlbəcərli ananın vücudunda öz anasının ruhunu görmüş və bu məqamı yaddaşına yazıb, əzizləyib, nəhayət, illər sonra istədiyi tablonu yaratmışdı.


İkiotaqlı mənzilini Tahir Salahova hədiyyə edir


Bəli, qonorar, pul Səttar Bəhlulzadəni maraqlandırmırdı. Maddiyyat onun üçün önəmli olsaydı, əsərlərini hədiyyə verməzdi. O qədər əliaçıq, səxavətli idi ki, rəsmlərini ürəyinə yatan insanlara təmənnasız bağışlayırdı. Bu gün bəlkə də Azərbaycanın neçə ucqar kəndində Səttar Bəhlulzadənin əsərləri divardan asılıb.

Bu yerdə qeyd edək ki, daha çox ecazkar mənzərələri ilə tanınan Səttar Bəhlulzadə qrafik əsərlərini uzun müddət ictimaiyyətə göstərməyib. Amma 1966-cı ildə baş verən bir hadisə ona özünün qrafik yaradıcılığına göz qoymağa məcbur edib. O vaxt Çexoslovakiyadan Bakıya gələn və Azərbaycan rəssamlarının yaradıcılığı ilə tanış olan xarici nümayəndə heyətini Səttarın da emalatxanasına aparırlar. Orada rəssamın qrafika əsərlərini görən qonaqlar həmin lövhələrin Praqada nümayiş olunmasına qərar verirlər. Beləliklə, 1966-cı ilin payızında Praqa qalereyasında Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgisi açılır. Bu, sovet dönəmində Azərbaycan rəssamının xarici ölkədə açılmış ilk sərgisi idi. Sərgidən sonra rəssam tuşla işlənmiş bir neçə qrafik lövhəsini Praqa Milli Qalereyasına hədiyyə verir. Bunun müqabilində ona təklif olunan böyük qonorardan da imtina edir.

Elə bu məziyyətlərinə görə də S.Bəhlulzadənin əsərlərinin dəqiq sayı bilinmir. Bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun əsərləri saxlanılır. Azərbaycanda və keçmiş SSRİ məkanındakı muzeylərdə 200-ə qədər rəngkarlıq, 30-a qədər qrafik işi var. Son araşdırmalar nəticəsində 600-ə qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığı müəyyən edilib. Onların da çoxunun saxlandığı dəqiq ünvan məlum deyil...

Daim gənc rəssamlarla əhatələnməsindən xüsusi zövq alan Səttar onların ali təhsil almalarına şəxsən qayğı göstərir, mənəvi və maddi dəstək duraraq atalıq qayğısını əsirgəmirdi. Hətta ötən əsrin 50-ci illərinin sonunda Moskvada təhsilini başa vurub ailəsi ilə birlikdə Bakıya qayıdan xalq rəssamı Tahir Salahovun mənzilinin olmadığını bilən Səttar Bəhlulzadə paytaxtda yeni tikilən "Rəssamlar evində” özünə ayrılmış ikiotaqlı mənzili gənc həmkarına hədiyyə edir. Bu da rəssamın dünya malında gözü olmadığının böyük sübutu idi.

Səttar dostluğa da sadiq olub. Bu böyük sənətkarın şəxsiyyət dahiliyi onun uşaq səmimiyyətindən başlayırdı. Yaradıcı dostlarına münasibəti bir başqa idi. Böyük bəstəkar Arif Məlikov danışmışdı bunu: "Bir dəfə xaricdən Səttar üçün boyalar və fırçalar gətirdim. Hollandiya fırçaları ən yaxşısı hesab olunur. 1-dən 50-yə qədər nömrələnmiş bu fırçalarla işləmək asan və keyfiyyətlidir. Səttarın emalatxanası da insana möcüzəli təsir bağışlayırdı. Yerdə, künc-bucaqda qurumuş nar, müxtəlif rənglərdə sarı, qırmızı, bənövşəyi çiçəklər, heyva, bardaq, bir sözlə, cürbəcür şeylər olardı. Gətirdiyim həmən fırçaları gildən düzəldilmiş bardağın içinə qoydu. Dedim, Səttar, bunları işləmək üçün almışam, buket kimi gətirməmişəm. Cavab verdi ki, "yox, Arif, mən barmaqlarımla da şəkil çəkə bilərəm. Bu, sənin hədiyyəndir. Burada çiçək kimi durmalıdır”.

Belə insan idi Səttar Bəhlulzadə. Sənəti qədər şəxsiyyəti də bənzərsiz olan əsl insan... Sadə, qeyri-adi, qəribə görkəmli, nimdaş geyimli, bu dünyanın adamı olmayan sənət dərvişi... Öz dünyası vardı onun. Rəsmlərini işləyəndə də tərki-dünya olurdu sanki. Hər şeyi unudurdı. Elə bil nə acırdı, nə susayırdı. 10-12 saat, bəzən də bütün sutkanı dayanmadan işlədiyi vaxtlar olurdu. Rejimsiz, gərgin iş, az yemək və çoxlu siqaret çəkmək də təbii ki, rəssamın səhhətinə mənfi təsir edir. Və o, amansız xəstəliyə tutulur.


Rəssam ömrünün sonu...


Səttar Bəhlulzadə həyatda bir çox acılara, ağrılara sinə gərib, dərdini adamlarla bölüşmədiyindən yaxınları xəstəliyindən gec xəbər tuturlar. Rəssamın vəziyyəti günü-gündən pisləşdiyindən 1973-cü ilin avqustunda onu Sabunçuda yerləşən xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib, yanlış sarılıq diaqnozu qoyurlar. Dostları hər gün ona gül, meyvə aparırlar. 39 dərəcə qızdırması olmasına baxmayaraq o, həmin güllərin və meyvələrin şəkillərini çəkib divarlara yapışdırır.

Vaxt keçir, rəssamın səhhətində heç bir irəliləyiş gözə çarpmır. Elə həmin ərəfədə onun Moskvada ilk fərdi sərgisi açılır. Öz sərgisində ürəkdən iştirak etmək istəyən rəssam dostlarına deyir: "Oğlum yox, qızım yox evləndirib toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. 64 yaşım var. Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılıb, lakin rəsmi adamlar, həkimlər icazə vermirlər ki, gedib öz toyumu-sərgimi görüm”. Onun bu sözlərindən xeyli duyğulanan dostları ölümlə çarpışan Səttarı Moskvaya göndərməyə müvəffəq olurlar. Rəssam fərdi sərgisində iştirak edir, üç gün sonra da əməliyyat olunur.

Əməliyyatdan sonra xəstəliyi, 1 il ömrü qaldığı haqqında heç bir məlumatı olmayan Səttar xeyli arıqlamağına və zəifləməyinə baxmayaraq, böyük mənəvi və fiziki qüvvə sərf edərək durmadan çalışır, yeni əsərlər yaradır. Füzulinin eşq qəzəllərinin zümzüməsində, İ.S.Bax musiqisinin sədasında Səttar fırçası öz sənət zirvəsini fəth edir...

1974-cü il yağışlı oktyabr ayının 13-də ömrünün 65-ci ilində Səttar Bəhlulzadə Moskvada qəmli gözlərini əbədi olaraq yumur. Fəxri xiyabanda dəfn olunmasına icazə verilməyən rəssam öz vəsiyyətinə uyğun olaraq Əmircanda anasının yanında torpağa tapşırılır. Qəlbindəki eşqi, sevgini, vətənin gözəlliyini, şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, tənhalığını ecazkar tablolara köçürən, həyatını sənətinə qurban verən, rəvan ömür yaşamayan dahi sənətkar öz doğma kəndində, hamıdan çox sevdiyi anasının yanında əbədi rahatlığa qovuşur...

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video