14 Dekabr 2019 00:54
642
İQTİSADİYYAT
A- A+

Azərbaycanlı mütəxəssislər beynəlxalq layihələrdə önəmli vəzifələr tutur


Prezident İlham ƏLİYEV: "Neft, qaz tükənən sərvətdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir”


Hər bir işin uğuru bilikli, səriştəli, peşəsini, sənətini sevən kadrlardan çox asılıdır. Azərbaycanın neft-qaz sektorunda bu gün qazanılan misilsiz nailiyyətlərdə istər xarici şirkətlərlə birgə işlənən layihələrdə, istərsə də köhnə yataqlarda çalışan neftçi kadrlarının əməyi, xidməti böyükdür. Prezident İlham Əliyev bu işçiləri böyük sərvət adlandırır.

Ölkəmizdə ən iri neft-qaz və ixrac layihələrinin operatoru olan BP də bəyan edir ki, Azərbaycandakı uzunmüddətli uğurumuz istedadlı və müxtəlif yönlü əməkdaşlarımızın olmasından asılıdır.

Şirkətin 2018-ci ilə aid "Davamlı inkişaf haqqında hesabat”ında bu barədə belə yazılıb: "Azərbaycanda güclü milli işçi qüvvəsi yetişdirmək əsas prioritetlərimizdən biri olaraq qalır. İş təcrübəsi az olan və ya heç olmayan gənclərin təliminə sərmayə qoyur, yeni istedadları cəlb edir və bütün karyera səviyyələrində işçilərimizə geniş çeşiddə inkişaf və karyera imkanları təklif edirik”.

Keçən ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisas tələb olunmayan işlərdə çalışanların isə hamısı Azərbaycan vətəndaşıdır. Hazırda şirkətin işçisi olan ölkə vətəndaşlarının sayı 2524 nəfərdir. Buraya müddətli müqavilə əsasında işləyənlər də daxildir.

"Əsrin müqaviləsi” imzalandıqdan sonrakı ilk dövrlərdə isə işçilərin sayının yalnız 10 faizini yerli sakinlər təşkil edirdi. Hədəf nisbəti dəyişdirmək, Azərbaycan vətəndaşlarının sayını 90 faizə çatdırmaq idi. İndi bu, gerçəkləşib. Hazırda şirkətin təkcə ofisindəki işçilərin deyil, podratçı və subpodratçı müəssisələrində çalışanların da tərkibinin 90 faizi milliləşdirilib.

Prezident İlham Əliyev bu məsələyə böyük önəm verərək demişdir: "Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin, nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar”.

Bir çox yerli işçilər şirkətin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində müxtəlif vəzifələrə təyin olunaraq yüksək peşəkarlıq və səriştə nümayiş etdirirlər.

Qeyd etmək yerinə düşər ki, Azərbaycandan olan işçilərin xaricdə, əcnəbilərin isə Azərbaycanda məqbul nisbətdə beynəlxalq təyinatı inkişaf üçün faydalıdır. Keçən il 78 azərbaycanlı əməkdaş ölkədən kənardakı müxtəlif obyektlərdə əcnəbi mütəxəssis kimi işləyib. Onların təxminən üçdəbiri quru və dəniz əməliyyatları üzrə ixtisaslaşıb.

Hazırda BP-də onlarca əcnəbi əməkdaş da çalışır. Keçən ilin sonunda onların sayı 256 nəfər olub. Həmin əməkdaşların üçdəikisi Birləşmiş Krallıqdan, təxminən dörddəbiri ABŞ-dan idi. Qalanları Braziliya, Kanada, Misir, Gürcüstan, Hindistan, İndoneziya, Meksika, Oman, Trinidad və Tobaqo, eləcə də Türkiyədən gəlmişdi.

Dövlət başçısı "Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycanın beynəlxalq layihələrdə çalışan yüksək ixtisaslı, bacarıqlı kadrlarını böyük sərvət adlandırıb və qeyd edib ki, neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir.

Güclü milli işçi qüvvəsi yetişdirmək daim gündəmdə qalan məsələlərdəndir. Əsas şərt işçinin düzgün seçilməsidir. Əməkdaşların işə götürülməsində, vəzifədə irəli çəkilməsində hər kəsə qabiliyyətinə görə imkan yaratmaq öhdəlik kimi qəbul olunub. Məsələn, keçən il keçirilən yay təcrübəsində iştirak edən tələbələr işə qəbul proqramı çərçivəsində 670-dək ərizə vermişdilər. Nəticədə onlardan 40-ı yay təcrübəçisi kimi işə götürülüb.

Təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorların təşəbbüslərində yaxından iştirak səyləri davam etdirilir. Başqa sözlə, şirkətin daxilində müxtəlif sahələr üzrə ixtisasartırma və peşəkarlığın yüksəldilməsi məqsədilə təlim və inkişaf proqramları həyata keçirilir. BP Azərbaycan şirkətinin rəhbərləri müntəzəm olaraq təcrübələrini işçi heyəti ilə bölüşürlər. Əməkdaşlara öz ixtisas sahələri üzrə əlavə dərəcə və ya sertifikatlar almaqda kömək etmək məqsədilə maliyyə yardımı göstərilir. Ötən il ümumilikdə 70 əməkdaş bu proqram çərçivəsində yardım alıb. Onların arasında işə yeni qəbul edilənlər də, əvvəlki illərdə aldıqları təhsili davam etdirənlər də var.

Prezident İlham Əliyev yüksək peşə təlimi keçərək neft-qaz layihələrində yüksək bilik və bacarıq nümayiş etdirən insanların çox böyük işlər gördüyünü, ölkəmizin inkişafına böyük töhfə verdiyini qeyd etmişdir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video