Alternative content

09:40 18 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
01:54 18.01.2020 Dənizdə haqq savaşı
01:44 18.01.2020 Bu teatr ki var...
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milyonlar içində tənha şair
Milyonlar içində tənha şair
ANA SƏHİFƏ / Mədəniyyət
00:41 14.12.2019


...Biri var idi, biri yox idi. Azərbaycan elinin uzaq kəndlərindən birində bir ana vardı, bir də bala. Ana hər səhər dan yeri ağarmamış yuxudan oyanar, xəmir yoğurar, meşədən yığdığı çör-çöplə sacın altını qalayar və çörək salmağa başlardı. Gözünün ağı-qarası bircə balası yuxudan oyanana kimi bütün çörəklər, hələ üstəlik oğlu üçün bişirdiyi kökə də hazır olardı. Oğlu kökəylə şirin çayını içib düzələrdi yola - anasının bişirdiyi çörəkləri satmağa. Beləcə, baş-başa verib dolanardılar...

Günlərin bir günü ana qəribə yuxu görür. Ağ saç, saqqallı Çoban Əfqan yuxuda anaya tapşırır ki, oğlu şair olduğu üçün ona şeir yazsın. Ana diksinərək oyanır. Yuxunun gerçəkləşməməsi, oğlunun gələcəkdə şair olmaması üçün mollaya dua da yazdırır. Amma artıq iş-işdən keçmişdi. Oğluna yuxuda buta verilmişdi - şairlik butası... Və o yuxudan bir ay sonra 12 yaşlı oğlu ilk şeirini yazır.

Bununla da şeir onun taleyinə çevrilir. Taleyi şeirlə yazılmağa başlayır. Bu tale bəzən onunla amansız, qəddar oyunlar oynayır, bəzən çətinliklər yaşadır, bəzən itkilər verir, bəzən də nailiyyətlər yaşadır, uğurlarını bol edir. Necə deyərlər, taleyi gah üzünə gülür, gah ağladır onu. Gah verir, gah alır... Heç vaxt heç nəyi tam olmur. Hətta məşhur şair olandan sonra da həyatında həmişə biri var olur, biri yox...

Azərbaycanın Xalq şairi, akademik, "Şərəf” ordenli Nəriman Həsənzadənin "Ömür səhifələri”ni vərəqlədikcə bütün həyatı boyu varla yoxun mübarizəsinin şahidi olursan. Bu nurani, həlim, ipək kimi insanla söhbət etdikcə yaddaşında üstünü toz basmış xatirələri silkələdik, çətin zamanların acısını oyatdıq. Unutmaq istəsə belə, iliyinə qədər keçən ağrıları, qəlbindəki böyük iztirabları bir daha xatırlatdıq. Onu 88 illik ömrün dolanbaclarında xəyalən yenidən gəzdirdik...


"Anam çörək bişirirdi, mən də satırdım”


Əslən Qazaxın Qıraqkəsəmən kəndindəndir. Atası Əliməmməd kişi Poyluda dəmir yolunda işlədiyinə görə orada yaşayıblar. Anasının ana tərəfi - Məsimalılar o yerlərdə çox məşhur, imkanlı adamlar olub. 1920-ci ildə Azərbaycanın sovet ordusu tərəfindən işğalından sonra bu nəslin başıpapaqlılarını "kulak” damğası ilə həbs ediblər. Anasının 5 qardaşı Gürcüstanın Qaraçöp bölgəsinə qaçıb. Və kimsəsiz qalan Nabat xanım 24 yaşında 62 yaşlı kişi ilə ailə qurub. 1931-ci il fevralın 18-də Nəriman dünyaya gəlib. Daha doğrusu, Vaqif. Nəriman adını atası ona sonradan qoyub. Belə ki, illər öncə menşeviklər Poyluda dəmir yolunun üzərindəki körpünü yandırırlar. Nəriman Nərimanov Poyluya gələrək hadisə yerinə baş çəkib, ona Əliməmməd kişi bələdçilik edib. Məhz onun şərəfinə sonradan Vaqif adı Nərimanla əvəzlənib. Amma atası Nərimanın böyüdüyünü görə bilməyib. Uşağın 1 yaşı olanda rəhmətə gedib.

Anası 26 yaşında dul qalıb və bütün ömrünü balasına həsr edib. Nərimanın ayaqyalın, başıaçıq gəzdiyi, dünyanın qayğısını bilmədiyi uşaqlıq illəri də elə Poyluda keçib.

- Poylu mənim üçün beşikdir, dünyanın mərkəzidir. Bütün uşaqlığım orda keçib. Nə qədər çətin keçsə də, tayı-bərabəri yoxdur o çağların... Atam anamdan əvvəl evli olub. Ata bir, ana ayrı bacı-qardaşlarım vardı, amma əlaqəmiz yox idi. Anam böyük bacımla yaşıd idi. İndi başa düşürəm, utanıblar ki, ataları qoca vaxtında evlənib. Amma anam heç vaxt onların əleyhinə danışmadı. Mən qardaş-bacılarımı 12 yaşımda tanıdım. İlk dəfə qardaşımla görüşdüm. Milis rəisi idi. Təəssüf ki, bir neçə ay sonra rəhmətə getdi. O biri qardaşlarım da xəstəlik keçirib ölmüşdülər. Ana tərəfimdən bir dayım vardı, onu tanıyırdım. Amma anam deməmişdi başqa qardaşları var, ölkədən qaçıblar. Maraqlıdır ki, bir ay əvvəl Qaraçöpdəki dayımın uşaqları ilə bir-birimizi tapdıq. Unudulmaz görüş oldu... O vaxtlarsa heç kimimiz yox idi. Bir anam idi, bir mən. İki yetim kimi baş-başa verib bir damın altında yaşayırdıq. Anam taleyindən heç vaxt şikayətlənməzdi. Allaha şükür edərdi və atama rəhmət oxuyardı ki, məni ona yadigar qoyub. Bu müqəddəs qadın həyatımızın bütün sıxıntılarını, qayğılarını təkbaşına çəkmək üçün çarpışırdı. Hər gün çörək bişirirdi, mən də satırdım, dolanırdıq. Əslində, adını qoymuşduq satırıq. Çörək elə sacın üstündə qurtarırdı. Qalanlarını da aparıb bazarda, stansiyada satırdım. 20 rubl qazanırdıq. Unun da pudu 16 rubl idi. Yəni bizə 4 rubl qalırdı. Anamın yuxudan durduğu yadımda deyil. Nə vaxt oyanırdım, görürdüm ocağın qırağındadır. Göydə dan ulduzu, yerdə anam oyaqdır. Anam mənə kökə də bişirirdi. Kərə yağıyla döyməc eləyib yeyirdim. Mənə şirin çay düzəldirdi, özü içmirdi. Soruşurdum ana, sən niyə içmirsən? Deyirdi dərdin alım, mən içsəm, qəndimiz qurtarar. Məni o qədər çox istəyirdi ki... Odun qıranda da qoymurdu ki, get dərslərini oxu... Odun demişkən, anam bir neçə qadınla birgə gedirdi Qarayazı meşəsinə şələ gətirməyə. Bir dəhrəsi vardı, çırpı yığıb qırırdı. Onlarla sac asırdı. Bir dəfə meşəbəyi cəza kimi anamın dəhrəsini əlindən almışdı. Demişdi, Nabat bacının dəhrəsi Qarayazı meşəsini qırıb qurtardı...


"Təzə paltar geyindiyim yadıma gəlmir”


Uşaqlıqda çox dəcəl olub Nəriman. Harda gölməçə görürdüsə, özünü ora salırdı. Kür daşanda uşaqlarla mərc gəlirdi ki, "görək kim Kürü qırdırma keçəcək”. Bunun üstündə anası bir dəfə onu döyüb də. Deyib, "varım-yoxum bir sənsən. Səni su axıdacaq, kimim qalacaq?” Sevimli dostları isə heyvanlar idi - dolaşa, it, pişik, çəpiş:

- Dostlarımı da tez itirdim. Meşədən dolaşa quşu tutub əhilləşdirmişdim. Çiynimə qonurdu, gəzdirirdik. Amma qonşuların evinə girib xırda oğurluqlar edirdi. Ona görə vurub öldürdülər. Bir çəpişim vardı, adını Vaska qoymuşdum. Hara gedirdim yanımca gəlirdi. Bir dəfə çayın qırağında oturub ayağımı sallamışdım. Çəpiş başıyla arxadan məni vurdu, yarğandan düşdüm suya. Anam bunu bildi, səhərisi çəpişi kəsib qovurma bişirdi. Pişiyim hara yoxa çıxdı indi xatırlamıram. Ən uzunömürlü dostum qonşunun iti Toplan idi. Sahibi çəpəri tikanlayırdı, onu da deşib keçirdi yanıma. Gəncədə oxuyanda kəndə gəlirdim. Qaranlıq olurdu, işıq yox idi o vaxtlar. İt elə bil iy bilirdi. Qatardan düşəndə gəlib məni qarşılayıb aparırdı evə. Necə vəfalı heyvan idi. Ona da iynə vurub öldürdülər. Sevdiklərimi tez itirmək əzəldən taleyimə yazılıb mənim... Bir də uşaqlıqda dəmir yığmaq hobbim vardı. Harda dəmir görürdümsə, gətirirdim həyətə. Bir otaq dolusu dəmir yığmışdım. Pirilidə oxuyanda gəldim gördüm biri də yoxdu. Dövlət dəmir yığırmış. Anam da dəmirlərimi verib, əvəzində parça, ayaqqabı, qənd almışdı. Ona görə bir ay küsülü qaldım anamdan. Sonradan başa düşdüm ki, onu da mənim üçün, ailəni dolandırmaq üçün edib. O vaxtlar ürəyimiz istəyəni ala bilmirdik axı. Məsələn, təzə paltar geyindiyim yadıma gəlmir. Qonşunun oğlunun paltosu vardı, anam deyirdi, onu sənə alacam. Həmin uşaq həyətdə oynayanda paltonu çıxarıb qoyurdu çəpərin üstünə. Hirslənirdim ki, tullama ora, anam onu mənə alacaq.

Bir dəfə anam təzə ayaqqabı almışdı. Elə sevinirdim ki... Soruşurdu necədi? Deyirdim yaxşıdı. Halbuki ayağımı sıxırdı, üstündəki qıyıları ilan kimi sancırdı. Onda qonşu kənddə 8-ci sinifdə oxuyurdum. Dərsə gedəndə geyinirdim. Amma çəpərimizi keçəndən sonra ayaqqabıları çıxarıb ayaqyalın gedirdim. Məni bir kənd qadını belə əzab-əziyyətlə tək böyüdüb. Ondan tərbiyə almışam, ondan öyrənmişəm hər şeyi...


Gerçəyə çevrilən yuxu


İlk şeirini isə altıncı sinifdə oxuyarkən yazıb. Əslində, bu hadisə də maraqlı xatirələrlə şairin yaddaşında iz qoyub:

- Bir gün səhər anam bizə yuxusunu danışdı. Bir ağ saç-saqqallı kişi ona deyib ki, "Adım Çoban Əfqandır. Oğlun şairdi, ona de mənə şeir yazsın”. Anam da dil-ağız edib ki, "qoyun-quzu sənə qurban olsun, mənim oğlum şair deyil”. Biz qonşularla gülüşdük. Anam eşitmişdi ki, şairlərə vergi verilir. O da qorxdu. Mollaya gedib dua yazdırdı ki, oğlum şair olmasın, yazıqdı. Ondan bir ay sonra gecə oyandım və Vidadiyə nəzirə kimi "Ağlaram” adlı şeir yazdım. Müəllim şeirimi divar qəzetinə verdi, oldum məktəbin şairi. Anam dedi, Allah məni öldürsün, sənə deyəsən şairlik verilib. Bir dəfə də şeirimə görə qonorar göndərmişdilər. Pulu anama verəndə hirsləndi ki, hardan gətirmisən apar ora qaytar, şeirə pul verməzlər. Arvadı qəm götürmüşdü ki, oğlum şairdi.

O Çoban Əfqanın kim olduğunu isə mən sonralar öyrəndim. Demə, Qıraq Kəsəmənlidə yaşayıb, şeirlər yazıb. Sonra unudulub, sanki belə adam heç olmayıb. Bir dəfə məclisdə orta yaşlı kişi şeir dedi. Soruşdum, kimindir? Dedi, Çoban Əfqanındır. Anamın yuxusu yadıma düşdü. Həmin şeiri köçürtdüm. Belə-belə Çoban Əfqanın şeirlərini topladım. 1955-ci ildə onun kitabını çap etdirdim. Uzun müddət keçdi. Bir dəfə rəhmətlik şair Şahmar Əkbərzadə mənə zəng elədi ki, "Çoban Əfqan iki dəfə yuxuma girib. Deyir ki, Nəriman məni niyə unudub, mənə şeir yazmır?” Çoban Əfqana bir şeir yazdım və onu Şahmara ithaf etdim. Şeir "Ədəbiyyat” qəzetində çıxandan sonra Çoban Əfqan ilk dəfə yetmiş yaşımda yuxuma girdi. Gördüm qəribə dolçada Damcılı bulağın suyunu gətirib, mənə "iç” deyir. İçirəm...


"Anamı dəfn etmək üçün əsgərlikdən qaçdım”


Nəriman Həsənzadə orta məktəbi bitirib, Gəncə Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olur. Tələbəlik illərində Gəncədə bacısı Səriyyənin evində qalır:

- Mənə həyatda anamdan sonra bacım Səriyyə dayaq oldu. Balaca vaxtı ona bir müddət anam baxmışdı, sonra böyük bacısı aparmışdı yanına. Tələbəlikdə isə o bacım baxdı mənə. Yadımdadı, yeznəmizin pencəyi vardı, bacım onu çevirtdirmişdi, geyinirdim dərsə. Qonşumuz Şamama xala deyirdi ki, heyf Nərimandan, gözəl oğlandı, amma çiyni əyridi. Pencəyin qolu qısa idi deyə, çiynimi qaldırıb gedirdim ki, çox bilinməsin. Təzə ayaqqabı ala bilmirdim, yamaq saldırırdım, o yamağa baxanda elə sevinirdim ki... Qəzetdə şeirim çıxırdı, amma pul olmurdu o qəzeti almağa...

Neyləyim, unutmur insan ürəyi,

Yaşadım dünyada könlü yanıqlı.

Düz dörd il geydiyim köhnə pencəyin,

Qolu gödək oldu, boynu yamaqlı.

O pencək saxladı məni soyuqdan,

Doğru danışmağı çoxu ar bilir.

Əynindən çıxardıb vermişdi atam,

Heç kəs bilməsə də, qonşular bilir.

Bəzən ac da qaldım, daha nə danmaq,

Danışıb gülməyə könlüm olmadı.

Şeirim qəzetdə çap oldu, ancaq

Bir qəzet almağa pulum olmadı.

Lakin bu dərdimi bilmədi heç kim,

Mən bildim qədrini sevincin, qəmin

Arabir xəlvəti baxıb sevindim,

Təzə yamağına köhnə çəkmənin.

Gəncə Pedaqoji İnstitutunda təhsilini başa vurandan sonra Bakıya gəlir gənc şair. Burada iş tapacaq, kirayə ev tutacaq, sonra anasını da yanına gətirəcəkdi. Amma sən saydığını say, gör fələk nə sayır. Tale ona elə bir ağır, qəfil zərbə vurur ki, ömür boyu unuda bilmir...

Balaxanıda axşam məktəbinə işə düzəlir. 23 yaşlı müəllim ilk dərs günü sinif otağında əyləşib şagirdlərini gözlədiyi vaxt içəri başıpapaqlı 60-65 yaşlı kişilər daxil olur. Kim olduqlarını soruşanda məlum olur ki, şagirddirlər: "Söhbət əsnasında onlara vaxtilə Mirzə Ələkbər Sabirin dərs dediyini öyrəndim. Danışırdılar ki, Sabir şagirdlərə qələm, dəftər, çanta alarmış, onlara öz şeirlərini oxuyarmış. Amma onu işdən çıxarırlar. Səbəb də bilirsiniz nə olub? Guya Sabir Azərbaycan dilini bilmirdi. Beləcə, mən onları öyrətməli olduğum halda, onlar mənə müəllim oldular”.

Balaxanıda bir ayadək dərs deyir. Kirayə ev tutmağa macal tapmamış gözlənilmədən onu əsgər aparırlar. "Salyan kazarması”nda xidmətə başlayır. Elə əsgərlikdə olarkən həyatının ən bəd xəbərini eşidir. Anasının vəfat etdiyi haqda teleqram gəlir: "Getdim dedim ki, anam rəhmətə gedib, icazə verin, kəndə gedib onu dəfn edim. Dedilər, yox, Qazax rayon hərbi komissarından sənəd lazımdır. Qazaxa kim gedəcəkdi? Heç kimim yox idi. Avtomatı tutdum mayorun üstünə ki, vuracam. Tələsik dedi, get. Qapıdan çıxanda əsgərlər məni əhatəyə aldılar. Yenə avtomatı çəkdim ki, yaxın dursanız, vuracam. Nə isə, elə avtomatla qaçdım əsgərlikdən. Mülkü paltar geyinib, kəndə getdim. Anamın arzusu idi ki, öləndə son mənzilə oğlumun çiynində gedim. Onun arzusunu həyata keçirdim. Amma öz arzularım çilik-çilik oldu. Həmişə arzulayırdım ki, maaşımla anama bir kələğayı alım. Onu eləyə bilmədim. Nə yaşı vardı ki, anamın? Heç 50 yaşı tamam olmamışdı. Dəfndən sonra gəldim evə. Gördüm evdə heç nə qoymayıblar qalsın, hərə bir şey götürüb gedib. Həyətdə bir pişiyimiz, bir də toyuq-cücəydi. Onlar da yetim qaldı, mən də. Kimsəsiz olduğumu o an iliyimə qədər hiss etdim... Yenidən qayıtdım əsgərliyə. Məni hərbi tribunala verdilər. Təsadüfən həmin ərəfədə Rəsul Rza, Nigar Rəfibəyli, Nəbi Xəzri, İosif Aratovski bizim hərbi hissəyə görüşə gəlmişdilər. Onda artıq Azərbaycan Yazıçılar İttifaqının üzvü idim. Rəsul Rza və Nigar xanım mənim hərbi tribunala verildiyimi biləndə general Əbilovdan xahiş etdilər, vəziyyətimi ona başa saldılar və məni xilas etdilər. Bu dəfə tale üzümə güldü. Əsgərliyimi bitirib geri dönən gün isə axşama kimi kazarmanın qapısında dayanıb ağladım ki, hara gedim, axı heç kimim yoxdu. Axırda getdim Saragilə...


"Hamı bizə baxıb lağ edirmiş”


Sara... Öz təbirincə desək, anasından sonra həyatının ikinci ilahi varlığı... Taleyin ona töhfəsi... Saranı tələbə vaxtı bacısı Səriyyəgildə yaşayanda tanımışdı. Yeznəsinin qardaşı qızı idi. Onda hələ məktəbdə oxuyurdu, Nərimandan 5 yaş kiçik idi:

- İnstitutda hansı qızdan xoşum gəlsə, Saraya deyirdim, get bax gör necədir. O da baxırdı, gəlib pisləyirdi. Demə, ürəyində məni istəyirmiş. Bir detalı deyim, görün bizim sevgimiz necə pak, məsum idi. Eyni evdə qalırdıq, guya şəhərə görüşə çıxırdıq. Qapını bağlayıb evdən çıxırdıq. Yan-yana yox, ayrı səkilərlə gedirdik. Arada dönüb bir-birmizə baxıb gülümsünürdük. Körpünün yanına çatırdıq. O, körpünün bir başında, mən də o biri başında oturub, baxışıb, qayıdırdıq geri. Ad oldu ki, görüşdük. Gecəyə kimi yatmırdıq. Üzbəüz oturub dərs eliyirdik guya, bir-birimizə baxırdıq, məktublaşırdıq. Belə saf olub bizim məhəbbətimiz. Əsgərlikdən qayıdandan bir müddət sonra Gəncədə toyumuz oldu. Nişanımı da, toyumu da bacım elədi. Sağdışım Xəlil Rza idi. Onun yoldaşı Firəngizlə Sara rəfiqə idi. Mən də Xəlilin sağdışı olmuşdum.

Toydan sonra gənc ailə Bakıya köçür. Ev kirayələyirlər. Sara xanım tibb işçisi kimi aptekdə işə düzəlir. Az sonra Yazıçılar İttifaqından şairi Moskvaya M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərirlər. 4 illik tələbə həyatının 2 ilini yataqxanda dostu Xəlil Rza ilə bir otaqda qalır. Bu iki il bir ömürlük şirin xatirəyə çevrilir:

- Demişdilər Moskva yaman yağışlı şəhərdi. Biz də hərəmizə bir çətir, makentoş plaş və qaloş aldıq. Hər gün plaşı, ayaqqabının üstündən qaloş geyinib, əlimizdə çətir gedirik dərsə, özü də asfalt yolla. Tərs kimi yağış da yağmırdı. Sən demə, hamı da bizə baxıb lağ edirmiş. Bizim Peredelnik deyilən yerdəki yataqxanamız şəhərdən 25 kilometr aralı idi. Bir dəfə dərsə gedəndə bilet almağa pulumuz olmadı. Qatara biletsiz mindik. Yoxlanış aparanda harda təhsil aldığımızı soruşdular. Xəlil özünü Əli Vəliyev kimi təqdim etdi. Məndən adımı soruşanda Xəlil cavab verdi ki, Cəlil Məmmədov. Biletsiz gedib çıxdıq instituta. Sonradan Moskvadan Yazıçılar İttifaqına sorğu göndərmişdilər ki, biletsiz getdiyiniz üçün cərimə olunmusuz. Qayğılı, amma maraqlı, unudulmaz günlər idi. İlk övladım - qızım dünyaya gələndə Moskvada tələbə idim. Teleqram gəldi ki, qızın olub. Dilxor oldum. Teleqramı gizlətdim. Öz-özümə fikirləşdim ki, niyə qız? Gərək oğlum olaydı. Bir neçə gündən sonra bu xəbəri Hikmət Ziyaya dedim. Məni danladı, dedi belə xəbəri gizlətməzlər. Sonra Söhrab Tahir, Məmməd Araz və başqa dostlarımızla birlikdə kiçik məclis qurduq, ata olmağımı qeyd etdik. Beş il sonra isə oğlum dünyaya gəldi.


"Mir Cəlal Paşayev oğlunun evini mənə verdi”


Nəriman Həsənzadə 1961-ci ildə Moskvada institutu fərqlənmə diplomu ilə bitirib Bakıya gəlir. Elə bilir ki, iki ali təhsil almış şairi rahatlıqla işə qəbul edəcəklər. Ancaq ümidləri puç olur, qalır işsiz. Xoşbəxtlikdən ağır anlarında yeni xilaskarı onun imdadına yetir. Bu dəfə qarşısına Mir Cəlal Paşayev kimi xeyirxah bir insan çıxır:

- Mir Cəlal Paşayev işsiz vaxtımda məndən nə axtardığımı soruşdu. Bildirdim ki, iş axtarıram. Dedi, "iş axtarma, adam axtar. Adam da mən”. Mir Cəlal müəllimin köməkliyi ilə indiki Bakı Dövlət Universitetində aspiranturaya qəbul oldum. Elmi rəhbərim oldu, "Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda elmi iş yazdım. Sözün həqiqi mənasında mənə atalıq elədi. Məni o qədər ruhlandırdı ki, bir il səkkiz aya müdafiə etdim və filologiya elmləri namizədi alimlik dərəcəsi aldım. Sonra Mir Cəlal müəllimin təklifi ilə institutda yarımştat dərs deməyə başladım. Mir Cəlal Paşayev qeyri-adi, xeyirxah insan idi. Özü də etdiyi yaxşılıqları heç vaxt dilə gətirməz, yada salmazdı. 1964-cü ildə oğlu Arifə veriləcək evi mənə verdi. Halbuki öz ailəsinin də evə ehtiyacı vardı. Yazıçılar İttifaqının sədri Mehdi Hüseyndən xahiş etdi ki, onun evini mənə versinlər. Mehdi Hüseyn dedi, axı sənədləri icraya göndərmişik, təsdiq olunub. Buna baxmayaraq, o, evi mənə verdi. Özü isə 3600 rubl borc götürüb Arifə kooperativdən ev aldı. Mən hələ Moskvada oxuyarkən İlyas Əfəndiyev İsmayıl Şıxlının Nəsimi bazarının yanında ikiotaqlı mənzilini mənə vermişdi. O evi Xəlilgilə verdim, dedim, siz qalın. İkinci dəfə Nazim Hikmətin köməkliyi ilə Münəvvər Kələntərlinin evini verdilər mənə. Sonra Mir Cəlal müəllimin verdiyi evə köçdüm. Hazırda yaşadığım mənzili isə mənə ölkə başçısı İlham Əliyev verib. Taleyim nə qədər ağır olsa da, Tanrı qarşıma yaxşı insanlar çıxarıb. Onlardan biri də Ulu Öndər Heydər Əliyev idi. Yazıçılar İttifaqının partiya təşkilatının rəhbəri olanda 1976-cı ildə Heydər Əliyev məni qəbul etdi. Dedi "Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor işlə”. Dedim, iki yerdə işləməyi bacarmaram. O da qəzetin üstündə dayandı. İnanın, qəzetin hər nömrəsini Heydər Əliyevlə bir yerdə buraxırdıq. Hər nömrəni oxuyurdu. Qəzet 120 min tirajla çıxırdı. 14 il yarım orda işlədim.


"Heydər Əliyev məni müdafiə etməsəydi, o əsər üzə çıxmazdı”


Nəriman Həsənzadənin Heydər Əliyevlə ilk görüşü isə daha uzaqlara gedib çıxır. Hələ 1957-ci ildə Azərbaycan Yazıçılar İttifaqı rəhbərliyindən DTK-ya məktub aparmışdı ki, Nəriman Nərimanov haqda poemasını yazmaq üçün ona dövlət arxivlərində işləməyə icazə versinlər. O vaxt gənc şairi idarədə şöbə müdiri işləyən Heydər Əliyev qarşılayır:

- İndiyə kimi yadımdadır. Ucaboy, yaraşıqlı, möhkəmbədənli gənc vəzifə sahibi idi. Apardığım məktubla tanışlıqdan sonra üzündə bir təbəssüm oyandı. Hiss etdim ki, yazmaq istədiyim mövzu onun da ürəyindəndir. Mənə hər cür qayğı göstərdi. Amma dövlət arxivinin şöbə müdiri Naydel soyadlı bir yəhudi dedi, hansı materialdan istifadə edəsi olsanız, bizə də məlumat verməlisiniz. Qeyd dəftərçəmi səhifələdi və bir-bir öz möhürünü vurdu. Arxivdə işlədiyim müddətdə gördüm ki, axtardığım mənbələrin əksəriyyəti yoxdur. Məsələn, Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdən azərbaycanlı generallarımızın vurduğu teleqramların əsli yox idi. Sonralar öyrəndim ki, bu sənədləri dövlət arxivlərində işləyən erməni, rus nümayəndələrindən olan işçilər aparıblar. "Arxivdə itməsin” deyə "itirmişdilər”. Nərimanovun sovet dövründə siyasi fəaliyyətinə ikili münasibət olduğu üçün əsəri çap etdirmək də çətin idi. Azərbaycan KP MK-nın ideoloji katibi məni günahlandırırdı ki, həmin dövrdə Bakı Sovetinin sədri Şaumyan ola-ola nə üçün əsərdə baş qəhrəman kimi Nərimanovu vermişəm. Moskvanın "Sovetskiy pisatel” nəşriyyatında çapa hazırlanan "Nəriman” poemamın əlyazmasını ixtiyarları olmaya-olmaya nəşriyyatın mətbəəsindən tələb edərək Bakıya, ovaxtkı Mərkəzi Komitəyə gətirib, 1400 misra ixtisar etdilər. Əlbəttə, millətimizin böyük oğlu Heydər Əliyev məni müdafiə etməsəydi, əsər üzə çıxmazdı. Məni siyasi baxımdan ittiham edirdilər. Ulu Öndərimiz bürodakı çıxışlarının birində dedi ki, poema necə yazılıbsa, eləcə də çap olunmalıdır. Lakin artıq gec idi. Ozamankı senzura ixtisar etdiklərini elə gizlətmişdi ki, o misraları bərpa edə bilmədim.

Xalq şairinin bir neçə şeiri və poeması da o dövrdə həm Mərkəzi Komitə, həm də Yazıçılar İttifaqı tərəfindən xeyli tənqid olunur, siyasi baxımdan ittiham edilir. Onlardan biri də "Kimin sualı var” poemasıdır:

- Hələ əsər tam çap olunmamışdı. "Ədəbiyyat və incəsənət” qəzetində böyük bir parça çıxmışdı. İttifaqın katiblərindən biri zəng vurub məni hədələdi, guya əsəri dövlətin, partiyanın əleyhinə yazmışam. Yazıçılar İttifaqında isə məhkəməmi qurdular. Həyat yoldaşım məndən xəbərsiz ora gedib, ittifaqın Birinci katibinə ağır sözlər deyib və güclü stres keçirib huşunu itirdi. Mərhum qələm dostlarım Cabir Novruz və Xalidə Hasilova onun qoluna girib başqa otağa aparıblar. Bu əsərə görə yoldaşımı itirdim. Müalicəsi mümkün olmayan xəstəliyə tutuldu... Mənə dedilər, ərizəni yaz, qəzetdən işdən çıx. Mən də yazdım. Həmin gün akademik Həsən Əliyev təsadüfən redaksiyaya gəlmişdi. Gördü dilxoram, səbəbini soruşdu. Hadisədən xəbər tutandan sonra redaksiyanın telefonu ilə ittifaqın Birinci katibinə zəng vurdu. Çox sərt danışdı. Poemamı oxuduğunu və bəyəndiyini bildirdi. Lakin 1990-cı ildə Yazıçılar İttifaqının plenumunda məni qəzetdəki işimdən çıxardılar. Nizamnaməyə görə, ittifaqın orqanlarında on ildən artıq işləmək olmazdı. Mən də o vaxt artıq Ali Sovetin deputatı idim. Müstəqillik aktına imza atanlardan biri də mən olmuşam. 1991-ci ildən Mətbuat və İnformasiya nazirinin birinci müavini işlədim, bir müddət naziri əvəzlədim. 1997-ci ildən isə Milli Aviasiya Akademiyasında dərs deyirəm, Dil və ictimai fənlər kafedrasının müdiri, professoram”.


"Sarasız tənhayam”


Bir çox məşhur sevgi şeirlərinin müəllifi olan şair evdə, ailə başçısı, həyat yoldaşı kimi necə idi görəsən?

- Çətinliyi ondadır ki, gecəm-gündüzüm yox idi. Amma mən heç vaxt evdə ucadan danışmamışam. Səsimi yüksəltməmişəm. Heç vaxt Saranın xətrinə dəyməmişəm. Düzdür, bəzən küsülü olurduq. O da nəyin üstündə? Müxtəlif görüşlərə gedirdim, sevgi məktubları alırdım. Bəzən qızlar evə zəng edib deyirdilər ki, Nərimanın Moskvada uşağı var. Özüm də mat qalırdım bu fantaziyalara. Onda qısqanıb, küsürdü. Amma könlünü alırdım... Qadın uşaq kimidir. Gərək xətrinə dəyməyəsən. Sən qadını sevsən, qadın da səni sevəcək. Sara mənim həyat yoldaşım, bacım, anam idi. Qismətə bax ki, anam da, bacım da, yoldaşım da 50 yaşı tamamlamadan vəfat etdilər...

Qadını sevmək, qorumaq, qədrini bilmək lazımdır. Mən sağlığında ona şeir yazmamışdım. Bir dəfə dedi hamıya şeir yazırsan, məndən savayı. Gənclik havasından gec ayıldım. Onu itirəndən sonra çoxlu şeir yazmağa başladım...

Ölümündən bir neçə il sonra Nekrasovun əsərini vərəqləyirdim. Həmin kitabda Saranın öz xətti ilə yazdığı fikri oxudum: "Nekrasovu çox sevirdim. Tale elə gətirdi ki, mənim həyat yoldaşım da şair oldu. Onunla fəxr edirəm”. Ancaq bir dəfə mənə demişdi ki, qızıma şair elçi gəlsə, vermərəm. Şairin həyat yoldaşı olmaq çətindir... Rəssam portretimi çəkmişdi, altında iki misramı yazmışdı: "Bir insan ömrünü girov qoymuşam. Bir şair ömrünü yaşatmaq üçün”. Bir gün İsmayıl Şıxlı bizə gəlmişdi. Portretə baxıb dedi, "Nəriman, nə yaxşı düzəlişdi bu”. Baxdım ki, Sara şeirə düzəliş edib: "Bir qadın ömrünü girov qoymuşam. Bir şair ömrünü yaşatmaq üçün”.

Son anlarına qədər məni düşünürdü, "necə yaşayacaqsan?” deyirdi. Bir həftə Mərdəkanda xəstəxanada qalandan sonra evə gətirdim. Yolda sürücüyə dedi, yavaş sür, gör şəhər nə gözəldi. Binada lift yoxdu, pilləkənləri qalxanda girdim qoluna. Dedi, qoluma girmə, qonşular elə bilər ağır xəstəyəm. İçəri girəndə evin divarlarını öpdü. Dedi, məni xəstəxanaya 1-ci gün yox, 2-ci gün apararsan. Yemək istəmirdi. Sonra dedi, Nəriman bişirsə, yeyərəm. Sıyıq apardım, yedi. Dedi, qoy sağalım, bilirsən sənə necə qulluq edəcəm. Ardınca da qayıtdı ki, birdən Nəriman xəstələnərdi?! Mən dözməzdim, ölərdim. Və üzümə baxıb öldü...

Kimsə deyirdi ki, kişi ağlamaz,

Hanı gülə-gülə ölən kişilər?

Arvadı itirən kişini duymaz,

Arvadı yanında olan kişilər.

Bir il evin qapısını açıb içəri girəndə ağladım. Hələ də onun yoxluğu incidir məni. Bəlkə biz bir yerdə böyümüşdük deyə belə oldum. O, mənim hər şeyim idi. İki övladım, 4 nəvəm, 2 nəticəm var. Amma Sarasız yenə də tənhayam... Təklik fəlakətdir...

Tək çəkə bilmirəm can əzabını,

Sənsiz ürəyimi əzir ayrılıq.

Mən zəngi basanda, sən aç qapını,

Bəxtimə çıxıbsan, qarşıma sən çıx!

Tək sənin səsinə həsrətəm evdə,

Susub dinləsəm də dostu, tanışı.

Oğul-qız yanında mən təkəm evdə,

Başqadır həyatda həyat yoldaşı...


"Bir az möhlət istəyirəm ömürdən”


Bu dünyanın hər üzünü görüb Nəriman Həsənzadə. Həyatın bütün acılı-şirinli gerçəklərinə şahid olub. Bəzən taleyinə üsyan edib, bəzən onunla barışıb. Qismətinə sevdiklərini tez itirmək də yazılıb, xeyirxah insanlarla rastlaşmaq da. Yetimçilik, kasıblıq, yoxluq da görüb, bolluq da... Və qarşılaşdığı bütün çətinlikləri yara-yara həyatda, ədəbiyyatda öz yerini tutub. İndən belə isə ömürdən bir az möhlət istəyir - Sara xanıma yazdığı "Gözüm gözlərdə qaldı” poemasını çap etdirmək və tarixi şəxsiyyətlər haqda fikrində tutduğu əsərləri yazmaq üçün...

Uzaqdımı, yaxındımı mənzilim,

Mən dağ qalxdım dağı aşan kimiyəm.

Dünya gördüm, dünyalaşan kimiyəm;

Bələd oldum hər üzünə həyatın,

Gecəsinə, gündüzünə həyatın.

Bir az möhlət istəyirəm ömürdən,

Nə qədər ki, bu dünyada biz varıq,

Bu dünyanı yaşadırıq, yaşarıq...


Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM