Alternative content

14:50 21 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rəqəmsal dünyaya ASAN keçid
Rəqəmsal dünyaya ASAN keçid
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:25 13.12.2019


Prezident İlham Əliyevin yaratdığı "Elektron Hökumətin İnkişafı Mərkəzi” innovativ texnologiyalardan istifadə etməklə ölkənin bütün vətəndaşlarına elektron xidmətlərin göstərilməsini təmin edir


Müasir texnologiyalar, innovativ yeniliklər, virtual məkan və süni intellekt...

XXI əsrin başlanğıcı təkcə il baxımdan yeni eranın başlanğıcı deyil, həm də yeni elektron idarəetmə sisteminə keçid dövrü kimi səciyyələnir. Elə bir dövrdəyik ki, dünən müasir hesab edilən metodlar bu gün artıq aktual olmur və daha yeniləri ilə əvəzlənməsinə ehtiyac duyulur. Yəni, sürətlə inkişaf etməkdə olan elm və texnologiya əsrində innovativ yeniliklər hər kəsi heyrətləndirir.

Zamanın çağırışları ilə ayaqlaşan Azərbaycan dövləti də yeni sistemə keçidlə vətəndaş-hökumət münasibətlərində çeviklik, şəffaflıq prinsipinə əsaslanan "Rəqəmsal hökumət” (Digital Government) sisteminin tətbiqinə başlayıb. Müasir yeniliklərin tətbiqi artıq uğurlu nəticələr verməkdədir və hətta qısa zaman kəsiyində elektronlaşma sahəsində Azərbaycanın həyata keçirdiyi layihələr bir çox ölkələr üçün nümunəyə çevrilib.


Çevik fəaliyyət, informasiya ehtiyatlarının formalaşdırılması


Əgər bir neçə il öncə hər hansı bir sənədi əldə etmək, hər hansı xidmətdən yararlanmaq üçün bir neçə yerə müraciət etmək, xeyli sayda sənədləşmə işi ilə məşğul olmaq, günlərlə, bəzən də aylarla gözləmək lazım gəlirdisə, "Elektron Hökumət”in yaradılması ilə bu problemə, demək olar ki, son qoyulub.

2008-ci ildən ölkənin elektronlaşması istiqamətində başlanmış işlər artıq Azərbaycanı kosmik fəzaya malik ölkələr sırasına daxil edib.

Ötən ilin mart ayında Prezident İlham Əliyevin fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan Elektron Hökumətin İnkişafı Mərkəzi 1 illik fəaliyyəti dövründə böyük uğurlar əldə edib. Mərkəz bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərməklə müvafiq infrastrukturun yaradılması üzrə çevik fəaliyyət həyata keçirir.

Bəlkə də çoxları üçün müasir texnologiyaların tətbiqi ilə elektron xidmətlərin necə ərsəyə gəlməsi çox maraqlıdır. Elə bizim üçün də maraqlı olduğu üçün Bakı şəhəri Atatürk prospekti, 89 ünvanında yerləşən Elektron Hökumətin İnkişafı Mərkəzində həyata keçirilən proseslərə şahidlik etdik.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə ötən il noyabr ayının 12-də açılışı olan, beşmərtəbəli inzibati binada yerləşən Elektron Hökumətin İnkişafı Mərkəzində publik hüquqi şəxsin fəaliyyətinin yüksək səviyyədə təşkili üçün bütün şərait yaradılıb.

Mərkəz dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədilə əlaqələndirici qurum kimi funksiyaları yerinə yetirir. Bununla yanaşı mərkəz xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsinə məsuldur.


Burada vətəndaşa birbaşa xidmət yoxdur


Mərkəz fasiləsiz fəaliyyət göstərir, vətəndaşlar "e-gov.az”, "My.gov.az”. "eTender.gov.az”, "asanpay.az” və digər elektron portallarından həftənin 7 günü, 24 saat xidmətlər alırlar. Binada həmçinin ekosistem yaradılıb, yəni binada həm ideya sahibləri, həm o ideyanı inkişaf etdirənlər, investorlar, dövlət təşkilatları, biznes mühiti və elmi camiə var. Bu məkanda vətəndaşa birbaşa xidmət yoxdur, insanlar xidmətləri virtual formada portallar vasitəsi ilə alırlar.

Ötən ilin noyabr ayından fəaliyyət göstərən mərkəzdə 217 əməkdaş çalışır. Hazırda mərkəz tərəfindən dövlət və özəl təşkilatlarla birgə 40-dan çox layihə həyata keçirilir. Ümumilikdə isə 250 qurumla əməkdaşlıq edilir.

Mərkəzin rəhbəri Fariz Cəfərovla söhbət edə-edə burada görülən işlər və həyata keçirilən layihələrlə yaxından maraqlanırıq. Bəlli olur ki, mərkəz müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsini təmin edir.

Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətlərini, o cümlədən elektron viza (ASAN viza) verilməsi və rəqəmsal ödəniş sistemləri kimi sahələri əhatə edir. F.Cəfərov deyir ki, son illər vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam rəqəmsallaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq, nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq əsas hədəfə çevrilib.

Bütün bunlara görə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın və standartların tətbiqi, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zərurəti yaranıb.


Sənədin etibarlılıq müddətinin bitməsindən tutmuş övladın peyvənd olunmasınadək gələn bildiriş


"Fəaliyyətimiz 1 ili əhatə edir. Bu müddət ərzində "Elektron Hökumət” portalına yeni dizayn vermişik. Reaktiv (insanın dövlətə müraciəti və cavabın alınması) xidmətdən proaktiv (dövlətin vətəndaşa müraciəti) xidmətə keçid etmişik. "MyGov”- "Mənim hökumətim” konseptinə keçidi iyun ayında reallaşdırmışıq. Yəni hökumət bütün xidmətləri vətəndaşa "bir pəncərə”dən təqdim edir, vətəndaş heç yerə getmədən xidmətdən yararlana bilir. Bu, hər bir insanın hökuməti öz həyatında hiss etməsini təmin edən layihədir” deyən mərkəzin rəhbərinin sözlərinə görə, "MyGov” "qabaqlayıcı hökumət” konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi platformadır.

Bəs vətəndaş bu sistemdən necə yararlanır?

Vətəndaşlar "MyGov” platformasında qeydiyyatdan keçərək "şəxsi kabinet”lərinə daxil olmaqla özlərinə aid məlumatları görə bilirlər. Platformaya daxil olmaq üçün vətəndaşın şəxsiyyət vəsiqəsinin 7 rəqəmli "FİN” kodu və ya gücləndirilmiş elektron imza (elektron imza və ya ASAN imza) lazımdır.

Portala daxil olduqdan sonra hər bir şəxs xidmətlərə elektron qaydada müraciət edə, elektron arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiqləyə, həmçinin özünə aid məlumatların digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilir.

Sistemin bir neçə üstünlüyünə nəzər yetirək. Əgər istənilən müəssisədə, təşkilatda, bankda vətəndaşdan hər hansısa bir sənəd tələb olunduqda, vətəndaş haqqındakı bilgilərin "MyGov”da yerləşən "şəxsi kabinet”indən götürülməsinə icazə verir. Bu da rəqəmsal transformasiya hesab olunur.

Digər bir üstünlük vətəndaşa göndərilən 7 növ bildiriş mesajlarıdır. Hər hansısa bir sənədinin etibarlılıq müddətinin bitməsinə görə vətəndaşa mesaj gəlir ki, sənədinizin vaxtı bu tarixdə bitir, dəyişmək lazımdır. Hətta övladın peyvənd vurulma vaxtı belə vətəndaşa elektron bildirişlə xatırladılır. Bu bildirişlərin sayı daha da artırılacaq və digər sənədlərlə də bağlı məlumatlar vətəndaşlara bildiriş formasında təqdim ediləcəkdir.


Dövlət xidmətləri rəqəmsal dövrdə


Ümumiyyətlə, mərkəz "Elektron Hökumət” portalı, "ASAN Viza”, "ASAN login”, "ASAN ödəniş”, "ASAN finans”, "ASAN wifi”, "ASAN observer”, "ASAN bridge”, "ASAN index”, "E-Agro”, Elektron Satınalma Sistemi, Elektron Lisenziya və İcazələr Sistemi, "Digital.gov.az”, Avtomatlaşdırılmış Əmək Monitorinqi Sistemi, "İdeya Bankı”, "Bir Pəncərə” Tikintiyə İcazə Sistemi, Dövlət Xidmətləri Reyestri, İnsan Resursları Sistemi və quruculuq işləri davam edən digər layihələrin fəaliyyətini təmin edir. Bir neçə mühüm sistemin fəaliyyətinə nəzər yetirək: "ASAN ödəniş” sisteminə artıq 222 qurum (30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, 8 dövlətə məxsus hüquqi şəxs, 2 özəl təşkilat və 16 ödəniş sistemi) inteqrasiya olunub. Bundan başqa, 16 Ödəniş Xidməti Təchizatı, 558 xidmət, 10 000 terminal və 1200 poçt şəbəkəsi bu sistemə daxildir. Eyni zamanda "E-manat”, "E-pul”, "Hesab.az”, "MilliÖN” və ölkədə olan digər ödəniş təchizatları bu sistemə inteqrasiya edilib.

"ASAN finans” layihəsi bu ilin fevral ayından fəaliyyətə başlayıb. Hazırda 62 qurum bu sistemə qoşulub. Sistem üzərindən 20-yə yaxın fərqli məlumatlar banklara təqdim edilir və banklar vətəndaşa xidmət göstərir.

"ASAN viza” ölkənin çox önəmli layihələrindən biridir. Buradakı artım tempi də bunu deməyə əsas verir. Belə ki, 2017-ci ilin yanvar ayından fəaliyyətə başlayan sistem vasitəsilə ilk vaxtlar 3 gün ərzində viza verilirdi. Daha sonra əcnəbi vətəndaşın müraciətindən 3 saat sonra vizanın verilməsi təmin edilməyə başlandı. 2018-ci ilin may ayından etibarən beynəlxalq hava limanlarındakı terminallar vasitəsilə 2 dəqiqə ərzində vizanın verilməsi təmin olunur. Hətta Avropa Liqasının Bakıda keçirilən "Çelsi” - "Arsenal” final matçı ərəfəsində vizalar 20 saniyəyə verilib.


"Elektron Hökumət”in inqilabi yeniliyi - virtual dövlət satınalmaları


Bütün dövlət satınalmaları elektron formada həyata keçirilir. Hər bir proses üçün elektron imza yetərlidir. Dövlət qurumunun nümayəndəsi, tender komissiyası, elektron protokollar, podratçı şirkətlər, təkliflər, qiymətləndirmələr və nəticələrin hamısı elektron qaydada həll edilir. Tenderin nəticələri bəlli olduqda qaliblərə də, məğlub şirkətlərə də bu barədə bildiriş göndərilir. Yəni hər şey virtual həyata keçirilir.

Bunun ardınca sistem İqtisadiyyat və Maliyyə nazirliklərinə qoşulur.

Layihənin vergi dövriyyəsi, işçi qüvvəsinin sayına qədər hesablamalar aparılır. Ümumiyyətlə, bu sistemdə hazırda təqribən 6 min dövlət əsaslı şirkət və qurum iştirak edir.

Mərkəzin rəhbəri deyir ki, dövlət satınalmaları layihəsinin hazırlanması Prezident İlham Əliyevin "Elektron Hökumət” sisteminin formalaşdırılması sahəsindəki islahatlarının inqilabi yeniliyidir. Çünki dünyanın çox az sayda ölkəsində bu formatda təkmil bir sistem yaradılıb.

Bütün bunlar isə dövlətin vətəndaşa göstərdiyi qayğının bariz nümunəsidir. Bu gün Azərbaycanda reaktiv sistemdən proaktiv sistemə keçid mərhələsi uğurla gedir: "Bu, dövlətin yeni yanaşmasıdır və cənab İlham Əliyevin islahatlarının tərkib hissəsidir. Dövlət vətəndaşın bütün problemlərini həll etməyə, onu önləməyə, qabaqlamağa və daha üstün səviyyədə xidmət göstərməyə çalışır. Bunu "qayğı göstərən hökumət” kimi təqdim edirlər” deyə mərkəzin rəhbəri bildirdi.

Mərkəzin rəhbəri onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin fərmanı ilə ölkədə bütün dövlət qurumlarının vahid sənəd dövriyyəsi sistemi hazırlanır.


Proqramçıların yeni ideyaları, məlumatların qorunmasının məsuliyyəti


Fariz Cəfərovla söhbətimizi yekunlaşdırıb mərkəzdə həyata keçirilən proseslərlə tanış oluruq. Müxtəlif departamentlər gün ərzində layihələrin icrası ilə məşğul olurlar. Burada müxtəlif departamentlər fəaliyyət göstərirlər.

Proqramçılar otağında proqram təminatının hazırlanması prosesi həyata keçirilir. Bir ildir ki, burada baş proqramçı, arxitektor kimi çalışan Fərid Səmədov işindən çox razıdır. "ASAN login” və "MyGov” layihələrinin koordinasiyası ilə məşğul olan proqramçı deyir ki, gün ərzində bu sistemlər üzrə yeni funksiyaların yazılması, yeni layihələrin hazırlanması prosesini həyata keçirir. Bu proseslərin reallaşması çətin olsa da, Fərid üçün çox maraqlıdır: "Rəhbərlik bizə daha innovativ, müasir layihələrin kəşf edilməsinə, hazırlanmasına icazə verir və biz də daim axtarışdayıq. Çalışdıqca isə insan yenilik edə bilir. Müxtəlif ideyalar irəli sürürük və rəhbərlik tərəfindən bu işimiz dəyərləndirilir. Artıq bir neçə ideyamız bəyənilib və tətbiqinə başlanılıb”.

Verilənlər bazalarının idarə edilməsi şöbəsi mərkəzin mühüm bölməsindən biridir. Çünki burada bütün vətəndaşların şəxsi məlumatları qorunub saxlanılır.

Mərkəz fəaliyyətə başladığı gündən burada çalışan baş mütəxəssis Şahin Pirverdiyev deyir ki, şöbənin üzərində böyük məsuliyyət var. Çünki istənilən zaman baş verə biləcək təbii fəlakət elektron sistemləri sıradan çıxara bilər. Ancaq onlar mərkəzdəki bütün məlumatların müxtəlif əlavə vasitələrdə saxlanmasını təmin edirlər: "İşimiz məsuliyyət tələb edir. Çünki gördüyümüz işlər verilənlər bazasının təhlükəsizliyinə, onların idarə edilməsinə istiqamətlənib. Mərkəzin layihələri üçün proqramlar, tətbiqlər hazırlayırıq. Bu tətbiqlərə insanlar öz məlumatlarını daxil edirlər. Bu məlumatlar sırasında bank hesabı, ailə tərkibi, digər şəxsi məlumatlar olur. Biz müxtəlif şifrələmə metodları ilə onların təhlükəsizliyini təmin edirik. Əgər fövqəladə hal baş verərsə, həmin məlumatlar dərhal başqa yerə köçürülür”.

Baş mütəxəssis deyir ki, burada məlumatların sorğulanması prosesi də həyata keçirilir. Yəni bəzən proqramçılar müəyyən məlumatları əldə etmək üçün müraciətlər edirlər. Şöbənin əməkdaşları bu müraciətlər əsasında məlumatları sorğulayıb proqramçılara ötürürlər. Yəni mərkəzin əsas idarəetmə şöbələrindən biri də buradır: "Bizim şöbəmiz mərkəzin məlumat və informasiyalarının qorunduğu şöbədir. Ani bir səhvdən illərdir toplanan məlumatlar silinə və ya yox ola bilər. Düzdür, sistem yenidən bərpa olunacaq, amma bazanın bərpası mümkün olmayacaq. Bu səbəbdən də bu şöbədə çalışmaq çox məsuliyyətlidir”.


Vətəndaşlar üçün şəffaf, operativ elektron xidmət təkmilləşdirilir


Proqramçılar, İT infrastrukturunun idarəedilməsi üzrə baş mütəxəssislərlə, arxitektorlarla söhbətləşdikcə insan özünü virtual məkanda hiss edir. Layihələrlə tanış olduqca bəlli olur ki, bütün bu elektron proseslər o qədər də asan ərsəyə gəlmir.

Burada mərkəzin əməkdaşlarının istirahəti üçün də şərait yaradılıb. İstənilən əməkdaş boş vaxtında kitabxanada mütaliə edə bilər. Özünü yorğun hiss edən şəxs isə istirahət otağında dincələ bilir.

Mərkəzin fəaliyyəti ilə ümumi tanışlıq bizdə həqiqətən xoş təəssürat yaratdı. Burada həyata keçirilən proseslərə canlı şahidlik etməklə bir daha əmin olursan ki, ölkədə bütün sahələr üzrə islahatlar aparan Prezident İlham Əliyevin müəllifi olduğu daha bir uğurlu layihə vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərir. Ölkədə dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq əsas hədəfə çevrilib. Bütün bunlara görə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, idarə olunması, rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsini təmin edib.

Rəşad BAXŞƏLİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM