13 Dekabr 2019 00:25
1353
Mədəniyyət
A- A+

Görkəmli torpaqşünas, təvazökar insan


Torpağın dilini bilmək asan deyil. Bunun üçün elmin dərinliklərinə yiyələnmək, geçəni gündüzünə qataraq cild-cild kitablar oxumaq, araşdırmalar aparmaq azdır. Torpağın vurğunu olmaq gərəkdir. Görkəmli alim, Milli Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor Kazım Ələkbərov hər zaman, ilk növbədə özünə qarşı tələbkar, məsuliyyətli, peşəsinə sonsuz sevgi ilə çalışmışdı, Azərbaycanda torpaqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərmişdi. Onun uzun illik fəaliyyətində, elmi yaradıcılığında qazandığı uğurların ən böyük sirri də bu idi.

Kazım Əbdülmanaf oğlu Ələkbərov 17 fevral 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində doğulmuşdur. 1929-cu ildə Bakıda orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur. Təhsilini 1931-1932-ci illərdə Tiflis şəhərində Zaqafqaziya Yeni lifli bitkilər İnstitutunda davam etdirmiş, aqronomluq ixtisasına yiyələnməşdir.

O, 1932-ci ildə "Zaqyenlitrest”də əmək fəaliyyətinə başlamışdır. 1939-cu ildə SSRİ EA-nın Azərbaycan filialının Torpaqşünaslıq bölməsində aspiranturaya daxil olmuş, 1943-cü ildə Rusiya Federasiyasında İ.M.Qubkin adına Geologiya İnstitutunda "Stalin adına Samur-Dəvəçi kanalının istiqaməti boyu torpaq və süxurlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1934-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin kolxoz kurslarında müəllim kimi fəaliyyət göstərmiş,1934-1939-cu illərdə Azərbaycan SSR Torpaq Xalq Komissarlığının Kimyalaşma Stansiyasında elmi işçi vəzifəsində çalışmışdır.

Azərbaycanın torpaq örtüyünün tədqiq edilməsində Kazım Ələkbərovun böyük xidmətləri olmuşdur. 1934-1950-ci illərdə Ağdaş, Ağstafa, Bərdə, Quba, Abşeron, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Oğuz, Qax rayonları və DQMV üzrə təşkil edilmiş torpaq ekspedisiyalarının rəhbəri kimi aparılan elmi tədqiqatlarda iştirak etmişdir. 1943-1950-ci illərdə Azərbaycan ET Eroziya stansiyasında direktor vəzifəsində çalışmışdır.

Kazım Ələkbərov 1950-ci ildə ET Eroziya Stansiyasının bazasında yaradılan ET Eroziya bölməsinə direktor təyin edilmiş və 1970-ci ilə qədər bu elm müəssisəsinin rəhbəri olmuşdur. Ekspedisiyalarda aparılan elmi tədqiqatların nəticələrini dərindən təhlil edərək elmi cəhətdən əsaslandırmış, Azərbaycan ərazisində gedən su və külək eroziyası məsələləri, yaranma səbəbləri, onlara qarşı mübarizə tədbirləri haqqında hesabatlar, tövsiyə və məqalələr yazmışdır.

Kazım Ələkbərov Böyük Qafqaz, Kiçik Qafqaz və Lənkəran-Astara zonasında gedən eroziya proseslərini dərindən öyrənmək məqsədilə ərazidəki bütün dağ torpaqlarında minlərlə torpaq kəsimi qoymuş, eroziya proseslərinin ekologiya ünsürləri ilə sıx əlaqəsini elmi dəlillərlə sübut etmişdir. Aparılan çoxillik elmi tədqiqatların nəticəsi olaraq "Azərbaycanda torpaq eroziyası və onunla mübarizə” (1961), "Zahita poçv ot grozii” (1967) adlı monoqrafiyalarını yazmışdır.

Azərbaycanda ölkə torpaqlarının eroziya xəritəsi ilk dəfə Kazım Ələkbərovun gərgin əməyi nəticəsində ərsəyə gəlmişdir. Bu dəyərli kartoqrafiya materialları sonrakı nəsil torpaqşünasların yetişməsində və eroziya elminin inkişafında böyük rol oynamışdır.

Onun həmmüəllifliyi ilə "Azərbaycan SSR-in torpaqları” monoqrafiyası yazılmış, 1:500.000 miqyasında "Azərbaycan SSR-in torpaqları”, 1:1.000.000 miqyasında "SSRİ-nin torpaq eroziyası”, 1:200.000 miqyasında "Azərbaycan SSR-in səthi meyillilik, eroziya bazisinin dərinliyi, ərazinin qobu, yarğan və quru çay dərələri ilə parçalanması” xəritələri hazırlanmışdır. Alim Azərbaycanın bir çox regionlarının və rayonlarının müxtəlif miqyaslarda torpaq eroziyası xəritələrini də tərtib etmişdir.

1960-cı ildə Şəki rayonu Kişçay çayı hövzəsində eroziya və sel axınlarının öyrənilməsi üçün Azərbaycan SSR EA SOPS-a kompleks ekspedisiyanın rəhbəri kimi torpaq eroziyasının öyrənilməsi və onunla mübarizə üzrə təcrübə mübadiləsi məqsədilə Bolqarıstan Xalq Respublikasına ezam edilmişdir. Eroziya və sel axınlarına qarşı mübarizə üzrə Ümumittifaq müşavirəsinin təşkili üzrə təşkilat komitəsinin sədri seçilmişdir.

1945-1955-ci illər ərzində görkəmli torpaqşünas alim, professor S.S.Sobolevin elmi məsləhətçiliyi ilə apardığı elmi-tədqiqat işlərinin yekunu kimi "Azərbaycan SSR-də torpaq eroziyası və onunla mübarizə” mövzusunda doktorluq işini 1958-ci ildə SSRİ EA-nın V.V.Dokuçayev adına Torpaqşünaslıq İnstitutunda müdafiə etmiş, kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi almışdır. Kazım Ələkbərov azərbaycanlılar arasında torpaqşünaslıq ixtisası üzrə ilk elmlər doktorudur. 1960-cı ildə bu ixtisas üzrə ona professor elmi adı verilmişdir. Azərbaycanın torpaqşünaslıq elminə verdiyi töhfələr nəzərə alınaraq, 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Əmək fəaliyyətini 1970-1974-cü illərdə KTN-nin ET Əkinçilik İnstitutunun direktoru, 1974-1987-ci illərdə Azərbaycan SSR EA-nın Coğrafiya İnstitutunun "Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” şöbəsinin müdiri vəzifələrində davam etdirmişdir. Kazım Ələkbərov birinci çağırış Bakı şəhəri Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Torpaqşünaslıq və aqrokimya üzrə terminoloji lüğətin tərtib olunmasında iştirak etmişdir. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin elmi-texniki Şurasının və Volqoqrad şəhərində "Ölkənin bozqır və meşə-bozqır rayonlarında müdafiəedici meşələrin salınması” problemi üzrə koordinasiya Sovetinin, Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının Rəyasət Heyətində torpaqların eroziyadan müdafiəsi problemləri üzrə Şuranın, Moskva şəhəri Torpaq ehtiyatları Dövlət İnstitutunun torpaqların eroziyadan mühafizəsi üzrə Problem Şurasının, "Azərbaycanın təbii-iqtisadi zonaları üzrə kənd təsərrüfatının aparılması üzrə elmi-əsaslandırılmış sistemin işlənilməsi” problemi üzrə Elmi Şuranın üzvü seçilmişdir. Bundan əlavə, Kazım Ələkbərov uzun illər Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun, Torpaqşünaslıq və Aqrokimya institutlarının elmi şuralarının üzvü, Elmi Tədqiqat Eroziya bölməsinin elmi şurasının sədri olmuşdur.

O, "SSRİ-nin Dövlət torpaq xəritəsinin”, "Azərbaycanın Dövlət torpaq xəritəsinin”, "Azərbaycanın torpaq-eroziya xəritəsinin” müəlliflərindən biri idi.

Kazım Ələkbərov bir sıra mühüm beynəlxalq tədbirlərin iştirakçısı olmuş, Azərbaycanda torpaqların eroziyası sahəsində aparılmış elmi-tədqiqatlar barədə sanballı məruzələrlə çıxış etmişdir. 1961-1963-cü illərdə Moskva şəhərində "Torpaqların su və külək eroziyasına qarşı mübarizəsi üzrə əsas qaydalar”ın tərtibi üzrə keçirilən müşavirədə, Xarkov şəhərində SSRİ torpaqşünaslarının II qurultayında, Daşkənd şəhərində "SSRİ-də torpaqların dağ eroziyası və sel axınlarına qarşı mübarizə” üzrə müşavirədə, 1964-1967-ci illərdə Bolqarıstan Xalq Respublikasında eroziyaya qarşı mübarizə üzrə milli müşavirədə, Tartu şəhərində SSRİ torpaqşünaslarının III qurultayında, Batumi şəhərində torpaq eroziyasına qarşı mübarizə üzrə beynəlxalq müşavirədə, Kişinyov şəhərində zonal müşavirədə, 1968-ci ildə Aşqabad şəhərində "Orta Asiya və Qazaxıstanın səhra ərazilərinin kompleks şəkildə öyrənilməsi və istifadə olunması” mövzusunda ümumittifaq elmi konfransda məruzələrlə çıxış etmişdir.

Genetik torpaqşünaslıq, torpaq eroziyasının bütün sahələri, təbiəti mühafizə problemləri, eroziyaya qarşı mübarizə tədbirləri, torpaqların mühafizəsi, su çatışmazlığı və ətraf mühitin ekoloji tarazlığının pozulması şəraitində kənd təsərrüfatı və meliorasıyanın inkişafı problemləri, torpaqların eroziyadan və səhralaşmadan qorunması, torpaqların münbitliyinin mühafizəsi, qlobal iqlim dəyişmələri şəraitində torpaq və su ehtiyatlarının qorunması və idarə olunması istiqamətində tədqiqatların aparılması və bu şəraitdə kənd təsərrüfatının inkişafı məsələlərinin həlli professor Kazım Ələkbərovun apardığı elmi-tədqiqatların əsas istiqamətləri idi.

Onun elmi rəhbərliyi ilə torpaqşünaslıq və torpaq eroziyası üzrə 25 namizədlik, elmi məsləhətçiliyi ilə isə bir doktorluq dissertasiyası müdafiə edilmişdir. O, beş doktorluq işinin məsləhətçisi, 100-ə yaxın elmi əsərin, o cümlədən iki monoqrafiyanın, səkkiz kitabın, iki kitabçanın, on xəritənin müəllifidir. İyirmi bir elmi əsəri xaricdə çap olunmuşdur.

Qayğıkeş insan olan Kazım müəllimin mənim də elm sahəsinə gəlməyimdə mühüm rolu olmuşdur. V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra akademik Həsən Əliyevin tövsiyəsi ilə ilk əmək fəaliyyətimə professor Kazım Ələkbərovun uzun müddət direktor işlədiyi ET Eroziya bölməsində başladım. 1980-1985-ci illərdə Azərbaycan Respublikasının 1:200.000 miqyasında relyefin plastikası xəritəsini tərtib edərkən Kazım müəllim mənə yaxından kömək göstərdi. Xəritənin ərsəyə gəlməsində onun əvəzolunmaz təkliflərinin böyük rolu olmuşdur.

Təvazökar və qayğıkeş insan kimi tanıdığımız Kazım Ələkbərovun elmdəki xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilərək "Şərəf nişanı”, "Qırmızı əmək bayrağı” ordenləri, "Rəşadətə görə”, "Əmək veteranı” medalları ilə təltif olunmuşdur.

İnsan ömrü sonsuz deyil. Bu dünyada hərənin bir ömür payı var. Ancaq, nə yaxşı ki, insan ömrünün dəyəri, uzunluğu yalnız yaşanmış illərin sayı ilə ölçülmür. Öz faydalı işləri, xeyirxah əməlləri ilə yaddaşlara köçənlər heç vaxt unudulmurlar. Kazım Ələkbərovun da keçdiyi mənalı ömür yolu xatirələrdə yaşayır. Onun elmi fəaliyyəti bu gün də çoxları üçün nümunə sayılır.

Qərib MƏMMƏDOV,

AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video