Alternative content

13:23 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xilaskar Lider
Xilaskar Lider
ANA SƏHİFƏ / SİYASƏT
00:58 12.12.2019


Tarixdə ilk hüquqi dövlətin yaradıcılarından Hamurapiyə aid edilən çox maraqlı bir fikir var. Müdrik Babil hökmdarı deyirdi ki, "Keçmişini unudan onu yenidən yaşamağa məhkumdur...”

Bu kəlam ayrı-ayrılıqda fərdlərə də, bütöv xalqlara da aid edilə bilər. Keçmiş öz tarixi sınaqları, acılı-şirinli xatirələri, qazandırdığı təcrübə ilə hər nə qədər dəyərli olsa da, onun yenidən yaşanması tənəzzül deməkdir. Fərd üçün də, xalq üçün də böyük bir dövrün inkişaf imkanlarının itirilməsidir. Çünki zaman, həyatın təkamül qanunauyğunluğu keçmişdən bugünə, bugündən isə gələcəyə doğru yol alır. Keçmişi yenidən yaşamaq gələcəyə doğru yolu itirmək deməkdir. Ona görə də keçmişi tez-tez xatırlamaq, onu olduğu kimi öyrənmək və yeni nəsillərə də öyrətmək lazımdır. Bu, olub-keçənlərin təcrübəsindən ibrət almağa, eyni yanlışları bir daha təkrarlamamağa kömək göstərir.


Keçmişə aydın baxış


Sumqayıt şəhərinin 70 illik, daha sonra isə Bakı Dövlət Universitetinin fəaliyyətinin 100 illik yubileylərindəki çıxışlarında Azərbaycan Respublikasının Prezidenti çox maraqlı məqamlara toxundu. Cənab İlham Əliyevin yaxın keçmişimizin ayrı-ayrı səhifələri ilə bağlı diqqətə çatdırdığı tarixi həqiqətlər bu yazının ideyasına çevrildi. Dövlət rəhbərimizin çıxışını dinlədikcə tarixə verilən obyektiv qiymətin xalqın, dövlətin bu günü və gələcəyi üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyinin bir daha fərqində oldum. Və bu mövzuda düşüncələrimi qələmə almağı da özümə borc bildim.

Düşünürəm ki, bu mövzuda nə qədər yazılsa, nə qədər söhbət açılsa, bir o qədər faydalı olar. Nəsillər dəyişdikcə bəzən keçmişə münasibət də dəyişməyə başlayır. Tarixi həqiqətləri o dövrün canlı şahidləri olmamış gənclərə təhrif edilmiş şəkildə çatdırmağa cəhd göstərənlər də tapılır. Bu yanlış yanaşmalar isə ayrı-ayrı xalqların həyatında müəyyən dönəmlərdə tarixi yanlışlıqların təkrarlanmasına da rəvac verə bilir. Bu səbəbdən, Azərbaycanın yeni tarixindəki hadisələrin gənc nəslə olduğu kimi çatdırılması həmin dövrün şahidi olmuş, baş verənlər haqqında aydın təsəvvürlərə malik hər kəsin mənəvi borcu olmalıdır.

Azərbaycan Prezidentinin tarixi mövzulara həsr olunmuş hər iki tədbirdə ötən əsrin 80-ci illərinin sonlarından etibarən keçmiş sovet məkanında, o cümlədən, Azərbaycanda baş verənlərə obyektiv baxışı, tarixə dürüst qiymət verilməsi, bir neçə on il əvvəl olanların tarixşünaslıq prizmasından şərhi çox mühüm əhəmiyyətə malikdir.

Bu çıxışlarının birində Prezident İlham Əliyev SSRİ-nin süquta uğraması səbəblərinə diqqət yönəltdi. İqtisadi münasibətlərin düzgün qurulmamasını, planlı iqtisadiyyatın özünü doğrultmamasını ilkin səbəblərdən biri kimi göstərdi. Həqiqətən Sovet İttifaqının inkişafı 1980-ci illərdə daha çox neft amilinə söykənirdi. Neftin qiyməti dünya bazarlarında kəskin şəkildə düşəndən sonra isə gəlirlər azaldı və bu gəlirləri başqa sahələrdən əldə edilən mənfəət hesabına formalaşdırmaq mümkün olmadı. Bu gün Azərbaycan dövlətinin qeyri-neft sektoruna həyati vacib məsələ kimi baxması, bu istiqaməti inkişaf etdirməsi, iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, insan kapitalına qoyulan sərmayə on illər əvvəl sovet iqtisadiyyatının yol verdiyi yanlışlıqlardan çıxarılan dərsdir, həyati təcrübədir.

Ötən əsrin 80-ci illərinin sonlarına doğru Sovet İttifaqında milli siyasət sahəsində buraxılan kobud səhvlər haqqında Azərbaycan Prezidentinin fikirləri də tarixi həqiqətləri əks etdirirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Sovet İttifaqını böyük, çoxmillətli ölkə kimi ayaqda saxlayan həm də milli siyasət idi. Amma 1985-ci ildən sonra bu sahəyə böyük zərbə vuruldu. Xüsusilə müsəlman respublikalarına qarşı çox mənfi siyasət yürüdüldü. Müsəlman respublikalarının rəhbərlərinə, o cümlədən, uzun illər Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevə qarşı qarayaxma kampaniyalarına başlandı. Ümumittifaq mətbuatında bu respublikalar haqqında ancaq mənfi materiallar dərc edilirdi. Bu respublikalara mərkəzdən istintaq qrupları göndərilirdi. Elə bir rəy yaradılmışdı ki, Orta Asiya respublikalarında və Azərbaycanda vəziyyət bərbaddır, kritik həddə çatıb və bu respublikaları idarə edənlər vəzifə borcunu yerinə yetirə bilmirlər. "Əlbəttə ki, hər bir respublikada pozuntular da, nöqsanlar da olmuşdur, ancaq digər respublikalarda da bunlar var idi. Nə üçün bu istintaq qrupları Ermənistana, Gürcüstana, Ukraynaya, Moldovaya və digər respublikalara göndərilmirdi? Ancaq Orta Asiya respublikalarına və Azərbaycana göndərilirdi. Beləliklə, Sovet İttifaqının təməl sütunu olan milli siyasət artıq deformasiyaya uğramışdı” - Azərbaycan Prezidenti müsəlman xalqlarına qarşı hər kəsə bəlli olan mənfur münasibəti M.S.Qorbaçovun simasında keçmiş SSRİ rəhbərliyinin həyata keçirdiyi yanlış milli siyasətə belə qiymət verdi.


Gün işığına çıxarılan həqiqətlər


Bu, illərin o üzündə görünən digər həqiqətləri də gün işığına çıxarır. 1987-ci ildə Heydər Əliyev yüksək dövlət vəzifələrindən uzaqlaşdırılandan sonra Azərbaycanın başına gətirilənlər ona qarşı həyata keçirilən qərəzli kampaniyaların son məqsədi idi. Ulu Öndər həmin dövrdə yüksək dövlət vəzifəsində qalsaydı, Azərbaycana rəhbərlik etsəydi, ermənilər və onların havadarları Dağlıq Qarabağ münaqişəsini yaradaraq torpaqlarımızı işğal edə bilməyəcəkdilər.

Bu barədə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi A.Koçinyan yazırdı: "Mənim rəhbərliyim dövründə Qarabağ məsələsi neçə dəfə qaldırılmış, lakin Heydər Əliyevin nüfuzu, mərkəzdə sözünün iti kəsəri bu məsələnin həllinə imkan verməmişdi”.

1987-ci ildə Heydər Əliyev bütün vəzifələrdən gedəndən cəmi iki həftə sonra Azərbaycana qarşı amansız planlar işə düşdü. Xalqın başına min bir müsibət açıldı. 1990-cı ilin 20 yanvarında sovet ordusu Bakı küçələrini günahsız vətəndaşların qanına boyadı.

Torpaqlarımız işğal edildi, yüz minlərlə soydaşımız yurd-yuvasından didərgin salındı. İqtisadiyyat dağıdıldı, Heydər Əliyevin ölkəyə 14 illik rəhbərliyi dövründə qurub yaratdıqları cəmi bir neçə ilin içində yerlə-yeksan edildi. İnsanlarımız bir tikə çörəyə möhtac vəziyyətə salındı.

O ağır illərdə də Moskvada, xüsusi xidmət orqanlarının nəzarətində, ən məhdud imkanlar çərçivəsində olsa belə, xalqın haqq səsinə səs verməyə çalışan, başımıza açılan oyunları dünyaya çatdırmaq üçün həyatı ilə risk edən yenə də Heydər Əliyev idi.

Bir anlıq təsəvvür edək: Bakıda 20 Yanvar qətliamı törədilib. Azərbaycan xalqı faciənin miqyasından sarsılıb. Hamı böyük acı içindədir. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edərək hərbi təyyarə ilə Moskvaya qaçıb. Ölkənin heç bir rəhbər işçisinin bu qanlı cinayəti qınayan qətiyyətli fikri eşidilmir. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə ailə üzvləri, o cümlədən, o vaxt Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun gənc müəllimi olan İlham Əliyevlə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək səsini ucaldır. Bütün dünyaya 20 Yanvar faciəsi haqqında cəsarətlə məlumat verir. Sovet İttifaqının rəhbərliyini qınayır, onların siyasətini pisləyir və uzun illər xidmət göstərdiyi Kommunist Partiyasının ədalətsiz sıralarını tərk edir.

"O vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, bir gün Sovet İttifaqı dağılacaq. Yəni bu addımı atarkən Heydər Əliyev təcrübəli rəhbər kimi bilirdi ki, ona qarşı çox böyük təzyiqlər olacaq və nəinki təzyiqlər, hətta onun həyatı təhlükə altına düşə bilər. Belə də oldu. Sonrakı tarix bunu bir daha göstərdi, onun həbs edilməsi haqqında qərar verildi. Bakıya gəlməli idi, həmin gün onun ən yaxın tərəfdarı qətlə yetirildi. Bundan sonra onun səfəri təxirə salındı. Sonra Bakıya gəldi. Ovaxtkı rəhbərlik ona Bakıda yaşamağa imkan vermədi, Naxçıvana üz tutdu. Beləliklə, Azərbaycanın yeni dövrü başladı”. Ümummilli Liderin ən yaxın silahdaşlarından biri kimi cənab İlham Əliyev həmin illərdə yaşananları öz çıxışında belə xatırlayırdı.


Fəlakətə yol açan AXC-Müsavat iqtidarı


1987-ci ildən Azərbaycana qarşı qurulmuş hiyləgər plan Heydər Əliyevin Naxçıvana dönüşündən sonra öz yeni mərhələlərinə qədəm qoydu. Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin naşı idarəçiliyi üzündən ölkə çıxılmaz girdaba düşmüşdü. Cəbhə bölgəsində kəndlər, rayonlar bir-birinin ardınca erməni işğalçılarına təslim edilirdi. Başı hakimiyyət davasına qarışmış vəzifə hərislərinin etinasızlığı üzündən erməni cəlladları 1992-ci ilin 26 fevral günü Xocalıda dinc əhaliyə qarşı ötən əsrin ən dəhşətli soyqırımını törətdilər.

1992-ci ilin mayında hərbi çevriliş nəticəsində qanunsuz yolla hakimiyyətə gələn AXC-Müsavat cütlüyü ölkəni yeni-yeni fəlakətlərə sürüklədi. Əslində, Azərbaycanın taleyinin AXC-Müsavat hakimiyyətini təmsil edən antimilli ünsürlərin əlinə keçməsinin özü elə ən böyük fəlakət idi.

Gənclər o dövrdə ölkəni idarə edən səriştəsiz kəslərin kimliyinə diqqət yetirsələr, bu fəlakətin miqyasını az-çox təsəvvürə gətirə bilərlər. Ölkə Prezidenti olaraq son dərəcə taleyüklü bir vəzifəni həyata keçirən, bu qədər ağır, məsul yükün altına girmiş şəxs heç bir idarəetmə səriştəsi olmayan elmi işçi idi. Onun zəifliyi, iradəsizliyi, qətiyyətsizliyi ölkənin milli maraqlarına zidd olan hər cür qərarların həyata keçməsinə, xarici dairələrin Azərbaycanı öz məqsədlərinə uyğun yönəltmələrinə, ölkədə hərc-mərcliyə şərait yaradırdı. Bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri ölkə rəhbərinə istədiklərini diktə edirdilər. Prezidentin məsuliyyətsiz bəyanatları, düşünülməmiş addımları Azərbaycanın qonşu ölkələrlə münasibətlərini korlamışdı. Respublikaya qarşı xarici təhdidlər güclənmişdi. Müxtəlif regionlarımızda separatizm ocaqları qalanmaqda idi.

Ovaxtkı rəhbərliyin naşı, təcrübəsiz, səriştəsiz mövqeyi dövləti, xalqı uçuruma aparır, xalq bunu açıq-aşkar görürdü. Həmin hadisələrə və o hadisələrin günahkarlarına obyektiv və tam aydın münasibət Azərbaycan Prezidentinin onlara verdiyi qiymət o dövrü yaxşı xatırlayan hər kəsin rəyi ilə tam üst-üstə düşür: "Bax budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi, yenə də yarımçıq qalacaqdı”.


İstiqlal yolumuza işıq salan ümid çırağı


Bu mənada Azərbaycanın istiqlal yolu əslində məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci ilin 18 oktyabrında elan etmişdi. Amma bu, demək olar ki, formal bir məsələ idi. Üçrəngli bayrağımızın Milli Məclisdə qaldırılmasının hansı çətinliklər, maneələr hesabına başa gəldiyini, yəqin ki, heç kim unutmayıb. Halbuki Heydər Əliyev hələ 1990-cı ilin 17 noyabrında bu bayrağı Naxçıvan Ali Məclisində ucalda bilmişdi. Xalq müstəqilliyin ilk günlərindən bütün nəzərlərini Ulu Öndərin məskun olduğu Naxçıvana dikmişdi. Nicat, qurtuluş yolunu yalnız oradan gözləyirdi. İnsanlar onu arzulayırdılar, onu görmək istəyirdilər. Əgər Heydər Əliyev 1990-cı ildə Moskvadan Naxçıvana yox, Azərbaycanın istənilən bölgəsinə - Qarabağa, Şirvana, Şəkiyə, Gəncəbasara getsəydi, yenə də vətəndaşlarımız onu bağırlarına basacaqdılar, qoruyacaqdılar. Özlərindən bir addım da kənara buraxmayacaqdılar. Çünki düşdüyümüz vəziyyətdən xilas gücünü onda görürdülər. Bu məqamda Ulu Öndər də təkcə Allahın ona verdiyi fitri qabiliyyətə yox, həm də öz xalqına güvənirdi.

Hər xalqın öz adına çıxdığı, çox məşhur ifadə var: ümid axırıncı ölür. Xalqın xoşbəxt günlərində bəlkə də bu ifadəni yada salan olmur. Amma milli böhran anlarında, kritik dönəmlərdə, bütün ümidlərin az qala puça çıxdığı vaxtlarda bu aforizm yada düşür. Heydər Əliyev hər zaman biz azərbaycanlıların ümid yeri olub. Bu ümid heç vaxt öləziməyib. Əksinə, insanların qəlbində çıraq kimi yanıb, onları mübarizəyə səsləyib, yaşamağa ruhlandırıb.


Heydər Əliyev olmasaydı...


İndi düşünürəm: kaş ki, Heydər Əliyev hakimiyyət rəhbərliyinə iki il gec yox, heç olmasa 1991-ci ilin oktyabrından, elə müstəqilliyimizin ilk günlərindən qayıdaydı. Çünki 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək olan dövr Azərbaycanda dövlət quruculuğunun inkişafı yönündə əldən çıxmış, boşa getmiş illər oldu. Nə qədər torpağımız işğal edildi. Neçə-neçə igid övladımızı itirdik. Həmin illər Azərbaycan dövlətinin təşəkkülü yox, tənəzzülü dövrü kimi yaşandı. Hər hansı sahədə inkişaf bir yana qalsın, 1969-1982-ci illərdə yaradılanların da çoxu dağıdıldı. Ölkənin iqtisadi potensialı sarsıldı. Siyasi hərc-mərclik, anarxiya, siyasi ambisiyalar xalqı təngə gətirdi. Azərbaycan faktiki olaraq parçalanma təhlükəsi qarşısına, uçurumun bir addımlığına gəlib çatdı.

1993-cü ildə AXC-Müsavat cütlüyünün daxili işlər naziri özü Milli Məclisin iclasında etiraf edirdi ki, əllərdə olan silahların sayı bilinmir, respublikada kriminogen vəziyyət son dərəcə kəskindir. Ölkənin necə deyərlər, altı da, üstü də qaynayırdı.

Ölkədə siyasi mədəniyyətdən əsər-əlamət yox idi. Siyasi partiya adı altında qeyri-qanuni silahlı dəstələr bir-biri ilə didişir, ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoyurdular. Əgər Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycanı qoruyub saxlamaq mümkün olacaqdımı? Bu, o çətin dövrə ünvanlanmış ən mühüm suallardandır.

Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan sonra onunla görüşənlər, söhbətləşənlər, ziyarətinə gedənlər dəfələrlə vurğulayıblar ki, Heydər Əliyev yenidən işləmək, hakimiyyətə qayıtmaq arzusunda deyildi. O, ömrünün axırınadək doğma ata-baba yurdunda yaşamaq, necə deyərlər, min ilin yorğunluğunu canından çıxarmaq, xatirələrini yazmaq fikrində imiş. Amma sən demə, zaman və tale onu dincəlməyə, ömrün ixtiyar çağlarını sakitcə yaşamağa yox, böyük sınaqlara doğru aparırmış.

Ulu Öndərin hakimiyyətə qayıdışı sadəcə hansısa siyasətin tərkib hissəsi deyildi: hakimiyyətdən gedib, sonradan qayıdanlar barədə tarixi məxəzlərdə o qədər məlumatlar var ki... Amma böyük rəhbərin hakimiyyətə yenidən qayıdışı tamamilə ayrı siyasi-fəlsəfi müstəvidə idi. Bu, təbliğatın, təşviqatın, yaxud kimlərinsə istəyinin nəticəsi deyildi. Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışı tarixi zərurət, milli-mənəvi tələbat idi.


Suallara cavablar


Heydər Əliyev hakimiyyət rəhbərliyinə qayıdışı ilə Azərbaycanı təkcə parçalanma təhlükəsindən, vətəndaş müharibəsi girdabından xilas etmədi. Ulu Öndər Azərbaycana siyasi mədəniyyət gətirdi. Ona adi lampa işığında yaradılmış Yeni Azərbaycan Partiyası timsalında siyasi mübarizənin əslində necə aparılmalı olduğunu, seçki mədəniyyətini, partiya quruculuğu təcrübəsini öyrətdi. Heydər Əliyev xaotik bir mühitdən demokratik, hüquqi dövlət qurdu. Ölkənin sarsılmış sosial-iqtisadi həyatını aydın inkişaf yoluna çıxardı. Əsl dövlət, əsl dövlət adamı necə olmalıdır, təcrübəsini və həqiqətini göstərdi. Hakimiyyət rəhbərliyinə bir dövlətçilik ədəbi gətirdi. Milli Məclisin iclas zalında, televiziya efirində siqaret fısqırdan, bir-birini küçə söyüşləri ilə söyən "meydan qəhrəmanları”nın yerlə bir etdikləri siyasi etiket normalarını öz yerinə qoydu.

Ulu Öndər Azərbaycan Prezidenti kimi ali dövlət vəzifəsini tutan, ölkənin və xalqın gələcəyinə görə məsuliyyət daşıyan şəxsin ən çətin məqamlarda necə böyük qətiyyət göstəməli olduğunu nümayiş etdirdi. Müxtəlif dönəmlərin kritik anlarında atdığı qətiyyətli addımlarla, ortaya çıxan suallara doğru cavabları ilə, yeri gələndə sərtliyi, yeri gələndə humanizmi, müdrikliyi, gələcəyə baxışı ilə əsl Lider nümunəsi yaratdı.

Heydər Əliyev AXC-Müsavat cütlüyü hakimiyyətinin yüksək vəzifələrində təmsil olunan şəxsləri də əslində labüd ölümdən xilas etdi. Çünki Ulu Öndər olmasaydı, gözü yeri-göyü görməyən silahlı müxalif dəstələr çox güman ki, onlara divan tutacaqdılar. Canlarının qorxusundan hərəsi bir yerdə gizlənmiş bu "qəhrəmanlar” ara sakitləşəndən sonra Heydər Əliyevə qarşı qərəzli kampaniyalara başlayıb onun nüfuzunu sarsıtmağa çalışsalar da, vətəndaşlarımız kimin kim olduğunu yaxşı bilirdi. Xalqın gözü tərəzidir.

Heydər Əliyev isə belələrinə, demək olar ki, fikir vermirdi. O daha böyük işlərə, tarixi missiyanın icrasına başlamışdı və belə cılız qara qışqırıqçılara necə deyərlər, heç baş qoşmağa belə dəyməzdi.

Dahilərdən biri yazır ki, "Nə üçün” sualına cavab verməyi bacaran insanlar həmişə "Necə” sualına da cavab tapa bilirlər. Böyük Öndər "biz müstəqil Azərbaycan dövlətini quracağıq, möhkəmləndirəcəyik, onun müstəqilliyini əbədi edəcəyik” deyərkən bunun necə baş verəcəyini də bilirdi.

Ulu Öndərin öz cismani sağlığında qurub yaratdıqları da, bu gün Azərbaycanı tarixinin ən böyük nailiyyətlərinə yetirmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlər də "necə” sualının cavabıdır. Azərbaycan bu nailiyyətləri ona görə əldə edə bilir ki, xalqdan dəstək alır. Bu dəstək isə kor-koranə bir hiss deyil, insanların inamıdır, güvənidir. Azərbaycan vətəndaşları Heydər Əliyev ideyaları işığında ölkəmizi inkişaf etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə tərəddüdsüz inanırlar. Bu inam ortaya qoyulan real işə əsaslanır. Real əməllərə söykənir. Azərbaycan vətəndaşı görür ki, cənab İlham Əliyev xalqına verdiyi bütün sözlərə sadiqdir. Hər bir işi həyata keçirib onun nəticələri haqqında danışır. Daha boş vədlər üzərində siyasət qurmur.

Vətəndaş ölkəmizin beynəlxalq nüfuzunun getdikcə necə yüksəlməsinin, Azərbaycanın regionda əsas söz sahibinə çevrilməsinin, bu bölgələrdə bir çox irimiqyaslı qlobal layihələrin yalnız Azərbaycanın xeyir-duası ilə həyata vəsiqə qazanmasının fərqindədir.

Bu gün Azərbaycan vətəndaşı hökumətin həyata keçirdiyi sosial siyasətin nəticələrini öz gündəlik həyatında, getdikcə artan məvacibində, pensiyasında, infrastruktur imkanlarında, təhsil, səhiyyə xidmətlərinin yaxşılaşdırılması üçün atılan addımlarda aydın görür. Azərbaycan dövləti bu gün öz vətəndaşının yanındadır, onun qayğısı isə hər an insanların başı üzərindədir.

Heydər Əliyev ideyaları işığında yaradılmış Heydər Əliyev Fondu indiyədək ayrı-ayrı müvafiq dövlət qurumları ilə birgə nə qədər vətəndaşımızın problemlərinin həllinə kömək göstərib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar layihələrdən Azərbaycanda və dünyada nə qədər insan faydalanıb. Son illərdə Azərbaycan vətəndaşının həyatında saya gəlməyən böyük dəyişikliklər baş verib. Cəmiyyətimizdə sosiallaşma meyilləri güclənib. Təhsil, savad, biliklərə yiyələnmə, insan kapitalı Azərbaycan cəmiyyətində də əsl dəyərə çevrilib. Gənclərimizə fərdi inkişaf, karyera uğurları, ölkənin ictimai həyatında yaxından iştirak üçün nə qədər böyük imkanlar yaradılıb.


Gəncliyə tövsiyə


Bu gün Azərbaycan gəncliyinin ən böyük vəzifəsi dövlətçilik dəyərlərimizə sadiqlik, Vətənin bu gününə və gələcəyinə sahib çıxmaq, səadətimizi istəməyən xarici qüvvələrin və daxildə onların sifarişlərini yerinə yetirən sapı özümüzdən olan baltaların fitnə-fellərinə uymamaqdır.

Bunun yeganə yolu yenə də bilikdən, təhsildən, tariximizi öyrənməkdən, keçmiş haqqında dürüst qənaətə gəlməkdən, keçmişin dərslərindən ibrət almaqdan, Azərbaycanın bu gününə inanıb Vətənin xoşbəxt gələcəyini yaratmaqdan ibarətdir. Azərbaycan Prezidentinin gənclərimizə ən əsas tövsiyəsi də elə budur: "Gənclər özləri də tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy ləkələsinlər, qoy yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”.

Əminlik var ki, vətənpərvər, aydın zəkalı Azərbaycan gəncləri bu tövsiyələri hər zaman əldə rəhbər tutacaq, biliyi, bacarığı, istedadı, savadı ilə həm vətəndaş olaraq özlərinin, həm də Azərbaycanın firavan gələcəyini təmin etməklə, Heydər Əliyev ideyaları işığında Vətəni daha böyük uğurlara aparacaqlar.

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM