11 Dekabr 2019 16:07
840
Mədəniyyət
A- A+

Səyahətdən qayıdarkən qanunları pozmadan nələri gətirmək olar


Qanunsevər vətəndaşlar başqa ölkələrə səyahətdən qayıdarkən özləri ilə narkotik maddələr, silah və döyüş sursatı götürməyi yəqin ki, heç ağıllarına da gətirməzlər. Buna şübhə yoxdur. Lakin çimərlikdən götürülmüş adi balıqqulağı və ya palma toxumu ucbatından böyük məbləğdə cərimə ödəməli olar, hətta dəmir barmaqlıqlar arxasına düşə bilərsiniz.

Bu gün AZƏRTAC "RİA Novosti”yə istinadla səyahətdən yalnız xoş xatirələr və leqal suvenirlərlə qayıtmaq barədə söhbət açacaq.

Qəribə qadağalar

Hər bir ölkədə özünəməxsus məhdudiyyətlər var. Ümumiyyətlə özünüzlə tütün, antikvariat və mədəni dəyərlər götürməyə hazırlaşırsınızsa, çox diqqətli olmalısınız. Bir sıra ölkələrdən qayıdarkən özünüzlə bitki və heyvanlar, həmçinin müqəvva və dərilər götürmək qadağandır. Belə əşyaları mağazalarda almısınızsa, müvafiq çekləri hökmən saxlayın, gömrük yoxlamasından keçərkən bu çeklər sizə lazım olacaq.

Turizm biznesi üzrə ixtisaslaşan hüquqşünas İrina Dotsenko deyir: "Ən əsas məsləhət budur ki, əgər tanımadığınız adamlar sizdən nəyisə aparmağı, orada onu kiməsə çatdırmağı xahiş edirlərsə, heç vaxt razılaşmayın”.

Bununla belə, bəzi qanunlar səyahətçilər üçün xoşagəlməz sürprizə çevrilə bilər.

Adi bir daş ucbatından həbsxanaya düşə bilərsiniz

Ən populyar turizm istiqamətlərindən olan Türkiyədə sərhəddən keçərkən nadir hallarda problem yaranır, lakin bu ölkədən aparılan suvenirlərin ümumi dəyəri min dolları aşmamalıdır. Ölkədən aparılan qədim əşyaların və arxeoloji artefaktların miqdarı ilə bağlı qadağalar var. Bu qadağalar sənətkarlardan və ya əntiq əşyalar satılan dükanlardan alınmış suvenirlərlə bərabər çimərlikdə tapılmış əşyalara da aiddir. Buna görə 4 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Misir və Tunisdə də oxşar qadağalar müəyyən olunub. Məsələn, Misirdən aparılan qızılın dəyəri 3 min dollardan çox olmamalıdır, Tunisdən isə palma ağacı, ondan hazırlanmış əşyalar və həna gətirilməsi qadağandır.

Heyvanlara toxunmayın

Nəsli kəsilmək qorxusu olan heyvanları, fil sümüyündən, tısbağa qınından, balıqqulağı, pələng dərisi və mərcandan hazırlanmış əşyaları sərhəddən keçirməyə cəhd göstərməyin.

Tailanddan qızıl külçələr, qiymətli daşlar, platin bəzək əşyaları, müvafiq lisenziyası olmadan marka və antikvariat aparılması qadağandır.

Şri-Lankadan antikvariat, nadir kitablar, palma yarpaqları üzərində əlyazmalar, fil sümüyündən məmulatlar, xırda pul və marka kolleksiyaları, cilalanmamış qiymətli daşlar, habelə 2 kiloqramdan çox çay aparılmasına icazə verilmir.

Qazıntıları arxeoloqlara saxlayın

Yunanıstanda və Kiprdə tarixi artefaktlara, o cümlədən arxeoloji qazıntı yerlərindən tapılmış daşlara xüsusi diqqətlə yanaşırlar. Əntiq əşyaların surətləri ilə bağlı problem olmamalıdır, lakin ekspertlər məsləhət görürlər ki, suvenirlər və zərgərlik əşyaları alarkən çeki hökmən saxlayasınız.

İtaliyada yaşı 100-dən yuxarı olan əşyalar avtomatik olaraq antikvariat hesab edilir. Onları ölkədən aparmaq üçün Mədəniyyət Nazirliyindən icazə almaq lazımdır.

Kontrafaktları götürmək olmaz

Fransa Gömrük Məcəlləsinin ayrıca bir maddəsində nəzərdə tutulub ki, ölkəyə kontrafakt mallar, xüsusən Fransa brendlərinə oxşar saxta mallar gətirilməsi və ölkədən belə malların aparılması qadağandır. Əks halda yüksək məbləğdə cərimə nəzərdə tutulub.

Finlandiyada yaşı 50-dən çox olan əşyalar tarixi və bədii dəyərə malik hesab edilir.

İsveçrədən bütün ağartı məhsulları (o cümlədən pendir), habelə çəkisi 500 qramdan çox olan ət və yağ aparmaq üçün onları bəyannamədə qeyd etmək lazımdır.

Kubada gömrük qaydaları çox sərtdir. Bu ölkədən tarixi dəyər kəsb edən artefaktlar, kitablar və sənədlər, habelə dəniz balıqqulağı, qara və ağ mərcanlar, qiymətli metallar, ekzotik quşların lələkləri aparıla bilməz. Əgər siz timsah dərisindən və ya qiymətli metaldan hazırlanmış məmulat alırsınızsa, onların aparılması üçün mağazadan sizə lisenziya vermələrini xahiş edin.

Seyşel adalarında emal edilməmiş koko-de-mer qozunun suvenir kimi aparılmasına ciddi nəzarət edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video