11 Dekabr 2019 13:16
1215
Elm və texnika
A- A+

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib


Dekabrın 11-də Prezident İlham Əliyevin "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Tarixin izi ilə” adlı beynəlxalq elmi konfrans keçirilib.

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfransın təşkilatçıları Tarix İnstitutu və Alman-Azərbaycan Cəmiyyətidir. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan və Özbəkistandan olan alimlər də məruzələrini təqdim ediblər.

AZƏRTACxəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Tarix İnstitutunun almanların Azərbaycanda məskunlaşma tarixi ilə bağlı nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixi, ölkəmizə səyahət edən xarici səyyahların əsərləri, XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənləri, Simenslərin Azərbaycandakı fəaliyyəti haqqında geniş məlumat verib.

"Tarix İnstitutu Almaniyanın arxivlərində - Berlin şəhərinin Bundesarxivində, Xarici İşlər Nazirliyinin Siyasi Arxivində və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində saxlanılan Azərbaycan tarixinə dair bir sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib”, - deyə akademik Yaqub Mahmudov qeyd edib.

Daha sonra Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev Azərbaycan-alman xalqları arasında əlaqə və münasibətlərin dərin kökləri olduğunu bildirib: "1817-1818-ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə Qafqaza köçürülərək, Gürcüstanla Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bir ildən sonra ölkəmizdə ilk alman koloniyası kimi tanınan Yelenendorf (Helenendorf - bugünkü Göygöl şəhəri) salınıb”.

Konfrans çərçivəsində Çingiz Abdullayev Yaqub Mahmudova Azərbaycan-Almaniya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyətinin "Dostluq” medalını təqdim edib. Alimlər Mais Əmrahov və Oskar Valterə isə Alman-Azərbaycan Cəmiyyətinin "Körpü” diplomu təqdim olunub. Sonra almaniyalı professor Oskar Valter Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə institutun fəxri doktoru seçilib.

Tədqiqatçılar Oskar Valter, Sevinc Hüseynova, Simon Kopadze və başqaları bildiriblər ki, almanların Cənubi Qafqaza, xüsusilə də Şimali Azərbaycana köçürülməsi ilə Avropa kənd təsərrüfatı yeniliklərinin regionda yayılmasına şərait yaranıb.

Konfrans zamanı almanların Azərbaycanda məskunlaşma tarixini əks etdirən fotosərgi ilə yanaşı, yazıçı Orxan Arasın "Mavi gözlərin eşqi” və alimlərdən Çingiz Abdullayev, Abbas Seyidov və Həcər Verdiyevanın "Azərbaycandakı almanlar: naməlum səhifələr...” kitablarının da təqdimatı olub.

Sonda konfrans iştirakçılarına "Tarixin izi ilə” adlı beynəlxalq elmi konfransın toplusu paylanılıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video