11 Dekabr 2019 01:21
710
İQTİSADİYYAT
A- A+

“Bakutel-2019” - gələcəyə səyahət məkanı


İnsan əsrlər boyudur ki, zamana səyahət etmək, gələcəyi görmək, onun yenilikləri ilə təmasda olmaq arzusundadır. Bu mövzuya yüzlərlə əsər həsr edilib, fantastik filmlər çəkilsə də, bəşər övladının istəyi arzu olaraq qalır. Lakin "Bakutel-2019” sərgisinə gəlsəniz, pavilyonları gəzsəniz fantastik bir gələcəyə səyahət etmək imkanı qazanacaqsınız.

Sərgidə Las-Veqasdan Pepper humanoid robotu görəcək, robot balıqlara heyran qalacaq, dünyaca məşhur Robot rəssamla görüşəcək, müxtəlif Sumo, Güləş və Dron yarışlarına aludə olacaq, kosmozonaya ayaq basacaq, 6 metrlik uçan astronavtı gələcəyin sürprizi kimi qəbul edəcəksiniz.

Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haulin Jaonun dünya liderlərinin hamısından çox Azərbayan Prezidenti ilə görüşməsi onu təsdiq edir ki, ölkəmiz innovasiyalara, yeni texnologiyalara açıqdır. Qısa zaman kəsimində Azərbaycanın möhtəşəm islahatlar keçirərək kosmik sənayeni qurması nadir ölkələrin qismətinə yazılan uğurdur. Bu baxımdan "Bakutel-2019” Azərbaycanın müasir dünyaya, yeni texnologiyalara və beynəlxalq iqtisadi əməkdaşlığa açıq ölkə olduğunu sübut edən mühüm amildir.

Prezident İlham Əliyev "Bakutel”i beynəlxalq iqtisadi əməkdaşlığın yaxşı göstəricisi sayır və qeyd edir ki, sərgiyə ildən-ilə maraq artır: "Düşünürəm ki, biz İKT sektorunda çox yaxşı inkişafa nail olmuşuq və bu sektor bizim ölkənin əsas prioritetlərindən biri olaraq qalır. Çünki o, çoxlu yeni ideyalar yaradır, yeni texnologiyalar gətirir, ölkəmizi müasirləşdirməyə yardım edir”.

Haulin Jao Azərbaycanda İKT-nin sürətli inkişafını etiraf etmişdir: "Bütün digər ekosistemləri əhatə etmək üçün çoxlu yeni İKT tətbiqləri artıq var və onlar bütün ekosistemlər üzrə geniş yayılıb. Təkcə bu il "Bakutel”də nəinki daha çoxsaylı ölkələrin iştirak etdiyini, həmçinin çoxlu yeni məhsulları və yeni tətbiqləri görürəm. Məsələn, mən sərgidə gördüm ki, "məlumatların böyük həcmi” haqqında geniş söhbət gedirdi, süni intellekt məhsulları haqqında çoxlu danışdılar. Bunlar bir-birindən fərqlənir. Həmçinin bu gün buraya gəlməzdən əvvəl mən gənclərin hazırladıqları stendlərlə tanış oldum. Onlarla müəyyən ünsiyyətim oldu və bu uşaqların çox istedadlı olduqlarını aşkar etdim”.

Rusiyadan Nikolay Yakovlev "Arrow Electronics” (Rusiya) şirkətinin meneceri sərginin maraqlı və dolğun olduğunu etiraf edir: "Burada komponent və həll variantlarının ən müxtəlif istehsalçı və distribütorları təmsil olunub. Sevindirici haldır ki, Azərbaycanda İKT üzrə xeyli xidmət və həll variantları mövcuddur. Təmsil etdiyim şirkət dünyada aparıcı yerlərdən birini tutur və mən Azərbaycan bazarındakı vəziyyəti və aparıcı istehsalçılar, yerli şirkətlər, mobil rabitə operatorları, baza stansiyaları və kosmik sahədə fəaliyyət göstərən şirkətlərlə mümkün əməkdaşlıq yollarını öyrənmək məqsədi ilə "Bakutel-2019” sərgisinə gəlmişəm... Sərgi bu baxımdan mənə kifayət qədər faydalı məlumat verdi”.

Əhməd Eyyubov "E-gov” layihəsini təmsil edən informasiya texnologiyaları üzrə mütəxəssis kimi sərginin üstünlüyünü peşəkarları bir araya gətirməsində görür: "Robotlar sərgisini çox bəyəndim, onların həyatımızda və cəmiyyətdə tətbiqi ilə maraqlandım. Təqdim edilən 5-ci nəsil texnologiyalar böyük maraq doğurur. Mən iştirakçılar arasında yeni nəsil avadanlıq və texnologiyaları təqdim edən daha çox şirkəti görmək istərdim”.

Niderland Krallığından "Irdeto” şirkətinin təmsilçisi Konstantin Burıkin kibertəhlükəsizlik və "ağıllı ev” sahəsində layihələndirmə, tətbiq və həll variantları ilə məşğul olduqlarını deyir: "Biz telekommunikasiya sahəsi üçün məlumatların qorunması üzrə həll variantının satışını da həyata keçiririk. Sərgini ziyarətimin əsas məqsədi cari sifarişçilərlə görüşməkdir. Sərgi işgüzar ünsiyyət üçün ən yaxşı məkandır. Bir platformada xeyli insanla görüşmək mümkündür. Bu da hazırkı tədbiri iş adamları üçün vacib və maraqlı edir. Mən "Bakutel-2019” sərgisində konkret zonalara düşünülmüş şəkildə diqqət yetirilməsini bəyəndim. İnsanlar və şirkətlər kateqoriya formalaşdırır və maraq zonası yaradır. Buna görə də iştirakçılar tərəfdaş, sifarişçi və uğurlu müştəri olmaq fürsətinə malikdirlər”.

"Oracle” şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə regional direktoru Dmitri Smirnov məlumatların emalı və saxlanması üzrə kompleks məlumat bazalarının aparıcı istehsalçısı olduqlarını, Azərbaycan bazarında uzun müddət fəaliyyət göstərdiklərini və sərgidə bir sıra yeniliklərlə yanaşı, "ağıllı şəhər” üzrə idarəetmə sisteminin robotlaşdırılmış modelini nümayiş etdirdiklərini bildirdi: "Sərgi populyarlığa və əhəmiyyətli nəticələrə nail olub. Mən yaxşı təşkilatçılığı və Ekspo Mərkəzin pavilyonlarında hakim olan ümumi isti ab-havanı qeyd etmək istəyirəm. Biz burada aparıcı qlobal və yerli şirkətlərin nümayəndələrini görürük. Ən əsası isə ziyarətçilərin marağı bizi sevindirir. İKT cəlbedici istiqamətdir və gələcək onunla bağlıdır”.

Bir sözlə, "Bakutel-2019” sərgisi ölkə iqtisadiyyatının inkişafına təkan verə bilən intellektual tutuma malikdir. Burada sərgilənən yeni texnologiyaların, ağlasığmaz ideyaların, innovativ layihələrin xeyli sayda insana, o cümlədən iş adamlarına və sektorun peşəkarlarına verə biləcəyi töhfələr sonsuzdur. Bu o deməkdir ki, "Bakutel-2019” həm iştirakçı şirkətlərin, həm də sərginin inkişaf perspektivlərini nümayiş etdirən əla platformadır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video