11 Dekabr 2019 01:20
650
İQTİSADİYYAT
A- A+

Dünya miqyasında rekord göstərici


Qeyri-neft sənayemiz 15 faizdən çox artmışdır


Aparılan islahatlar nəticəsində Azərbaycanda sənayenin inkişafında mühüm nailiyyətlər əldə edilib. Bunun sayəsində indiyə qədər istər ölkənin paytaxtında, istərsə də regionlarda minlərlə orta və iri sənaye müəssisələri tikilərək istifadəyə verilib. Həmin müəssisələrdə istehsal edilən məhsullar daxili təlabatı ödəməklə yanaşı, dünya bazarına da ixrac olunur, üstəlik, ölkəyə valyuta axını təmin edilir.

Sənayeləşmədə texnoparkların və sənaye məhəllələrinin xüsusi rolu var. Dövlət xarici və yerli sahibkarlara sənaye müəssisələrinin yaradılması üçün böyük güzəştlər edir. Belə ki, texnopark və sənaye məhəllələrində bütün infrastruktur dövlət vəsaiti hesabına həyata keçirilir. Sahibkarlar yalnız məhsul istehsal edəcəkləri müəssisələrin tikintisinə vəsait qoyurlar. Üstəlik, belə müəssisələrdə istifadə ediləcək avadanlıqları idxal edərkən onlar üçün gömrük rüsumlarının və vergilərin ödənilməsində böyük güzəştlər edilir.

Məqsəd özəl sektoru ölkənin sənayeləşməsinə cəlb etməklə uğurları daha da artırmaqdır. Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilən ümumi vəsaitin 49,4 faizinin sənaye müəssisələrinin qurulmasına sərf edilməsi də bununla bağlıdır.

Prezident İlham Əliyev ölkədə həyata keçirilən islahatlar sayəsində qeyri-neft sənayesində əldə edilən nailiyyətləri dəyərləndirərək demişdir: "Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.

Bu ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 1,4 faiz artaraq 38,1 milyard manat təşkil edib. Dövlətin bu sektorda sahibkarlığın inkişafına verdiyi dəstək sayəsində sənayedə qeyri-dövlət sektorunun payı 82,3 faiz olub. Ümumi istehsalın 88,8 faizi sənaye məhsullarının istehsalı, 11,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Mədənçıxarma sənayesinin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 31,1 milyon ton, əmtəəlik təbii qazın hasilatı 19,9 milyard kubmetr təşkil edib. Bu dövrdə neft hasilatı 3,3 faiz azalsa da, qaz hasilatı 27,8 faiz artıb.

Emal sənayesində hesabat dövründə 9452,6 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatları istehsalında 67,6, içki istehsalında 39,5, qida məhsullarının istehsalında 13,9 faiz artım müşahidə edilib.

Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 37, geyim istehsalında 12 faiz artım, ayaqqabı istehsalında azalma olub.

Ölkə sənayesində mühüm yer tutan kimya sənayesi 10 ay ərzində özünün istehsal tempinə görə fərqlənir. Bu sahədə hesabat dövründə 826,7 milyon manatlıq məhsul istehsal edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz çoxdur. Bununla yanaşı, rezin və plastik kütlə məmulatları istehsalında 22,7, əczaçılıq məhsulları istehsalında 20,8 faiz artım qeydə alınıb.

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 203,8 milyon manatlıq məhsul istehsal olunub. Bu, keçən ilin yanvar-oktyabr ayları ilə müqayisədə elektrik avadanlıqları istehsalının 6,8 faiz artması deməkdir. Bununla yanaşı, kompüter, elektron və optik məhsullarının istehsalı 37,1, avtomatik tənzimlənmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 71,6, məişət soyuducularının istehsalı 25,2 faiz artıb.

Hesabat dövründə maşın və avadanlıqların, digər nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahəsində 227,5 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5, sair nəqliyyat vasitələrinin istehsalı 10,8, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz artıb.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video