11 Dekabr 2019 01:03
895
Mədəniyyət
A- A+

Efirin, ekranın ən tələbkar dinləyiciləri və tamaşaçıları...


Gələcək onlarındır. Sabaha inamın gücü uşaqların bu gün xoşbəxt, ümidli, sağlam olmaları ilə ölçülməlidir. Bunun üçün balacaların firavan yaşamaları kifayət deyil. "Uşaqların beyni ağ kağız kimidir” deyirlər. Oraya yazılanlar heç vaxt unudulmur. Eşitdikləri, gördükləri uşaqların şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Bu mənada 1994-cü ilin aprelində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Kann şəhərində elan etdiyi bu bayram - Beynəlxalq Televiziya və Radio Günü böyük əhəmiyyət daşıyır. Hər il dekabrın 11-i qeyd olunan Beynəlxalq Televiziya və Radio Günü böyüklərin yadına salır ki, balaca dinləyicilərə və tamaşaçılara laqeyd yanaşmaq olmaz.


Unudulmayan verilişlər...


Sevgi və səmimiyyətlə balaca dinləyicilərin, tamaşaçıların diqqətini, məhəbbətini qazanmaq mümkündür. Necə ki, bu günün orta və ahıl yaşlıları kiçik yaşlarında dinlədikləri, baxdıqları uşaq verilişlərini yaddan çıxarmayıblar. Azərbaycan radiosunun məşhur "Biləyən”i onların çoxunun uşaqlığına yoldaş olub. Bu gün də sevimli Biləyənin bu çağırışını unutmayıblar:

Biləyənəm, biləyən,

Bilikləri məndə bil,

Əlini ver dost olaq,

Mən biləni sən də bil.

Sonra uşaqların əziz Savalan babası balaca dinləyicilərini salamlayırdı: "Salam, mənim istəkli nəvələrim, nəticələrim”. Diktor Ofeliya Sənani Biləyəni, aktyor Sadıq Hüseynov isə Savalan babanı öz məlahətli səsləri, şirin sözləri ilə dinləyicilərə o qədər sevdirmiş, doğmalaşdırmışdılar ki, yüzlərlə, minlərlə uşaq bu verilişi səbirsizliklə gözləyirdi. Əyləncəli olduğu qədər də maarifpərvər "Biləyən” dinləyicilərə maraqlı məlumatlar verirdi.

İllər öncə müsahibəmizdə aktyor Sadıq Hüseynov öz yaradıcılığından danışarkən bu verilişi xüsusi qeyd etdi. O, "Biləyən”in çox məşhur veriliş olduğunu, redaksiyaya saysız-hesabsız məktublar gəldiyini yada saldı. O vaxtadək də istedadlı aktyor kimi tanınan, sevilən Sadıq Hüseynov Savalan babanı öz yaradıcılığının zirvəsi hesab edirdi.

Uşaq verilişlərindən danışarkən "Piri babanın nağılları” adlı televiziya verilişini və onun qəhrəmanı "Xoruz baba”nı da unutmaq olmaz. Aktyor Hüseynağa Sadıqov bu rolu balaca tamaşaçılara çox sevdirmişdi. O, ifa etdiyi hər rolu məşhurlaşdırmaq istedadına malik idi. Teatrda, kinoda, eləcə də radio və televiziyada böyük uğurlar qazanmış bənzərsiz sənətkar idi. Ancaq Hüseynağa Sadıqovun da zəngin yaradıcılığında "Piri babanın nağılları” televiziya verilişinin özünəməxsus yeri var idi. Kiçik yaşlı tamaşaçılar ona "Xoruz baba” deyə müraciət edirdilər. Akyor buna alışmışdı və incimirdi.

Azərbaycan televiziyasında yayımlanan "Piri babanın nağılları” da "Biləyən” kimi yalnız balacaları güldürüb əyləndirmirdi. Bu veriliş də uşaqların dünyagörüşünün formalaşması, biliklərinin artması baxımından faydalı idi...


Uşaqlar hansı verilişlərə baxmaq istəyirlər?


Doğrudur, dövr dəyişib. Razılaşmalıyıq ki, o verilişlərə baxan, dinləyən uşaqlar indikilərdən fərqli idilər. Onların əyləncələri həmyaşıdları ilə oynamaq, məşğuliyyətləri kitab, qəzet, jurnal oxumaq, imkan düşdükcə teatrlara getmək, günlərinin müəyyən hissəsini, əlbəttə ki, valideynlərinin məsləhəti, nəzarəti ilə televiziya və radio qarşısında keçirmək idi.

Müasir dünyamızda texniki tərəqqi, internetin inkişafı uşaqların da həyatına sirayət edib. Evdə, küçədə, istirahət məkanlarında, avtobusda, metroda, hətta kiçik yaşlı uşaqların belə çoxunun əllərində mobil telefon görmək olar. Əksəriyyəti müxtəlif oyunlar oynamaqla, izləməklə məşğuldurlar. Ancaq internet oyunlarına aludəçilik uşaqlara sevimli cizgi filmlərini unutdurmur. Və yenə də televiziyalar kiçik yaşlı tamaşaçılar üçün cəlbedicidir.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanan "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: "Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”.

Ölkəmizdə uşaqlara diqqət və qayğı getdikcə artmaqdadır. Həyata keçirilən bir sıra dövlət proqramları, layihələr, eləcə də inşa olunan, əsaslı təmir edilən məktəblər, uşaq bağçaları, yaradılan idman kompleksləri onların hər birinin daha yaxşı böyüməsi, təhsil alması, düzgün tərbiyələndirilməsi, dünyagörüşünün formalaşması, intellektual səviyyəsinin yüksəldilməsi, dövlət, cəmiyyət, ictimaiyyət və xalq üçün əsl vətəndaş kimi yetişdirilməsinə şərait yaradır. Bu gün respublikamızda fəaliyyət göstərən radio və televiziya kanalları da dövlət və xalq üçün olduqca əhəmiyyətli olan məsələlərdə öz töhfələrini verməlidirlər. Beynəlxalq Uşaq Televiziya və Radio Günü bu vacib məsələyə diqqəti yönəldir.

Ölkəmizdə radio və televiziya kanallarının sayı az deyil. Onların əksəriyyətinin uşaqlar üçün ayrıca redaksiyası var. 2015-ci il aprelin 1-dən isə ilk uşaq telekanalı - "ARB Günəş” fəaliyyət göstərir. Televiziya cizgi filmləri və maarifləndirici proqramlar təqdim edir.

Təəssüf ki, Azərbaycanda televiziya kanalları artsa da, uşaq verilişlərinin sayı və keyfiyyəti qənaətbəxş deyil. Televiziya kanallarının çoxu cizgi filmləri nümayiş etdirməyə üstünlük verirlər. Bununla kiçik yaşlı tamaşaçıları qarşısında öz vəzifələrini bitmiş hesab edirlər.

Bu gün bir çox ölkələrin, elə qonşularımız Rusiyanın, Türkiyənin müxtəlif telekanallarında uşaqlar üçün daha dolğun, zəngin proqramlar nümayiş etdirildiyini görürük. Faydalı işlərdən öyrənmək, nümunə götürmək lazımdır. Azərbaycanın gələcəyi olan uşaqlar maraq göstərdikləri verilişləri çox axtarmamalıdırlar.

Uşaqların yaşını, maraq dairələrini nəzərə alaraq, onların psixologiyasına, dünyagörüşünə uyğun, baxımlı verilişlər hazırlamaq respublikamızın radio və televiziyalarının yaradıcı heyətlərinin mənəvi borcudur. Uşaq proqramları ayrılmış vaxtı doldurmaq naminə hazırlanırsa, maraq doğurmayacaq. Çünki böyüklər qədər həyat təcrübələri zəngin olmasa da, uşaqlar yaxşını, pisi ayırmağı bacarırlar. Onlar bu dünyanı, insanları öz təmiz duyğularının işığında görə bilirlər. Ona görə də uşaqlar bayağı ünsiyyəti və qeyri-səmimi münasibəti dərhal hiss edirlər. Əgər televiziya və radiolar uşaqların diqqətlərini cəlb edəcək, maraq doğuracaq verilişlər hazırlasalar, onların tamaşaçıları və dinləyiciləri olacaq.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video