10 Dekabr 2019 00:20
907
İQTİSADİYYAT
A- A+

10 ayda əsas kapitala 11,4 milyard manatdan çox sərmayə qoyulub


Bu vəsaitin əsas hissəsi istehsal sahələrinə yönəldilib


Bu gün Azərbaycan keçmiş SSRİ məkanında ən çox xarici investisiya qoyulan ölkəyə çevrilmişdir. Başlıca səbəb neft sənayesi ilə bağlı olsa da, digər səbəb ölkədə kapital qoyuluşuna imkan verən mükəmməl qanunvericilik bazasının yaradılmasıdır. Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu hüquqi islahatlar istər xarici, istərsə də yerli kapitalın qorunmasına zəmanət verir. Bunun nəticəsidir ki, Azərbaycan kapital qoyuluşuna görə nəinki MDB məkanında, hətta bir sıra Şərqi Avropa ölkələrindən öndədir.

Son statistikaya nəzər salaq: cari ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11407,4 milyon manat vəsait qoyulub. Həmin dövrdə neft-qaz sektoruna investisiya yatırımları azalsa da, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 6,8 faiz artıb. Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumatda o da bildirilir ki, ümumi sərmayənin 7472,8 milyon manatı istehsal, 2852,9 milyon manatı xidmət sahələrinin, 1081,7 milyon manatı yaşayış evlərinin tikintisinin payına düşüb.

Məlumdur ki, həyata keçirilən islahatlar sayəsində ölkədə özəl sektor inkişaf edib və yüksək maliyyə imkanlarına malik sahibkarlar yetişib. Bunun sayəsində kapital qoyuluşunda da özəl sektorun xüsusi çəkisi artıb. Təkcə hesabat dövründə ümumi sərmayənin 51,1 faizi qeyri-dövlət sektorunun səhmdarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri isə ümumi sərmayənin 71,1 faizini təşkil edib. Bu statistikanın davamı olaraq qeyd edək ki, 10 ay ərzində əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6434,4 milyon, bank kreditləri 886,1 milyon, büdcə vəsaitləri 3109,2 milyon, büdcədənkənar fondların vəsaitləri 166,9 milyon, əhalinin şəxsi vəsaitləri 774,5 milyon, digər vəsaitlər 36,3 milyon manat təşkil edib.

Qeyd etdiyimiz kimi, ölkəmizdə mövcud olan mükəmməl qanunvericilik bazası xarici sahibkarları da Azərbaycan iqtisadiyyatına kapital qoyuluşuna təşviq edib. Yalnız hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar əsas kapitala 2738,3 milyon manat vəsait qoymuşlar. Bunun 83 faizi Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Malayziya, Rusiya, İran, Norveç və Fransa sərmayədarlarına məxsusdur.

Mərkəzi Bankın məlumatına görə, cari ilin oktyabr ayının 1-nə ölkəmizin bank və kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14211,3 milyon manat təşkil edib. Ümumi portfelin 11563,1 milyon manatı və ya 81,4 faizi uzunmüddətli kreditlərin payına düşüb. Həmin kreditlərin 97,6 faizi banklar, 2,4 faizi bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən ayrılıb.

Ölkə üzrə kapital qoyuluşu həyata keçirilərkən sənaye, emal, istehsal sahələrinə üstünlük verilir. Bunun nəticəsidir ki, hesabat dövründə kapitala yönəldilən ümumi vəsaitin 49,4 faizindən sənayenin inkişafı üçün istifadə edilib. Bu sırada digər sahələr tikinti, nəqliyyat və anbar təsərrüfatı, eləcə də aqrar sektordur.

Bu vəsaitlər hesabına bütün ölkə ərazisində müxtəlif təyinatlı çoxsaylı obyektlər, o cümlədən Bakıda Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” nəqliyyat mübadilə mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, həmin rayonda Gənclər mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Naxçıvan Muxtar Respublikasında 1674 şagirdlik 4 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 4 ambulatoriya-poliklinika müəssisəsi və s. istifadəyə verilib.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video