10 Dekabr 2019 00:14
1039
Mədəniyyət
A- A+

Görkəmli iqtisadçı alim və pedaqoq


İnsan həyatının mənasını gözəl işlərə həsr etməkdə görür, özündən sonra ölməz, xatirələrə dönən, nurlu - işıqlı əbədiyyət yaradır. Beləcə, insan öz yaratdıqları ilə əbədi yaşayır. Belə ziya sahiblərindən biri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev olmuşdur.

Vətəninə və xalqına ləyaqət və şərəflə xidmət etmiş görkəmli iqtisadçı alim və pedaqoqlarımızdan olan Aqil Əlirza oğlu Əliyev 1926-cı il dekabrın 10-da qədim Naxçıvan diyarında anadan olmuşdur. Atası - Əlirza Cəfər oğlu Əliyev 1943-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir. Atasının vəfatından sonra ailənin bütün ağırlığı yeniyetmə Aqil Əliyevin üzərinə düşmüşdür. Müharibə illərində arxa cəbhədə çalışaraq çətinliklə də olsa, ailə üzvlərinə kömək edirdi. Anası İzzət xanım sadə bir evdar qadın kimi öz övladlarının təhsilli olmalarına çox üstünlük verirdi. Namaz qılan və oruc tutan ananın böyük arzusu övladlarını təhsilli görmək idi. O, Məhəmməd peyğəmbərin (ə.) elmi beşikdən qəbrədək öyrənməyi insanlara tövsiyə edən dəyərli sözlərini övladlarına həmişə xatırladardı. Ananın Həzrət Əlinin "Elm zənginlər üçün bəzək, kasıblar üçün zənginlikdir” ifadələrini uşaqlara tez-tez söylədiyi bu cür və digər misallar öz bəhrəsini verməyə bilməzdi. Odur ki, başqa övladları kimi Aqil müəllim də təhsil almağa böyük səylə çalışırdı. O, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. 1953-cü ilə qədər Azərbaycan EA-nın Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.

İqtisad elminə və pedaqoji fəaliyyətə böyük marağı olduğundan 1953-cü ildə Azərbaycan Tibb Universitetinin Siyasi iqtisad kafedrasında əmək fəaliyyətinə başlamışdır. Ömrünün sonuna qədər, yəni 53 il müddətində həmin universitetin Siyasi iqtisad kafedrasında əvvəlcə müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Aqil Əliyev 1970-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1973-cü ildə dosent, 1979-cu ildə professor vəzifəsinə seçilmişdir. A.Əliyev 1982-ci ildə "Şəxsi istehlakın iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

Bütün zəka sahibləri həmişə özlərinə böyük təbib və filosof Əbu Əli İbn Sinanın "Mən çox istərdim ki, biləm mən kiməm və bu dünyada nə axtarıram” sualını vermişlər. Bu sualın cavabı geniş dünyagörüşünə sahib olan şəxsiyyətlərin daxili aləmlərində, mənəviyyatlarında, yaradıcılıqlarında öz təcəssümünü tapmışdır. Aqil Əlirza oğlu Əliyev belə zəka sahiblərindən idi. Aramızda olmadığı üçün onun haqqında yazmaq, sözsüz ki, çətindir. Bu çətinlik onun cismani yoxluğu ilə əlaqədardır, lakin bu böyük insanın yaratdıqları, iqtisad elmi sahəsində zəngin fikirləri ilə bağlı mülahizə və ideyaları indi də çox dəyərli və əhəmiyyətlidir. Həmin dəyərləri bütün təfərrüatı ilə qiymətləndirmək heç də asan deyil.

Kamyu yazır ki, "ya zamanla birgə yaşayıb ölərsən, ya da ülvi ideallar uğrunda yaşayıb zaman sərhədini keçərsən”. İnsan zamanın rejissoru olduqda onun sərhədini keçir, cəmiyyətdə özünü təsdiqləyir və sıradan bir şəxsiyyət və yaxud ziyalı olmur. Aqil müəllim zaman sərhədini keçən, həmişə xatırlanan görkəmli iqtisadçı alim-pedaqoq olmuşdur.

Aqil müəllim barəsində keçmiş zamanda danışmağa adamın dili gəlmir, ona görə ki, onun bütün əməlləri və fəaliyyəti xeyirxah niyyətli idi. Müdrik və xeyirxah insanlar mənən həmişə qəlblərdə yaşayır, onların həyatda yoxluqları isə son dərəcədə ağrı və təəssüf hissi doğurub. Bu cür insanlar millətin sərvəti hesab edilərək xalq tərəfindən əbədiyaşarlıq statusu qazanıblar. Onlar etdikləri yaxşılıqlarda, başlarını sığalladıqları yetimlərin dualarında, qollarından tutub qaldırdıqları kimsəsizlərin ruhlarında yaşayıblar, yaşayırlar... Aqil müəllim bax beləcə ömür sürmüş alim-ziyalı idi. O qədər alicənab, təvazökar, müdrik insan idi ki, özünü həyatda həddən artıq sadə aparırdı. Uşağı da, böyüyü də, tanıdığını da, tanımadığını da xoş üzlə qarşılayırdı. Bacardığı və imkanı çatdığı qədər təmənnasız kömək göstərirdi.

Tarixdə nə baş verirsə, onu insan edir. K.Yaspers yazırdı: "Biz insanı özünün yaratdığı nəhəng əməllərdə görərkən tarixin sərhəddini keçirik; bu əməllərlə insan varlığı tapıb başa düşür və onu başqaları üçün də əlçatan edir”. Akademik A.Əliyevin elmi və pedaqoji fəaliyyətinin özəyini məhz bu ali məqam əhatə edirdi.

Aqil müəllim sözün əsl mənasında ziyalı idi. Onun ziyalılığı xalqımızın əsrlərdən bəri yolyoldaşı olan mənəviyyatımızı, ədəb-ərkanımızı qoruyub saxlamaqda, onu intellektin işığında həmişə zirvədə tutmaqdır. 190-dan artıq elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifi olmuş, çoxsaylı elmlər namizədi və elmlər doktoru yetişməsində əvəzsiz xidmətlər göstərmişdir.

O, Azərbaycanda ilk dəfə olaraq "Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, "Aqrar iqtisadiyyatın aktual problemləri”, "Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri” və digər sanballı monoqrafiyaların müəllifidir.

Aqil müəllimin qoyub getdiyi elmi-pedaqoji irsini bir məqalədə əhatə etmək çətindir. Lakin o, elmi ideyaları bilavasitə praktikaya tətbiq edən bir alim kimi xalqımızın tarixində özünəməxsus yer tutur. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”. Alimlər arasında belə zəka sahiblərindən biri məhz Aqil müəllim olmuşdur.

O, zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürün məntiqliyi, natiqliyi, əməldə fəzilətliyi və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir.

Onun haqqında o qədər maraqlı faktlar var ki, bəzən bilmirsən hansını deyəsən, hansını yazasan. Xalqımızın ən gözəl xüsusiyyətləri olan insana yaxşılıq etmək, qayğı göstərmək Aqil müəllimin əqidə manifesti, həyat devizi idi. O, insanlara qayğı göstərirdi, onların işinə yarayırdı. Bu, onun həyatını mənalandırır, dəyərini, qiymətini yüksəldirdi. O, sözün əsl mənasında bir çox insanlar üçün ümid yeri idi. N.Tusinin belə bir fikrini yada salaq: "Başqasına etdiyin yaxşılığı unuda bilərsən, ancaq sənə edilən yaxşılığı unutmamalısan”. Bu fikir həmişə mənim qəlbimdə yaşayır. Onun insanlara səmimi, xeyirxah və qayğıkeş münasibəti bizim üçün örnəkdir.

Aqil müəllim həddən artıq tələbkar idi, biganəliyi xoşlamırdı. Elinin, obasının qədrini bilən idi, xalqa xidməti həyatının məna və məqsədi hesab edirdi. Aqil müəllim saf əqidəsi və məsləyi olan ziyalı idi. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənirdi. Müdrikliyi, zəkası, dünyanı dərketmə qabiliyyəti ilə başqalarından fərqlənən vətəndaş, alim-ziyalı idi. Antik dövr filosofu Epikürün şagirdləri onları müəlliminə bağlayan nədir sualına belə cavab vermişdilər: "Bizi Epikürə bağlayan onun həmişə özü-özünə bərabər olmasıdır”. Bu epitet tamamilə Aqil müəllimə də aiddir: o həmişə özü-özünə bərabər idi, təkrarsız idi!

Aqil müəllim insanlığı, şəxsiyyəti, səmimiyyəti uca tutub qiymətləndirən, onu qorumağı bacaran nadir bir şəxsiyyət idi. Adamlar arasında özünün ən ülvi keyfiyyətləri ilə seçilən, sayılan idi. Təbiətən sakit, mülayim, həddən artıq nəvazişli və qayğıkeş idi.

Aqil Əliyevin elmi-pedaqoji fəaliyyəti, xalq və vətən qarşısında xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1982-ci ildə Əməkdar elm xadimi fəxri adına, "Şöhrət” və "Qırmızı Əmək Bayrağı” ordenlərinə, çoxlu sayda medal, fəxri fərman və təşəkkürnamələrə layiq görülmüşdür.

Onun əmək fəaliyyətində də çox gərgin illər olmuşdur. Azərbaycan KP MK-nın ozamankı rəhbərliyin göstərişi ilə heç bir əsas olmadan 1988-ci ildə işdən uzaqlaşdırılaraq təqaüdə göndərilmişdi.

Lakin çox keçmədən bu addımın səhv olduğu dərk edilmiş və görkəmli alim 1992-ci ildən yenidən elmi-pedaqoji fəaliyyətə qaytarılmışdır. 1998-ci ildən ömrünün sonuna qədər ATU-da "İqtisadiyyat və hüququn əsasları” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

1996-cı ildə A.Əliyev Beynəlxalq Enerji İnformasiya Elmlər Akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü - akademik seçilmiş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2003-cü ildə beynəlxalq menecment Akademiyasının həqiqi üzvü, 2006-cı ilin yanvar ayında Beynəlxalq iqtisadçılar ittifaqının üzvü seçilmişdir.

Professor elmi-pedaqoji institutlar və universitetlərin tələbələri üçün "İqtisadi nəzəriyyə” kursu üzrə yazılmış 2 cildlik dərsliyin müəlliflərindən biri olmuşdur.

A.Əliyev geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş müxtəlif jurnal və qəzetlərdə yüzlərlə elmi-kütləvi, publisistik məqalələrin müəllifi olmuşdur.

O, Azərbaycanda ilk dəfə olaraq "Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri”, "Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin elmi təşkili”, "ASK-nın aqrar bölməsində elmi-texniki tərəqqini sürətləndirmə problemləri” və sair sanballı monoqrafiyalar yazmışdır.

Təkcə bazar iqtisadiyyatına keçid şəraitində A.Əliyevin 80 adda elmi əsəri çap olunmuşdur. Onlardan "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, "Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, "Səhiyyənin iqtisadiyyatı”, "Azərbaycanda əhalinin səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, "Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər” I və II cild, "Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti”, "Bələdiyyələr. Metodik kömək”. "Dünya iqtisadiyyatı: müasir dövrün problemləri”, "Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri” və sair sanballı kitabları çap olunmuşdur.

Aqil müəllimin "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur” əsəri müasir dövrdə əhəmiyyətli və aktualdır. Müəllif əsərdə Böyük İpək yolunun e.ə. II-I əsrlərdə inşa olunduğunu, Çinlə Mərkəzi və Ön Asiyanı birləşdirdiyini, 31 ölkənin ərazisindən keçdiyini, 40 yaxın ölkənin iqtisadiyyatına xeyir gətirdiyini qeyd etmişdir. Tarixin müxtəlif dövrlərində başqa (su, dəniz) yollar fəaliyyət göstərsə də, hazırda qısa bir zamanda ticarət əlaqələri üçün bu yolun əhəmiyyəti çox böyükdür. Bu yolun əhəmiyyəti barəsində Ulu Öndər Heydər Əliyev demişdir: "Böyük İpək yolu keçmişdən başlasa da gələcəyə doğru gedən yoldur. Mən inanıram ki, əgər biz bu yolla birlikdə getsək, o, xalqlarımızı firavanlığa və tərəqqiyə gətirib çıxaracaqdır”.

A.Əliyevin tarix, mədəniyyət, etnoqrafiya elmləri haqqında dərin biliyi və zəkası ünsiyyətdə olduğu insanları və onu tanıyanları həmişə heyran edirdi.

Professor Aqil Əliyev zəhmətlə dolu həyat yolu keçmiş, ömrünü bütövlükdə xalqımızın və vətənimizin tərəqqisinə həsr etmişdir. O, ATU-nun və respublikamızın ictimai həyatında yaxından iştirak etmiş, humanistliyi, ədalətliliyi, prinsipiallığı ilə yaddaşlarda işıqlı xatirə qoymuşdur.

Bütün həyatı boyu saflıq və paklıq, əməksevərlilik və insansevərlilik, haqqa-ədalətə vurğunluq, namus və qeyrət yükünü mərdanəliklə öz çiynində daşımış Aqil müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Cəlaləddin Rumi deyib ki, öləndən sonra məni torpaqda yox, insanların qəlblərində axtarın. Bu sözləri dostlarının, həmkarlarının, tələbələrinin, bütün yaxınlarının ürəyində nəcibliyi, kamilliyi, böyüklüyü ilə əbədi yer tutmuş professor Aqil Əliyevə də aid etmək olar.

Qoşqar ƏLİYEV,

ATU-nun İctimai fənlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video