10 Dekabr 2019 00:11
672
CƏMİYYƏT
A- A+

“Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilib


Dekabrın 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan "Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Əvvəlcə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən şairin yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib.

Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rusiya, Özbəkistan, Tacikistan və Türkiyədən nümayəndələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Qeyd edib ki, məhz bu sərəncamın icrası istiqamətində respublikamızda və onun hüdudlarından kənarda şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilib, o cümlədən AMEA-da Nəsimi ilə bağlı müxtəlif konfranslar, elmi sessiyalar təşkil edilib, şairin əsərləri 11 dildə nəşr olunub və alimlərimiz həmin əsərlərə müqəddimə və şərhlər yazıblar. Akademik İ.Həbibbəyli konfransda xarici və yerli alimlərin, tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi dəyərləndirib.

Akademiyanın vitse-prezidenti vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Nəsimi irsinin sistemli tədqiqi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Dahi şairin irsi ilə bağlı geniş araşdırmalar aparılıb, Nəsiminin Bakıda heykəli ucaldılıb, onun fəlsəfəsini işıqlandıran bədii film çəkilib, əsərləri ana dilində kütləvi nəşr olunub. Məhz həmin illərdə görülmüş tədbirlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olması nümayiş etdirilib.

"Nəsimi bütün Şərq miqyasında tanınan, ölkəmizin üfüqlərini onun sərhədlərindən uzaqlara apara bilən qüdrətli Azərbaycan şairi və mütəfəkkiridir” deyən akademik İ.Həbibbəyli cari ildə AMEA-da Nəsimi yaradıcılığına həsr olunan 19 kitabın çap edildiyini, daha bir neçə əsərin nəşrinin isə nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edib ki, AMEA-nın nəsimişünaslığını təşkil edən bu kitablar üçün səciyyəvi cəhətlər Nəsimi fəlsəfəsinin dahi şairin mənsub olduğu xalqın milli-mənəvi dəyərləri ilə birgə təqdim olunmasıdır: "Aparılan son tədqiqatlar fonunda Nəsimi irsini bir daha dəyərləndirmək və onun əzəmətli obrazını yenidən canlandırmaq mümkündür”.

Nəsimi şeiriyyatını Nizami Gəncəvidən sonrakı və Məhəmməd Füzulidən əvvəlki dövrün ən böyük ədəbiyyat zirvəsi adlandıran İ.Həbibbəyli qeyd edib ki, kamil insan konsepsiyasının yaradıcısı olan şair öz yaradıcılığında insanın mənəvi cəhətdən təkmilləşməsini cəmiyyətin inkişafının əsası kimi təbliğ edib.

Böyük mütəfəkkirin ideyalarının müasir dövrdə də davam etdirildiyini deyən AMEA-nın vitse-prezidenti yeni nəsillərin insanın mənəvi kamilləşməsi istiqamətində tərbiyə edilməsində Nəsimi irsinin xüsusi rolunu qeyd edib. O, ədibin həyatının faciəvi sonluğunun onun kamil insan uğrunda mübarizə aparan şair-qəhrəman kimi özünütəsdiqinin ifadəsi olduğunu diqqətə çatdırıb.

Sonda İ.Həbibbəyli bu gün keçirilən konfansın 2019-cu il ərzində AMEA-da Nəsimi irsinin tədqiqi və təbliği ilə bağlı görülən işlərin yekunu olduğunu vurğulayıb, tədbirin işinə uğurlar arzulayıb.

Plenar iclasda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Nəsimi Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, bütün dünya ədəbiyyatının ən cəsarətli şairlərindən hesab olunur. Nəsiminin yenilməz bir şəxsiyyət olduğunu, bütün əzab-əziyyətlərə rəğmən öz yolundan dönmədiyini söyləyən akademik şairin həqiqət carçısı kimi ədəbiyyat tarixində iz qoyduğunu deyib.

R.Hüseynov Nəsiminin yaradıcılığının ilk dəfə 1926-cı ildə Salman Mümtaz tərəfindən Azərbaycan oxucusuna təqdim olunduğunu, şeirlərinin kitab şəklində dərc etdirildiyini diqqətə çatdırıb. O, eyni zamanda, orta əsrlərdə Nəsiminin şeirlərinə çəkilmiş 20-yə yaxın miniatürün əldə edilərək həmin kitabda dərc olunduğunu vurğulayıb. Əlavə edib ki, nəsimişünaslığın böyük yolu məhz S.Mümtazın araşdırmalarından başlayır.

"Nəsimi yeganə Azərbaycan şairidir ki, dünyanın ən böyük elm, mədəniyyət, təhsil təşkilatı olan UNESKO tərəfindən yubileyi üç dəfə (1973-cü ildə anadan olmasının 600, 2017-ci ildə vəfatının 600, 2019-cu ildə isə anadan olmasının 650 illik yubileyi) qeyd olunub. Tarixboyu müxtəlif tədqiqatçılar tərəfindən görkəmli şair Nəsiminin Şamaxı, Bakı və Təbriz, Gəncə və Dərbənddə anadan olmasına dair fikirlər irəli sürülsə də, həqiqətlərin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin qətiyyəti sayəsində Nəsiminin Azərbaycan şairi olması məntiqi dəlillərlə sübut olunub”, - deyə R.Hüseynov qeyd edib.

Sonda akademik R.Hüseynov Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında ölkəmizin bütün regionlarında ümumilikdə 650 min ağacın əkilməsi aksiyasını yüksək qiymətləndirib, əkilən ağacların Nəsimi fəlsəfəsi kimi uzun illər yaşayacağına əminliyini ifadə edib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva "Nəsimi irsinin tədqiqi və müasirlik” mövzusunda çıxış edib.

Gövhər Baxşəliyeva bildirib ki, dövlət başçısı tərəfindən 2019-cu ilin Azərbaycanda "Nəsimi ili” elan olunması ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. "Nəsimi ili” ölkəmizdə nəsimişünaslığın inkişafına, böyük mütəfəkkirin irsinin, şairin ideallarının populyarlaşmasına böyük təkan verərək yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdırır.

Akademik qeyd edib ki, Nəsimi - böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Nəsiminin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaragüruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı "ənə-l-həq” deyən insanın möhtəşəm üsyanıdır. Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir.

"Nəsimi irsinin dəyəri və əhəmiyyəti isə üç amillə - Nəsiminin yaradıcılığının sosial-fəlsəfi və ümumbəşəri mahiyyəti, onun insan mərkəzli düşüncəsi, etnik və dini fərqlərin fövqündə dayanaraq bəşəri vəhdəti tərənnüm etməsi, Nəsimi şeirinin yüksək poetik səviyyəsi və bədii təsir gücü və şairin ədəbi dil tariximizdə müstəsna rolu və xidmətləri ilə bağlıdır”, - deyə G.Baxşəliyeva qeyd edib.

Özbəkistan Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı Erqaş Oçilov, Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, Ruxşona Vasiyeva, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini, fəlsəfə üzrə elmlər doktoru Ariz Gözəlov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, dosent Fəridə Əzizova və başqaları Nəsiminin yaradıcılığından söz açıb, dahi şairin zəngin irsinin Azərbaycan xalqının bədii-fəlsəfi fikir tarixində müsbət rol oynadığını qeyd ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video