07 Dekabr 2019 01:25
1205
SİYASƏT
A- A+

Gözlərə nur, könüllərə fərəh bəxş edən xeyirxah


Mehriban xanım Əliyevanın sayəsində görmə məhdudiyyətli uşaqların da dünyası al-əlvandır


O, göz həkimidir...

Dünya işığına həsrət qalanların ağrı-acısına məhrəm, qaranlıq könüllərə ziya saçan, bir zərrə nura möhtac çarəsiz canların ümid ünvanı...

Məramı gözlərdə sevinc işığı şölələndirmək, qəlblərə ümid qığılcımı səpmək, könüllərdə yuva quran zülməti tar-mar etməkdir...

O, bu insanların toranlıqdan aydınlığa gedən yolda bələdçisi, gələcəyə atılan sağlam addımlarında vasitəçidir...

O, bu dünyanın gözəlliklərini, rənglərini könül gözləri ilə görüb, hiss edib, duyanların ən böyük himayədarıdır...

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva...


"Övladının dünya işığına həsrət qaldığını bilmək olduqca ağrılıdır...”


"Həyat yoldaşım da, mən də görmə məhdudiyyətliyik və bu internat məktəbinin məzunlarıyıq. Təəssüf ki, dünyaya gələn övladımızın da gözləri görmür. Bu çətin taleyi özün yaşamaq və övladının da eynilə bu əzablardan, problemlərdən keçəcəyini, onun da dünya işığına həsrət qalmasını bilmək çox ağrılıdır. Hiss etdiklərimizi sözlə ifadə etmək mümkün deyil. Amma heç zaman ruhdan düşmürük, oğlumuzun təhsil alması, seçdiyi sənətə nail olması, ailə qurması və həyatda xoşbəxt yaşaması üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq...” deyə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbində həmsöhbət olduğumuz bir ana söyləyir.

Bildirir ki, artıq övladı 8-ci sinifdə oxuyur və əlaçıdır: "Bura nə maddi-texniki bazası, nə də təhsil səviyyəsi ilə digər ümumi məktəblərdən seçilmir. Mehriban xanımın qayğısı sayəsində uşaqlarımıza bütün şərait yaradılıb. Onlar heç bir şeyin əskikliyini hiss etmir, gələcək arzularını reallaşdırmaq üçün həvəslə çalışırlar. Övladlarımızın həyata bu cür bağlı olduğunu hiss etmək isə bizim kimi valideynlərin ürəyini dağa döndərir. Bütün bunlar şəxsən Mehriban xanımın sayəsindədir. Mehriban xanıma hansı sözlərlə təşəkkür edəcəyimi bilmirəm. Bu qayğıkeş insanın gördüyü xeyirxah işlərin müqabilində bütün sözlər də, minnətdarlıqlar da acizdir...”


Körpə arzuların rəngli ifadəsi


Dəhlizlərlə irəliləyirik, elə bil tənhalıqdayıq, səs-səmir gəlmir. Bu sükutun fonunda divarları bəzəyən rəsmlərə, bəzəkli əl işlərinə tamaşa edir, al-əlvan çiçəklərin bihuşedici qoxusunu duyur, mavi göylərdə süzən quşlara qoşulub göy qurşağının altından keçirik...

Körpə arzularının rəngli ifadəsi olan rəsmlərin sehrində itirik...

Bizi bu xoş xəyallardan ayıran isə uşaqları tənəffüsə səsləyən doğma zəng səsidir. Bir anda bayaqdan səssizlikdən qulaq tutulan dəhlizləri dəcəl şagirdlərin hay-küyü bürüyür...

Oynayırlar, zarafatlaşırlar, deyib-gülürlər, uzaqdan hənirmizi alıb salam verir, yol göstərirlər...

Bunlar elmə, təhsilə, incəsənətə könül verib qəlb gözləri ilə dünyanı kəşf etməyə çalışan, görmə məhdudiyyətli şagirdlərdir...

Kimisinin çiynində molbert pilləkənlərlə qalxır, kimi qoltuğunda nağara dərsə tələsir, kimisi də əlində kitab elm dünyasına baş vurur...

Pəncərə önündə tənha dayanmış bir qıza yaxınlaşırıq. Adının Sara olduğunu deyir, həvəslə söyləyir ki, Nizami, Füzuli, Nəsiminin qəzəllərini deməyi çox xoşlayır və özü də şeir yazır. 15 yaşlı Saranın arzusu tərcüməçi olmaqdır, buna görə də yapon dilini öyrənir. Deyir ki, çətin olsa da özünə inamı yüksəkdir: "Əminəm ki, mən hər bir çətinliyə qalib gələ bilərəm”.


İnternat məktəbi əsaslı təmir edilib


1936-cı ildən fəaliyyət göstərən internat məktəbinin hazırkı binası 1961-ci ildə inşa olunub. Mehriban Əliyevanın bu məktəbə ilk gəlişindən, 28 dekabr 2004-cü ildən sonra Heydər Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində 2005-ci ilin sonunda məktəbin əsaslı təmirinə və yenidən qurulmasına başlanıb. İşlər qısa vaxtda keyfiyyətlə başa çatdırılıb, daimi istilik sistemi quraşdırılıb, yeməkxana, idman kompleksi tikilib. Uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə vaxtlarının səmərəli təşkili üçün nümunəvi şərait var. Məktəbin həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb. Uşaqlar açıq havada gəzməyi, istirahət etməyi, idman oyunları ilə məşğul olmağı çox sevirlər. Məktəb təzə avadanlıqla tam komplektləşdirilib, uşaqların müayinə, müalicəsinə kömək məqsədi ilə müasir avadanlıqla təchiz olunan tibb kabinetləri təşkil edilib.

İnternat məktəbi təmir olunandan sonra, 2007-cı il martın 15-də Mehriban xanım Əliyeva yenidən buranı ziyarətə gəlib, aparılan işlərlə tanış olub. Uşaqlarla yaxından maraqlanıb, onlarla söhbət edib, fotolar çəkdirib. Novruz bayramı münasibətilə xüsusi olaraq bəzədilmiş yeməkxanada təşkil edilmiş şənlikdə iştirak edib.


Uğurları bol məktəb


Hazırda internat məktəbində 299 şagird təhsil alır. Onlardan 133-ü tam görmə məhdudiyyətlidir. Uşaqlardan 135-i məktəbdə daimi qalır. Məktəbə gələ bilməyən bir neçə şagirdə isə evində dərs keçilir.

Bu məktəbdə təhsil ümumtəhsil proqramına əsasən keçirilir. Yəni buradakı təhsil sistemi digər orta məktəblərdəki ilə eynidir. Hətta görmə qabiliyyəti olmayan uşaqlar da eyni dərslikdə eyni tapşırıqları öyrənir. Sadəcə əlifba fərqlidir. İnternat məktəbinin digər orta məktəblərdən bir fərqi də odur ki, burada təhsil 12 illikdir.

Məktəbin məzunları arasında hazırda ölkənin ali məktəblərində, kolleclərdə təhsil alan xeyli sayda tələbə var.

Qolbol üzrə Azərbaycan milli komandasının 7 üzvü bu internat məktəbinin şagirdləridir. Milli komanda 2 dəfə Avropa çempionatında, 3 dəfə beynəlxalq yarış və turnirlərdə iştirak edib. Bir müddət öncə məktəbin şagirdi Gülnar Rəhimova İranda xizəksürmə üzrə paralimpiya oyunlarında 2 qızıl medala layiq görülüb. Məktəbin cüdo komandası da müxtəlif kuboklar qazanıb. 16 yaşlı cüdoçu Həcər Mirzəyeva isə paralimpiya oyunlarından 6 il ərzində 72 medal alıb.


Heydər Əliyev Fondu tərəfindən uşaqlara əvəzolunmaz hədiyyə


Məktəbdə Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinfə fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün Almaniyadan gətirilmiş xüsusi kompüter dəsti hədiyyə edilib. Burada həmçinin audiostudiya və kitabxana var. Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq, məktublaşmaq mümkündür. Fondun təşəbbüsü ilə məktəbin nəzdində mətbəə də yaradılıb. Burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur. Mətbəədə çap olunan dərs vəsaitləri gözdən əlil uşaqların dərsliklərə olan ehtiyacını tam təmin edir.

Kompüterdə həvəslə mətn yazan Mehman İsmiyev söyləyir ki, o, telefon üzrə proqramçı olmaq istəyir. Buna görə də çalışır ki, bu sahə üzrə biliklərini artırsın və 3 ildən sonra arzuladığı ali məktəbə qəbul olsun.

İnformatika müəllimi Zöhrə Kazımova deyir ki, görmə məhdudiyyətli uşaqlar kompüterdə xüsusi Javes For Vindovs səsli proqram vasitəsilə yazırlar: "Xüsusilə yuxarı sinif şagirdlərinin kompüteri qavrama qabiliyyətləri çox yüksəkdir. Hətta onlar özləri sayt, proqram yarada bilirlər”.


Gözlərim bir qaranlıq dünyadır...


9-cu sinif şagirdi Anar İsmayılzadənin arzusu isə kompüter mühəndisi olmaqdır. Qarmonda ifa etməyi də xoşlayan Anar sevinclə bildirdi ki, hətta ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva internata qonaq gələndə onun üçün "Yüz bir” rəqsini ifa etdim və bu, Leyla xanımın çox xoşuna gəlib...

Lamiyə Quliyeva da söyləyir ki, Leyla xanımın internata gəlişi onlarda xüsusi sevincə səbəb olub: "Həmin gün bolluca əylənmişdik, Leyla xanım üçün hazırladığımız proqramlarla çıxış etmişdik və o, öz əlləri ilə bizə hədiyyələr təqdim etmişdi”.

Uşaqların da vurğuladığı kimi, 2014-cü və 2018-ci illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti bu internat evinin qonağı olub. Leyla xanımın diqqət və qayğısını hiss edən internat evinin bütün sakinləri onu özlərinin doğması sayır. Hər biri onunla görüşlərinin xoş təəssüratlarından danışır, səbirsizliklə yenə gəlməsini gözləyirlər...

Görmə məhdudiyyətli uşaqlarla görüşmək elə Leyla xanım Əliyeva üçün də çox təsirli olub. İlk dəfə bu internat evinə ziyarətə gəldikdən sonra olduqca mütəəssir olan Leyla xanım görmə məhdudiyyətli insanlara "Kor olmuşam” adlı şeir də ithaf edib...

Kor olmuşam, gözlərim

bir qaranlıq dünyadır.

Gündüz nə, gecə nədir? -

gözüm bunu... anlamır...

İnternat evinin direktoru İradə Vəzirova məlumat verir ki, fondun təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində "Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edilir: "Bizim məktəb də həmin bayramda iştirak edir. Mehriban xanım orada uşaqlarla görüşür, onları təbrik edir, sevinc bəxş edir. Həmçinin uşaqlarımız 1 iyun Beynəlxalq Uşaqlar Günündə və digər əlamətdar bayramlarda Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirlərdə iştirak edir, rəsmlərini, əl işlərini, rəqslərini, mahnılarını nümayiş etdirirlər”.

Direktor qeyd edir ki, ötən il Leyla Əliyevanın təşəbbüsü ilə internatdakı 15 nəfər görmə məhdudiyyətli şagird yenidən müayinə olunub, lazımi tibbi əməliyyatlar həyata keçirilib. Həmin zaman əməliyyatı keçirilə bilməyən şagirdlərin ailələrinə isə 2500-3000 manat dəyərində maddi kömək göstərilib: "Valideyn himayəsindən məhrum məzunlara Heydər Əliyev Fondu tərəfindən Məzun evində mənzil verilir. Bizim şagirdlər üçün Tibb Kolleci nəzdində masaj kursları açılıb. 5-6 illik kursun sonunda oradan məzun olanlar işlə təmin olunurlar. İnternatımızda yaradılan bütün şərait və burada təhsil alan görmə məhdudiyyətli uşaqların hər bir probleminin həlli Mehriban xanımın və Leyla xanımın şəxsi diqqəti və təşəbbüsü sayəsində uğurla həyata keçirilir”.


"Mehriban xanım xeyirxah əməllərin davamçısıdır...”


Görmə məhdudiyyətli Əliveyis Ağakişiyev ibtidai sinif müəllimidir. Söhbət əsnasında söyləyir ki, bu məktəbdə şagird olduğu zamanlarda dərs vəsaiti ilə bağlı xeyli çətinlikləri olub: "Tərbiyəçimiz dərsi oxuyurdu, biz də gəlib yadımızda qalanı danışırdıq. İndi isə Heydər Əliyev Fondunun bu məktəbdə yaratdığı şərait, texniki imkanlar həm şagirdlərin, həm də müəllimlərin vəziyyətini olduqca asanlaşdırıb, istədiyimiz hər bir vəsait bizim üçün əlçatan olub”.

İnternat məktəbinin kitabxanasına da baş çəkdik. Rəflərdə Brayl əlifbası ilə çap olunan xeyli sayda yerli və xarici yazarlara aid bədii ədəbiyyat nümunələri, həmçinin Uşaq Ensiklopediyası cildləri mövcuddur. Kitabxanaçı Rövşən İgidəliyev də bu məktəbin məzunudur və Pedaqoji Universitetin Riyaziyyat fakültəsini bitirib. O, söyləyir ki, uşaqlarda mütaliəyə həvəs yaratmaq üçün müxtəlif həvəsləndirici yarışlar keçirir, onlara yaşlarına uyğun kitab seçimində kömək edir.

Rövşən müəllim deyir ki, Mehriban Əliyeva bu internat məktəbinə ilk gələndə o da şagird imiş: "Əslim rayondan olduğu üçün burada qalmalı olurdum. Şərait çox pis idi, xüsusilə də qış aylarında soyuğa dözmək mümkün deyildi. Mehriban xanımın dəstəyindən sonra məktəbdə quruculuq işləri aparıldı və internata sanki yeni həyat bəxş edildi. Mehriban xanımın da, Leyla xanımın da hər zaman qayğısı üzərimizdədir”.

İnternat məktəbində xüsusi emalatxana fəaliyyət göstərir və burada kukla düzəltmək, heykəltəraşlıqla məşğul olmaq şagirdlərin sevimli məşğuliyyətinə çevrilib.

İnternat evinin sakinləri həyətyanı sahələrində zanbaqlar əkir, kiçik sahədə düzəltdikləri istixanada pomidor, xiyar, çiyələk şitilləri əkirlər. Meyvə və tərəvəzlər yetişəndə əllərinin bəhərini dərib ləzzətlə yeyirlər...

Bəli, bu internat evində həyat öz axarında davam edir, görmə əngəlli sakinləri heç bir fərqlilik, maneə, əngəl tanımırlar... Hərəsinin öz dünyası, gerçəkləşdirmək istədikləri böyük arzuları var...

Bu isti, doğma ocağı isə onlar üçün Birinci vitse-prezident Mehriban xanım Əliyeva qurub-yaradıb...

"Bura gələndə elə bilirəm ki, öz doğma evimdəyəm. Gənc müəllimlərlə söhbət edəndə öz müəllimlərimi xatırlayıram. Amma məktəbdə yaradılan yüksək səviyyəli şərait bizim dövrümüzdə yox idi. Bu, birinci xanımın sayəsindədir. Mehriban Əliyeva Mircəlal Paşayevin, Heydər Əliyevin xeyirxah əməllərinin davamçısıdır...”

Bu sözləri isə 1-ci sinifdə oxuyan nəvəsini məktəbdən götürməyə gələn görmə məhdudiyyətli Kazım Bayramov səsləndirir...


Təbiətdə hər bir rəng ruhuma işıq saçır...


Qısa zaman kəsimində qaynayıb-qarışdığımız, doğmalaşıb mehr saldığımız gülərüz, mehriban şagirdlərlə, müəllimlərlə, valideynlərlə sağollaşmaq məqamına yetişirik...

Amma ayrılmaq istəmirik onlardan, xoş söhbətləri, həyata fərqli və maraqlı baxışları, ömürlərini daha rəngli etmə çabaları sözün əsl mənasında onlarla ünsiyyətdə olanların hər birini ovsunlayır...

Elə biz də ünsiyyətdə olduğumuz bu mənəviyyatı zəngin insanların nəzərləri, qəlb gözləri ilə həyata baxmağa çalışdıq və fərqinə vardıq ki, belə olanda dünya daha aydın, daha parlaq, daha al-əlvan görünür...

Kor olmuşam... amma ki,

Hissiyatım yaşayır,

Təbiətdə hər bir rəng,

Ruhuma işıq saçır...


Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video