Alternative content

19:37 17 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkildi
Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkildi
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:55 06.12.2019


Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilməsı təşəbbüsü ilə ekoloji aksiya keçirilib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü həm indiki, həm də gələcək nəsillərə xidmət edir. Bizim hədəfimiz 650 min ağac idi. Lakin məlumatlar daxil olduqca görürük ki, əkilən ağacların sayı 650 mindən də çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev dekabrın 6-da keçirilən mətbuat konfransında məlumat verib. Nazir müavininin sözlərinə görə, təkcə SOCAR kollektivi aksiya çərçivəsində 100 min ağac əkib: "Onlar gəmi vasitəsilə 12 min ağacı Çilov adasına göndərib və orada əkiblər. Aksiyada 200-dən çox dövlət qurumu və özəl təşkilat iştirak edib. Əkilən ağacların hamısı nazirliyin tinglik təsərrüfatlarında yetişdirilib. Ümumilikdə, aksiya zamanı 37 növ ağac əkilib. Demək olar ki, tədbirimiz yüksək əhvali-ruhiyyə ilə yekunlaşıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağacların əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb. Xəritədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın regionlarında ağacların əkiləcəyi yerlər qeyd olunub. Ağacların böyük hissəsi magistral yolların kənarlarında əkilib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bugünkü ekoloji aksiyanı hamını bir amal ətrafında birləşdirən tədbir adlandıraraq deyib: "Çox sevindirici və qürurverici haldır ki, hər kəs bu xeyirxah təşəbbüsü dəstəklədi, böyük şairin xatirəsinin əbədiləşdirilməsinə, dünyada tanıdılmasına, həmçinin ekoloji mühitimizin sağlamlaşdırılmasına və yaşıllıqların daha da artırılmasına hesablanan ideyanın həyata keçirilməsində yüksək əhvali-ruhiyyə nümayiş etdirdi. SOCAR, BP kimi böyük şirkətlər, həmçinin ictimaiyyət nümayəndələri hamılıqla bu təşəbbüsə qoşuldu. Ölkənin 80-dən artıq rayonunun fərqli məkanlarında yaşından, peşəsindən asılı olmayaraq minlərlə insanın bu genişmiqyaslı ağacəkmə kampaniyasına kütləviliklə qoşulması həqiqətən fəxr ediləsidir. Deyərdim ki, bu təşəbbüsdə Sabirabad, Şamaxı, İsmayıllı rayonları işlərin daha yaxşı təşkili, daha çox ağac əkilməsi, damcılı suvarma sistemləri quraşdırılması ilə xüsusilə fərqləndi”.
Ən kütləvi ağacəkmə aksiyalarından biri Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində keçirilib. Buradakı aksiyada ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparat rəhbəri Vüqar Kərimov bildirib ki, Müşfiqabadda avtomobil yolu kənarında yerləşən 5 hektar ərazidə 5 mindən çox ağac əkilib.
Ekoloji aksiyada iştirak edən Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov dekabrın 6-nı Azərbaycanın ekologiya tarixində xüsusi gün adlandırıb. Əli Əhmədov deyib: "Azərbaycanın bir çox kənd və qəsəbələrində insanlar böyük coşqu ilə yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük təsir göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Azərbaycan müasirləşir, kəndlərimiz, qəsəbələrimiz gözəlləşir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir. Yeni Azərbaycan Partiyası kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir. Partiyanın çoxsaylı üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər”.
Ekoloji aksiyada iştirak edən Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bunu olduqca önəmli təşəbbüs, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına böyük töhfə adlandırıb. İnsanların bu təşəbbüsə kütləvi şəkildə qoşulmasını vətəndaş birliyinə, dövlətə, xalqa, onun maraqlarına olan münasibət kimi dəyərləndirən Bahar Muradova deyib: "Hesab edirəm ki, bu əsasda yaranan münasibətlər, bu əsasda formalaşan sabitlik, vətəndaş birliyi Azərbaycan dövlətinin maraqlarına çox vacib bir töhfədir və özlüyündə bu, həm də Yeni Azərbaycan Partiyasının bir dəstəyidir. YAP yarandığı vaxtdan bu günə kimi hər zaman belə aksiyaların təşəbbüskarı və iştirakçısı kimi çıxış edib. Bu gün də hamımız bir yerdəyik, çox gözəl əhvali-ruhiyyəmiz var. Ölkəmizə, xalqımıza "Uğurlu olsun!” deyirik”.
Müşfiqabadda Azərbaycan vətəndaşları ilə yanaşı, Bakıda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər. Diplomatlar AZƏRTAC-a müsahibələrində bu gün keçirilən ekolojı aksiyanı yüksək qiymətləndiriblər.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü təbiətin yaşıllaşdırılması, ekologiyanın təmizlənməsi baxımından çox mühüm və vacib addımdır. Biz də bu təşəbbüsə məmnuniyyətlə qoşulmuşuq. Dünya ekoloji böhran yaşayır. Bunu aradan qaldırmaq üçün planetimizi yaşıllaşdırmalıyıq. Bu təşəbbüs sayəsində dahi Azərbaycan şairi İmadəddin Nəsimi və onun yaradıcılığı ilə tanış oldum. İnanıram ki, gələcək nəsillərə ekoloji təmiz, yaşıllıqlarla zəngin təbiət vermək üçün bu təşəbbüs mühüm rol oynayacaq.
BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti: Bir gündə 650 min ağac əkilməsi çox mühüm təşəbbüsdür. Nə qədər çox ağac əkilərsə, o qədər də çox oksigen olar. Biz bu cür təşəbbüsü çox müsbət qarşılayır və dəstəkləyirik. Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir.
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna: Belə bir əhəmiyyətli aksiyada iştirak etməkdən çox məmnunam. Düşünürəm ki, bu təşəbbüs, həmçinin Azərbaycana xas olan dəyərlərin ölkədən kənarda yayılması üçün də əhəmiyyətlidir. Bu, təkcə Azərbaycan üçün deyil, həm də bütün planetimiz üçün çox vacib təşəbbüsdür, çünki biz hamımız bir planetdə yaşayırıq. Burada və ya dünyanın hər hansı bir yerində ağac əkməklə təkcə olduğumuz yerin deyil, həm də dünyanın ekoloji sisteminə töhfə vermiş oluruq.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari: Bir gündə 650 min ağacın əkilməsi yaşıllıqların artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının intensiv udulmasına müsbət təsir göstərəcək. Ekoloji balansın pozulması dünyanı narahat edən bir məsələdir. Bu problemin aradan qaldırılması üçün hər bir insan öz qüvvəsini sərf etməlidir. Odur ki, ekoloji problemlərin həlli istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsü təqdirəlayiqdir.
Azərbaycan cəmiyyətinin tanınmış simaları da bu aksiyaya ilə bağlı fikirlərini AZƏRTAC-la bölüşüblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Birinci vitse-prezident Mehriban Əliyevanın bu təşəbbüsü ətraf mühitin qorunması, yaşıllıq zonalarının salınması baxımından çox mühüm bir addımdır. İnsanlar müasir dövrdə təbiəti qorumaq üçün böyük səy göstərməlidirlər. Hər bir kəs ən azı bir ağac əkməlidir. Əgər belə etsək, rayonlarımız yaşıllaşar, ətraf mühit sağlamlaşar.
Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva: Bu tədbir Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bildiyiniz kimi, bu günlərdə Madriddə İqlim dəyişmələri ilə bağlı konfrans keçirilib. Bütün ölkələrin iqlimə mənfi təsir göstərəcək səbəbləri azaltmaq öhdəlikləri var. Yaşıllıqların karbon qazını udduqlarını nəzərə alsaq, belə ağacəkmə kampaniyaları olduqca vacibdir. 650 min ağacın əkilməsi istilik effekti yaradan qazların azaldılmasına Azərbaycanın bir töhfəsidir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov: Respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çox faydalı və xeyirxah bir işdir. Təbiətə, ana torpağa məhəbbəti olan hər kəs gərək bu kampaniyadan kənarda qalmasın. Bu, ekologiyanın, ətraf mühitin qorunmasına və sağlamlaşmasına yönələn olduqca vacib bir məsələdir. Hər bir ağacın ətrafa nə qədər oksigen verdiyini, nə qədər toz-torpağın, nə qədər səs-küyün qarşısını aldığını nəzərə alsaq, bu faydalı təşəbbüsün necə böyük əhəmiyyət daşıdığını təsəvvür etmək elə də çətin deyil.
Xalq artisti Tünzalə Ağayeva: Bugünkü xoş gün - xalqımızın böyük şairinin adı ilə bağlı olan yaşıllaşdırma aksiyası, hamının elliklə bu nəcib və xeyirxah təşəbbüsə qoşulması, ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşmasına yönələn tədbirdir. İlk dəfə əlimə bel götürüb ağac əkməyim yaddaşımda həmişəlik iz buraxacaq və illər keçəndən sonra da ən unudulmaz günlərdən biri kimi zaman-zaman xatırlanacaq.

***

Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında AZƏRTAC-ın kollektivi də iştirak edib.
Ağacəkmə aksiyası Azərbaycanın bütün regionlarında, paytaxt Bakının bütün rayonlarında yüksək əhvali-ruhiyyə ilə keçirilib. Aksiyalara on minlərlə insan qatılıb.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ağacəkmə aksiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirərək deyib: "Azərbaycanda ekologiya elminin banisi, akademik Həsən Əliyevin doğum günündə, yəni, dekabrın 15-də böyük ağacəkmə aksiyasının keçirilməsi nəzərdə tutulur. Həmçinin baramaçılığın inkişafı ilə bağlı bu yaxınlarda əhaliyə 700 min tut tingi paylanılacaq və əkiləcək”.
Nazir müavini aksiyaya göstərdiyi informasiya dəstəyinə görə AZƏRTAC-a minnətdarlıq edib. O, AZƏRTAC-ın ağacəkmə aksiyası ilə bağlı xəbərləri yeddi dildə bütün dünyaya yaydığını vurğulayıb.

***
AZƏRTAC xəbər verir ki, ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Əmircan-Qaraçuxur yolunun ətrafında və digər yerlərdə kütləvi ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, təhsil, səhiyyə, sənaye, mədəniyyət müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak ediblər. 4300 nəfərin iştirak etdiyi kütləvi ağacəkmə aksiyasında minlərlə şam və meyvə ağacları əkilib.

***

Dekabrın 6-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı yolunda yerləşən Pirəkəşkül ərazisində keçirdiyi kampaniyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları da yaxından iştirak ediblər.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən kampaniyaya komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, ictimai fəal qadınlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qoşulublar. Kampaniya çərçivəsində meşə və qeyri- meşə fondu ərazilərində iqlimə və relyef şəraitinə uyğun müxtəlif növ ağaclar əkilib.

***

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Nərimanov rayonu da böyük fəallıqla qoşulub, yüksək bayram əhvali-ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Nərimanov rayonunda həyata keçirilən silsilə tədbirlərdən biri kimi, rayonun müxtəlif yerlərində yerləşən parklarda, bağlarda, o cümlədən A.M.Cümə küçəsində, 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası böyük bayram coşqusu ilə keçirilib.
Nərimanov rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin, sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 800 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kampaniyasında 2500-dək müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib, minlərlə ağaclar budanıb, dibləri yumşaldılıb. Qeyd olunan yaşıllıq zolağı ərazisində səhnə quraşdırılıb, incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilib, şairin həyat və yaradıcılığından bəhs edən səhnələr ifa olunub.

***
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan edilməsi barədə sərəncamlarına uyğun olaraq, ölkəmizin digər şəhər və rayonlarında olduğu kimi, Şirvan şəhərində də sislsilə tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Şirvan şəhərində böyük rəğbətlə qarşılanmışdır.
Dünən Şirvan şəhərində də bu məqsədlə ağacəkmə və yaşıllaşdırma aksiyası keçirildi. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri düzüb dərin ehtiramlarını bildirmişlər. Sonra Heydər Əliyev Meydanında məktəblilərin ifasında fləş-mob nümayiş etdirilmişdir.
Ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilən yerdə gənc idmançılar və rəqs qrupları öz nümunəvi çıxışları ilə tədbirə əlavə rəng qatdılar. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan şirvanlıları təbrik edərək onlara uğurlar arzu etdi. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu ekoloji aksiyanı sağlam gələcək naminə atılan növbəti uğurlu addım kimi dəyərləndirdi.
Aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şura üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərin idarə, müəssisə və təşkilatlarından, səhiyyə və təhsil ocaqlarından ümumilikdə min nəfərdən atrıq könüllü iştirak etdi. Bu aksiyada böyük ruh yüksəkliyi ilə iştirak edən şirvanlılar 3000-dən artıq həmişəyaşıl şam və küknar ağacları əkdilər.
Tədbirdə iştirak edən şirvanlılar bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirdilər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM