06 Dekabr 2019 04:21
416
CƏMİYYƏT
A- A+

Vacib seçki sənədi


Seçici siyahıları ilə iş seçki prosesinin mühüm mərhələsidir


Vətəndaşların seçki hüquqlarının təmin olunması üçün seçici siyahıları vacib əhəmiyyət kəsb edən əsas sənədlərdəndir. Məlumdur ki, istər Azərbaycan Respublikasının Konstitusiyası, istərsə də seçki qanunvericiliyi ilə aktiv və passiv seçki hüququ subyektlərinə münasibətdə geniş hüquqlar nəzərdə tutulur. Bu hüquqların reallaşdırılmasının ən ilkin mərhələsi məhz seçici siyahılarının tərtib olunması mərhələsidir. Seçki Məcəlləsində seçici siyahılarının tərtibi və həmin siyahılar üzərində müvafiq işlərin aparılması ilə əlaqədar geniş normaların təsbit edilməsi seçicilərin seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsində bir bünövrə rolunu oynayır desək, yanılmarıq.

Beləliklə, biz bir daha seçici siyahılarının nə qədər vacib olduğunun fərqinə varırıq.

Seçici siyahıları müvafiq seçki dairəsinin seçki məntəqəsi ərazisində yaşayan və aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının siyahılarıdır. Seçki komissiyaları tərəfindən seçici siyahılarının tərtib edilməsi, dəqiqiləşdirilməsi və ictimailəşdirilməsi Azərbaycan Respublikası Seçki Məcəlləsinin 45 və 48-ci maddələri, həmçinin Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi "Seçki komissiyalarının seçici siyahıları ilə iş qaydaları haqqında” Təlimatla tənzimlənir. Seçici siyahıları rəsmi seçki sənədlərindən biri sayılır, daimi və müvəqqəti seçici siyahıları formasında tərtib olunur.

Seçki Məcəlləsində seçici siyahılarına məlumatların daxil edilməsi ilə əlaqədar mənbələr çox dəqiqliklə müəyyən edilib. Məhz bunun sayəsində ölkəmizdə keçirilən seçkilərdə istər beynəlxalq, istərsə də yerli müşahidəçilər və mütəxəssislər tərəfindən seçici siyahıları ilə bağlı çox müsbət rəylər bildirilir.

Seçki Məcəlləsinin 46-cı maddəsində göstərilir ki, daimi seçici siyahısına müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları başçılarının, hərbi hissələrin komandirlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Seçicilərin daimi siyahısı seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Göründüyü kimi, qanunda seçici siyahılarının tək tərtibindən söhbət getmir, həmçinin dəqiqləşmənin aparılması da müəyyən olunur. Məhz qanunun verdiyi bu imkan sayəsində seçki komissiyaları tərəfindən müəyyən olunmuş müddətdə belə dəqiqləşmələrin aparılması seçicinin seçiçi siyahısından kənarda qalması halını minimuma endirir.

Seçki qanunvericiliyi səsvermə günü bu və ya digər səbəblərdən daimi seçici siyahıları üzrə səsvermə imkanı olmayan seçicilərə münasibətdə onların öz hüquqlarını reallaşdırmaları üçün də imkanlar yaradır. Bu halda seçicilər müvəqqəti seçici siyahıları vasitəsilə səsvermə hüquqlarından istifadə edirlər. Müvəqqəti seçici siyahısına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndəliklərin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin aktiv seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Vahid seçicilər siyahısı seçki məntəqələri, seçki dairələri və bütövlükdə Azərbaycan Respublikası üzrə Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır. Müvəqqəti seçici siyahıları vahid seçicilər siyahısına əlavə edilir.

Hər bir vətəndaşın sorğusuna əsasən müvafiq seçki komissiyası onun seçicilər siyahısına daxil olub-olmaması haqqında məlumat verməlidir.

Səsvermə gününə 25 gün qalmışdan səsvermə gününədək seçici siyahısına seçici Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən əlavə edilə bilər. Səsvermə günü qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin vəsiqələri seçicilər siyahısına əlavə edilir. Səsvermə günü seçicilər siyahısına heç bir əlavə və dəyişiklik edilə bilməz. Seçici siyahıları mətbuatda dərc edilə bilməz. Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada seçici siyahıları Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilir.

Seçici siyahıları 2 nüsxədə tərtib edilir. Seçici siyahısına daxil edilmiş seçicilər haqqında məlumatlar siyahıda əlifba qaydasında və ya yaşayış məntəqələri, küçələr, evlər, mənzillər üzrə yerləşdirilir. Siyahılarda seçicinin soyadı, adı, atasının adı, doğulduğu il (18 yaşı tamam olmuşlar üçün ay və gün), daimi yaşadığı yerin ünvanı və seçki məntəqəsinin nömrəsi göstərilir. Seçki məntəqəsi üzrə tərtib olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi isə hər il fevralın 5-dən gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasına verilir. Seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır və komissiyanın möhürü ilə təsdiq edilir.

Seçki dairəsi üzrə tərtib olunmuş ilkin seçici siyahıları hər il martın 5-dən gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır, komissiyanın möhürü ilə təsdiqlənir və aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki Komissiyası seçici siyahılarında uyğunsuzluqlar aşkar etdikdə, onlara düzəlişlər olunur və sonradan mayın 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilir.

Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin siyahıları hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 20 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.

Hərbi hissədə seçki məntəqəsi yaradılmayıbsa, hərbi hissənin komandiri, istintaq təcridxanalarının rəhbərləri və müvafiq cəzaçəkmə müəssisələrinin rəhbərləri Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada seçicilər haqqında məlumatları toplayıb dəqiqləşdirir və səsvermə gününə azı 35 gün qalmış müvafiq məntəqə seçki komissiyalarına təqdim edirlər. İstintaq zamanı barələrində həbs qəti imkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.

Xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində səsvermə günü üzən gəmilərdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahıları seçicinin müvəqqəti olduğu müəssisənin rəhbərinin, gəmi kapitanının seçicilər haqqında təqdim etdiyi və məntəqə seçki komissiyasında yoxlanılmış məlumatlar əsasında məntəqə seçki komissiyası tərəfindən səsvermə gününə azı 5 gün qalmış təsdiq edilir.

Yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahıları məntəqə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumu başçılarının seçicilər haqqında verdikləri məlumatlar əsasında səsvermə gününə ən azı 25 gün qalmış, müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra dəqiqləşdirilir.

Vətəndaşların daimi seçici siyahılarına daxil edilməsinin və çıxarılmasının əsasları ilə bağlı qeyd etmək lazımdır ki, aktiv seçki hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları seçici siyahılarına qeydiyyatda olduğu yer üzrə və ya müvafiq seçki məntəqəsi ərazisində seçkilərin elan olunması günündən əvvəlki 12 ayın 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması faktı əsasında daxil edilir. Seçici yalnız bir seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilə bilər. Seçki komissiyası seçicinin birdən çox məntəqədə seçici siyahısına daxil edilməsini aşkar etdikdə, bunun səbəblərini araşdırıb seçicinin bir siyahıda saxlanmasını təmin etməlidir. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət doğurur.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, vətəndaşların seçici siyahılarından çıxarılması üçün əsas kimi vətəndaşın daimi yaşayış yerini dəyişməsi və vətəndaşın müvəqqəti olduğu yer üzrə seçici siyahılarına daxil olunması göstərilməlidir. Sadalanan əsaslar istisna olmaqla vətəndaşların adlarının qeydiyyatda olduqları yer üzrə seçici siyahılarından çıxarılması yolverilməzdir. Vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir, eyni zamanda seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilir. Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq edilir. Seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşmış və hər hansı səbəbdən siyahıya daxil edilməmiş seçici adının seçicilər siyahısına daxil edilməsi barədə məntəqə seçki komissiyasına müraciət edə bilər. Bu müraciət ərizə ilə rəsmiləşdirilir, 3 gün müddətində komissiyanın iclasında baxılır və onun təmin edilib-edilməməsi barədə qərar qəbul olunur. Müraciət təmin edildikdə seçicinin adı seçicilər siyahısına daxil edilir.

Səsvermə günü adının siyahıya düşmədiyini müəyyən edən seçici müvafiq məntəqə seçki komissiyasına müraciət edə bilər. Müraciətdə göstərilən əsaslar qanuni olduqda vətəndaşın adının seçicilər siyahısına daxil edilməsi barədə qərar qəbul olunur və səsvermə günü şəxsin səsvermədə iştirakı təmin olunur. Bu barədə isə müvafiq dairə seçki komissiyasına məlumat verilir. Şəxsin adının seçicilər siyahısına daxil edilməsi üçün qanuni əsaslar olmadığı müəyyən edildikdə, vətəndaşın müraciəti təmin olunmur və ona yuxarı seçki komissiyasına şikayət vermək hüququ izah edilir.

Hərəkət edə bilməyən Azərbaycan Respublikası vətəndaşları yaxın qohumlarının və ya onlarla əlaqəsi olan digər şəxslərin məlumatları əsasında seçici siyahılarına daxil edilə bilərlər. Bu halda hərəkət edə bilməyən vətəndaşın şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edilməlidir.

Xarici dövlətlərdə olan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki məntəqəsinə gəldikdə xarici pasport və ya onu əvəz edən sənəd əsasında seçici siyahılarına daxil edilirlər.

Seçicilərin seçici siyahıları ilə tanış edilməsi qaydaları Mərkəzi Seçki Komissiyasının müvafiq Təlimatında öz əksini tapıb. Belə ki, məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını, seçicilərə bu barədə məlumat verməklə, səsvermə gününə azı 35 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir.

Seçicilər haqqında məlumatları təqdim edən icra orqanlarının rəhbərləri məlumatların düzgünlüyünə, tamlığına və vaxtında verilməsinə görə qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.

Seçki prosesinin mühüm mərhələsi kimi seçici siyahıları ilə işin aparılması zamanı Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən (DAİS) istifadə olunur. DAİS-dən istifadə qaydaları Seçki Məcəlləsinin 110-cu maddəsi və Mərkəzi Seçki Komissiyasının "Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi qaydaları haqqında” Təlimatla tənzimlənir.

Azərbaycan Respublikası üzrə seçicilərin vahid siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən DAİS-dən geniş istifadə edilməklə tərtib olunaraq çap edilir. Seçkilər Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantının çoxsaylı imkanları bu işi yüksək keyfiyyətlə, tez bir zamanda görməyə imkan verir. Burada məlumatlar avtomatlaşdırılmış qaydada yoxlanılır, daxiledilmə anında təkrarçılığın qarşısı alınır, məlumatlar operativ və təhlükəsiz toplanır. DAİS-in seçici siyahılarının əhali reyestrinin məlumatları ilə "üzləşdirilməsi”, məlumatlarda olan subyektiv səhvlərin avtomatlaşdırılmış qaydada yoxlanılması imkanları da vardır.

DAİS-dən istifadə etməklə Azərbaycan Respublikası üzrə seçici siyahıları Mərkəzi Seçki Komissiyası tərəfindən maksimum yüksək dəqiqliklə tərtib edilir, bu iş Seçki Məcəlləsi və müvafiq Təlimatın tələblərinə uyğun olaraq daimi aparılır.

Seçki qanunvericiliyində seçici siyahıları ilə bağlı mühüm normaların təsbit olunması və seçici siyahıları ilə innovativ iş prinsipinin təmin edilməsi seçki hüququ olan vətəndaşlarımızın öz iradələrini azad, sərbəst və şəffaf qaydada ifadə etmələrinə təminat verir.

Qabil ORUCOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video