Alternative content

14:45 25 Yanvar 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “...Unutma bizləri yad et”
“...Unutma bizləri yad et”
ANA SƏHİFƏ / Mədəniyyət
04:11 06.12.2019


Qısa ömürlü böyük romantik... Həyatın iztirablarında qəhr olmuş şair... Ədəbiyyat aləmində onu Məhəmməd Hadi kimi tanıdılar. Əsl adı Ağaməhəmmədiydi. Dünyaya 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində göz açdı. Şamaxının sayılıb-seçilən tacirlərindən birinin - Hacı Əbdussəlimin oğluydu. Əvvəlcə məhəllə mədrəsəsində Molla Abbasdan dərs aldı, sonra təhsilini Abbas Səhhətin atası Hacı Əlabbasın məktəbində davam etdirdi...

Həyat yoluna qəm, qüssə qoşulanda o, hələ uşaq idi. Atası vəfat edəndə Ağaməhəmmədin doqquz yaşı vardı. Körpə bacıları Sahibə və Əsma ilə birlikdə anasına sığınacaqdı. Ancaq o da övladlarını taleyin ümidinə qoydu. Anaları İsmayıllının Sulut kəndindən olan varlı bir adama ərə gedəndən sonra üç uşağa nənələri Teyyibə xanım həyan oldu. Dindar, xeyirxah, cəfakeş, qayğıkeş nənə nəvələrinin yolunda hər əziyyətə razı idi. Ümid edirdi ki, yeganə oğlan nəvəsi Ağaməhəmməd oxuyub ruhani olacaq.

Üç uşaq valideyn sevgisini nənələrində tapmışdı. Amma 1894-cü ildə Teyyibə xanımın ölümü onları bu səadətdən də məhrum etdi. On beş yaşlı, azad ruhlu Ağaməhəmməd qohumu Mustafa Lütfinin himayəsində yaşamaq məcburiyyətində qaldı. Mustafa Lütfidən ərəb və fars dillərini öyrəndi. Mükəmməl təhsil almaq arzusu istedadlı, mütaliə sevdalı yeniyetmənin qəlbini çuğlamışdı. Kasıblıq, yetimlik qarşısını kəsdi. Varlı qohumlarının da heç biri bu zəkalı yeniyetməyə kömək əli uzatmadı.

Ard-arda gələn dərdlər, yaşından böyük qayğılar onu sarsıdırdı. Dalğın, kədərli düşüncələr ruhunu sarır, ümidlərini tükəndirirdi. Yaralı könlünə ilk məhəbbəti də məlhəm olmadı. Sevgilisini yetim oğlana yox, varlı bir tacirə ərə verdilər. Bu hicran qəlbini elə yandırıb qovurdu ki, ora bir daha sevgi yol tapa bilmədi. Hadi ömrünün sonunadək evlənmədi. Deyəsən, şair ruhu da məhəbbətdən həmişəlik küsdü. Ona görə sevgiyə, gözəllərə əsərlərində yer vermədi. Bəşəri məsələlər, ictimai-siyasi problemlər, vətən dərdi, xalqın taleyindən nigaranlıq onun yaradıcılığının başlıca istiqamətləri oldu. Gözündə qalan arzularını isə beləcə qəlbinin fəryadı kimi qələmə aldı:

Oxumaqçün nə qədər dadu-fəğan etdim isə,

Olmadı zərrə əsərbəxş şu istimdadım.

Dağa dersəm eşidir, sonra verir əks-səda,

Daşa dönmüşlərə əks eyləmədi fəryadım.

Maddi sıxıntılar içərisində çırpınan Hadi əmisi oğlu ilə şərikli baqqal dükanı açaraq xırda alış-verişə başladı. Bacarmadığı işə girişmişdi. Çox keçmədi ki, böyük zərərlə bu işdən ayrıldı.

1902-ci ildə Şamaxıda baş verən zəlzələ çoxu kimi onu da evindən, yurdundan uzaq saldı. Kürdəmirə getdi. Orada müəllim işlədi. Maddi vəziyyəti nisbətən yaxşılaşdı. Yenə böyük həvəslə mütaliə ilə məşğul olur, oxumaq üçün Bakıdan "Həyat”, Kəlküttədən "Həblül-mətin”, İstanbuldan "Sabah”, Bağçasaraydan "Tərcüman” qəzetlərini gətirdirdi. Sonralar da Quranı əzbərdən bilən, oxuya-oxuya mənasını söyləyən, tərcümə edən, Firdovsi, Nizami, Xəyyam, Hafiz, Sədi və başqa dahi şairlərin bir sıra şeirlərini dilimizə çevirən, Avropa alimlərinin, şairlərinin yaradıcılığına bələd olan Məhəmməd Hadi biliyi, geniş məlumatı ilə tanıyanları heyran qoyurdu.

1905-ci ilin ortalarından şeirləri mətbuatda dərc olunmağa, gənc şair kimi rəğbət qazanmağa başladı. Həmin il Həştərxanda "Bürhani-tərəqqi” qəzetini nəşr etdirən Mustafa Lütfi onu yanına çağırdı. Müəllimlik işi ilə vidalaşan Hadi Həştərxana getdi və "Bürhani-tərəqqi”nin səhifələrində onun da imzası göründü.

Bakıya 1906-cı ildə Əli bəy Hüseynzadənin dəvəti ilə gəldi. "Füyuzat” jurnalının redaksiyasında çalışdı. "Füyuzat” bağlandıqdan sonra o, "İrşad”, "Tazə həyat” və "İttifaq” qəzetlərində işlədi. Mətbuatda Məhəmməd Hadinin elmə, təhsilə səsləyən şeirləri, intibah məsələlərindən bəhs edən məqalələri dərc olundu.

1908-ci ildə milyonçu Hacı Zeynalabidin Tağıyevin dəstəyilə Məhəmməd Hadinin "Firdövsi-ilhamat” adlı ilk şeirlər kitabı çapdan çıxdı.

1910-cu ilin yazında İstanbula yollandı. Orada fəaliyyət göstərən "Tənin” qəzetinin redaksiyasında Şərq dilləri mütərcimi işlədi. "Rübab”, "Sərvəti-fünun”, "Sabah” qəzetlərində fəal çıxış etdi. 1913-cü ildə Türkiyənin hərbi naziri Mahmud Şövkət paşanın qətlə yetirilməsi ilə həbslər, sürgünlər artdı. Hadi də Rusiyadan göndərilmiş təxribatçı adı ilə o zamanlar Osmanlı imperiyasının ucqarları sayılan Salonikiyə sürgün edildi. Salonikidə məşəqqətlər çəkir, günlərlə ac qalırdı. Bazarlıq etmiş yerli qadınların ağır zənbillərini evlərinə daşıyan şair qazandığı pulla ölüm-zülüm dolanırdı.

Balkan müharibələri (1912-1913) nəticəsində Saloniki şəhəri Yunanıstanın nəzarətinə keçdi. Bu dəfə də Hadinin nəzakətli rəftarı, incə və ağ əlləri yunan polislərini şübhəyə saldı. Onu Türkiyənin casusu saydılar və limandan yola düşən ilk gəmiyə mindirib Yunanıstandan çıxardılar. Gəmidə də bəla şairdən yan keçmədi. Hadini dənizə atmaq istədilər. Onu ölümün pəncəsindən bir yunan keşişi aldı. Çətinliklə İstanbula, oradan Batuma yetişdi. 1914-cü ilin fevralında Bakıya gəldi. Mübtəla olduğu içki düşkünlüyündən, ruhi sarsıntılardan xilas olmaq üçün xəstəxanaya düşdü. Müalicə olunub xəstəxanadan çıxdığı vaxt Birinci Dünya müharibəsi başladı. Məhəmməd Hadi cənub-qərb cəbhəsinə könüllü xidmətə yollandı. 1915-ci ildə Qafqaz ordusunun feldşeri kimi Avstriya cəbhəsinə, Karpata getdi. Müsəlman əsgərləri arasında alay mollası vəzifəsində çalışdı. Müharibədə şahidi olduğu dəhşət hadisələr onu heyrətə salırdı. Qələmdən əl çəkməyən Hadi şeirlərini "Meydani-hərb xatirələrindən” başlığı ilə Bakıya göndərirdi.

1917-ci ildə ruhani vəzifəsini yerinə yetirdiyi ordu ilə cəbhədən Sankt-Peterburqa getdi. 1918-ci ildə Gəncəyə gəldi. Bir müddət orada qaldıqdan sonra Bakıya döndü. Yenə mənəvi rahatlıq tapa bilmədi. Müharibə xatirələrinin bədbin əhvali-ruhiyyəsi onu tərk etmirdi. Vətəninin tərəqqi etməməsi, soydaşları arasında oxuyub-yazmağı, haqq və hüququnu bilənlərin az olması Məhəmməd Hadini kədərləndirirdi. Bir tərəfdən də maddi sıxıntılar içərisində çırpınırdı. Mətbuatda çıxan şeirlərinin qonorarı ilə dolanması mümkünsüz idi. Şair öz əsərlərini satırdı...

Dostu, görkəmli ədib Abdulla Şaiq Məhəmməd Hadinin o ağır, böhranlı günlərindən birini xatirələrində belə canlandırırdı: "Bir gün küçədə sərxoş halda mənə təsadüf etdi. "Hərarətli şeirlərim” sərlövhəli mənzuməsini mənə uzadaraq: "Al, beş manat ver!” dedi. Mən cibimdə olan on manatımın hamısını ona verdim. O, diqqətlə üzümə baxdıqda məni tanıdı və pulu ovcuma qoyub məni qucaqladı. Çox mütəəssir idi. "Şaiqciyim, bağışla, tanımadım” dedi. Nə qədər israr etdim, pulu almadı”.

Rusiya imperiyasının süqutu, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması şairin ürəyindən xəbər verdi. Müstəqil Azərbaycan dövlətinə şeirlər həsr edir, cümhuriyyət hökumətinin rəsmi orqanında - "Azərbaycan” qəzetində yazıları dərc olunurdu. 1918-1919-cu illərdə "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması kiçik kitablar halında Bakıda çapdan çıxdı.

...Son günləri Gəncədə keçdi. Şairin sonu da müəmmalı oldu. Abdulla Şaiq xatirələrində yazırdı: "Hadi təxminən 1919-cu ilin axırları, 20-ci illərin əvvəllərində Gəncədə birdən-birə qeyb oldu. Şairin "yox olmasını” o zaman ancaq dostları, qələm yoldaşları hiss edə bildi, onu çox axtardılar, gördüm deyən olmadı”.

Şairin 1920-ci il, Gəncə qiyamından bir neçə gün sonra kiçik bir xəstəxanada yatdığını, orada dünyadan köçdüyünü, "Səbzkar qəbiristanlığı”nda dəfn edildiyini söyləyənlər oldu. Uzun illər harada dəfn edildiyi bilinmədi. Şairin məzarı 1966-cı ilin aprel ayının sonlarında aşkar edildi. Həmin ilin yayında nəşinin qalıqları Gəncə çayının sağ sahilindəki bağa köçürüldü, məzarı üzərində büstü ucaldıldı...

Bu dünyada ömür payının bütün səhifələrinə kədər qarışmış şair Məhəmməd Hadi Əbdülsəlimzadənin 140 illiyidir. Şair sanki uzun illərin o üzündən məzhun-məzhun deyir:

Ey ol vəqti görən məsud, unutma bizləri yad et!

Ey yoldu həsrət ilə can verən əhvalı tedad et!

Məzarım üsdə gəl dur, qəmli-qəmli ağla, fəryad et!

Oxu bu şeiri qəbrimdə ələt təkrar evrad et:

Dur, ey zindani nisyanda yatan, azad olub aləm!

Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM