04 Dekabr 2019 18:22
496
SİYASƏT
A- A+

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatı


Dekabrın 4-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmamasına dair sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

İclasda sorğuverən tərəfin nümayəndəsi qismində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavabverən tərəfin nümayəndələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak ediblər.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarını elan edib.

Qərarın nəticəvi hissəsinə görə, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə uyğun hesab olunub.

"Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinə uyğun hesab edilib.

Qərarda, həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Respublikası Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün V çağırış Azərbaycan Respublikası Milli Məclisinin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Qəbul edilmiş qərar elan edildiyi andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Bununla da Konstitusiya Məhkəməsi Plenumunun iclası bağlı elan edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video