04 Dekabr 2019 02:12
640
İQTİSADİYYAT
A- A+

TANAP Avropaya birləşdi


Azərbaycanın qlobal enerji təşəbbüsü hədəflərinə uğurla çatmaqdadır


Azərbaycanın təşəbbüsü ilə reallaşan "Cənub qaz dəhlizi”nin ən uzun seqmenti olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) nəhayət Trans-Adriatik kəmərinə - TAP-a birləşdi.

Bununla da Xəzər dənizindən çıxarılan təbii qazın Avropa bazarlarına çıxarılması istiqamətində qarşıda duran əsas məsələlərdən biri də tarixə çevrildi. Artıq Azərbaycanın təbii qazı Avropanın bir addımlığındadır və gələn il TAP-ın başa çatdırılması isə 2012-ci ildən başlanan bu təşəbbüs öz məqsədinə tam çatacaq.


Tarixi gün


Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi ilk növbədə onu təsdiq etdi ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin başlatdığı və bu gün İlham Əliyevin layiqincə davam etdirdiyi Azərbaycanın enerji siyasəti perspektiv hədəflərinə doğru layiqincə irəliləyir. Eyni zamanda bütün dünya bir daha gördü ki, bir vaxtlar Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini işə salmağa müvəffəq olan respublikamız artıq daha qlobal təşəbbüsləri də uğurla başa çatdırmağa qadirdir.

Beləliklə, noyabrın 30-da respublikamızın enerji siyasəti tarixinin növbəti parlaq səhifəsi yazıldı. Prezident İlham Əliyev TANAP-ın Avropaya birləşdirildiyi günü tarixi gün adlandıraraq deyib: "Bu gün tarixi gündür. Bu gün dörd il bundan əvvəl birlikdə təməlini qoyduğumuz TANAP Avropa sərhədinə çatdı. Bu münasibətlə hamımızı ürəkdən təbrik edirəm. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq, TANAP Türkiyə və Azərbaycan xalqlarına, digər qonşu xalqlara fayda və tərəqqi verəcəkdir”.


Əfsanədən reallığa


Bu gün dünya siyasətinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Təsadüfi deyil ki, son vaxtlar keçirilən bütün siyasi və iqtisadi məzmunlu konfransların gündəliyində də yer tutan başlıca məsələlərdən biri dövlətlərin enerji təhlükəsizliyidir. Xüsusən Avropa ölkələri özlərinin enerji təhlükəsizliyini təkmilləşdirməyə və gücləndirməyə ehtiyac duyurlar. Buna görə də hazırda genişmiqyaslı infrastruktur və enerji layihəsi olan "Cənub qaz dəhlizi”nin Avropanın enerji təminatında əsas mənbələrdən biri olacağına əmindirlər.

Xatırladaq ki, "Cənub qaz dəhlizi”nin mürəkkəb infrastruktur olacağı ilk gündən məlum idi. Bəlkə də, bəzilərinə hələ 2012-ci ildə "Cənub qaz dəhlizi”nin ərsəyə gəlməsi xəyal kimi görünə bilərdi. Necə ki, "Əsrin müqaviləsi” imzalananda çoxları onun gələcəyinə, sənəddə qarşıya qoyulan niyyətlərin gerçəkləşməsinə inana bilmirdilər. Amma Azərbaycan dövləti bu layihəni də əfsanədən reallığa çevirdi.

Kəmərin təməli 2014-cü il sentyabrın 20-də qoyuldu. Tarix təsadüfi seçilməmişdi. Həmin gün "Əsrin müqaviləsi”nin imzalanmasıın 20-ci ili tamam olurdu. Bu mənada layihənin təməlinin həmin gün qoyulması həm də Azərbaycanın öz enerji siyasətini uğurla həyata keçirməsi, bu sahədə xarici tərəfdaşlarla əməkdaşlıqda üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi barədə dünyaya verdiyi mesaj idi. Çünki "Cənub qaz dəhlizi”ndə maraqlı olan hər bir ölkə, şirkət, maliyyə institutu istər-istəməz "Əsrin müqaviləsi”nin taleyi ilə maraqlanacaqdı. Beləliklə, neftdən sonra təbii qazını da dünya bazarlarına çıxarmaqda maraqlı olan Azərbaycan öz məqsədinə sürətlə yaxınlaşırdı.

Və cəmi 4 ildən də az müddətdə bütün işlər yerinə yetirildi. 2018-ci il mayın 29-da rəsmi açılışı olan "Cənub qaz dəhlizi” Azərbaycanın enerji siyasətinin növbəti möhtəşəm uğuru kimi tarixə düşdü. Bununla da Azərbaycanın neft-qaz sənayesinin inkişafında yeni dövr başladı.


Azərbaycan-Türkiyə birgə siyasi iradəsinin məhsulu


2015-ci il martın 17-də "Cənub qaz dəhlizi”nin qeyd etdiyimiz kimi, ən uzun hissəsi olan TANAP-ın təməlinin qoyulması Azərbaycandan Avropaya qədər uzanan nəhəng enerji infrastrukturunun reallaşması istiqamətində atılan növbəti mühüm addım idi. TANAP-la bağlı Azərbaycanla Türkiyə arasında saziş 2012-ci ildə imzalanmış və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya etmişdi. 2015-ci ildən başlanan işlər isə cəmi 3 ilə başa çatdırıldı.

TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimindəki nitqində Prezident İlham Əliyev bəzi mətləblərə aydınlıq gətirdi. Dövlət başçısının qeyd etdiyi kimi, TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmışdır, ancaq bu heç bir nəticə verməmişdir. Qeyd edək ki, "Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamə”də Xəzər regionundan Avropa bazarına kimi olan bu marşrutun yaradılmasının Azərbaycan və Avropa İttifaqının qaz daşınması marşrutlarının şaxələndirilməsi və birbaşa enerji və nəqliyyat əlaqələrinin yaradılması üzrə birgə strateji məqsədinə uyğun gəldiyi qeyd olunur. Müxtəlif ideyalar olsa da, o zaman Xəzər regionundan Avropaya uzanacaq marşrutun konkret necə olacağı, hardan keçəcəyi dəqiqləşdirilmədi. Müzakirələrdən sonra bu məsələdə son nöqtəni Azərbaycanla Türkiyə arasında olan işbirliyi qoydu. Azərbaycan qazını Avropaya çatdıracaq qaz kəmərinin Türkiyə ərazisində salınması üçün hər iki tərəfin kifayət qədər arqumentləri var idi. Çünki buna qədər Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri çəkilib başa çatdırılmışdı. Digər tərəfdən, Azərbaycan qazının Avropaya çatdırılması üçün coğrafi baxımdan da ən uyğun marşrut Türkiyə ərazisidir. Ən əsası bu məsələdə əsas söz sahibi Azərbaycandır. Azərbaycan üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərlərinin çəkilişində olduğu kimi bu dəfə də tranzit ölkə kimi Türkiyəni seçdi. Beləliklə, bu layihə məhz Azərbaycanla Türkiyə arasındakı enerji sahəsində əməkdaşlıq nəticəsində ərsəyə gəldi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur.

Zaman göstərdi ki, TANAP üzrə qarşıya qoyulan məqsədlər daha stratejidir. Çünki bu kəmər Azərbaycanın "Şahdəniz” yatağından və digər mənbələrdən hasil olunan təbii qazın birbaşa Avropa sərhədinə qədər nəqlini hədəfləyən yeganə infrastrukturdur. Ona görə TANAP bu gün həm də Avropa İttifaqının xüsusi diqqət yetirdiyi boru xəttidir.

Ədirnənin İpsala qəsəbəsindən Avropaya çatan 1850 kilometrlik bu kəmər Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayır və qardaş ölkənin ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçir. Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə birləşən TANAP artıq Türkiyə-Yunanıstan sərhədində TAP-a qoşulub. Bununla da "Cənub qaz dəhlizi”nin bütün seqmentləri bir-birinə tam birləşib. TAP-a birləşməklə həm də TANAP-ın tam inşası başa çatdırılıb.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video