04 Dekabr 2019 02:11
577
SİYASƏT
A- A+

Tarix güclüləri sevir


Bakı Dövlət Universiteti Azərbaycan Respublikasının ilk müstəqil səsi, sözü ilə təqribən həmyaşıd olduğuna görə hər kəs belə bir əlamətdar gündə ölkə rəhbərinin çıxışını xüsusi maraqla gözləyirdi: 100 il sonra müstəqil Azərbaycan hansı həqiqətlərlə yaşamalı, hansı inkişaf yolunu tutmalıdır. Gözləntilər özünü yüksək səviyyədə doğrultdu.

Azərbaycan Prezidenti İlham Əliyev bir tarixi zərurəti xüsusi vurğuladı: tarixi güclülər yazır, çünki həm qılınc onların əlində olur, həm qələm. Məhz bu səbəbdən, tarix də güclüləri - qələm və qılınc tandemini yaşadanları sevir!

Hər dövlət illərlə, əsrlərlə inşa edilən bir abidədir. Bu abidə özündə həm tarixi, həm bu günü, həm də sabahı ehtiva etməlidir. Əslində, Azərbaycan Prezidentinin ölkənin ilk universitetinin yubileyində etdiyi məruzə bu abidənin təqdimi idi.


Miflərdə qorunan ruh


Miflər, eposlar xalq abidəsinin təməli, postamentidir. Təbii ki, onun üzərindəki heykəl də ona uyğun olmalıdır. Güclü postamentin üzərində zəif fiqur qoyulanda daha güclü əl tərəfindən uçurulmağa məhkumdur. Eləcə də zəif təməl üzərində böyük heykəl ucaltmaq olmaz. Azərbaycanın tarixin ənginliyinə qədər işləyən kökləri və möhkəm təməli var.

Burada sabit bir xəttə diqqət çəkək: mif, əfsanə qəhrəmanları həm qələmə, həm də qılınca mükəmməl sahib olan şəxslərdir. Başqa xalqların epik qəhrəmanlarında bu keyfiyyət nadir halda rast gəlinir. Məsələn, "Kitabi-Dədə Qorqud”da qopuz müqəddəs missiyaya sahibdir və hər addım mütləq onun xeyir-duası ilə həyata keçməlidir. Qopuzun uğurlamadığı hadisənin nüvəsində mütləq bir zülmün, ədalətsizliyin olması qənaəti var. Başqa sözlə desək, bu xalq tarixini yaratmaqla yanaşı, onu yazmağı da bacarıb. Deməli, müsəlman Şərqində 1918-ci ildə qurulan ilk demokratik cümhuriyyətin ilk təşəbbüslərindən biri kimi Bakı Dövlət Universitetinin yaradılması tarixi köklərdən gələn tələb idi. Öz məruzəsində bunu vurğulayan Prezident İlham Əliyev deyir: "Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil”. Düzdür, cümhuriyyət qısa bir ömür yaşadı, lakin Bakı Dövlət Universiteti yaşamaqda davam etdi və 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verən neçə böyük şəxsiyyət yetişdirdi. Təsadüfi deyil ki, Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasında, onun qorunub saxlanmasında BDU məzunlarının əməyi çox böyük olub. Ölkə rəhbəri dünyanın iqtisadi və siyasi meydanında gücü artan Azərbaycanı belə təqdim edir: "Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır”. Bu, qədim köklər, möhkəm təməl üzərində qurulmuş abidədir. Bununla yanaşı, Prezident bu abidənin möhtəşəmliyinin mənbəyini də göstərir: "Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb, yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq”. Deməli, Azərbaycan kökünə sadiq qalaraq yenə də qılınc və qələmin vəhdətini yaşatmaqda davam edir - tarixi simasını qorumaq naminə!


Tarixin sınaqları


Azərbaycan hər zaman çox ciddi sınaqlara məruz qalıb. Buna rəvac verən həm əlverişli coğrafi mövqeyi, həm zəngin təbii sərvətləri, həm də istedadlı, bacarıqlı insanları olub. Ən vacibi isə, müxtəlif vaxtlarda işğala məruz qalsa da, ayrı-ayrı imperiyaların tərkibinə qatılsa da, milli ruh öz identikliyini heç vaxt itirməyib. Bu keyfiyyət ona daim fərqlənməyə, ümumi axında əriməyib, özünə məxsus səhifələr açmaq imkanı verib. Məsələn, Azərbaycan islam mədəni bölgəsinin üzvi hissəsi olanda onun düşüncə tarixinə çox əhəmiyyətli töhfələr vermişdi. Eyni zamanda bu bölgədə ilk milli dövlət də burada quruldu. Bu isə o deməkdir ki, xalq dərin imanı yanında milli kimliyini də qorumaq bacarığına malikdir. Bu keyfiyyət daha sonra sovet imperiyası dövründə də millətin identikliyini qorudu. Həmin dövrdə o, sadəcə 15 respublikadan biri olmaqla kifayətlənmədi. İlham Əliyevin də qeyd etdiyi kimi, "Məhz Heydər Əliyevin rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi... cəmi iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi”. Düşüncələrin dəmir çərçivəli ideologiya hüdudunda qapandığı bir vaxtda Azərbaycan yenə də milli ruhunu qorumağı bacardı: folkloru, əfsanələri, yaradıcı insanlarının əsərlərində və xalqın liderləri sayəsində. Bu proseslərin əhəmiyyətli məqamı onda idi ki, Azərbaycan hər zaman öz gücünü və bacarığını göstərmək qüdrətindədir. Bu ruhun təzahürü idi ki, qanlı 1937-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ilk dəfə Üzeyir Hacıbəylinin "Koroğlu” operası oynanıldı. Səməd Vurğun 1938-ci ildə Molla Pənah Vaqifin timsalında "əyilməz vicdanın böyük heykəli” dedi. Hələ 1960-cı ildə UNESKO-nun təşəbbüsü ilə hazırlanan "Şərqin Musiqi antologiyası” seriyasına, 1975-ci ildə yenə də UNESKO-nun təşəbbüsü ilə hazırlanan "Dünyanın ənənəvi musiqi kolleksiyası”na Azərbaycan muğamı da daxil edildi. Maraqlı və diqqətə layiq hadisələrdən biri də 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin dahi Azərbaycan şairi Nəsiminin 600 illik yubileyinin keçirilməsi haqqında SSRİ Nazirlər Sovetinə müraciətlər etməsi oldu. Nəticədə Nəsiminin yaradıcılığının araşdırılmasına, haqqında bədii filmin çəkilməsinə, ən nəhayət, şəhərin mərkəzində abidəsinin ucaldılmasına nail oldu. İstər-istəməz belə bir rəy formalaşır: sovet ideologiyasının zirvə məqamını yaşadığı bir çağda, rus dilinin hakim mövqedə olduğu bir vaxtda Ulu Öndər sinəsini qabağa verərək milli təfəkkürə heykəl ucaltdı.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycan çox ağır günlər yaşadı: torpaqları işğal olundu, kəskin şəkildə maddi yoxsulluq artdı və ondan daha faciəli olan mənəvi yoxsulluq təhlükəsi yarandı. Az qala millətin, dövlətin varlığı müzakirəyə çıxarıldı. Ancaq millətin ruhu yaşadığına görə, ayağa qalxmaq üçün özündə həmin gücü təkrar bərpa edə bildi. Xarici dövlətlərlə, nəhəng neft şirkətləri ilə bağladığı "Əsrin müqaviləsi”ndən başlayan inkişaf yolu bu gün Azərbaycanı meqalayihələrin iştirakçısı və təşəbbüsçüsü səviyyəsinə qədər yüksəldib. Bir vaxtlar BMT-yə böyük çətinliklərlə qəbul edilən Azərbaycanın Prezidenti bu gün qürurla deyir ki, "Biz dünyanın BMT-dən sonra ən böyük təşkilatının sədriyik və indi bizim sözümüz keçəcəkdir. Gündəliyi biz formalaşdırırıq, məsələləri biz müzakirəyə çıxaracağıq. Əlbəttə ki, öz məsələmizi və əzilmiş, ədalətsizliyə düçar olmuş ölkələrin məsələlərini qaldıracağıq, onları müdafiə edəcəyik”. Burada əhəmiyyətli bir məqama diqqət çəkək: Azərbaycan özü güclənməklə kifayətlənmir, məhz zəiflərin müdafiəçisi missiyasını da öz üzərinə götürür. Rabindranat Taqorun bildirdiyi kimi: "Güclü və qüdrətli olmaq qüvvəyə görə üstün olmaq deyil, zəifi öz zirvənə qaldıra bilməkdir”. Azərbaycan məhz belə bir qüdrətə sahib olmaqdadır.

Hər nə qədər tarixdə qılıncın zəfəri xatırlansa da, onun izini daha kəsərli bir qılınc itirə bilir. Bu səbəbdən onun dəstəkçisi mütləq qələm olmalıdır. İrəli gedən yalnız güc deyil, həm də təfəkkür olmalıdır ki, bir-birini tənzimləyə bilsin. Sınaqdan çıxmaq üçün qılınc bəs eləmir, qələm də vacib olur. Ölkə Prezidenti gənclər qarşısında - Azərbaycanın gələcəyinin qurucuları qarşısında çıxışında bu iki faktın paralelliyini daim qorumağa çalışır. Bir tərəfdən tarixin ağır günləri, bir tərəfdən ölkənin nailiyyətləri və bunların sabitliyini və davamlı olmasını təmin edən savad və bilik.


Abidənin qurucusu - xalq Lideri


Hər ölkə tarixdə öz izini qoya bilmir. Bunun üçün yerə - tarixin səhifəsinə həmin izi möhkəm basmaq lazımdır. Təbii ki, burada bütün ağırlıq ilk növbədə Liderin üzərinə düşür. Liderin kimliyini düşünəndə ilk növbədə Danko yada düşür - lazım gələndə, çətin məqamda millətinin yolunu işıqlandırmaq üçün ürəyini belə başının üstünə qaldıra bilən bir şəxs. BDU-nun yubileyində dövlət başçısı da eyni mənzərəni vurğuladı: "Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi”. Ümumiyyətlə, Azərbaycanın tarixinə baxanda istənilən səhifə məhz Liderlə şərəf qazanıb.

Biz təsadüfən Lideri xalq abidəsinin qurucusu adlandırmırıq. Lider hər şeydən əvvəl məhz milli ruhu, milli təfəkkürü bir nüvə kimi özündə ehtiva edən şəxsdir. Maraqlı və çox əhəmiyyətli bir faktdır ki, dövlət başçısı və millətin Lideri fərqli simalarda təcəssüm olunanda ölkənin sabitliyi pozulur. Bunu istər dastanlarda, əfsanələrdə, istərsə də real tarixdə müşahidə etmək mümkündür. Dediyimizə bariz nümunəni ən yeni tariximizdən gətirmək mümkündür. 1990-cı ilin 20 Yanvarında sovet hakimiyyəti ayağa qalxmış Azərbaycan xalqını qorxutmaq, vahiməyə salıb çökdürmək istədi. Bir gecədə silahsız vətəndaşları, qadınları, uşaqları qətl etməyin məqsədi məhz bu idi. Məhz belə bir ağır məqamda Heydər Əliyev ayağa qalxdı və bununla sanki "Azərbaycan tək deyil! Mən varam!” deyə səsini ucaltdı. Bu, Ümummilli Liderin aydın bir portreti idi: "Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. ...Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm”. Cəmi 2-3 cümlədə Heydər Əliyev millətindən ayrı düşmüş bir Lideri təsvir edir və öz xəstəliyinə baxmayaraq, millətinin təhlükəli vəziyyətinə laqeyd qala bilmədiyini vurğulayır. Uzun illər öz millətindən aralı olmağa məcbur olan bir şəxsin belə bir girişlə öz bəyanatını başlaması həm də əhəmiyyətli bir məqamı ön plana çəkirdi: bir millətin gücü məhz Lideri ilə həmrəy olmasındadır. Yenə də tarixə, miflərə baxanda belə nəticəyə gəlirsən ki, Lider güclü olanda xalq daha inamla gedir. İlham Əliyevin də qeyd etdiyi kimi: "Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək”.

Öz nitqində ölkə rəhbəri təsadüfən Ulu Öndərə istinad etmir, çünki ən yeni tariximizdə məhz onun simasında xalq Lider fenomenini tanıdı. Eyni zamanda, məhz millətini tanıyan Lider onun problemini, narahatlığını düzgün dərk edib dəyərləndirə bilir və onun həllində öz millətinin heysiyyətini, təhlükəsizliyini, gələcəyini nəzərə alır. Heydər Əliyev uzun illər Azərbaycana rəhbərlik etmişdi, xalqın arasında olmuşdu, onun ruhunu tanıyırdı və onu dinləməyi bacarırdı. 20 Yanvar hadisələri zamanı Ümummilli Lider hadisələrin baş verməsi səbəblərini Lider və xalq arasında vəhdətin qopmasını, Liderin öz "xalqının psixologiyasını anlamamasını, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətməsini” göstərir. Deməli, Lider öz xalqının potensialını yaxşı bilən və onun reallaşması üçün ən cəsarətli addımları atan şəxsdir. Nə üçün cəsarətli? Çünki bəzən xalqın istəyi başqa güclü dövlətlərin maraqlarına zidd olur. Məhz belə məqamda Liderin iradəsi önə çıxır. O, ya başqalarının marağını önə çəkərək öz xalqını onların xidmətçisi halına gətirir, ya da istənilən çətinliyə qatlaşaraq xalqın iradəsini, marağını önə çəkir. Xalqın ruhuna, potensialına güvənən bir ölkə özü sabitləşməklə yanaşı, ətrafında da hörmət və etibar qazanır. Azərbaycanın ən yaxın tarixini gənclərə çatdıran və bu gün nəyə nail olduğunu dövlət başçısı qısaca belə təsvir edir: "Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üzə qalsaq belə”.


Nəticə


Bakı Dövlət Universitetinin yubileyində ölkə rəhbəri İlham Əliyevin məhz gənclər qarşısında çıxışı əslində bir-birini tamamlayan bir neçə vacib məsələnin altından qalın bir xətt çəkdi: güclü olmaq üçün Azərbaycanın həm kifayət qədər tarixi dərslərə, həm zəngin potensiala, maddi və mənəvi sərvətə, həm lazımi məqamda irəli addım atmaq üçün cəsarətə, həm də xalqını tanıyan və onunla vəhdətdə olan Liderə malikdir. Gənclər bu dövlətin, xalqın gələcəyidir, deməli, Azərbaycan abidəsinin daha da uca olması onların belə bir ruha köklənməsindən bilavasitə asılıdır.

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video