04 Dekabr 2019 02:10
684
İQTİSADİYYAT
A- A+

4-cü regional inkişaf proqramının ilk ili uğurla başa çatır


Ölkənin hərtərəfli və dayanıqlı inkişafında qəbul edilən regionların sosial-iqtisadi dövlət proqramları mühüm rol oynayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildə ilk Dövlət Proqramı qəbul edildi.

Artıq IV Dövlət Proqramının bir ili tamam olur. Ötən dövr ərzində bölgələrdə həyata keçirilən işlərə nəzər saldıqda görürük ki, regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilən dövlət proqramlarının icrası sayəsində mühüm addımlar atılıb.

Həmin proqramların icrası sayəsində 2004-cü ildən 2019-cu ilin ötən dövrü ərzində 2,3 milyon yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət Proqramının icrası sayəsində cari ilin 6 ayında 92 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür.

Məlumdur ki, sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır. Son dövrlər regionlarda yeni istehsal, emal və xidmət müəssisələrinin açılması əhalinin paytaxta axınının qarşısını demək olar ki, alıb. Bəzi hallarda isə paytaxtdan bölgələrə qayıtma halları üstünlük təşkil edir.

Cari ildə IV Dövlət Proqramının icrasına uyğun olaraq bölgələrdə sahibkarlığı inkişaf etdirmək məqsədilə bir sıra işlər görülür. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək verməsi sayəsində Qəbələdə, Abşeronda, Füzulidə, Sumqayıtda, Şəkidə, Şamaxıda KOB mərkəzləri fəaliyyətə başlayıb. Yerli mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ölkədə keçirilən satınalmalarda iştirakını təmin etməklə onların inkişafına zəmin yaratmaq, eyni zamanda dövlət satınalmalarının effektiv planlaşdırılması və icrası, həmçinin rəqabətli satınalma metodlarından istifadə imkanlarının yaradılması məqsədilə elektron satınalma portalı fəaliyyət göstərir. Hədəf bu yolla mikro, kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılmasıdır. Belə ki, dövlət tenderlərində iştirak onlara maliyyə qaynağı əldə etməyə imkan verir. Nəticədə həmin sahibkarlar öz bizneslərinin inkişafını təmin etmək imkanı qazanır.

Bu ilin birinci yarısında 510 sahibkarlıq subyektinin ümumi dəyəri 177,8 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 48,2 milyon manat güzəştli kredit verilmişdir. Həmin kreditlərin 43,6 faizi regionların payına düşür. Eyni zamanda iqtisadiyyata yerli və xarici maliyyə resurslarının cəlb edilməsi üçün dövlətin təşviq mexanizmlərindən biri olan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Təkcə cari ilin 6 ayı ərzində 44 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunmuşdur.

Ölkədə həyata keçirilən iqtisadi siyasətin bir istiqaməti də sənayeləşmədir. Hədəf həmin siyasətə uyğun olaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Buna nail olmaq üçün hesabat dövründə sənaye parkları və məhəllələrinin tikintisi, onların fəaliyyətə başlaması istiqamətində işlər davam etdirilir. Pirallahı Sənaye Parkında illik istehsal gücü 150 milyon birdəfəlik şpris olan "Diamed Co” zavodu istismara verilmişdir. Həmin dövrdə Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə tədbirlər davam etdirilərək rezidentlərin sayı 17-yə çatmış, Sumqayıt Kimya Sənaye Parkında tikilən SOCAR-ın Karbamid zavodu fəaliyyətə başlamışdır. Müəssisə ildə 650-660 min ton karbamid məhsulu istehsal etməyə qadirdir. Bununla yanaşı, "SOCAR Polymer” MMC-nin yüksək sıxlıqlı polietilen istehsalı zavodu da istifadəyə verilmişdir. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 13-ə çatmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SumPlast” MMC-nin kisə və torba, "AzerFloat” QSC-nin şüşə istehsalı, "Azərxalça” ASC-nin iplik və yun istehsalı müəssisələrinin tikintisi isə davam etdirilir.

Məlumdur ki, kənd təsərrüfatı qeyri-neft sektorunda əhatə dairəsinə və əhalinin məşğulluğuna görə mühüm yer tutur. Buna görə də regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında aqrar sektora xüsusi diqqət verilir. Dövlət kiçik və orta fermer təsərrüfatlarını dəstəkləməklə yanaşı, iri fermer təsərrüfatlarının və aqroparkların yaradılmasını da stimullaşdırır. Belə ki, aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində qabaqcıl texnologiyalardan istifadə edən aqrar müəssisələrin yaradılmasına ehtiyac var. Bu məqsədlə hesabat dövründə ölkə üzrə 33 rayonu əhatə edən 262 min hektar ərazidə 51 aqropark və iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər görülür. Hazırda 22 aqropark fəaliyyət göstərir. İlin sonunadək 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Qeyd edək ki, bu layihələrin icrası ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulması ilə nəticələnəcək. Həmçinin bu layihələrin icrası sayəsində bölgələrdə 4 mindən çox yeni iş yeri yaradılacaq.

Qəbul edilən bütün dövlət proqramlarında bölgələrdə sosial infrastrukturun yaradılmasına diqqət yetirilir. Bunun nəticəsidir ki, IV Dövlət Proqramının icrasının birinci ilinin yarısında bölgələrdə 160 kilometr içməli su, 84,8 kilometr kanalizasiya xətləri çəkilmişdir. Gəncə, Şəki, Qax, Şirvan, Şəmkir, Mingəçevir, Salyan və Horadiz şəhərlərində, eləcə də kənd yaşayış məntəqələrində su təchizatı və kanalizasiya layihələrinin icrası isə davam etdirilir. Proqrama əsasən, regionlarda qaz təsərrüfatının inkişafı və yenidən qurulması, mavi yanacaqla təchiz olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların təhlükəsiz və fasiləsiz qazla təmin edilməsi ilə bağlı tədbirlər davam etdirilir. Cari ilin birinci yarısında regionlarda 719,9 kilometr qaz xətti çəkilmiş, 246,06 kilometr qaz xətti əsaslı təmir olunmuş, 88876 qaz sayğacı quraşdırılmış və ya yenisi ilə əvəz edilmiş, 8 yaşayış məntəqəsi təbii qazla təmin olunmuşdur.

Əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və iqtisadiyyatın davamlı enerji təchizatı ilə təmin olunması üçün regionlarda 2627 kilometr yeni elektrik verilişi xətləri çəkilmiş, 855 kilometr elektrik verilişi xətləri əsaslı təmir olunmuş, 36 transformator quraşdırılmış və əsaslı təmir edilmiş, 4 yarımstansiya tikilmişdir.

Son illər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, o cümlədən kənd yollarının tikintisi istiqamətində də əhəmiyyətli işlər görülmüş, yüz minlərlə sakinin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çıxış imkanları yaxşılaşmışdır. Yolların bərpası və tikintisi istiqamətində işlər yenə davam etdirilir. Belə ki, ölkə üzrə bu il 226 kilometrdən çox respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilmiş və əsaslı təmir olunmuş, 33,62 kilometrdən çox dəmir yolu xətti çəkilmiş və yenidən qurulmuş, 9 yeni körpü, keçid və yol qovşaqları inşa edilmişdir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video