04 Dekabr 2019 02:05
923
SİYASƏT
A- A+

Biz qayğıdan güc alırıq


Ümummilli Lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də dövlətin əsas hədəflərini müəyyən etmişdir. O, XX əsrin 90-cı illərində yaşadığımız ağır və mürəkkəb vəziyyətə baxmayaraq gənclərimizin əqli, mənəvi və fiziki cəhətdən formalaşaraq müasir cəmiyyətə inteqrasiya ola bilməsi üçün bütün zəruri tədbirləri görmüşdür. Məhz onun həyata keçirdiyi zəngin, şaxələndirilmiş və uzaqgörən islahatlar XXI əsr Azərbaycan gəncləri üçün geniş imkanlar açmışdır. Bu imkanlar sayəsində gənclərimiz ölkə daxilində və xaricində vətənimizi ləyaqətlə təmsil etmək, milli adət-ənənələrimizi yaşatmaq və dövlət quruculuğu prosesində yaxından iştirak etmək hüququ qazanmışdır.

Sevindirici hal odur ki, Ulu Öndərin başladığı iş onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilir. Cənab Prezident dəfələrlə gənclərlə keçirdiyi görüşlərdə, müxtəlif tədbirlərdə ölkə gəncliyinə olan yüksək inamını, etimadını və güvənini ifadə etmişdir. Əslində bu yüksək münasibət təcrübədə özünü daha aydın şəkildə göstərir. Son 16 ildə ölkəmizdə gedən dinamik və hərtərəfli inkişafa nəzər saldıqda əminliklə demək olar ki, bu inkişafdan gənclərimiz kifayət qədər faydalanmışdır. Bu illər ərzində gənclər siyasəti istiqamətində qəbul edilən dövlət proqramları, inkişaf strategiyası və digər normativ sənədlər bu işin hüquqi bazasını möhkəmləndirmişdir. Bununla paytaxt və regionlarda tikilən gənclər mərkəzləri (evləri), olimpiya idman kompleksləri, yeni təhsil müəssisələri, Gənclər Fondunun təsis edilməsi, açılan iş yerləri, tələbə təqaüdlərinin artırılması, 2007-ci ilin "Gənclər ili” elan olunması və s. məhz Prezident İlham Əliyevin ölkə gəncliyinə olan diqqət və qayğısının təzahürü olmuşdur.

Bu gün dövlət başçısının tapşırığına uyğun olaraq əsas vəzifə gənclərimizin vətənə məhəbbət və milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasıdır. Bu isə təbiidir. Torpaqlarımızın 20 faizinin düşmən işğalında olduğu halda bizim ən başlıca vəzifəmiz hər an vətənimizə olan yüksək sevgimizi, məhəbbətimizi, onun uğrunda canımızı qurban verməyə hazır olmaq istəyimizi və düşmənə olan nifrətimizi bəyan etməkdir. Buna görə vətənpərvər gənc nəslin formalaşması bizim qarşımızda duran ən başlıca vəzifələrdəndir.

Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması üçün Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən "Ölkəmizi tanıyaq” layihəsi bu işə əvəzsiz töhfə verməkdədir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər sözün əsl mənasında gənclərimizə milli-mənəvi dəyərlərimizə və tarixi köklərimizə bağlı ruhda böyüməsi üçün geniş fürsətlər yaradır. Bu gün düşmənlə təmas xəttində yerləşən Ağdam rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa edilən Ağdam Muğam Mərkəzi, Ağdam Xalçaçılıq müəssisəsi, Qarabağ Atçılıq Kompleksi, habelə Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin təşkil etdiyi tədbirlər ağdamlı gənclərə göstərilən xüsusi qayğının ayrılmaz tərkib hissəsidir.

Bu işlərin məntiqi davamı olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər gənclərimizin bilik və bacarıqlarının inkişaf etdirilməsində, habelə onların motivasiya olunmasında və stimullaşdırılmasında böyük rol oynayır. Bu tədbirlər həm intellektual oyunlar, müsabiqələr, sərgilər, festivallar, bədii-əyləncəli proqramlar, idman yarışları, həm də "dəyirmi masa” və görüşlər formatında keçirildiyi üçün gənclər arasında daha çox sevilir. Hərbi xidmətə gedən gənclərin təntənəli yola salınma mərasimlərinin təşkili, şəhid ailələri, Qarabağ əlilləri və müharibə veteranları ilə keçirilən görüşlər, xüsusi qayğıya ehtiyacı olan yaşlı və kimsəsiz insanlarla əlaqə yaradılması, hərbi hissələrə gənclərin ziyarətinin təmin edilməsi, rayon ağsaqqalları ilə gənclər arasında stolüstü oyunlar vasitəsilə maraqlı ünsiyyətin qurulması və digər bu səpgili işlər gənclərimizin hərtərəfli formalaşmasına öz töhfəsini verməkdədir. Bütün bunlar dövlət gənclər siyasətinin ayrılmaz tərkib hissəsi olaraq fiziki, əqli və mənəvi cəhətdən sağlam gənc nəslin yetişməsini şərtləndirən amillərdəndir.

Hazırda ağdamlı gənclərin əsas vəzifəsi dövlətin, Prezident İlham Əliyevin gənclərə olan yüksək inamını doğrultmaq, ölkə rəhbərinin ölkəmizin inkişafı və daha da qüdrətlənməsi, xalqımızın sülh və firavan şəraitdə yaşaması naminə həyata keçirdiyi fəaliyyətdə yaxından iştirak edərək öz potensialını əsirgəmədən qarşıda duran vəzifələri layiqincə icra etməkdən ibarətdir. Heç şübhəsiz, bu yolda olmaq hər bir Azərbaycan gənci, o cümlədən ağdamlı gənclər üçün böyük şərəf və qürur mənbəyidir.

Elnur ƏHMƏDOV,

Ağdam Rayon Gənclər və İdman İdarəsinin rəisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video