04 Dekabr 2019 01:50
5098
Mədəniyyət
A- A+

“Ulduz” və “Ədirnə fəthi”


Cəfər Cabbarlı yaradıcılığa başladığı gündən həyatın səsinə qulaq asmış, reallığın və cəmiyyətdə gedən mübarizələrin tərcümanı olmağa çalışmışdır. O, bütün varlığı ilə əsl yazıçı, əsrlə, zamanla yaşayan böyük sənətkar idi.

Yaradıcılığına şeirlə başlasa da, nəsrə, dramaturgiyaya daha çox üstünlük vermişdi. Ən məşhur əsərlərini dram janrında yazmışdı. Onun əsərləri zamanın danışan dili idi, dövrün həqiqətlərindən bəhs edirdi. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca 20-dən çox gözəl səhnə əsəri yaratmışdır. Lakin bu pyeslərin bir qismi məfkurəvi cəhətdən ziyanlı kimi səciyyələndirilmişdir. Cəfər Cabbarlının 1917-ci ildə Osmanlı tarixi ilə bağlı qələmə aldığı "Trablis müharibəsi və ya Ulduz”, "Ədirnə fəthi” kimi pyesləri onillər boyu gün işığına çıxarılmamışdır. Onlar türk məişətini, qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün yazıldığı vaxtdan vulqar və sovet tənqidi tərəfindən "pantürkist”, "panislamist” təmayüllü əsərlər kimi qarşılanmışdır. Az sonra isə tamamilə səhnədən çıxarılmışdır. Hər iki əsər görkəmli aktyor Abbas Mirzə Şərifzadənin rəhbərlik etdiyi "Bakı Müsəlman Aktyorları İttifaqı” tərəfindən tamaşaya qoyulmuşdu.

"Ulduz” bitkin kompozisiyaya malik beşpərdəli səhnə əsəridir. Hadisələr İtaliya- Osmanlı müharibəsi fonunda daha dramatik xarakter alır. Müharibə şəraitində qabarıq şəkildə üzə çıxan xəyanət, namərdlik, mənəvi pozğunluq kimi əxlaqi keyfiyyətləri ifşa etmək üçün C.Cabbarlı ləyaqət, nəciblik, sədaqət, dostluq kimi bəşəri duyğuları önə çəkmişdir. Bununla da Ramiz, Ulduz, Şəmsə, Əbdürrəhman kimi surətlərin simasında saf, mətin xarakterlər silsiləsi yaratmışdır. Əsər 1918-ci ilin köhnə təqvimlə mart ayının 10-da "İsmailiyyə” binasının böyük zalında bayram əhvali-ruhiyyəli tamaşaçıların böyük sevinci və sevgisi ilə keçmişdir. Tamaşanın quruluşçu rejissoru və baş rollardan birinin - Ramizin ifaçısı bənzərsiz səhnə ustası Abbas Mirzə Şərifzadə idi.

"Ədirnə fəthi” faciəsini isə gənc Cabbarlı 1917-ci ilin oktyabrında bitirmiş, əsər elə həmin il dekabrın 15-də görkəmli səhnə ustalarımız tərəfindən müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu. Pyesin uğurları səhnə təfsirindən əlavə sosial-ictimai ədalətin təntənəsindən ayrılmazdır. Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, insanların qəhrəmanlığı və rəşadəti əsərin əsas mövzusunu, ana xəttini təşkil edirdi. Görkəmli yazıçı, tənqidçi Seyid Hüseyn "Ədirnə fəthi”nin elmi təhlilinə, səhnə təcəssümünə iki məqalə qələmə almışdır. O yazırdı: "Ədirnə fəthi”ndə gənc mühərririn müvəffəqiyyəti tamaşaçılarını məşğul edə bilmək məziyyətidir. Bir mühərrir üçün bu, böyük müvəffəqiyyətdir” ("Azərbaycan” qəzeti, 1919-cu il, № 254).

Bu əsərlər meydana çıxdığı gündən ədəbi-mədəni həyatda mübahisələrə, fikir ayrılıqlarına səbəb olmuşdu. A.M.Şərifzadənin rəhbərliyi altında aktyor kollektivi mədəni fəaliyyəti genişləndirmək məqsədilə 1918-ci il martın 16-da "İsmailiyyə” binasında sənətsevərləri və teatr ictimaiyyətini yenidən "Ulduz”un işığına toplamışdı. Əsərin uğurlu səhnə taleyi təkcə müəllifə deyil, bütövlükdə aktyor truppasına, teatrsevərlərə sənət sevincləri yaşatmışdı.

Cəfər Cabbarlı "Trablis müharibəsi” və "Ədirnə fəthi” əsərlərinin ilk tamaşasından sonra verilən ziyafətdə çıxış edərək türk xalqının zəngin mədəniyyətə və döyüş ənənələrinə malik olduğundan söhbət açmışdı. "Trablis müharibəsi”ndə Nuru paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz vermişdi. General ziyafətdən sonra C.Cabbarlının dəvətini qəbul edərək onun qonağı olmuşdu.

Vədinə xilaf çıxmayan ədib "Bakı müharibəsi” əsərini yazmışdı. Bu əsər daha ağır tale ilə üzləşmişdi. Pyesdə 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı zülmləri təsvir edilir, başda Nuru paşa olmaqla xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsi haqqında söhbət açılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə "Türk ocağı”nda tamaşaya qoyulmuşdu. Amma əsər sonradan itirilmişdir.

İ.ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video